Məhkəmə qərarları › İş №2-2(113)-2230/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2230/2021

14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2230/2021 14.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı ASC-nin vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı «qanunsuz qurğunun sökülməsi və s.» tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC üçüncü şəxs qismində Azərbaycan Respublikası Energetika Nazirliyini qeyd etməklə, Cavabdeh MMC-yə qarşı «qanunsuz qurğunun sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin qanuni icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 2 ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsinin cavabdeh "Cavabdeh" MMC-nin üzərinə qoyulması və cavabdeh "Cavabdeh" MMC-dən 160 (yüz altmış) manat vəkil xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 112 saylı, 04 aprel 2013-cü il tarixli "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırda Açıq Səhmdar Cəmiyyəti) yeni avtomobil yolunun tikintisinin layihələndirilməsinə icazə verilməsi" haqqında Sərəncamının 1-ci bəndinə əsasən, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yüksəkliyin cənub-qərb hissəsində yerləşən "Qızıldaş" sement zavodunun xammal ilə təmin edilməsi məqsədilə həmin zavoddan Səngərqaya-1 adlanan yüksəkliyin ətrafında yerləşən xammal yataqlarına qədər yeni avtomobil yolunun tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. Sözügedən sərəncama uyğun olaraq "İddiaçı" MMC tərəfindən sözügedən avtomobil yolunun layihəsi hazırlanmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ("İcarəyəverən") və "İddiaçı" MMC (hazırda ASC) ("İcarəçi") arasında "Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında" 139/3020 saylı, 14 fevral 2017-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, "İcarəyəverən"in icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsi "İcarəçi" tərəfindən müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci maddəsinə yolunun tikintisi üçün verilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 98,459.01 manat təşkil edir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə 14.02.2032-ci il tarixə qədər verilir. Bundan sonra "İddiaçı" ASC həmin torpaq sahəsində avtomobil yolunu salmışdır. Lakin "İddiaçı" MMC-nin qanuni istifadəsində olan torpaq sahəsində salınmış avtomobil yolunun "İddiaçı" Sement zavoduna gedən hissəsində-yolun girişində sağ tərəfdə 2 ədəd hava elektrik veriliş xətti çəkilmiş dayaqlar quraşdırılmışdır. Bu dayaqlar qanunsuz qaydada, o cümlədən, iddiaçı ilə razılaşdırılmadan quraşdırıldığından, yoldan istifadə edən nəqliyyat vasitəsilərinə maneəçilik törətdiklərindən, həmçinin yüksək cərəyanlı elektrik xəttinin qanunsuz quraşdırılması təhlükəli olduğundan iddiaçı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət etmişdir. Nazirliyin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı iddiaçıya 18 noyabr 2019-cu il tarixli cavab məktubu göndərmişdir. Həmin məktubda məsələ ilə bağlı araşdırma aparıldığı və araşdırma nəticəsində "İddiaçı" sement zavoduna gedən əsas yolun girişində sağ tərəfdə Quşçuluq fermasına məxsus 6/0,4 kV-luq, 400 kVA gücündə mövcud KTM-dən "Cavabdeh" MMC-yə məxsus üzvlük daş sexinə 0,4 kV-luq bir dövrəli hava elektrik xətti çəkilməsi qeyd edilmişdir. Hava elektrik veriliş xəttinin 4-cü və 5-ci dayaqları "İddiaçı" sement zavoduna gedən əsas yola tərəf 2-3 m-ə qədər yeri dəyişdirilmişdir. Həmçinin məktubda bildirilmişdir ki, mövcud 0,4 kV-luq bir dövrəli hava elektrik veriliş xətti sahibkarlıq subyektinə məxsus olduğundan yaranmış mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət edilməlidir. Beləliklə, müəyyən edilmişdir ki, "Cavabdeh" MMC-yə məxsus üzvlük daş sexinə 0,4 kV-luq bir dövrəli hava elektrik xətti çəkilmişdir ki, bu xəttin 4-cü və 5-ci dayaqları iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qanunsuz qaydada quraşdırılmışdır. Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili və nümayəndəsi Vəkil1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi X4 izahat verərək qeyd olunan dayaqların Cavabdeh MMC-yə məxsus olduğunu və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan 04.04.2013-cü il tarixli 112 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamından görünür ki, İddiaçı MMC-nin 22.01.2013-cü il tarixli 17/13 nömrəli müraciətini nəzərə alaraq Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya- 1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən “Qızıldaş” Sement zavodunun xammal ilə təmin edilməsi məqsədi ilə həmin zavoddan Səngərqaya-1 adlanan yüksəkliyin ətrafında yerləşən xammal yataqlarına qədər yeni avtomobil yolunun tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 14.02.2017ci il tarixli 139/3020 nömrəli müqavilənin surətindən görünür ki, İcarəyə verən-AR ƏMDK sədr müavini R.Cəlilov və İddiaçı ASC-nin qanuni təmsilçisi Hasan Yalçınkaya AR ƏMDK sədrinin 07.06.2016-cı il tarixli 171 nömrəli əmri əsasında bağlanmış müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147.5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Energetika Nazirliyi Enerji X2 Bakı filialının İddiaçı ASC-yə ünvanlandığı 18.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı Sement zavoduna gedın əsas yolun girişində sağ tərəfdə, Quşçuluq fermasına məxsus 6/0,4 kVluq, 400 kVa gücündə mövcud KTm-dən Cavabdeh MMC-yə məxsus üzlük daş sexinə 0.4 kV-luq bir dövrəli hava elektrik veriliş xətti çəkilmişdir. Hava elektrik veriliş xəttinin 4-cü və 5-ci dayaqları İddiaçı Sement zavoduna gedən əsas yola tərəf təqribən 2-3 m-ə qədər yeri dəyişdirilmişdir. Mövcud 0.4 kvlıq bir dövrəli hava elektrik veriliş xətti sahibkarlıq subyektinə məxsus olduğundan yaranmış mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2020-ci il tarixli 5618 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsində çəkilmiş avtomobil yolunun giriş hissəsində yolun sağ tərəfində ardıcıl 2 ədəd hava elektrik xətləri çəkilmiş dayaqlar quraşdırıldığı müəyyən edilmişdir. 1-ci dirəkdən yolun giriş hissəsinə qədər məsafə 50 metr, yeni çəkilmiş yolun eni 10 metr, elektrik dirəklərindən yolun kənarınadək məsafə 06 metr təşkil edir. Baxış zamanı əldə olunmuş məlumatlarla, mülki iş materiallarının məlumatlar, o cümlədən tədqiq olunan ərazidə eni 26 metr, uzunluğu 9,5 km təşkil edən yolun çəkilməsinə dair tərtib edilmiş layihə sənədlərində, eləcə də həmin yolun layihələndirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 14.02.2011-ci il tarixli 68 saylı və 04.04.2013-cü il tarixli 112 saylı sərəncamlarında göstərilən məlumatlar, həmçinin tədqiq olunan sahədə quraşdırılmış elektrik dirəklərinin faktiki vəziyyətdə planlı yerləşməsi müqayisə edilərkən, Cavabdeh MMC-yə məxsus olan 2 ədəd hava elektrik xətti keçən dayaqların İddiaçı ASC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi yerləşən 246147,5 kv.metr torpaq sahəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə isə iddianın qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:

1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;

2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;

3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırkı işdə də hər üç şərt mövcuddur. Belə ki, 18 sentyabr 2020-ci il tarixli 5618 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsində çəkilmiş avtomobil yolunun giriş hissəsində yolun sağ tərəfində ardıcıl 2 ədəd hava elektrik xətləri çəkilmiş dayaqların quraşdırıldığı müəyyən edilmişdir və 2 ədəd hava elektrik xətti keçən dayaqların İddiaçı ASC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi yerləşən 246147,5 kv.metr torpaq sahəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, quraşdırılmış 2 ədəd elektrik dirəklərin Cavabdeh MMC-yə məxsus olması da, işin müəyyən olunmuş və mübahisələndirilməyən halıdır. Belə ki, qeyd olunan hal öz təsdiqini AR Energetika Nazirliyi Enerji X2 Bakı filialının İddiaçı ASC-yə ünvanlandığı 18.11.2019-cu il tarixli məktubla öz təsdiqi tapır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin 2 ədəd hava elektrik xətti keçən dayaqlar heç bir razılıq alınmadan və özbaşına olaraq İddiaçı ASC-nin qanuni sahibliyində olan torpağa quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti İddiaçıalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti İddiaçıalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara əsaslanaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın digər hissəsi olan "Cavabdeh" MMC-dən 160 (yüz altmış) manat vəkil xərcinin tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia "Cavabdeh" MMC-dən 160 (yüz altmış) manat vəkil xərcinin tutulması ilə bağlı hissədə təmin edilə bilməz, belə ki, qeyd olunan halın təsdiqi üçün iddiaçı tərəfindən hər-hansı bir sənəd (qəbz) təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 100 (yüz) manat ekspertiza xərci cavabdehdən tutularaq AZ41NABZ******************** hesabı üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. 100 (yüz) manat ekspertiza xərci Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq AZ41NABZ******************** hesabı üzrə Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul "Cavabdeh" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar