Məhkəmə qərarları › İş №2-2(102)-111/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-111/2023

25.01.2023 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-111/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, qərardaddan şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən), Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı və İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yö nəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 oktyabr tarixli e-2-2(113)5370/2022 saylı qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2022-ci il 12 sentyabr tarixində cavabdehlər Cavabdeh1 (bundan sonra – “Aybəniz”), Cavabdeh2 (bundan sonra – “Aysun”), Cavabdeh3 (bundan sonra – “Elnur”), Cavabdeh4 (bundan sonra – “Alim) və Cavabdeh5 (bundan sonra – “Türkan”) qarşı iddia ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 2020-ci il 24 yanvar tarixli 002R********** saylı krеdit razılaşmasının və 2020-ci il 18 may tarixli 002R******** **S saylı sazişin ləğv olunmasını, cavabdеhlər Elnur, Alim, Aybənizdən müştərək qaydada iddiaçının хеyrinə krеdit razılaşması üzrə 24.523,14 manat məbləğində krеdit bоrcu, 10.213,18 manat məbləğində faiz bоrcu və 16.136,23 manat məbləğində cərimə borcu olmaqla, cəmi 50.872,55 manat məbləğində bоrcun, cavabdеhlər Alim, Elnur, Aybənizdən müştərək qaydada iddiaçının хеyrinə digər krеdit razılaşması üzrə 20.044,72 manat məbləğində krеdit bоrcu, 7.136,40 manat məbləğində faiz bоrcu və 12.788,56 manat məbləğində cərimə borcu olmaqla, cəmi 39.969,68 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət h aqqının tutulmasını, hər iki tələbin Aybənizin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0,1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 m2 ümumi, 59.85 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və 002R********** saylı krеdit razılaşması üzrə cəmi 50.872,55 manat məbləğində bоrcun və 002R********** saylı krеdit razılaşması üzrə cəmi 39.969,68 manat məbləğində bоrcun, ödənilmiş 60 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hes abına iddiaçıya ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Alim, Aybəniz və Elnurdan ümumi müştərək qaydada tutulmasını, Aybənizin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0,1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 m2 ümumi, 59.85 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Aybəniz, Elnur, Alim, Türkan və Aysunun istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehlər Alim və Elnurun nümayəndəsi və vəkili Vəkil 2022-ci il 16 oktyabr tarixində ərizə ilə müraciət edərək, iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 oktyabr tarixli e-2-2(113)-5370/2022 saylı qərardadı ilə cavabdehlərin ərizəsi rədd edilmişdir (hakim – E.Əliyev).

4. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan göründüyü kimi, cavabdehlər Elnur (VÖEN: **********) və Alim (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Bundan əlavə Alim ilə iddiaçı arasında bağlanmış 2018-ci il 12 dekabr tarixli 002L**********86 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, Alimə 120 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açı lmışdır. Açılmış kredit xəttinin məbləğini nəzərə alan məhkəmə hesab etmişdir ki, həmin məbləğdə istehlak krediti tərəfə verilə bilməz, belə ki, bu məbləğlərdə kreditlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə verilir.

5. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2 və 26.1-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 Sentyabr tarixli Qərarının 12-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

6. Cavabdehlərin nümayəndəsi 2022-ci il 9 noyabr tarixində şikayət verərək həmin qərardadın ləğv olunmasını və ya şikayətə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 noyabr tarixli e-2-2(113)-5370/2022 saylı qərardadı ilə şikayət eyni səbəblərdən təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – E.Əliyev). İİ. ŞİKAYƏT a) Şikayətin dəlilləri

8. Açılmış kredit xəttinin məbləğinin yüksək olması səbəbi ilə həmin kreditlərin istehlak krediti olmadığı anlamına gəlmir. Məhkəmənin bu qənaətə gəlməsinin heç bir hüquqi əsası yoxdur. Tərəflər arasında bağlanmış “Kredit razılaşmaları”nın 1.3-ci bəndlərində göstərilib ki, kreditlərin verilmə məqsədi fərdi mikro kreditlərdir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir. Cavab dehlər hüquqi şəxslər deyil, iddiaçı ilə cavabdehlər arasında bağlanmış müqavilələr kommersiya münasibətlərini tənzimləmir. Odur ki, hesab edilir ki, işin məhkəmə aidiyyatı üzrə cavabdehlərin qeydiyyatda olduğu Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilməsinə dair ərizə əsaslıdır, təmin edilməlidir. b) Şikayətə qarşı etirazın dəlilləri

9. İddiaçı tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.” 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun 2020ci il 18 Sentyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qar ışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 oktyabr tarixli e-2-2(113)-5370/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. MPM-in 24.2-ci maddəsinin (bax yuxarıda § 10) tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdehlər Cavabdeh3 (VÖEN: **********), Cavabdeh4 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar statusuna malikdirlər.

15. Eyni zamanda tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsindən görünür ki, cavabdehlərə 500.000 manat məbləğində kredit xətti açılmışdır. Açılmış kredit xəttinin məbləğini nəzərə alaraq qarışıq məhkəmə tərkibi, həmin məbləğdə kreditin istehlak krediti kimi fiziki şəxsə verilə bilmədiyi, bu məbləğlərdə kreditlərin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə verilə bildiyi barədə kommersiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

16. Məhkəmə tərkibi bu zaman onu da nəzərə alır ki, iddiaçının məhkəmə iclasında iştirak etmiş nümayəndəsi də işin aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməsinə etiraz etmişdir. Bu isə öz növbəsində qaytarılması tələb olunan kredit məbləğlərinin fərdi istehlak deyil, məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verildiyini təsdiq edir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 12-ci bəndində (bax yuxarıda § 11) formalaşdırdığı hüquqi mövqelərə görə, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin hə yata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

18. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 oktyabr tarixli e-2-2(113)-5370/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

19. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

20. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 oktyabr tarixli e-2-2(113)-5370/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar