Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-785/2025 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası QƏTNAMƏ İddiaçı X2 cavabdeh Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə iddiaçı X2 cavabdeh Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. X2 aktlar əsasında 2022-ci ilin noyabr ayında 3.792,58 manat, 2022-ci ilin dekabr ayında 333,52 manat, 2023-cü ilin iyun ayında 826,32 manat, 2023-cü ilin sentyabr ayında 0,88 manat, 2023-cü ilin oktyabr ayında 537,9 manat, 2023-cü ilin noyabr ayında 1.443,2 manat, 2023-cü ilin dekabr ayında 5.676,22 manat məbləğində uçota alınmayan qaz həcminə görə borc hesablanmışdır. Qeyd edilmiş aktlar əsasında hesablanmış məbləğlərin cəmi 12.610,62 manat təşkil edir.
2. X2 və Cavabdeh İB aralarında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, X2 2024-cü ilin mart ayına qalıq borcun 255.569,71 manat məbləğində olduğunu təsdiq etmişdir.
3. ##.##.2024-cü il tarixli, AKT №******* və ##.##.2023-cü il tarixli, AKT №******* əsasında istehlakçıya məxsus qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu rəsmiləşdirilmişdir. Aktlarda sayğacın tipi (G-1000 markalı), zavod nömrəsi, plombların nömrələri mexaniki göstəriciləri qeyd olunmuşdur. Həmin aktlara əsasən sayğacın çıxarılarkən və quraşdırılarkən texniki vəziyyəti sənədləşdirilmiş, sayğacın plomblanması və daşınması proseduru aparılmış, sayğacın istismara yararlı vəziyyətdə olduğu göstərilmişdir.
4. ##.##.2020-ci il tarixli inventar aktına əsasən istehlakçıya məxsus qaz təsərrüfatına baxış keçirilmişdir. Quraşdırılmış qaz avadanlıqları və sayğac barədə məlumatlar qeydə alınmışdır.
5. ##.##.2020-ci il tarixli baxış aktına əsasən obyektin qaz avadanlıqlarının texniki vəziyyəti yoxlanılmışdır. Baxış zamanı qaz cihazlarının (qazan və qaz plitəsi) işlək vəziyyətdə olduğu, texniki vəziyyətin qənaətbəxş olduğu müəyyən edilmişdir. Daxili qaz xətləri və sisteminin istismara yararlı olduğu qeyd olunmuşdur.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən ##.##.2025-ci il tarixli **/**** saylı rəydən görünür ki, tənzimləyici qurğunun qaz sayğacından əvvəl quraşdırılması sayğacın sərfiyyat göstəricilərinə təsir göstərmədiyi və qazın təzyiqinin işçi diapazonda saxlanılmasına xidmət etdiyi, X2 oöluna məxsus istixanada qaz tənzimləyici qurğunun sayğacdan əvvəl quraşdırılmışdır.
7. X9 Agentliyinin mütəxəssisi tərəfindən ##.##.2025-ci il tarixli rəy verilmişdir. Rəydə qeyd olunmuşdur ki, G-650 markalı qaz sayğacı əvvəlcədən yoxlanılmış və yararlı hesab edilmişdir. Sayğac ##.##.2023-cü ildə quraşdırılmışdır. Müəyyən edilmişdir ki, mexaniki və elektron göstəricilər arasında fərq yaranması mümkündür. Bu fərq qazın parametrlərinin (təzyiq, temperatur və s.) dəyişməsi ilə bağlı ola bilər. Əlavə olaraq qeyd edilmişdir ki, qaz sərfiyyatının hesablanması elektron sayğac qaz parametrlərinə əsasən həyata keçirilir, mexaniki və elektron göstəricilər arasında fərq texniki səbəblərlə yarana bilər. Eyni zamanda qeyd olunmuşdur ki, sayğacın düzgün işləməməsi yalnız laborator yoxlama ilə dəqiq müəyyən edilə bilər. Həmin rəyə əsasən istehlakçı üzrə hesablamalarla bağlı 2022–2023-cü illər üzrə istehlakçıya əlavə qaz borcu yazılmışdır. Bu borc “uçotu pozulmuş qaz sərfiyyatının bərpası” adı ilə hesablanmışdır. Lakin rəyə görə istehlakçı tərəfindən istifadə olunan qazın dəyəri artıq ödənildikdən sonra, sonradan əlavə hesablanmış məbləğin tələb olunması əsaslı hesab edilmir.
8. ##.##.2022-ci il tarixli “Xarici qaz kəmərinin istismara qəbulu aktı”na əsasən obyektin qazlaşdırılması üzrə tikinti-quraşdırma işləri tamamlanmışdır. Komissiya tərəfindən müəyyən edilmişdir ki, qaz kəmərləri və avadanlıqlar texniki normalara uyğundur, sistem istismara hazır vəziyyətdədir
9. ##.##.2026-cı il tarixli mühəndis-texniki ekspertiza rəyinə əsasən sayğacların laboratoriyada yoxlanması üçün uyğun stend olmadığından bəzi suallar üzrə tədqiqat aparılmamışdır. Rəydə müəyyən edilmişdir ki, qaz sayğacı təqdim edilmiş sxemə uyğun quraşdırılmışdır, bu halın qaz sərfiyyatına təsiri istisna edilir. Həmçinin qeyd olunmuşdur ki, mexaniki və elektron göstəricilər arasındakı fərqin səbəbinin müəyyən edilməsi ekspertin səlahiyyətinə aid deyildir.
10. ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən G-650 markalı qaz sayğacı ##.##.2023-cü ildə quraşdırılmış, əvvəlcədən yararlı hesab edilmişdir. Müəyyən edilmişdir ki, mexaniki və elektron göstəricilər arasındakı fərq qaz parametrlərinin (təzyiq, temperatur və s.) dəyişməsi ilə bağlı ola bilər, sayğacın düzgün işləməməsi yalnız laborator şəraitdə dəqiq müəyyən edilə bilər. Əlavə olaraq qeyd edilmişdir ki, ##.##.2022 – ##.##.2024 dövrü üzrə müxtəlif sayğaclar (G-1000 və G-650) istifadə olunmuşdur. Hesablamalar elektron göstəricilər əsasında aparılmış, qaz parametrlərinə uyğun avtomatik hesablanmışdır. Qeyd edilmişdir ki, mexaniki və elektron göstəricilər arasındakı fərq texniki səbəblərlə bağlı ola bilər. Həmin rəyə əsasən istehlakçı hesabı ilə bağlı 2022–2023-cü illər üzrə istehlakçıya əlavə məbləğlər yazılmışdır, “uçotu pozulmuş qaz sərfiyyatı” adı ilə hesablanmışdır. Lakin rəyə görə qaz təchizatçısı istehlakçının istifadə etdiyi qazın dəyərini sayğac göstəricilərinə əsasən hesablamalıdır, artıq ödənilmiş məbləğdən sonra əlavə tələb irəli sürülməsi əsaslı hesab edilmir.
Birinci instansiya məhkəməsində başlanmış hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı X2 cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *************** nömrəli abonent kodu üzrə hesablanmış 269.813 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, X2 məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixana Cavabdeh abonentidir (abonent kodu: 262601700000071) və sayğac göstəricilərinə uyğun olaraq daimi istifadə etdiyi qaza görə ödənişlər həyata keçirir. Cavabdeh İstehsalat Birliyi əməkdaşları tərəfindən X2 məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixananın fəaliyyəti zamanı ## ###### 2021-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət ərzində qaz sərfiyyatına görə ümumilikdə 200000 (iki yüz min) manatdan çox əsassız borc hesablanmışdır. X2 məxsus istixananın *************** saylı abonent saldosuna baxdıqda görünür ki, fəaliyyət və təsərüffatda heç bir dəyişiklik olmamasına baxmayaraq 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayına qədər olan dövrü ilə 2023-cü ilin oktyabr ayından və 2024-cü ilin mart ayına qədər olan dövrü ilə müqayisədə qaz sərfiyyatı kəskin şəkildə artmışdır və ümumilikdə 308600 (üç yüz səkkiz min altı yüz) manat borc hesablanmışdır. X2 məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixanada həmin vaxtlarda abonent saldosunda göstərilən həcmdə qaz sərf edilməmişdir. Eyni qaz sərfiyyatının olmasına baxmayaraq, cavabdeh tərəfindən süni şəkildə qaz sərfiyyatı artıq göstərilmiş və borc hesablanmışdır. Həmçinin Cavabdeh İB-nin əməkdaşları tərəfindən müəyyən müddətlərdə istixananın qanunsuz qaz sərfiyyatı ilə bağlı aktlar tərtib edilmiş və ümumilikdə 12610 (on iki min altı yüz on) manat pul məbləğində cərimə hesablanmışdır. Lakin, Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin akt tamamilə qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh tərəfindən qaz sayğacına aparılmış yoxlamadan X2 məlumatı olmamışdır, ona bununla hər hansı sənəd təqdim edilməmişdir, ümumiyyətlə tərtib olunmuş akt belə təqdim edilməmişdir. Cavabdeh tərəfindən yoxlama aparılan zaman, ilkin olaraq iddiaçıya məlumat verilməli, onun iştirakı təmin edilməli və sayğaca yoxlama şəffaf şəkildə keçirilməli idi. Bundan əlavə olaraq, həmin aktlar tərtib olunduqdan sonra iddiaçı tərəfindən imzalanmalı idi. Cavabdeh İB-nin əməkdaşları yoxlama zamanı şəffaflığı təmin etməmişlər və qanunvericiliyə zidd şəkildə yoxlama aparılmışlar.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh İB-nin nümayəndəsi X6 iddiaya etiraz edərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
15. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq Cavabdeh İB tərəfindən X2 məxsus *************** saylı abunə kodu üzrə hesablanmış 12.610 (on iki min altı yüz on) manat, 62 (altmış iki) qəpik məbləğində borc silinməsi, dövlət rüsumunun əvəzi olaraq 547 (beş yüz qırx yeddi) manat, 20 (iyirmi qəpik) manat məbləğində pul X2 tutularaq dövlət büdcəsinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat, 83 (səksən üç) qəpik məbləğində pulun Cavabdeh İBdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Aktlar əsasında iddiaçıya cəmi 12.610,62 manat borc hesablanmışdır. Məhkəmə bu xüsusda qeyd edir ki, uçota alınmayan qazın həcminin müəyyən edilməsinin nə ilə bağlı olması, iddiaçı tərəfindən hansı pozuntunun edilməsi və yaxud bu kimi hər hansı bir hal cavabdeh tərəfindən əsaslandırıla bilməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, aktlar əsasında hesablanmış olan 12.610,62 manat borc silinməlidir. Abonentin saldosundan görünür ki, qalan hissədə iddiaçının silinməsini tələb etdiyi borc məhz sərfiyyatla bağlı olan debitor borcudur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən ##.##.2025-ci il tarixli **/**** saylı rəydən görünür ki, tənzimləyici qurğunun qaz sayğacından əvvəl quraşdırılması sayğacın sərfiyyat göstəricilərinə təsir göstərmədiyi və qazın təzyiqinin işçi diapazonda saxlanılmasına xidmət etdiyi, X2 oöluna məxsus istixanada qaz tənzimləyici qurğunun sayğacdan əvvəl quraşdırılmışdır. Göründüyü kimi, qaz sayğacının quraşdırılması zamanı da, hər hansı bir nöqsana yol verilməmiş və sərfiyyatın yanlış qeyd edilməsinə hər hansı bir əsas mövcud deyildir. Bundan başqa iş materiallarından görünür ki, X2 və Cavabdeh İB aralarında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, X2 2024-cü ilin mart ayına qalıq borcun 255.569,71 manat məbləğində olduğunu təsdiq etmişdir. X2 iddiasında tələb etdiyi digər borcun məhz debitor borcu olduğundan və sərfiyyatın qeyd edilməsi zamanı hər hansı bir nöqsan olmadığından Məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilə bilməz. İş materiallarından görünür ki, iddiaçı Məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Ona görə də, iddianın təmin olunmamış hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 547,20 manat məbləğində pul X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 127,83 manat məbləğində pul isə Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
Apellyasiya şikayətinin dəlilləri
18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin iddia tələbinin rədd olunan hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız qəbul edilmiş, iş üzrə mühüm faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh Cavabdeh İB tərəfindən qaz sərfiyyatı yalnız sayğac göstəricilərinə əsasən deyil, qanunsuz olaraq əlavə hesablamalar aparılmaqla müəyyən edilmişdir. Halbuki qüvvədə olan qanunvericiliyə əsasən qazın dəyəri yalnız sayğac göstəricilərinə uyğun hesablanmalı, istehlakçıya hər ay düzgün hesab təqdim edilməlidir. Sayğac göstəricilərindən kənar hesablamalar aparılması və əlavə qaz həcmlərinin tətbiqi qanunsuzdur. Mübahisəli dövr üzrə qaz sərfiyyatı təxminən 1.370.000–1.380.000 kub metr (təxminən 303.000 manat) olduğu halda, cavabdeh tərəfindən əsassız olaraq 545.441,6 manat məbləğində hesab aparılmış, əlavə olaraq sayğac göstəricilərindən kənar 27.971 manat 46 qəpik həcmində artıq qaz sərfiyyatı hesablanmışdır. Həmçinin, cavabdeh tərəfindən qaz sayğacının göstəricilərinə təsir edən texniki amillər (təzyiq fərqləri, mexaniki və elektron hissələr arasındakı uyğunsuzluq və s.) düzgün nəzərə alınmamış, bu isə sərfiyyatın süni şəkildə artırılmasına səbəb olmuşdur. Cavabdeh istehlakçı hüquqlarını pozaraq sayğacın artıq sərfiyyat qeydə alması barədə istehlakçıya əvvəlcədən məlumat verməmiş, bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələblərini pozmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi ekspertiza rəyini düzgün qiymətləndirməmiş, rəyin mühüm hissələrini nəzərə almadan nəticəyə gəlmişdir. Ekspertiza rəyində qaz xəttində təzyiq tənzimləyici qurğunun sayğacdan əvvəl quraşdırılması və bunun sərfiyyata təsir etmədiyi göstərildiyi halda, məhkəmə bu halları araşdırmamışdır. Tərəflər arasında tərtib edilmiş üzləşmə aktında borcun təsdiqi iddiaçının real borcu qəbul etməsi kimi qiymətləndirilə bilməz, çünki həmin sənəd qaz sərfiyyatının düzgün hesablanmasını təsdiq etmir. Cavabdeh tərəfindən qaz sərfiyyatı süni şəkildə artırılmış, əlavə və əsassız hesablamalar aparılmış, nəticədə iddiaçıya qanunsuz borc yazılmışdır.
20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İB apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilib, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar, iddiaçıya verilən cavab məktubu, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş razılaşma protokolu, iddia ərizəsinə etiraz qiymətləndirilməmişdir. Məhkəmə araşdırma aparmadan 12610,62 manat məbləğin hamısını uçota alınmayan qaz həcmi kimi ifadə edərək iddianın o hissəsini təmin etmişdir. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb əvəz edərkən zavodun ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar. KY ********* saylı çıxarış sayğacın yoxlanılması barədə rəy daxil olduqdan sonra alınmışdır. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iddianın təmin edilməsi hissəsində Qətnaməni sübutlarla əsaslandırmamışdır. Cavabdehin təqdim etdiyi heç bir sübuta məhkəmə reaksiya verməmiş, araşdırma aparmadan iddianın 12610,62 manat hissəsini təmin etmişdir. Məhkəmə Qətnaməni sübutlarla, sənədlərlə əsaslandırmamış, təqdim olunan sübutlar üzrə araşdırma aparılmamışdır. Qətnamədə iddianın təmin olunan hissəsi uçota alınmayan qaz həcminə görə hesablanan borc kimi qeyd olunsa da, faktiki həmin məbləğ müxtəlif səbəblərdən yaranan borc məbləğidir.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı:
26. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
27. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 13.1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının həddi
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İşin faktiki hallarına əsasən X2 iddia etmişdir ki, cavabdeh tərəfindən qaz sərfiyyatı yalnız sayğac göstəricilərinə əsasən deyil, əlavə və qanunsuz hesablamalar aparılmaqla müəyyən edilmiş, qazın həcmi süni şəkildə artırılmış, sayğac göstəricilərindən kənar hesablamalar tətbiq olunmuşdur. Həmçinin iddiaçı ekspert rəyinin düzgün qiymətləndirilmədiyini və texniki amillərin nəzərə alınmadığını bildirmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi məqsədilə iş üzrə xüsusi bilik tələb edən halların mövcudluğu nəzərə alınaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına əsasən məhkəmə ekspertizası təyin edilmişdir.
44. Təyin edilmiş ekspertiza əsasında iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi yanında X9 Agentliyinin mütəxəssisi tərəfindən ##.##.2025-ci il tarixli və ##.##.2026cı il tarixli ekspert rəyləri təqdim olunmuşdur.
45. Ekspert rəyindən müəyyən olunur ki, mübahisəli dövrdə istifadə olunmuş G-650 markalı qaz sayğacında qaz sərfiyyatının hesablanması elektron və mexaniki göstəricilər əsasında aparılmış, elektron hissə qazın həcmini hesablarkən qazın fiziki parametrlərini (təzyiq, temperatur və digər amillər) nəzərə alan korrektorlardan istifadə etmişdir. Mexaniki göstəricilər isə yalnız keçən qazın həcmini sadə ölçü vahidi ilə qeyd edir və qazın sıxlıq, temperatur və təzyiq kimi dəyişən parametrlərini nəzərə almır.
46. Bu səbəbdən, mexaniki və elektron göstəricilər arasında müəyyən fərqin yaranması texniki cəhətdən mümkün və normal hesab olunur. Ekspert rəyində də göstərildiyi kimi, bu fərq qazın ötürülməsi zamanı parametrlərin dəyişməsi ilə bağlı olub, qaz sərfiyyatının süni şəkildə artırılması kimi qiymətləndirilə bilməz.
47. Bundan əlavə, ekspert tərəfindən müəyyən edilmişdir ki, yeni quraşdırılmış sayğacda qaz sərfiyyatı avtomatik olaraq qazın real fiziki parametrlərinə uyğun hesablanmış və tətbiq edilən əmsallar texniki tələblərə uyğun olmuşdur. Bu isə onu göstərir ki, cavabdeh tərəfindən istifadə olunan hesablanma mexanizmi prinsip etibarilə düzgün olmuşdur.
48. Belə olan halda, iddiaçının qaz sərfiyyatının süni şəkildə artırılması, texniki amillərin nəzərə alınmaması və hesablamaların əsassız aparılması barədə dəlilləri iş üzrə ekspert rəyinin nəticələri ilə təsdiq olunmur və əsassız hesab edilir.
49. Bununla yanaşı, məhkəmə kollegiyası Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, abonentin hesabına əlavə edilmiş bəzi məbləğlər qaz sayğacının cari göstəricilərinə əsasən deyil, sonradan “köhnə sayğacın yaddaşında qalan qaz həcmi” adı ilə hesablanaraq abonentin hesabına daxil edilmişdir.
50. Belə ki, X2 aktlar əsasında 2022-ci ilin noyabr ayında 3.792,58 manat, 2022-ci ilin dekabr ayında 333,52 manat, 2023-cü ilin iyun ayında 826,32 manat, 2023-cü ilin sentyabr ayında 0,88 manat, 2023-cü ilin oktyabr ayında 537,9 manat, 2023-cü ilin noyabr ayında 1.443,2 manat, 2023-cü ilin dekabr ayında 5.676,22 manat məbləğində uçota alınmayan qaz həcminə görə borc hesablanmışdır.
51. İş materiallarında olan sənədlərdən, o cümlədən qaz sayğacının yoxlanılması barədə aktlardan və ekspert rəylərindən görünür ki, abonentin istifadəsində olan qaz sayğacının korrektor hissəsi müəyyən müddət ərzində işləməmiş, nəticədə qaz sərfiyyatının bir hissəsi elektron sistemdə uçota alınmamış, lakin mexaniki hissədə qeydə alınmışdır. Ekspert rəylərində də təsdiq olunmuşdur ki, qazın faktiki istehlakı baş vermiş, lakin sayğacın texniki nasazlığı səbəbindən həmin istehlak tam şəkildə uçota düşməmişdir.
52. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı istehlakçıya verilmiş qazın dəyərini sayğac göstəricilərinə uyğun olaraq hər ay hesablamalı və vaxtında istehlakçıya təqdim etməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən abonentin hesabına daxil edilmiş mübahisəli məbləğlər cari hesablaşmalar əsasında deyil, sonradan tərtib olunmuş aktlara əsasən, “uçota alınmayan qaz həcmi” kimi bir neçə dövr üzrə toplu qaydada hesablanmışdır.
53. Eyni zamanda, iş üzrə sübutlarla istehlakçının sayğaca müdaxilə etməsi, yaxud qazdan qanunsuz istifadə etməsi müəyyən edilməmişdir. Sayğacda yaranmış nasazlıq texniki xarakter daşıyır və onun vaxtında aşkar edilərək aradan qaldırılmaması nəticəsində yaranmış borcun sonradan istehlakçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Hesablamanın “Qazdan istifadə Qaydaları”na uyğun, vaxtında və düzgün aparılmaması, eləcə də istehlakçının təqsirinin müəyyən edilməməsi səbəbindən, hesablanmış məbləğ tələb edilə bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
56. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
X2 və Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.