Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-163/2019 09.04.2019 ALİ MƏHKƏMƏ İş 2-2(102)-163/2019 Azərbaycan Respublikası adından QƏRAR 9 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı Jurnalı Redaksiyasının nümayəndəsi və vəkili X2, cavabdeh cavabdeh oğlu, vəkili Vəkil iştirakı ilə, İddiaçı Jurnalı Redaksiyasının (bundan sonra iddiaçı) cavabdeh cavabdeh oğluna (bundan sonra cavabdeh) qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi, pirat nüsxələrin satışdan çıxarılaraq məhv edilmə si və satışının qadağan edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-2(103)-520/18 saylı, 23 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: işin halları: Cavabdeh tərəfindən imzalanmış 16 noyabr 2017-ci il tarixli aktdan və kassa aparatından verilmiş qəbzdən aydın olur ki, cavabdehə məxsus, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən “Ştrix-Mini-F” məktəb ləvazimatları mağazasında X4 məxsus nəşrlərə baxış keçirilmiş və həmin kitablardan pirat nüsxələr aşkar edilərək 20 ədəd müxtəlif test tapşırıqları, 9 ədəd qəbul imtahanlarının məzmununun inkişaf dinamikası, 11 ədəd 1994-2014 test toplusu aşkar edilərək götürülmüşdür. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən “Ştrix-Mini-F” məktəb ləvazimatları mağazasında hüquqları iddiaçıya məxsus kitabların pirat nüsxələrinin qeyriqanuni satışının həyata keçirməsi nəticəsində vurduğu zərərin əvəzi olaraq cavabdehdən 30.000 manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi; cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən “Ştrix-Mini-F” məktəb ləvazimatları mağazasında hüquqları iddiaçıya məxsus kitabların aşkar edilmiş pirat nüsxələrinin satışdan çıxarılaraq məhv edilməsi; cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən “Ştrix-Mini-F” məktəb ləvazimatları mağazasında hüquqları iddiaçıya məxsus kitabların pirat nüsxələrinin satışının qadağan edilməsi barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Tarix fənni üzrə 1994-2014-cü illər “Test toplusu” kitabının, Azərbaycan dili fənni üzrə 1994-2014-cü illər “Test toplusu” kitabının, İngilis dili fənni üzrə 1994-2014-cü illər “Test toplusu” kitabının, Fizika fənni üzrə 1994- 2014-cü illər “Test toplusu” kitabının, Biologiya fənni üzrə 1994-2014-cü illər “Test toplusu” kitabının, Coğrafiya fənni üzrə 1994-2014-cü illər “Test toplusu” kitabının, Ədəbiyyat fənni üzrə 1994-2014-cü illər “Test toplusu” kitabının və TQDK, hal-hazırda DİM ilə birlikdə çap etdirdiyi digər kitabların, broşuraların və jurnalların müstəsna sahibidir. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev 76 ünvanda yerləşən özünə məxsus “Ştrix-Mini-F” məktəb ləvazimatları mağazasında uzun illərdir ki, hüquql arı iddiaçıya məxsus kitabların pirat nüsxələrinin qeyri-qanuni satışını həyata keçirir. Cavabdehin bu fəaliyyəti kütləvi xarakter almışdır. Bu satış obyektində müxtəlif vaxtlarda hüquqları iddiaçıya məxsus kitabların pirat nüsxələri aşkar edilmiş və hüquq sahibi tərəfindən cavabdehdən bu qanunsuz fəaliyyətinə son qoyulması tələb edilmişdir. Lakin cavabdeh hüquq sahibinin bu qanuni tələblərinə əhəmiyyət verməyərək öz qanunsuz fəaliyyətini davam etdirmişdir. Axırıncı dəfə hüquq sahibinin nümayəndələri və Xətai RPİ-nin 34-cü Polis bölməsinin əməkdaşları tərəfindən 16.11.2017-ci il tarixdə keçirilən baxış zamanı cavabdehə məxsus yuxarıda göstərilən ünvanda yerləşən “Ştrix-Mini-F” məktəb ləvazimatları mağazasının satış ərazisində iddiaçının hüquq sahibi olduğu 20 ədəd müxtəlif test tapşırıqlar ı, 9 ədəd Qəbul imtahanlarının məzmununun inkişaf dinamikası, 1994-2014 “Test topluları”nın 11 ədəd saxta pirat nüsxələri aşkar edilərək götürülmüşdür. Cavabdehə məxsus kitab mağazasında bir neçə il davam edən bu qanunsuz fəaliyyət nəticəsində hüquq sahibi olan iddiaçının Azərbaycan Respublikası qanunvericiliyi ilə qorunan bir sıra hüquqları pozulmuş və iddiaçıya mühüm zərər vurulmuşdur. Cavabdehin bu qanunsuz fəaliyyəti hal-hazırda davam edir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 30-cu, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Qanunun 14,15 və 30-cu maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-2(81)-333/2018 saylı iş) 6 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5, X3 və X7, 2-2(103)-520/18 saylı iş) 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən “Ştrix-Mini-F” məktəb ləvazimatları mağazasında hüquqları iddiaçıya məxsus olan kitabların pirat nüsxələrinin satışının qadağan edilməsi, cavabdehə məxsus məktəb ləvazimatları mağazasında iddiaçının hüquq sahibi olduğu kitabların aşkar edilmiş pirat nüsxələrinin satışdan çıxarılaraq məhv edilməsi, cavabdehdən 15.000 manat kompensasiya tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı öz tələbinin faktiki əsasını təşkil edən halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin hallar iddiaçının hüququnun pozulubpozulmaması, pozuntunun dərəcəsini, əhəmiyyətini, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün mühüm əhəmiyyətlidir. Məhkəmə həmin halları araşdırmadan qətnamə qəbul etməklə, cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Pirat olması qeyd edilən kitabların həqiqətən qanunsuz istehsalın nəticəsi cavabdehə məlum olmamışdır. Bunu müəyyən etmək üçün nə mütəxəssis rəyi tərtib edilməmiş, nə də həmin kitabların həqiqətən pirat nüsxələr olması ekspert rəyi ilə müəyyən olunmamışdır Məhkəmə ən azından Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyini məhkəmə icraatına cəlb etməklə bir çox suallara aydınlıq gətirə yaxud da bununla bağlı ekspertiza təyin edə bilərdi. Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə təqdim edilmiş sübutların natamam olması, qanunsuz əldə edilməsi, həmçinin “axtarış, baxış və götürmə” hərəkətinin iddiaçı və polis əməkdaşl arı tərəfindən hansı qanunvericilik əsasında (cinayət və ya inzibati ) aparılması, bu barədə məhkəmə qərarı olub-olmaması haqqında məsələyə diqqət yetirməmişdir. Qeyd edilməlidir ki, iddiaçıya məxsus mağazadan nəzarət qaydasında mal alınması aparılmamış, bunu təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Məhkəmə təyin edilən kompensasiya ilə bağlı da tamamilə qanunsuz və ədalətsiz qətnamə qəbul etmiş, maddi hüquq normalarının tələbini pozmuşdur. Şikayət əsaslandırılarkən “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 6.2, 7-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (həm də vəkili) məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, cavabdeh, ona məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən “ŞtrixMini-F” məktəb ləvazimatları mağazasında hüquqları iddiaçıya məxsus kitabların pirat nüsxələrinin qeyri-qanuni satışını həyata keçirmiş, iddiaçının mövcud qanunvericilik ilə qorunan müəlliflik hüquqlarını pozmuş və iddiaçıya zərər vurmuşdur. 16 noyabr 2017-ci il tarixdə tərtib ed ilən və cavabdeh tərəfindən də imzalanmış aktdan və kassa aparatından verilmiş qəbzdən aydın olur ki, cavabdehə məxsus məktəb ləvazimatları mağazasında X4 məxsus nəşrlərə baxış keçirilmiş və həmin kitablardan pirat nüsxələr aşkar edilmişdir. Cavabdeh tərəfindən mübahisə edilməsinə baxmayaraq onun hüquqları iddiaçıya aid olan nəşrlərin pirat nüsxələrini satması və iddiaçının müəlliflik hüquqlarını pozması sübuta yetir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin Qanunun 45-ci maddəs inin 1-ci bəndinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Həmin Qanunun 45-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (iste hsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Həmin Qanunun 45-ci maddəsinin 4-cü bəndində əsasən, məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq, pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 3-cü maddəsinə əsasən, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da, məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən məhkəmə qərarından irəli gələn tədbirlər məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasınd a (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərinə əsasən qeyd etmişdir ki, müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxılarkən iki cür müdafiə üsulu tətbiq edilir a) mülki-hüquqi müdafiənin ümumi üsulları; b) xüsusi xarakterli müdafiə üsulları. Müəlliflik hüququ ilə əlaqəli hüquqların mülki-hüquqi müdafiəsinin ümumi üsulları dedikdə qanunla müəyyənləşdirilən və sanksiyalaşdırılan qoruyucu xarakterli elə tədbirlər başa düşülür ki, bu tədbirlərin vasitəsi ilə pozulmuş hüquqlar bərpa edilir və ya müb ahisə edilən hüquqlar tanınır. Bu üsullar məcburi təbiətə malik olmaqla müəlliflik hüququnu və əlaqəli hüquqları pozan şəxsə təsir göstərmək məqsədini güdür. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası qanununun 45-ci maddəsinə görə məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə digər müdafiə üsulları tətbiq edə bilər ki, bu üsullar xüsusi xarakterə malikdir. Xüsusi xarakterli müdafiə tədbirləri həmin maddədə nəzərdə tutulmuşdur. Bu üsullara aiddir a) qeyri qanuni gəlirin tutulması; b) kompensasiyanın ödənilməsi. Qeyri-qanuni gəlirin tutulması üsuluna görə müəlliflik hüququ və əlaqəli hüquqlar pozulduqda müəllif və əlaqəli hüquqların sahibləri pozuntuya yo l verən şəxsdən hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdirlər. Belə halda məhkəmə zərərin əvəzinin ödənilməsi əvəzinə qeyri-qanuni gəlirin tutulması barədə qərar qəbul edir. Məhkəmə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə kompensasiya ödənilməsi barədə qərar qəbul edə bilər. Kompensasiya ödənişi 110 manatdan 55000 manatadək pul məbləğini ifadə edir. Məhkəmə kollegiyası pirat nüsxələrin satışdan çıxarılması, həmin nüsxələrin qadağan edilməsi, həmçinin kompensasiya tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə məhkəmə haqlı olmuşdur və kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Lakin apellyasiya instansiyası məhkə məsi cavabdehdən tutulmalı olan kompensasiyanın məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd edildiyi kimi, qanunvericiliyə görə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə cavabdehdən 110 manatdan 55.000 manatadək məbləğdə kompensasiya tələb edilə bilər. İddiaçı iddia tələbində 30.000 manat kompensasiya tutulmasını xahiş etmişdir, lakin iddiaçı bu hissədə iddiasını hər hansı mötəbər sübutla əsaslandırmamışdır. MPM-in 14.2 və 77.1-ci maddələrinə uyğun olaraq bu hissədə sübutetmə yükü iddiaçıya məxsusdur. Apellyasiya instansiyası məhkəməsi zərərin ödənilməsi və gəlirin tutulması əvəzinə kompensasiyanın ödənilməsi kimi cavabdehdən 15.000 (on beş min) manat məbləğin tutulmasını ağlabatan və ədalətli hesab etsə də, gəldiyi nəticəni hər hansı faktla əsaslandırmamışdır. 16 noyabr 2017-ci il tarixdə qeyd edilən aşkar olunan cəmi 40 ədəd pirat nüsxəyə görə, nəzərə alınsa ki, onun bir nüsxəsi cavabdeh tərəfindən 1 manata satılmışdır, kompensasiyanın məbləği 15.000 manat müəyyən edilə bilməz. Məhkəmə kollegiyası pirat nüsxələrin cavabdeh tərəfindən satılması faktını iddiaçının müəlliflik hüququnun pozuntusu kimi qiymətləndirərək hesab edir ki, cavabdehdən tutulmalı olan kompensasiyanın məbləği 1.000 manat müəyyən edilməli, bu hissədə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh cavabdeh oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-520/2018 nömrəli, 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh cavabdeh oğlundan alınaraq İddiaçı Jurnalı Redaksiyasına ödəməli kompensasiyanın məbləği 1.000 (bir min) manat müəyyən edilsin. Qətnamə pirat nüsxələrinin satışının cavabdehə qadağan edilməsi və aşkar edilmiş pirat nüsxələrin satışdan çıxarılaraq məhv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-163/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-163/2019
09.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver