Məhkəmə qərarları › İş №2-2(102)-172/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-172/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İst
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-172/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: X1yə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 noyabr tarixli 2- 2(103)-826/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ya zılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC-nin (bundan sonra – “ASC”) əməkdaşları A.Cəfərov, C.Quliyevin iştirakı ilə tərtib edilmiş aktda qeyd edilmişdir ki, EESQ-ya uyğun olaraq baxış keçirən zaman məlum sayğacı qidalandıran cərəyan və gərginlik transformatorları yerləşən yuva qapısına vurulmuş ******* nömrəli möhürə müdaxilə olunmuşdur. Belə ki, yuva qapısına vurulmuş ******* nömrəli möhürün simi kəsilərək yenidən kley vasitəsilə birləşdirilmişdir. Aktda ASC-nin nümayəndələri “A.Cəfərov” və “C.Quliyev“ adları qeyd olunmaqla imzalanmış, abonentin nümayəndəsi kimi “Niyazi Həsənov” qeyd edilmiş, lakin imzalanmamış, “imtina etdi” qeyd edilmişdir (2023-cü il 28 aprel tarixli NDQ 015743 nömrəli akt). 2. 2023-cü il 2 may tarixli ASC-nin icra vərəqində İddiaçı MMC (bundan so nra – “MMC”) (abonent kodu **********5) adlı istifadəçi ilə bağlı NDQ № 015743 nömrəli akt əsasında 14.014,80 manat ödəniləcək məbləğ hesablanmışdır. İcra vərəqi İsgəndərov Vaqif, Binnətov Vasif, Əhmədov Azər adları qeyd edilməklə imzalanmış, F.Yusifov “təsdiq edən” və R.Məmmədov “razılaşdıran” qeyd edilməklə imzalanmışdır. 3. 2023-cü il 2 may tarixində NDQ 015743 nömrəli akt üzrə “EİQ pozulması” əsası ilə 14.014,80 manat borc hesablanmışdır. Abonent saldosunda 14.653,45 manat borcun olduğu göstərilmişdir (MMC (abonent kodu **********5) adına abonent haqqında məlumatdan çıxarış).

4. MMC-nin (VÖEN **********) 2023-cü il 28 aprel tarixində müqavilə şərtinə əməl olunması yoxlanılması, yoxlayıcı şəxslərin X2 (mühəndis) və X3 (mühəndis) olması göstərilmişdir (2024-cü il 6 fevral tarixdə çap edi lmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış).

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən MMC-yə ünvanlanmış məktubda deyilir ki, 2023-cü il 25 avqust tarixli ərizəyə əsasən MMC-nin fəaliyyətnin 2023-cü il 25 avqust tarixindən 2028-ci il 7 avqust tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən MMC-yə ünvanlanmış məktubda deyilir ki, 2019-cu il 7 avqust tarixli ərizənizə əsasən MMC-nin fəaliyyətnin 2019-cu il 7 avqust tarixindən 2022-ci il 7 avqust tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.

7. MMC tər əfindən ASC-yə pretenziya məktubu göndərilərək, akt əsasında əsassız hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə aidiyəti məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 10 yanvar tarixində "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 28 aprel tarixli NQD seriyalı 015743 nömrəli akt əsasında iddiaçıya əlavə hesablanmış 14.014,80 manat məbləğində pulun silinməsi və mediasiya üçün xərclənmiş 200 manat, dövlət rüsumu üçün ödənilmiş 132,04 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci il 2 iyun tarixində dövlət qeydiyyatına alınmış, lakin uzun müddətdir heç bir təsərrüfat fəaliyyəti həyata keçirməmişdir. Cəmiyyətin balansında olan 400 kvt-lıq transformator vasitəsilə elektrik enerjisindən faktiki olaraq yalnız “Fərid İnşaat” firması istifadə etmişdir. 2023-cü ilin fevral ayında həmin transformatora heyvanın daxil olması səbəbindən texniki nasazlıq yaranmış, bu barədə dərhal X4 məlumat verilmiş və problem aradan qaldırılmışdır. Buna baxmayaraq, X7 tərəfindən “X6 101” MMC-yə 2023-cü il 2 may tarixli “Bildiriş Xəbərdalıq” ünvanlanmış və plomblara müdaxilə olunduğu və bu əsasla 14.014,80 manat məbləğində əlavə enerji sərfiyyatının hesablandığı bildirilmişdir. Lakin qeyd olunan bildiriş iddiaçıya təqdim olunmamış, cəmiyyətin mövqeyini bildirməsi üçün ona imkan verilməmişdir. Üstəlik, həmin aktda plomblara müdaxilənin konkret olaraq iddiaçı tərəfindən törədildiyini sübut edən heç bir əsas yoxdur. İddiaçının fəaliyyətsiz olması və elektrik enerjisi istehlak etməməsi, həmçinin əlavə enerji sərfiyyatının məhz başqa hüquqi şəxs tərəfindən həyata keçirilməsi nəzərə alınaraq, 14.014,80 manat məbləğində əlavə hesablanmış borcun hüquqi və faktiki əsası yoxdur. Bu səbəbdən də hesab edilir ki, cəmiyyətə itirilmiş elektrik enerjisinin sərfiyyatına görə əlavə hesablanmış 14.014,80 manat məbləğində pulun silinməsi təmin olunmalıdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 may tarixli e-2-2(113)-973/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – Z.Axundova).

