Məhkəmə qərarları › İş №2-2(113)-67/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-67/2021

10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-67/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri xxxx Rayon Məhkəməsinə müraciət edərək, 27720 manat məbləğində təbiətə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri xxxx Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 2(002)-2396/2019 nömrəli qərardadı ilə mülki iş baxılması üçün 1 saylı Bakı İnziabti-İqtisadi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə həmin İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, Kommersiya Məhkəmələri təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27.03.2020-ci il tarixli, 975 nömrəli fərmanı ilə təsdiq edilmiş əsasnamə üzrə həmin tarixdən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İddiaçı əvəzinə iddiaçı qismində iş üzrə icraata cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22.02.2019-cu il tarixli 138/ü nömrəli əmri ilə yaradılmış işçi qrupun üzvləri tərəfindən “Qardağ-İ” əhəng daşı yatağında istismar işləri aparan fizki şəxs Cavabdeh məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə monitorinq araşdırması aparılmışdır. Araşdırma zamanı Cavabdeh qeyd oluanan karxananaı icarə müqaviləsi əsasında işlətdiyini bildirsə də, lakin icarə müqaviləsini təqdim edə bilməmişdir. Daş karxanasının istismarı üçün lazımi olan heç bir zəruri sənədlər işçi qrupun üzvlərinə təqdim olunmamışdır. İstismar sahəsində 1 ədəd SM- 89 markalı daş kəsən kombayn və 1 ədəd NKM-2U markalı şırım açan vasitəsilə istismar işləri aparılmışdır. İstehsal nəticəsində yaranan tullantıların yığılması, qorunması və uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilmişdir. İlin sonunda 5GK illik hesabatı Nazirliyin X5 üzrə X6 fonduna təqdim olunmamışdır. Mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmalar köçürülməmişdir. İstehsal sahəsində topoqraf B.Hüseynov tərəfindən topogeodezik ölçmələr aparılan zaman əhəng daşı istismar edildiyi müəyyən olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili cavabdehin hüquqlarını müdafiə etdiyini bildirdi və iddia tələbini qəbul etməyərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 01108 saylı dağ-mədən ayırması aktından görünür ki, “xxxx-İ” əhəngdaşı yatağında mişar daşı istehsalı məqsədi ilə “xxxx” ASC-yə verilən dağmədən ayırması Bakı şəhəri, xxxx rayonunun inzibati ərazisində yerləşir, Dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 43 hektar təşkil edir. -089862 saylı lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Bakı şəhəri, xxxx rayonu, Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirməyə “xxxx” ASC-yə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş 04.01.2018-ci il tarixli müqavilədən görünür ki, “xxxx” ASC (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında mişar daşlarının mövcud standartlara uyğun kəsilməsi, forma verilməsi və satışının həyata keçirilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “ikinci tərəf” “birinci tərəf”in tapşırığına əsasən “xxxx” ASC-yə məxsus olan xxxx rayonu, Qızıldaş qəsəbəsi ərazisindəki mişar daşı karxanalarından mişar daşlarının mövcud standartlara uyğun kəsilməsini, onlara forma verilməsini və satışını həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “birinci tərəf” ona məxsus olan xxxx rayonu, Qızıldaş qəsəbəsi ərazisində 1,2 ha mişar daşının emalı məqsədilə “ikinci tərəf” üçün sahə ayırır və həmin sahəsini ona təhvil verir. Həmin Müqavilənin 3.1-ci bəndinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Mülki Məcəlləsinə, “Yerin təki haqqında” “X5 haqqında”, “Enerji resusrlarından istifadə haqqında”, “Energetika haqqında” Qanunlarına və s. qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq emal məqsədilə onun üçün ayrılmış torpaq sahəsinə aid bütün vergi və sair ödənişləri ödəyir. Həmin Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilənin 2.3-cü bəndində göstərilən və müvəqqəti istifadəyə götürülən avadanlığa görə hər ay 250 manat məbləğində haqq hər aya görə cari ayın 10-dan gec olmamaq şərtilə ikinci tərəf tərəfindən birinci tərəfin bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il, yəni, 31 dekabr 2018-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə edilmiş 01.05.2019-cu il tarixli 53320 nömrəli aktdan görünür ki, “Qardağ-İ” əhəng daşı yatağına yoxlama aparılarkən 3600 m3 əhəngdaşının istismar edildiyi müəyyən olunmuş və bu halın “Yerin Təki haqqında” Azərbaycan Respublikası Qanununun 9,10, 21, 46-cı maddələrinin tələblərinin pozulması qeydə alınmışdır. Qeyd olunan akt Cavabdeh tərəfində imzalanmamış və aktda bunun səbəbinə dair qeyd aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli 9/4358-10/3068 saylı ekspert rəyində qeyd olunur ki, 09 mart 2021-ci il tarixdə Bakı şəhəri, xxxx rayonu, «xxxx~1» əhəngdaşı yatağının ərazisində yerləşən fiziki şəxs Cavabdeh istifadəsində olan daş karxanasına keçirilmiş baxışın nəticələrini, X4 ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 may 2018-ci il tarixli müqavilənin şərtləri, ekspertizaya əlavə olaraq təqdim edilmiş daş karxanasının faktiki sahibi «xxxx» ASC-nin ekoloji və əhəngdaşı istehsalı fəaliyyəti ilə əlaqədar olan digər sənədlərini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq daş karxanasında əhəngdaşı istehsalı zamanı əmələ gələn tullantıların yığılması, uçotu, qorunması və sementin emalına verilməsinin təşkil edilməsini, eləcə də istehsalatın yekunlaşdırıldıqdan sonra kultivasiya işlərinin aparılması öhdəliyinin götürülməsini nəzərə aldıqda, fiziki şəxs Cavabdeh istifadəsində olan daş karxanasında aparılmış istismar işləri nəticəsində təbiətə zərər dəyməməsi qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış müqavilə əsasında “xxxx” ASC-yə məxsus olan mişar daşı karxanalarından mişar daşlarının mövcud standartlara uyğun kəsilməsi, onlara forma verilməsi və satışını həyata keçirilməsi üçün sonuncuya xxxx rayonu, Qızıldaş qəsəbəsi ərazisindəki 1.2 ha torpaq sahəsi verilmişdir. Eyni zamanda qeyd olunan müqavilə ilə tərəflər daşların emalı üçün “xxxx” ASC-yə məxsus avadanlıqlardan istifadə edilməsinə və bunun müqabilində Cavabdeh tərəfindən müvafiq ödənişlərin edilməsinə razılaşmışlar. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti “xxxx” ASC tərəfindən Cavabdeh istifadəsinə verilmiş xxxx rayonu, Qızıldaş qəsəbəsi ərazisindəki 1.2 ha torpaq sahəsinə monitoring araşdırması keçirən zaman 3600 m3 əhəngdaşının istismar edilməsi və bununla da qanunun pozulması barədə akt tərtib etmişdir. Bundan sonra (aparıcı məsləhətçi müffətiş) Samir Alıyev tərəfindən tərtib edilmiş hesabat əsasında Cavabdeh 27720 manat məbləğində təbiətə dəymiş ziyan hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla əlaqədar olaraq məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-1097-ci maddələri təşkil edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini hazrki işin müəyyən edilmiş hallarına tətbiq edərək məhkəmə bildirir ki, iddiaçı tərəfindən tərtib edilmiş akt üzrə yoxlama aparılmış torpaq sahəsində yerləşən daş karxanasında mişar daşının emalı üçün xammalın əldə edilməsini kim tərəfindən həyata keçirilməsi barədə müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 04.01.2018-ci il tarixli müqavilə əsasında müəyyən olunur ki, cavabdeh “xxxx” ASC xxxx rayonu, Qızıldaş qəsəbəsi ərazisindəki torpaq sahəsindən ona təhvil verilmi 1.2 ha torpaq sahəsində daş karxanasında çıxarılmış mişar daşlarının mövcud standartlara uyğun kəsilməsi, forma verilməsi və satışının həyata keçirilməsi fəaliyyətini həyata keçirmişdir. Bu hal isə Cavabdeh həmin ərazidə artıq çıxarılmış mişar daşının emalı üzrə fəaliyyətini təsdiq edir. Bundan başqa məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticəsinə dair rəydə cavabdeh tərəfindən qanunvericliklə nəzərədə tutulmuş normaları əməl edilməsi habelə onun fəaliyyəti nəticəsində təbiətə zərər vurulmaması qeyd olunmuşdur. Lakin iddiaçı tərəf bunu əksini iddia edərək cavabdehin həmin ərazidə həmçinin mişar daşının çıxarılması fəaliyyətinin mövcud olduğunu, habelə fəaliyyəti nəticəsində təbiətə ziyan vurduğunu iddia etməsinə baxmayaraq bu halı təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanıda cavabdehin mişar daşı çıxarmasına dair fəaliyyəti müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddia tələbində hesablanmış ziyan məbləğinə yəni real zərərə münasibətdə məhkəmə bildirir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş real zərərin tərkibini təşkil edən halları göstərilməmiş və bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edilməmişdir. Hazırki iş üzrə iddiaçı dəymiş zərər üzrə 27720 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, iddia edilən zərərin iddiaçı tərəfindən vurulması, zərərin miqdarının və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə tələb edilən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bundan başqa iddiaçı tərəfin iddia etdiyi vurulmuş zərərlə bağlı iddia tələbini hazırki müahisə üzrə tənzimləyən normada, yəni “Yerin təki haqqında” AR Qanununun 48-ci maddəsinə görə yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Göründüyü kimi qeyd olunan normada iddiaçıya yalnız təbiətə ziyan dəyməsi üzrə hallarının olması halında bu halların aradan qaldırılması bu mümkün olmadıqda qanunun 47-ci maddəsinə əsasən məhkəmə tərəfindən həll edilməsi üçün müraciət etmək səlahiyyəti verilmişdir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydası yalnız məhkəmə tərəfindən müəyyən edilməsi sözügedən normada məhkəmənin səlahiyyətinə aid edilmişdir. Lakin iddiaçı hazırki iddia tələbində cavabdehdən 27720 manat məbləğində təbiətə dəymiş ziyanın ödənilməsini xahiş etmişdir ki, bununlada maddi hüquq normasının tələbini aşkar pozmuşdur. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Mcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “X7” Azərbaycan Respublikasının qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia təmin edilmədiyindən və iddiaçı dövlət rüsumundan azad olunduğundan, dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh qarşı cavabdeh tərəfindən 27720 manat məbləğində təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh qarşı cavabdeh tərəfindən 27720 (iyirmi yeddi min yeddi yüz iyirmi) manat məbləğində təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar