Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-66/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, üçüncü şəxsin nümayəndəsi və vəkili X7, ekspert X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Təhlükəsizlik Xidmətinin cavabdeh X9 qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Təhlükəsizlik Xidmətinin hüquqi sələfi) cavabdeh X9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 37.422 manat məbləğində təbiətə dəymiş ziyanın alınaraq, İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22.02.2019-cu il tarixli, 138/ü nömrəli əmri ilə yaradılmış işçi qrupun üzvləri tərəfindən “Qaradağ-İ” əhəng daşı yatağında istismar işləri aparan fiziki şəxs X9 məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə monitorinq araşdırması aparılmışdır. Araşdırma zamanı karxananın rəhbəri fiziki şəxs X12 ( 050 ***-**-** ) VÖEN ********** karxananın icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyini bildirsə də, lakin icarə müqaviləsini təqdim edə bilməmişdir. Daş karxanasının istismarı üçün lazım olan heç biri zəruri sənəd (torpaqayırma sərəncamı və yerin təkindən istifadəyə dair ekoloji sənədlər - Dağ-mədən ayırması aktı, dağ-mədən işlərinin inkişafı planı, Ekspertiza rəyi, Ekoloji Passport) işçi qrupun üzvlərinə təqdim olunmamışdır. İstismar sahəsində 1 ədəd SM-89 markalı daş kəsən kombayn və 1 ədəd NKM-2U markalı şırımaçan vasitəsilə istismar işləri aparılırdı. İstehsal nəticəsində yaranan tullantıların yığılması, qorunması və uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilmişdir. İlin sonunda 5GK illik hesabatı Nazirliyin X10 üzrə X11 fonduna təqdim olunmamışdır. Mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmalar (ödəmələr) köçürülməmişdir. İstehsal sahəsində topoqraf B.Hüseynov tərəfindən topogeodezik ölçmələr aparıldı, sahənin ölçmələri 135 m * 45 m * 0.8 m = 4860 m3 əhəng daşı istismar edildiyi müəyyən olundu. Bununla da yerin təki haqqında qanunun 9, 10, 21, 46-cı maddələrinin tələbləri pozulması müəyyən edilmiş və 2 (iki) nüsxədə akt tərtib edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli, 2(002)- 2399/2019 saylı qərardadı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı cavabdeh X9 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili X13 verdiyi izahatında iddianın əsassız olduğunu, ətraf muhitə hər hansı zərər dəymədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 01108 saylı dağ-mədən ayırması aktından görünür ki, “Qaradağ-İ” əhəngdaşı yatağında mişar daşı istehsalı məqsədi ilə "xxxx" ASC-yə verilən dağ-mədən ayırması Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşir, Dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 43 hektar təşkil edir. -089862 saylı lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirməyə "xxxx" ASC-yə icazə verilmişdir. -Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 23 oktyabr 2018-ci il tarixli, 01108 nömrəli dağ-mədən ayırması aktına əsasən Qaradağ rayonu ərazisində “Qaradağ-İ” əhəngdaşı yatağında mişar daşı istehsalı, çıxarılması üçün "xxxx" ASC-yə verilib. Dağ-mədən ayırmasını təsdiq edən akt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reyestrində 23 oktyabr 2018-ci il tarixdə 01108 nömrəsi ilə qeyd edilmişdir. - "xxxx" ASC (birinci tərəf) ilə X12 (ikinci tərəf) arasında 04 yanvar 2018-ci il tarixdə müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə görə ikinci tərəf birinci tərəfin tapşırığına əsasən ona məxsus olan Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindəki mişar daşı karxanalarından mişarı daşlarının mövcud standartlara uyğun kəsilməsini, onlara forma verilməsini və satışını həyata keçirir. 2.1-ci bəndinə əsasən birinci tərəf ona məxsus olan Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində 1,0 ha mişar daşının emalı məqsədilə ikinci tərəf üçün sahə ayırır və həmin sahəni ona təhvil verir. 3.1-ci bəndinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Mülki Məcəlləsinə, “Yerin təki haqqında” “X10 haqqında”, “Enerji resusrlarından istifadə haqqında”, “Energetika haqqında” Qanunlarına və s. qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edir. 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq emal məqsədilə onun üçün ayrılmış torpaq sahəsinə aid bütün vergi və sair ödənişləri ödəyir. 4.1-ci bəndinə görə bu müqavilənin 2.3-cü bəndində göstərilən və müvəqqəti istifadəyə götürülən avadanlığa görə hər ay 300 manat məbləğində haqq hər aya görə cari ayın 10-dan gec olmamaq şərtilə ikinci tərəf tərəfindən birinci tərəfin bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilir. 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il, yəni, 31 dekabr 2018-ci il tarixədək qüvvədədir. Müqavilə tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı “İşçi Qrup”un əməkdaşları məsləhətçi-müfəttiş C.Bəşirov, baş mütəxəssis A.Həsənov, Topoqraf B.Hüseynov, Ə.Şəfiyev, V.Həşimov tərəfindən tərtib edilmiş 02 may 2019-cu il tarixli, 51455 saylı aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22.02.2019-cu il tarixli, 138/Ü nömrəli əmri ilə “Qaradağ-1” əhəndaşı yatağında istismar işlər aparan fiziki şəxs X9 məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunması məqsədi ilə işçi qrup tərəfindən monitorinq araşdırması aparılmışdır. Monitorinq araşdırması zamanı daş karxanasının müqavilə əsasında fəaliyyət göstərildiyi bildirilsə də, müqavilə, torpaqayırma sərəncamı və yerin təkindən istifadəyə dair sənədlər, dağ-mədən ayırması aktı, ekspertiza rəyi, ekoloji pasport, dağ-mədən işlərinin inkişafı planı təqdim olunmamışdır. İstehsal sahəsində 1 ədəd SM-89 markalı daşkəsən kombayn və 1 ədəd NKM-24 şırımaçan texnika vasitəsilə istismar işləri aparılırdı. İstismar zamanı əmələ gələn tullantıların yığılması, qorunması və uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının normadan artıq itkisinə və keyfiyyətinin aşağı düşməsinə yol verilmişdir. “X10 haqqında” Qanununun 51, 52-ci maddələrinin, “Yerin təki haqqında” Qanunun 9, 10, 21 və 46-cı maddələrinin, “Ekoloji təhlükəsizlik haqqında” Qanunun 9-cu maddəsinin tələbləri pozulmuşdur. X6 tərəfindən imzalanmamışdır. -Hesabatdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2003-cü il tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş normativlərə əsasən hər 1 m3 əhəngdaşının normativ qiymətinin müvafiq olaraq 7,7 manat olduğundan X12 tərəfindən Qaradağ rayonu ərazisində yerləşən “Qaradağ-İ” əhəngdaşı yatağında qanunsuz olaraq istismar işlərinin aparılması ilə əlaqədar 4860m3x7,7manat = 37.422 manat məbləğində təbiətə ziyan dəymişdir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 2 oktyabr 2018-ci il tarixli rəyindən müəyyən edilir ki, Qaradağ-İ” əhəngdaşı yatağında dağ-mədən işlərinin aparılması ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş “Dağ-mədən işlərin inkişafı planı” Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmışdır. -Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 12.03.2021-ci il tarixli, 17/68 saylı məktubdan görünür ki, aparılan topogeodezik ölçmələr nəticəsində X12 tərəfindən ümumilikdə 4860 m3 həcmində qeyri-qanuni əhəngdaşı istehsal olunduğu və təbiətə 37.422 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli, 10/2725 saylı ekspert rəyindən görünür ki, 09 mart 2021-ci il Bakı şəhəri, Qaradağ rayonu, “Qaradağ-1” əhəngdaşı yatağının ərazisində yerləşən X8 istifadəsində olan daş karxanasında keçirilmiş baxışın nəticələrini, X12 ilə "xxxx" ASC arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli müqavilənin şərtləri, ekspertizaya əlavə olaraq təqdim edilmiş daş karxanasının faktiki sahibi "xxxx" ASC-nin ekoloji və əhəngdaşı istehsalı fəaliyyəti ilə əlaqədar olan digər sənədlərini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq daş karxanasında əhəngdaşı istehsalı zamanı əmələgələn tullantıların yığılması, uçotu, qorunması və sementin emalına verilməsinin təşkil edilməsini, eləcə də istehsalatın yekunlaşdırıldıqdan sonra kultivasiya işlərinin aparılması öhdəliyinin götürülməsini nəzərə aldıqda, fiziki şəxs X8 istifadəsində olan 1 ha torpaq sahəsində aparılmış istismar işləri nəticəsində təbiətə zərər dəyməmişdir. Həmin rəyin təsviri hissəsinə əsasən həmçinin müəyyən edilir ki, tədqiqat obyektinə baxış keçirilərkən mübahisə dövrü üçün neçə daş plitənin kəsildiyini müəyyən etmək mümkün olmamışdır. -X15 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, ekspert qarşısında qoyulmuş sualın həlli üçün 06 oktybar 2020-ci il tarixli 10/2724 nömrəli ekspert vəsatəti ilə ekologiya və geologiya üzrə xüsusi biliyə malik olan mütəxəssisin iştirakı ilə əlavə sənədlərin təqdim edilməsi xahiş edilmiş və həmin vəsatətə əsasən cavabdeh X12 istifadəsində olan daş karxanasına (tədqiqat obyektinə) baxışın keçirilməsi təşkil edilmişdir. 09 mart 2021-ci il tarixdə ekspert Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSN-nin məsləhətçi-müfəttişi X4 və cavabdehin nümayəndəsi, vəkil X7 iştirakı ilə Bakı şəhəri, Qızıldaş qəsəbəsi, «Qaradağ-1» geoloji sahəsində yerləşən X8 istifadəsində olan daş karxanasına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh X5 istifadəsində olan daş karxanasının istismar sahəsinin uzunluğ 120 metr, eni 50 metrdir. Baxış zamanı həmin sahədə mübahisə dövrü üçün neçə daş pillənin kəsildiyini müəyyən etmək mümkün olmamışdır. Daş karxanasının ətrafında bəzi yerlərdə topa şəkildə yığılmış daş qırıntıları vardır. Baxış nəticəsində fiziki şəxs X8 istifadəsində olan 1 ha torpaq sahəsində istismar işləri aparılması zamanı tullantıların, yığılması, qorunması və uçotu qaydalarına riayət edilməsi və istismar işlərinin aparılması nəticəsində təbiətə zərər dəyməməsi müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Təhlükəsizlik Xidməti cavabdeh X12 tərəfindən “Qaradağ-1” əhəndaşı yatağında istismar işlərinin aparılması zamanı təbiətə zərər vurulmasını əsas göstərərək təbiətə dəymiş zərərə görə 37.422 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-1097-ci maddələri təşkil edir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Yerin təki haqqında” AR Qanununun 48-ci maddəsinə görə yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir.Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, cavabdeh tərəfindən mülki qanunvericiliyin normalarını pozan hərəkətin (hərəkətsizliyi) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. Hazırkı işə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Təhlükəsizlik Xidməti nə cavabdeh S.Qiyasov tərəfindən əhəndaşı yatağında istismar işlərinin həyata keçirilməsi zamanı monitorinqin nəticələrinə dair aktda göstərilmiş qanun pozuntularına yol verilməsini, nə də həmin pozuntu nəticəsində təbiətə maddi zərər dəyməsini sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş monitorinqin nəticələrinə dair akt cavabdeh tərəfindən istismar işlərinin aparılması zamanı qanun pozuntularına yol verilməsi və təbiətə zərərin vurulması faktlarının, eləcə də dəymiş zərərin məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, sözügedən aktda cavabdehin yol verdiyi qanun pozuntuları kimi daş karxanasının əsasında fəaliyyət göstərildiyi müqavilə, torpaqayırma sərəncamı və yerin təkindən istifadəyə dair sənədlər, dağ-mədən ayırması aktı, ekspertiza rəyi, ekoloji pasport, dağ-mədən işlərinin inkişafı planının təqdim olunmamasına istinad edildiyi halda hazırkı işə məhkəmədə baxılarkən cavabdeh S.Qiyasovla üçüncü şəxs "xxxx" ASC arasında bağlanmış müqavilə, eləcə də istismar işlərinin aparıldığı sahənin istifadəçisi olan "xxxx" ASC-nin dağ-mədən fəaliyyəti ilə məşğul olması üçün zəruri olan sənədlər məhkəməyə təqdim edilmişdir. Monitorinq aktında pozuntu kimi göstərilən istismar zamanı əmələ gələn tullantıların yığılması, qorunması və uçotunun aparılmasının cavabdeh tərəfindən təmin olunmaması, faydalı qazıntının normadan artıq itkisi və keyfiyyətinin aşağı düşməsi hallarına gəldikdə, məhkəmə qeyd edir ki, göstərilən halları təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsində də həmin hallar öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdehin əhəngdaşı yatağının istismarını həyata keçirməsi zamanı qanun pozuntularına yol verməsi ehtimal edilsə belə, qanun pozuntusunun mövcudluğu faktı özü-özlüyündə hazırkı iddianın təmin edilməsi üçün əsas vermir, belə ki, yuxarıda qeyd edildiyi kimi qanun pozuntusunun mövcudluğu ilə yanaşı həmin pozuntu nəticəsində maddi zərərin dəyməsi faktı və həmin zərərin məbləği də məhkəmə tərəfindən müəyyən edilməlidir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Təhlükəsizlik Xidməti isə cavabdehin fəaliyyəti nəticəsində təbiətə maddi zərərin vurulması faktını sübuta yetirə bilməmişdir. Əksinə iş üzrə keçirilmiş məhkəmə-mühəndis texniki ekspertizasının rəyi ilə X8 istifadəsində olan torpaq sahəsində aparılmış istismar işləri nəticəsində təbiətə zərər dəyməməsi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Təhlükəsizlik Xidmətinin iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Təhlükəsizlik Xidmətinin cavabdeh X9 qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-66/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-66/2021
04.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver