Məhkəmə qərarları › İş №2-2(103)-41/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-41/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-41/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2230/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuni icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 2 ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və cavabdeh "xxxx" MMC-dən 160 (yüz altmış) manat vəkil xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli 2-2(113)-2230/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m torpaq sahəsinin ərazisində quraşdırılmış 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 100 (yüz) manat ekspertiza xərcinin Sementçi" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq AZ41NABZ******************** hesabı üzrə Dövlət Büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı icarəçidir və müvəqqəti yol çəkilişi ilə bağlı icarəyə götürdüyü torpaq sahəsi onun mülkiyyətində olmadığından həmin torpaq sahəsindəki 02 ədəd hava elektrik xətti keçən dayaqların sökülməsinin tələb edilməsi subyektiv hüquq kimi mülkiyyətçinin üzərinə düşdüyündən iddiaçının müvəqqəti icarəçi kimi bununla bağlı tələbi ola bilməz. Sözügedən 02 ədəd hava elektrik xətti keçən dayaqlar torpaq sahəsinin iddiaçıya icarə verilməmişdən öncə inşa edilmiş və dövlət orqanlarının razılığı əsasında yerləşdirilmişdir. Sözügedən 02 ədəd hava elektrik xətti keçən dayaqlar yol xəttini kəsmir və həmin yolda artıq təmir işləri bitmişdir. Həmin 02 ədəd hava elektrik xətti keçən dayaqlar yolun tikintisi vaxtı maneə yaratmadığı kimi həmçinin yolun hal-hazırdaki vəziyyətinə uyğun olaraq da maneə yaratmır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 və Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 112 saylı, 04 aprel 2013-cü il tarixli sərəncamına əsasən İddiaçı MMC-nin 22.01.2013-cü il tarixli 17/13 nömrəli müraciətini nəzərə alaraq Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən “Qızıldaş” Sement zavodunun xammal ilə təmin edilməsi məqsədi ilə həmin zavoddan Səngərqaya-1 adlanan yüksəkliyin ətrafında yerləşən xammal yataqlarına qədər yeni avtomobil yolunun tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ("İcarəyəverən") və "xxxx" MMC ("İcarəçi") arasında "Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında" 139/3020 saylı, 14 fevral 2017-ci il tarixli müqavilə bağlanılmış və müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. İddiaçı bildirir ki, icarə müqaviləsi bağlandıqdan sonra "xxxx" ASC həmin torpaq sahəsində avtomobil yolunu salmışdır. Lakin "xxxx" MMC-nin qanuni istifadəsində olan torpaq sahəsində salınmış avtomobil yolunun "xxxx" Sement zavoduna gedən hissəsindəyolun girişində sağ tərəfdə 2 ədəd hava elektrik veriliş xətti çəkilmiş dayaqlar quraşdırılmışdır. Bu dayaqlar qanunsuz qaydada, o cümlədən, iddiaçı ilə razılaşdırılmadan quraşdırıldığından, yoldan istifadə edən nəqliyyat vasitəsilərinə maneçilik törətdiklərindən, həmçinin yüksək cərəyanlı elektrik xəttinin qanunsuz quraşdırılması təhlükəli olduğundan iddiaçı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət etmişdir. Nazirliyin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı iddiaçıya 18 noyabr 2019-cu il tarixli cavab məktubu göndərmişdir. Həmin məktubda məsələ ilə bağlı araşdırma aparıldığı və araşdırma nəticəsində "xxxx" sement zavoduna gedən əsas yolun girişində sağ tərəfdə Quşçuluq fermasına məxsus 6/0,4 kV-luq, 400 kVA gücündə mövcud KTM-dən "xxxx" MMC-yə məxsus üzvlük daş sexinə 0,4 kV-luq bir dövrəli hava elektrik xətti çəkilməsi qeyd edilmişdir. Hava elektrik veriliş xəttinin 4-cü və 5ci dayaqları "xxxx" sement zavoduna gedən əsas yola tərəf 2-3 m-ə qədər yeri dəyişdirilmişdir. Həmçinin məktubda bildirilmişdir ki, mövcud 0,4 kV-luq bir dövrəli hava elektrik veriliş xətti sahibkarlıq subyektinə məxsus olduğundan yaranmış mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət edilməlidir. Beləliklə, müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus üzvlük daş sexinə 0,4 kV-luq bir dövrəli hava elektrik xətti çəkilmişdir ki, bu xəttin 4-cü və 5-ci dayaqları iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qanunsuz qaydada quraşdırılmışdır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Üçüncü şəxsin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:

1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;

2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;

3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırkı işdə də hər üç şərt mövcuddur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 sentyabr 2020ci il tarixli 5618 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən İddiaçı ASC-nin istifadəsində olan torpaq sahəsində çəkilmiş avtomobil yolunun giriş hissəsində yolun sağ tərəfində ardıcıl 2 ədəd hava elektrik xətləri çəkilmiş dayaqlar quraşdırıldığı müəyyən edilmişdir. 1-ci dirəkdən yolun giriş hissəsinə qədər məsafə 50 metr, yeni çəkilmiş yolun eni 10 metr, elektrik dirəklərindən yolun kənarınadək məsafə 06 metr təşkil edir. Baxış zamanı əldə olunmuş məlumatlarla, mülki iş materiallarının məlumatlar, o cümlədən tədqiq olunan ərazidə eni 26 metr, uzunluğu 9,5 km təşkil edən yolun çəkilməsinə dair tərtib edilmiş layihə sənədlərində, eləcə də həmin yolun layihələndirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 14.02.2011-ci il tarixli 68 saylı və 04.04.2013-cü il tarixli 112 saylı sərəncamlarında göstərilən məlumatlar, həmçinin tədqiq olunan sahədə quraşdırılmış elektrik dirəklərinin faktiki vəziyyətdə planlı yerləşməsi müqayisə edilərkən, Cavabdeh MMC-yə məxsus olan 2 ədəd hava elektrik xətti keçən dayaqların İddiaçı ASC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi yerləşən 246147,5 kv.metr torpaq sahəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert vəsatəti əsasında İddiaçı sement zavoduna gedən əsas yolun girişində sağ tərəfdə Quşçuluq fermasına məxsus 6/0,4 kV-luq, 400 kVA gücündə mövcud KTM-dən “Sementçi" MMC-yə məxsus üzlük daş sexinə 0,4 kV-luq bir dövrəli elektrik hava xəttinə verilmiş texniki şərt və xəttin tikilməsinə dair layihə sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına sorğu göndərilmişdir. Sonuncu tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bununla əlaqədar Cavabdeh MMC-yə məxsus üzlük daş sexinin elektrik enerjisi təchizatına dair müvafiq sənədlərin Agentliyin Bakı filialına təqdim edilməsi üçün "xxxx" ASC-nin Qaradağ RETSİyə 20/21 E-166 nömrəli 16.11.2021 -ci il tarixli göstəriş verilmişdir. Qaradağ RETSİ-nin cavab məktubunda "xxxx" ASC-nin kompüter məlumat bazasında 2002-ci ildən 02/3-639 nömrəli abonent kodu ilə qeydiyyata alınmış Cavabdeh MMC-yə məxsus üzlük daş sexinin elektrik enerjisi təchizatının Quşçuluq fermasına məxsus KTM-nin 0,4 kV-luq paylayıcı qurğusundan qidalanan birdövrəli HEVX vasitəsi ilə yerinə yetirildiyi və elektrik enerjisi hesabatının KTM-in 0,4 kV-luq tərəfində quraşdırılmış AMPY markalı, A211093594 zavod nömrəli, dövlət möhürü 244104 olan hesablaşma elektrik sayğacı vasitəsi ilə aparıldığı, həmçinin "xxxx" ASC-də obyektə məxsus texniki şərtin və enerji təchizatı layihəsinin olmadığı bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli 10/5616 nömrəli ekspert rəyinə əsasən ekspert vəsatəti ilə xahiş edilmiş Cavabdeh MMCyə məxsus mübahisəli elektrik hava xəttinə verilmiş texniki şərti və xəttin tikilməsinə dair layihə sənədləri ekspertizaya təqdim edilmədiyindən İddiaçı ASC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsində 246147,5 kv.m torpaq sahəsində yerləşən Cavabdeh MMC-yə məxsus 2 ədəd hava elektrik xəttinin dayaqlarının texniki şərtə uyğun quraşdırılıb-quraşdırılmadığını müəyyən etmək mümkün deyildir. Cavabdeh MMC-yə məxsus daş-emalı sexinə çəkilmiş elektrik hava xəttinin İddiaçı ASC-nin icarəsində olan torpaq sahəsində yerləşən iki ədəd dayaqlarının altında və həmin xəttinin mühafizə zonasında, İddiaçı ASC-nin sement zavoduna gedən avtomobil yolunun kənarında yük avtomobillərin dayancağının (çibin) yaradılması «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5-ci bəndinin tələblərinə uyğun olmadığına görə, həmin torpaq sahəsindən iddiaçı tərəfindən istifadəyə maneə yarada bilər. Baxış zamanı müəyyən edildiyi kimi Cavabdeh MMC-yə məxsus daş-emalı sexinə çəkilmiş elektrik hava xəttinin 2 ədəd dayaqlarının əvəzinə elektrik kabel xətti (torpaq altı ilə, qonşu obyektlərinin-daş hasarlarının üzəri ilə, yaxud həmin obyektlərin arxası ilə və s.) çəkməklə həmin sexi elektrik enerjisi ilə təmin edilə bilər. Elektrik hava xəttinin 2 ədəd dayaqların yerlərinin dəyişdirilməsi ilə Cavabdeh MMC-yə məxsus daşemalı-sexinə elektrik enerjisinin verilməsi texniki cəhətdən səmərəli deyildir. Göründüyü kimi Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının məktubu ilə Cavabdeh MMC-yə məxsus elektrik xəttinin heç bir texniki şərt və enerji təchizatı layihəsi olmadan quraşdırıldığı öz təsdiqini tapır. Ekspert rəyləri ilə isə həmin elektrik hava xəttinin 2 ədəd dayaqlarının İddiaçı ASCnin icarəsində olan torpaq sahəsində yerləşməsi və həmin torpaq sahəsindən iddiaçı tərəfindən istifadəyə maneə yaradılması müəyyən edilmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin dayaqların sökülməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia əsaslıdır və təmin edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, mübahisə predmeti olan dayaqlar iddiaçının qanuni istifadəsində (icarəsində) olan torpaq sahəsində yerləşir. Mülki Məcəllənin 157.8-ci maddəsində isə təsbit olunmuşdur ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mübahisə predmeti olan dayaqların lazımi icazələr alınmadan quraşdırılması və iddiaçının hüquqlarının pozulması isə yuxarıda göstərilən sübutlarla təsdiq olunur. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2230/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar