Məhkəmə qərarları › İş №2-2(113)-65/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-65/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-65/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdeh Cavabdeh 47.432 (qırx yeddi min dörd yüz otuz iki manat) manat məbləğində təbiətə dəymiş ziyanın alınıb, İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22.02.2019-cu il tarixli, 138/ü nömrəli əmri ilə yaradılmış işçi qrupun üzvləri tərəfindən “Qaradağ-1” əhəng daşı yatağında istismar işləri aparan fiziki şəxs Cavabdeh məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə monitorinq araşdırması aparılmışdır. Araşdırma zamanı karxananın rəhbəri fiziki şəxs Cavabdeh karxananın icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyini bildirsə də, lakin icarə müqaviləsini təqdim edə bilməmişdir. Daş karxanasının istismarı üçün lazım olan heç biri zəruri sənəd (torpaqayırma sərəncamı və yerin təkindən istifadəyə dair ekoloji sənədlər - Dağ-mədən ayırması aktı, dağ-mədən işlərinin inkişafı planı, Ekspertiza rəyi, Ekoloji Passport) işçi qrupun üzvlərinə təqdim olunmamışdır. İstismar sahəsində 1 ədəd SM-89 markalı daş kəsən kombayn və 1 ədəd NKM-2U markalı şırım açan vasitəsilə istismar işləri aparılırdı. İstehsal nəticəsində yaranan tullantıların yığılması, qorunması və uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilmişdir. İlin sonunda 5GK illik hesabatı Nazirliyin X4 üzrə X5 fonduna təqdim olunmamışdır. Mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmalar (ödəmələr) köçürülməmişdir. İstehsal sahəsində topoqraf B.Hüseynov tərəfindən topogeodezik ölçmələr aparıldı və sahənin ölçmələri 110 m * 70 m * 0.8 m = 6160 m3 əhəng daşı istismar edildiyi müəyyən olundu. Bununla da yerin təki haqqında qanunun 9, 10, 21, 46-cı maddələrinin tələbləri pozulması müəyyən edilmiş və 2 (iki) nüsxədə Akt tərtib edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2351/2019 saylı 03.10.2019-cu il tarixli qərardadı ilə mülki iş aidiyyatı üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə izahatında qeyd etdi ki, "xxxx" ASC ilə 01 mart 2018-ci il tarixdə müqavilə bağlayaraq ,Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində mişar daşın emalı məqsədilə 0,5.ha torpaq sahəsi ayrılmış və həmin müqavilə 31 dekabr 2018-ci il tarixədək qüvvədə olmuşdur. Eyni zamanda müqavilə bağlanan andan yalnız 6 ay ərzində orada fəaliyyət göstərmişdir. İddiaçı tərəfindən təqdim edilmiş aktdan xəbəri olmadığı üçün onu imzalamamışdır. Fəaliyyət göstərdiyi müddətdə də ziyanla işləmiş və heç bir mənfəət əldə etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə izahatında qeyd etdi ki, ekologiya qanunvericiliyinə uyğun olaraq tələb olunan sənədlərin hər biri mövcuddur. Lakin qeyd olunan sənədlər Cavabdeh adına yox, "xxxx" ASC-də mövcuddur ki, tərəflər arasında da əvvəllər icarə müqaviləsi olmuşdur. Müqavilələrə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tələbi ilə artıq xitam verilmişdir və həmin ərazilərdə işlər yalnız "xxxx" ASC-nin əməkdaşları tərəfindən həyata keçirilir. 1 karxana üçün yalnız bir sənəd verilə bilir ki, həmin sənədlər də "xxxx" ASC-nin adına verilmişdir. Bununla bağlı olaraq iddiaçının nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC (brinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında imzalanmış 01 mart 2018-ci il tarixli müqaviləyə əsasən “ikinci tərəf” “birinci tərəf”in tapşırığına əsasən ona məxsus olan Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisindəki mişar daş karxanalarından mişar daşlarının mövcud standartlara uyğun kəsilməsini, onlara forma verilməsini və satışını həyata keçirir. 5-ci bəndə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il, yəni 31 dekabr 2018-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı tərəfindən Cavabdeh barəsində 02 may 2019-cu il tarixli, 53323 saylı akt tərtib edilmiş, qeyd olunan aktda 6.160 m3 əhəng daşı istismar edildiyi, bununla da yerin təki haqqında qanunun 9, 10, 21, 46-cı maddələrinin tələbləri pozulması qeyd olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Agentliyinə ünvanlanan 05 iyul 2021-ci il tarixli məhkəmə sorğusunda qeyd olunmuşdur ki, Cavabdeh istifadəsində olmuş əhəngdaşı karxanasının yerləşdiyi “Qaradağ-1” yatağında əhəngdaşı istehsalı üçün aparılmış geoloji-axtarışlarına və yerquruluşuna görə nəzərdə tutulmuş istehsal ve digər texnoloji itkilər barədə, “Qaradağ-1” əhəngdaşı yatağının geoloji-sənaye xarakteristikasına dair sənədlərin, həmçinin Cavabdeh fəaliyyət göstərdiyi hər hansı dövrə aid razılaşdırılmış dağ-mədən inkişaf planı və dövlət balansında qeydiyyata alınmış sənədlərin təsdiq edilmiş surətləri barədə məlumat verilməsi xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli, 476 nömrəli Fərmanının 6-cı maddəsinə əsasən Dövlət Ekspertiza İdarəsi ləğv olunaraq onun əsasında X3 Agentliyi yaradılmışdır. Faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar sənədlərin arxivi aidiyyəti üzrə səlahiyyətli orqan olan X7 X1 təhvil verilmişdir. 06.09.2021-ci il tarixli məhkəmə sorğusu ilə Cavabdeh istifadəsində olmuş əhəngdaşı karxanasının yerləşdiyi “Qaradağ-1” yatağında əhəngdaşı istehsalı üçün aparılmış geoloji-axtarışlarına və yerquruluşuna görə nəzərdə tutulmuş istehsal və digər texnoloji itikilər barədə, “Qaradağ-1” əhəngdaşı yatağının geloji-sənaye xarakteristikasına dair sənədlərin, həmçinin Cavabdeh fəaliyyət göstərdiyi hər hansı dövrə aid razılaşdırılmış dağ-mədən inkişaf planı və dövlət balansında qeydiyyata alınmış sənədlərin təsdiq edilmiş surətləri barədə məlumat üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə müraciət olunmuşdur. Həmin sorğuya verilən 06.10.2021-ci il tarixli, 18/402 saylı cavab məktubunda “Qaradağ-1” əhəngdaşı yatağında ərazisində 1939-1958-ci illər ərzində aparılmış geolojikəşfiyyat işlərinin nəticəsinə əsasən ehtiyatı hesablanmış və X2 Dövlət balansına qəbul edilmişdir. Milli Geoloji kəşfiyyat Xidmətinin Geoloji İnformasiya və Arxiv Fondunda saxlanılan “Qaradağ-1” əhəngdaşı yatağının geoloji və iqtisadi göstəricilərini əks etdirən pasportunun surəti təqdim edilmiş, yataq ərazisində karxana fəaliyyəti göstərən fiziki şəxs Cavabdeh fəaliyyətini əks etdirən və razılaşdırılması vacib olan sənədlər (inkişaf planı) Milli Geoloji Kəşfiyyat Xidmətində saxlanılmaması qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı Cavabdeh tərəfindən “Qaradağ-1” əhəndaşı yatağında istismar işlərinin aparılması zamanı təbiətə zərər vurulmasını əsas göstərərək dəymiş zərərə görə 47.432 (qırx yeddi min dörd yüz otuz iki manat) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-1097-ci maddələri təşkil edir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Yerin təki haqqında” AR Qanununun 48-ci maddəsinə görə yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, cavabdeh tərəfindən mülki qanunvericiliyin normalarını pozan hərəkətin (hərəkətsizliyi) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. Hazırkı işə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçınə Cavabdeh tərəfindən əhəndaşı yatağında istismar işlərin həyata keçirilməsi zamanı monitorinqin nəticələrinə dair aktda göstərilmiş qanun pozuntularına yol verilməsini, nə də həmin pozuntu nəticəsində təbiətə maddi zərər dəyməsini sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş monitorinqin nəticələrinə dair akt cavabdeh tərəfindən istismar işlərinin aparılması zamanı qanun pozuntularına yol verilməsi və təbiətə zərərin vurulması faktlarının, eləcə də dəymiş zərərin məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, sözügedən aktda cavabdehin yol verdiyi qanun pozuntuları kimi daş karxanasının əsasında fəaliyyət göstərildiyi müqavilə, torpaqayırma sərəncamı və yerin təkindən istifadəyə dair sənədlər, dağ-mədən ayırması aktı, ekspertiza rəyi, ekoloji pasport, dağ-mədən işlərinin inkişafı planının təqdim olunmamasına istinad edildiyi halda hazırkı işə məhkəmədə baxılarkən Cavabdeh "xxxx" ASC arasında bağlanmış müqavilə, eləcə də istismar işlərinin aparıldığı sahənin istifadəçisi olan "xxxx" ASC-nin dağ-mədən fəaliyyəti ilə məşğul olması üçün zəruri olan sənədlər məhkəməyə təqdim edilmişdir. Monitorinq aktında pozuntu kimi göstərilən istismar zamanı əmələ gələn tullantıların yığılması, qorunması və uçotunun aparılmasının cavabdeh tərəfindən təmin olunmaması, faydalı qazıntının normadan artıq itkisi və keyfiyyətinin aşağı düşməsi hallarına gəldikdə, məhkəmə qeyd edir ki, göstərilən halları təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsində də həmin hallar öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdehin əhəngdaşı yatağının istismarını həyata keçirməsi zamanı qanun pozuntularına yol verməsi ehtimal edilsə belə, qanun pozuntusunun mövcudluğu faktı özü-özlüyündə hazırkı iddianın təmin edilməsi üçün əsas vermir, belə ki, yuxarıda qeyd edildiyi kimi qanun pozuntusunun mövcudluğu ilə yanaşı həmin pozuntu nəticəsində maddi zərərin dəyməsi faktı və həmin zərərin məbləği də məhkəmə tərəfindən müəyyən edilməlidir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı isə cavabdehin fəaliyyəti nəticəsində təbiətə maddi zərərin vurulması faktını sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar