Məhkəmə qərarları › İş №2-2(3-7)-2/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-2/2026

17.02.2026 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-2/2026 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli 2-2(115)-1720/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 21 aprel 2025-ci il tarixli RQ 067296 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-nə uyğun olaraq elektirik sayğacına baxış keçirən zaman abonent sayğacın giriş xəttini zədələyərək bir başa kənar xətt götürdüyü məlum olmuşdur. Obyektə daxil olan kənar xətt 2x4 mm2 kabel vasitəsilə çəkilmişdir. Ampermasa vasitəsilə ölçü aparmaq istədikdə abonent obyektə kənar xətt vasiəsilə qoşulan yükü çıxartmışdır. Bu baxımdan yükü qeyd etmək olmamışdır.

2. 16 may 2025-ci il tarixli icra vərəqindən görünür ki, abonentə 2768,70 manat sərfiyyat hesablanmışdır.

3. Abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına xx.xx.2025-ci il tarixdə 1778,70 manat və 990 manat cərimə borcu yazılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən istehlakçı ona əsassız olaraq hesablanmış 2286,36 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mağazasında MP-106 tipli **********87 seriya nömrəli sayğac quraşırılmışdır. xx.xx.2025-ci ildə "xxxx" ASC-nin "Qərb" RETS-nin əməkdaşları R.Hüseynov, E.Qociyev elektrik sayğacına baxış keçirmiş və sayğaca müdaxilə edilməsi barədə akt tərtib edilmişdir. Həmin aktda qeyd olunur ki, iddaçı istehlakçı elektrik sayğacına daxil olan naqilin giriş xəttində tamlığı pozaraq 2x4 mlm-lik kabelə müdaxilə etmişdir. Nəticədə iddiaçıya 2286,36 manat borc yazılmışdır. Tərtib olunmuş akt qərəzli olmaqla həqiqəti əks etdirmir. Faktiki olaraq qeyd olunan sayğaca giriş xəttinə müdaxilə edilməyib və üzərində olan naqilin tamlığı pozulmayıb. Həmçinin aktda qeyd olunanlar texniki cəhətdən mümkün deyil. Belə ki, kənar müdaxilə olsaydı elektrik müqavimətləri qarşılıqlı toqquşması nəticəsində elektrik sayğacı sıradan çıxardı. Bu hal texniki baxımdan da mümkün deyil. Bundan əlavə elektrik sayğacının nəzarət möhürü qırılmayıb, heç bir müdaxilə olunmayıb ve mağazaya kənar xəttdən elektrik naqilinin daxil olması halı yoxdur. Aparılan çəkiliş mağazadan kənarda aparılıb. Kənar müdaxilə olunmuş naqilin qeyd olunan mağazaya heç bir adiyyatı yoxdur. Real olaraq onun mağazanın içərisinə mütəxəssislər tərəfindən baxış keçirilmiş, heç bir yerdə əlavə elektrik xəttinin daxil olması müşahidə edilməmişdir. Qeyd olunanlarla əlaqədar heç bir sübut yoxdur. Cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən hər ayda iki dəfə elektrik sayğacına baxış keçirilmiş və heç bir müdaxilənin olması faktı müəyyən edilməmişdir. Hər ay istehlakçı kimi istifadə etdikləri elektrik enerjisinin haqqı ödənilmişdir. Tərtib olunmuş AKT-R № 067296 nömrəli aktın onların mağazası ilə heç bir elaqəsi yoxdur.

6. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Etiraz belə əsaslandırılmışdır ki, iş üzrə toplanmış sənədlərlə təsdiq olunur ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Qərb RETSİ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən mağazaya **********31051 abunə kodu əsasında quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacının giriş xəttini zədələyərək bir başa kənar xətt götürmüşdür. Obyektə daxil olan kənar xətt 2x4 mm kabel vasitəsilə çəkilmişdir. Yükü qeyd etmək mümkün olmamışdır. Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşlar tərəfindən “X1 Qaydaları”nın tələbinə uyğun olaraq AKT-R № 067296 nömrəli xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən 365 gün üçün hesabat dövrü verilmiş sərfiyyat (7920 kvt.s x 0,125) nəzərə alınmaqla dəyəri 2768,70 manat təşkil edən 7920 kvt.s miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır. Tərtib olunmuş həmin akta əsasən enerji təchizatı müəssisəsi tərəfindən iddiaçı barəsində maddi hüquq normasının tələbinə görə yenidən hesablama aparılmışdır. Bundan başqa sözügedən obyekdə sayğacdan kənar xətt aşkarlanmış və iddiaçıya xx.xx.2020-ci il tarixində 034921 nömrəli akt tərtib edilmiş və hesablanmış 2286,36 manat abonent tərəfindən ödənilmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixdə eyni qüsura görə kənar xəttdən istifadə aşkarlanmış və 2768,70 manat cərimə hesablanmışdır. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli protokolun surətindən görünür ki, EEİQ-nin pozulmasına dair 070816 nömrəli akt tərtib olunmuş, sayğacın sıxacı qızmadan yanmışdır. Üzərində 25 manat kredit pul olmuşdur. Hesablanan və ödəniləcək məbləğ 381,63 manat təşkil etmişdir. Sayğac yeni sayğacla əvəz edilmişdir. Nəzərə çatdırılır ki, bir obyetdə iki dəfə kənar xətdən istifadə aşkar olunmuş, məhkəmə prosesi davam etdiyi vaxt üçüncü dəfə sayğac qızmadan yanmışdır.

8. Gəncə Kommersiya Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli 2-2(115)-1720/2025 saylı qətnaməsi ilə (hakim Gülnaz Quliyeva) iddianın rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”-nın 7.6, 7.7, 7.18, 7.19, 8.2, 8.4, 8.17-1, 8.17-2 və 18.9-2-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1 və 4.2.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 26-cı maddəsinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə, “Elektroenergetika haqqında” Qanununun 19.16-cı maddəsinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 21 aprel 2025-ci il tarixdə "xxxx" ASC-nin X3 Təchizatı və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X2 əməkdaşları tərəfindən Gəncə şəhəri Nizami küçəsi 127 ünvanında yerləşən mağazanın abonentlərin X1 qaydalarının tələblərinə riayət edib-etməmələrini araşdırmaq məqsədi ilə istehlakçıların sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sayğac giriş xəttini zədələyərək bir başa kənar xətt götürmüşdür. Obyektə daxil olan kənar xətt 2x4 mm kabel vasitəsi ilə çəkilmişdir. Ampermaşa vasitəsi ilə ölçü aparmaq mümkün olmamışdır, çünki abonent obyektə kənar xətt vasitəsi ilə qoşulan yükü çıxartmışdır, bu baxımnan yükü qeyd etmək mümkün olmamışdır. Kənar xətt qüsuru faktı aşkar edilmişdir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşları tərəfindən abonent haqqında “EEİQ”-nın tələbinə uyğun olaraq 25 aprel 2025 ci il tarixli, AKT R №067296 saylı akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır . Bundan sonra əməkdaşları tərəfindən aşkar olunmuş enerji pozuntuları ilə bağlı tərtib edilmiş akta əsasən Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçıya 365 gün üçün dəyəri 24090 kvt.s təşkil edən miqdarında elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu

16. Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

17. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 qaydaları» 1.1-ci bənd. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. 7.11-ci bənd. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi İddiaçı Gəncə şəhəri Nizami küçəsi 127 ünvanında yerləşən mağazasında "xxxx" ASC-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 21 aprel 2025-ci il tarixdə abonent İddiaçı mağazasına verilən elektirik sayğacı ilə bağlı reyd keçirilmişdir. Bu zaman sayğacdan kənar X1 halı müəyyən edildiyi və elektrik yükünü ölçməyin mümkün olmadığı əsas göstərilməklə R № 067296 saylı akt tərtib edilmişdir. Həmin akt əsasında da iddiaçının abonent hesabına 2286,36 manat borc hesablanmışdır. İddiaçı həmin borcun qanunsuz hesablandığını əsas göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

30. Belə ki, «Elektroenergetika haqqında» 11 aprel 2023-cü il № 858-VİQ Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

31. Hazırkı işdə sayğaca müdaxilə aşkar edilməsi barədə aktın bir nüsxəsinin müvafiq dövlət orqanına göndərilməsi, habelə istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması barədə həmin orqanın və ya məhkəmənin qərarı olması müəyyən edilmir. Bu halda, cavabdeh təşkilatın elektrik enerjisi itkisinə məruz qaldığını əsas göstərməklə dəymiş ziyanın əvəzi qismində iddiaçının abonent hesabına borc yazması hər hansı hüquqi əsasa söykənmir. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 10000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli 2-2(115)-1720/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar