Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-29/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.Satıcı İddiaçı MMC və alıcı Cavabdeh MMC arasında bağlanmış 2023-cü il ## ######## tarixli T/**//**-** nömrəli müqavilə ilə (bundan sonra – “müqavilə”) satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşması protokolunda göstərilən mal-materialları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib, almağı və onun dəyərin ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin: - 1.2-ci bəndinə əsasən, malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna, elektron qaimə-fakturaya uyğun olaraq müəyyən ediləcəkdir. - 1.3-cü bəndinə əsasən, alıcının adı tərəflər arasındakı hesablaşma sənədlərində və ya yazışmalarda, habelə satıcının əməliyyat bazasında şərti Cavabdeh MMC kimi qeyd edilə bilər. - 2.1-ci bəndinə əsasən, malların qiymətləri hər çatdırma partiyasına uyğun tərtib olunmuş qiymətlərin razılaşması protokoluna elektron qaimə-fakturaya, uyğun olaraq müəyyən edilir. Elektron qaimə fakturanın, qaimə-fakturanın alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. - 2.3-cü bəndinə əsasən, alıcı və satıcı arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda, elektron qaimə-fakturalarda, qaimə-fakturalarda göstərilən qaydada və formada lakin malların təqdim edildiyi tarixdən ən geci 15 iş günü ərzində nağd və ya tərəflərin razılaşmasına əsasən bank ödənişi yolu ilə həyata keçirilməlidir. Ödənişlər Azərbaycan manatı ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə ödənilməlidir. - 6.2-ci bəndinə əsasən, alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0.2% dəbbə (cərimə) pulunu alıcıdan tələb etmək haqqı vardır və cərimə məbləği malların ümumi dəyərinin 30% dən artıq olmamalıdır. 2.Müqaviləyə 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 və ** nömrəli əlavələr olan qiymətlərin razılaşdırılması protokolları ilə müvafiq olaraq 1.141,41 manat; 915,09 manat; 1.070,02 manat; 944 manat; 418,90 manat; 4.649,20 manat; 1.357 manat; 3.776 manat; 13.713,021 manat və 95,82 manat məbləğlərdə (ƏDV daxil) mallar razılaşdırılmışdır. 3.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2024-cü il ## ###### - 9 sentyabr tarixlərini əhatə edən təhvil-təslim aktları üzrə məbləğləri 48 manat (80 ədəd), 453,40 manat, 124,80 manat (40 ədəd), 161,10 manat, 53,40 manat (6 ədəd), 126,60 manat, 412,50 manat (15 ədəd), 363 manat olan 15 ədəd, 906,80 manat, 355 manat, 944 manat, 110 manat (500 ədəd), 1600 manat, 1..050 manat, 2.000 manat (640 ədəd), 2.000 manat (540 ədəd), 800 manat (1.000 ədəd), 350 manat (500 ədəd), 3.776 manat (5.000 ədəd), 1.963,50 manat (55 ədəd), 3.135,60 (201 ədəd), 6.522,10 (346 ədəd), 0,75 manat (3 ədəd), 0,75 manat (3 ədəd), 1,20 manat (3 ədəd), 71 manat, 4,86 manat və 2,64 manat (3 ədəd) məbləğlərində mallar təhvil verilmişdir. 4.2024-cü il ## ###### - 9 sentyabr tarixləri aralığında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 95,82 manat, 944 manat, 3.776 manat, 4.649,2 manat, 1357 manat, 13.713,021, 418,90 manat, 1070,02 manat, 1.141,41 manat və 915,09 manat dəyərində elektron qaimələr təqdim edilmişdir. 5.İddiaçı MMC tərəfindən tərtib olunmuş 2025-ci il # ##### tarixli maliyyə arayışında Cavabdeh MMC-nin 28.080,46 manat (ƏDV daxil) əsas borcu, həmçinin bu tarixə kimi 7.093,13 manat cərimə borcunun yarandığı və gecikmə günlərinin aktın tarixindən 15 gün sonrakı tarixdən başlayaraq bu günədək hesablandığı qeyd edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6.İddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.080,46 manat əsas borc, müqavilə şərtlərinə uyğun 2025-ci il # ##### tarixinə hesablanmış 7.093,13 manat dəbbə məbləği, hüquqi yardıma görə ödənilmiş 1.150 manat və ödənilmiş 196 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə ilə iddiaçı tərəfindən cavabdehə təmir-tikinti işlərinə aid mal-materialların satışı, cavabdeh tərəfindən isə onların dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqavilə iddiaçı tərəfindən tam icra edilərək, ƏDV daxil 28.080,46 manat dəyərində mal-material təchiz olunmuşdur. Həmin məbləğin əsas hissəsini 23.797 manat, ƏDV hissəsini isə 4.283,46 manat təşkil etmişdir. Lakin cavabdeh əqd üzrə öhdəliyini icra etməmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, təqdim olunmuş mallara görə 15 gündən gec olmayaraq ödəniş edilməli idi. Bu günə müqavilə üzrə cavabdeh tərəfin 28.080,46 manat borcu qalmaqdadır. Müqavilənin 6.2-ci bəndi ilə razılaşdırılmışdır ki, tərəflərdən biri öhdəliyin icrasının gecikdirilməsinə yol verdikdə icra edilməmiş öhdəliyin hər gecikmə gününə 0,2% faizi miqdarında dəbbə (cərimə) ödənilməlidir və bu məbləğ icra edilməmiş öhdəliyin 30%-dən çox olmamalıdır. 8.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 28.080,46 manat əsas borc, 1.404 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1.150 manat və ödənilmiş dövlət rüsumunun 178,46 manat pulun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim K.Hüseynov). 9.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması işin materiallarına əlavə edilmiş sübutlarla (təhviltəslim aktları və elektron qaimələr) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz da etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmış və onun tələbi haqlı olmuşdur.
10. Məhkəmə alqı-satqı müqaviləsi üzrə mülki qanunvericiliyin tələblərini, müqavilə şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı avadanlıqların cəmi dəyəri olan 23.797 manat və 4.283,46 manat ƏDV pul məbləğlərini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq, iddia tələbinin əsaslı olması və 28.080,46 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
11. İddianın cərimə tələbinə gəldikdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alan məhkəmə, iddia tələbi üzrə cərimə məbləğinin azaldılaraq müqavilə üzrə 1.404 manat müəyyən olunması qənaətinə gəlmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 445.1, 462.1, 465.2, 467, 567, 600.1, 600.4, 627.1, 630.1, 631.1 və 637.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək, iddianın tam rədd olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva).
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin qanuni əsasını MM-in alqı-satqı ilə bağlı müddəalarının təşkil etməsi qənaətinə gəlmişdir. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir. Müqavilənin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin mübahisələndirilməyən halıdır.
16. Cavabdeh təqdim olunmuş malların müqavilədə qeyd edildiyi kimi lazımi keyfiyyətdə olmadığını bildirsə də, bu barədə qarşı tərəfə müraciət etməsi, satılmış malda həqiqətən qüsurların olması və bu qüsurların malda alıcıya təhvil verilənədək yarandığı barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
17. Əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə düşür. Lakin cavabdeh həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPMin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
18. Bu baxımdan iddiaçı MM-in 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlı olmuş və ona görə də həmin hissədə iddia tam əsaslı olmuşdur.
19. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçı tərəfindən cavabdehə satılmış məhsullara görə göndərilmiş e-qaimələr üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə almaqla, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 1.404 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 567, 581.1, 581.2, 588.1, 589.1, 598.1, 598.2, 600.1 və 600.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 445, 448, 581, 567, 588, 589 və 600-cü maddələri üzrə- iddiaçı tərəfindən cavabdehə təqdim olunan malların dəyərinin qismən ödənilməsinin başlıca səbəbi təqdim edilmiş malların müqavilədə qeyd olunduğu kimi, lazımi keyfiyyətdə olmamasından ibarət olmuşdur. Yəni cavabdeh müqavilə üzrə almış olduğu malların dəyərini iddiaçıya ödəməyə başlamış, lakin mallarda qüsurların olması səbəbindən ödənişlər dayandırılmışdır. Cavabdeh tərəfindən bu xüsusat apellyasiya şikayətində də qeyd edilmiş, lakin işə baxan məhkəmə kollegiyası bu halı araşdırmamışdır.
23. MM-in 587.2-ci maddəsi üzrə- cavabdehin mallarda qüsurların olması səbəbilə müqavilə üzrə öhdəliyinin icrasını dayandırmasında ifadə edilən hərəkətləri kifayət qədər aydın hesab etmək olar. Müqaviləyə əsasən, satılan malların keyfiyyəti onların uyğunluq sertifikatında qeyd edilən texniki göstəricilərə uyğun gəlməlidir. Həmçinin müqaviləyə əsasən, malların keyfiyyəti müqavilənin şərtlərinə əsasən beynəlxalq standart və normalara uyğun olmalıdır. Satıcı təqdim etdiyi malların keyfiyyətinə görə bu müqavilə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim olunmuş mallardakı qüsurlar ilə bağlı cavabdeh tərəfindən dəfələrlə şifahi olaraq məlumat verilməsinə baxmayaraq, bu halı təkzib edilmişdir. Göründüyü kimi, müqavilə üzrə malın keyfiyyətinə dair öhdəlik lazımınca icra edilməmiş və işə baxan məhkəmələr bu halı araşdırmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qanuni, əsaslı və obyektivdir. Belə ki, müqavilə ilə təmir-tikinti işlərinə aid mal-materialların satışı və cavabdeh tərəfindən onların dəyərinin ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqavilə öhdəliyi tam icra edilərək ƏDV daxil 28.080,46 manat dəyərində mal-material cavabdehə verilmişdir. Həmin məbləğin əsas hissəsi 23.797 manat, ƏDV hissəsi isə 4.283,46 manat təşkil etmişdir. Cavabdeh əqd üzrə öhdəliyini icra etməmiş və bu barədə bizə hər hansı məlumat verilməmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, təqdim olunmuş mallara görə 15 gündən gec olmayaraq ödəniş edilməlidir. Cavabdeh tərəfindən 28.080,46 manat borc bu günə qədər qalmaqdadır. Müqavilənin 6.2-ci maddəsi ilə razılaşdırılmışdır ki, tərəflərdən biri öhdəliyin icrasının gecikdirilməsinə yol verdikdə icra edilməmiş öhdəliyin hər gecikmə gününə 0,2 % faizi miqdarında dəbbə (cərimə) ödənilməlidir və bu məbləğ icra edilməmiş öhdəliyin 30%-dən çox olmamalıdır. Cavabdehə bu borc öhdəliyi ilə bağlı pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu halla bağlı hər hansı məlumat verməmişdir.
26. Cavabdeh apellyasiya şikayətində MM-in 385.1, 567, 598.1-ci maddələrinə istinad etsə də, konkret olaraq hansı normanın məhkəmə tərəfindən pozulma əsasını götürməmişdir. Apellyasiya şikayətində malların lazımi keyfiyyətdə olmaması ilə bağlı qeyd olunanlar əsassız olmuşdur. Əgər verilən mallarda qüsur aşkar olunmuşdursa, onlar bu və ya digər malların alınmasından imtina etmiş olardılar. Göndərilən malların hər birinə cavabdeh tərəfindən baxış keçirilmədən alınması həqiqəti əks etdirmir. Əgər satılan bu qədər mallarda qüsurların olmasını gözlə belə görmək mümkün olsaydı, bu halda cavabdeh qüsur aktı tərtib etməklə, rəsmi lisenziyalı laboratoriyanın rəyini əsas götürərək həmin malları geri qaytarmış olardı. Bu barədə iddiaçıya yazılı məlumat verilə bilərdi. Təhvil-təslim aktlarına diqqət yetirdikdə məlum olur ki, malların bir çoxu eyni vaxta yox müxtəlif vaxtlarda verilmişdir. Əgər mallar lazımi keyfiyyətdə olmamışdırsa, hansı səbəbdən sonradan yeni malların cavabdeh tərəfindən qəbul edildiyi sual olunur.
27. Qüsurlu mallar barəsində cavabdeh iddiaçıya hər hansı rəsmi məlumat verməmişdir. Müqavilədə qeyd edilir ki, malın miqdarı, çeşidi, keyfiyyəti barədə müqavilə şərtləri pozulduqda, alıcı həmin pozuntuların aşkar edildiyi, yaxud malın bu xarakterinə müqavilənin və təyinatına görə aşkar edilməli olduğu vaxtdan etibarən 15 gün müddətində bu barədə satıcıya xəbər verməlidir. Hər bir halda cavabdeh öz öhdəliyindən yayınır və müqavilə üzrə yaranmış öhdəliyi lazımınca icra etmir. Cavabdehin bir necə hüquqi şəxsə qarşıda borc öhdəliyi mövcuddur.
28. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, işə mahiyyəti üzrə düzgün hüquqi qiymət vermişdir. Cavabdeh kassasiya şikayətində hər hansı prosessual hüquq normasına istinad etməmiş, maddi hüquq normalarına isə istinad etsə də, konkret olaraq hansı maddi hüquq normalarının pozulmasını göstərməmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. ...”
“Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. ...”
“Maddə 589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. ...”
“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ...”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...”
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili müqaviləyə əsasən lazımi keyfiyyətdə malın təqdim olunmaması ilə bağlıdır.
34. Lakin cavabdeh təqdim olunmuş malların müqavilədə qeyd edildiyi kimi lazımi keyfiyyətdə olmadığını bildirsə də, bu barədə qarşı tərəfə müraciət etməsi, satılmış malda həqiqətən qüsurların olması və bu qüsurların malda alıcıya təhvil verilənədək yarandığı barədə işə mahiyyəti üzrə baxmaq və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə hər hansı sübut təqdim edə bilməmişdir.
35. Bu baxımdan məhkəmə kollegiyası eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinin əsassız olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə MM-in 567, 581, 589 və 598-ci maddələrinin, eləcə də MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.