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, id diaçıya məxsus obyekt cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş, iddiaçı X1 etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. 2023-cü il 28 aprel tarixində cavabdehin əməkdaşları iddiaçı ilə bağlı 015743 nömrəli akt tərtib etmişlər. Həmin aktdan məlum olur ki, EESQ-ya uyğun olaraq baxış keçirən zaman məlum sayğacı qidalandıran cərəyan və gərginlik transformatorları yerləşən yuva qapısına vurulmuş ******* nömrəli möhürə müdaxilə olunmuşdur. Belə ki, yuva qapısına vurulmuş ******* nömrəli möhürün simi kəsilərək yenidən kley vasitəsilə birləşdirilmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, iddiaçının 2023-cü il 28 ap rel tarixində müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər qismində X2 (mühəndis) və X5 (mühəndis) göstərilmiş, kod olaraq KY231917482 qeyd olunmuş, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsinin olduğu göstərilmişdir. Yoxlamanın predmeti və hüquqi əsaslarının müqavilə şərtlərinə əməl edilməsi, yoxlamanın müddətinin (başlama, sona çatma tarixi) 2023-cü il 28 aprel tarixi olduğu qeyd olunmuşdur. Sənəd həmin tarixdə elektron imzalanmışdır.

13. İşin hallarından göründüyü kimi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış 2023-cü il 28 aprel tarixində imzalanmış, həmin tarixdə də yoxlamanın nəticəsi olan NDQ 015743 nömrəli akt tərtib olunmuşdur. Tarixlər eyni olduğuna reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl ya sonra baş verməsini müəyyən etmək mümkün olmamış, bununla bağlı cavabdeh tərəfindən müvafiq sübutlar təqdim olunmamışdır.

14. Eyni zamanda məhkəmə bildirmişdir ki, abonent haqqında məlumatdan çıxarışa nəzər saldıqda görünür ki, 2023-cü ilin aprel ayı üçün iddiaçının sayğac göstəricilərinə əsasən 3.550,40 manat məbləğində elektrik enerjisi sərfiyyatı olmuş və həmin ay üçün ona əlavə olaraq akt əsasında 14.014,80 manat borc hesablanmışdır. Halbuki abonent haqqında məlumatdan görünür ki, aylar üzrə müqayisə etdikdə 2020-ci ilin aprel ayı üzrə sərfiyyat 2.710,80 manat, 2021-ci ilin eyni, yəni aprel ayı üzrə sərfiyyatı 2.107,80 manat, 2022-ci ilin eyni, yəni aprel ayı üzrə sərfiyyatı 3.915,20 manat, 2023-cü ili n aprel ayı ayı üzrə sərfiyyatı 3.550,40 manat və s. olmuşdur, yəni oxşar aylar üzrə iddiaçının sayğac göstəricilərinə əsasən 2023-cü ilin aprel ayında sərf etdiyi 3.550,40 manat məbləğ arasında nəzərəçarpacaq dərəcədə fərqlər olmamışdır. Eyni zamanda abonent haqqında məlumatdan da görünür ki, digər aylar üzrə sərfiyyat da aşağı olmuş, heç vaxt 5.000 manata belə çatmamışdır. Məhkəmənin qənaətinə əsasən belə olduğu təqdirdə, iddiaçıya akt əsasında 14.014,80 manat məbləğin hesablanması əsaslı sayıla bilməz.

15. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 448.1-ci; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respubl ikası Qanununun 2.1, 2.3, 3.2, 4.2, 4-2.1.6, 4-2.1.8, 4-2.1.9, 43.1.2, 20.1, 31.2.3-cü maddələrinə; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.18, 7.19, 8.2, 8.4-cü bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya in stansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 noyabr tarixli 2-2(103)-826/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2023-cü il 28 aprel tarixində cavabdehin əməkdaşları tərəfindən iddiaçı MMC-də yoxlama keçirilmiş və yoxlamanın nəticəsi olaraq NDQ 015743 nömrəli akt tərtib edilərək aktda sayğacı qidalandıran cərəyan və gərginlik transformatorları yerləşən yuva qapısına vurulmuş ******* nömrəli möhürə müdaxilə olunduğu qeyd edilmişdir. Akt əsasında iddiaçıya 14.014,80 manat məbləğində borc hesablanmışdır. Hazırda həmin borcun əsaslılığı iddiaçı tərəfindən mübahisələndirilir.

19. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sahibkarlıq subyektində aparılmış yoxlamanın nəticəsi olaraq hesablanmışdır. Həmin yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınsa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır.

20. Belə ki, əvvəla sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən edilir ki, 2023-cü il 28 aprel tarixi ndə keçirilmiş yoxlama elə həmin tarixdə yoxlamaların reyestrində qeydiyyata alınmışdır. Tarixlər eyni olduğuna reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl ya sonra baş verməsini müəyyən etmək mümkün olmamış, bununla bağlı cavabdeh tərəfindən müvafiq sübutlar təqdim olunmamışdır.

21. Bundan əlavə reyestrdə qeydə alınmış yoxlamanın keçirilməsi üçün əsas qismində sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Halbuki X1 qaydalarının pozulması haqqında akt sayğac göstəricilərinin oxunması zamanı aşkar edilən sayğaca müdaxilə halı ilə bağlı deyil, cərəyan transformatoruna müdaxilə ilə bağlı tərtib edilmişdir. Cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatdan da aydın olur ki, göstərilən müdaxilə sayğac göstəriciləri nin oxunması zamanı aşkar edilmir, belə ki, müdaxilənin aşkar edilməsi üçün xüsusi mühədis qrupu cəlb edilir.

22. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərindən də göründüyü kimi müraciət edildiyi gündən 1 iş günü müddətində qeydiyyata alınan digər yoxlamalardan fərqli olaraq sayğac göstəricilərinin oxunması zamanı müəyyən edilən qanunsuz qoşulma və ya sayğaclara müdaxilə ilə bağlı yoxlamalar dərhal qeydiyyata alınır. Odur ki, hazırkı halda yoxlayıcı təşkilat yoxlamanı qeydiyyata alarkən yoxlamanın əsasını səhv seçməklə (sayğacın göstəricilərin oxunması zamanı aşkar edilmiş sayğaclar a müdaxilə ilə bağlı yoxlamaları seçməklə) yoxlamanın dərhal qeydiyyata alınmasına nail olmuşdur. Yoxlamanın həyata keçirildiyi gün qeydiyyata alındığını nəzərə alsaq həmin hal da qeydiyyatın yoxlamanın keçirilməsindən öncə aparılmasını şübhə altına alır.

23. Bununla yanaşı yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan da göründüyü ki, yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməli, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək yoxlayıcının vəzifələrinə daxildir. Eyni zamanda yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir.

24. Hazırkı halda yoxlama aktında yoxlamanın reyestrdə qeydiyyata alınması barədə çıxarışın sahibkara və ya nümayəndəsiə təqdim edilməsi barədə qeyd yazılmamış, eləcə də yoxlamaların vahid məlumat reyestrindən verilən kod da göstərilməmişdir.

25. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozmaqla keçirildiyindən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Odur ki, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc h esablamaqla haqlı olmamışdır.

26. Bununla yanaşı birinci instansiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki (bax §14), abonent haqqında məlumata əsasən digər aylar üzrə sərfiyyat da aşağı olmuş, heç vaxt 5.000 manata belə çatmamışdır.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh tərəfindən iddiaçıya 2023-cü il 28 aprel tarixli NDQ 015743 nömrəli akt əsasında hesablanmış 14.014,80 manat məbləğində borcun silinməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 443.1-ci maddəsinə; “Sahibkarlıq sahəsində apar ılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2, 20.1, 31.2.3, 31.5, 31.6-cı maddələrinə; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 4.3-1, 4.4-cü bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.18, 7.19-cu bəndlərinə; MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdi r. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.18, 7.19-cu maddələri üzrə - Apellyasiya məhkəməsi yoxlamanın reyestrdə qeydə alınmamasını əsas gətirərək, akt üzrə hesablanmış borcu ləğv etmişdir. Lakin 2023-cü il 28 aprel tarixli NDQ 015743 nömrəli akta əsasən, cavabdehin əməkdaşları möhürə müdaxilə faktını müəyyən etmiş və buna əsasən 14.014,80 manat məbləğində itirilmiş elektrik enerjisi hesablanmışdır. Yoxlama həmin gün qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınıb və bu, sayğaca müdaxilə halları ilə bağlı yoxlamalar üçün tələb olunan prosedurdur. Qeydiyyatın yoxlamadan əvvəl və ya sonra aparılmasını n texniki cəhətdən müəyyən edilməməsi yoxlamanın qanunsuzluğunu sübut etmir. Həmçinin, aktda sayğac göstəricilərinə deyil, onu qidalandıran transformatorun möhürünə müdaxilə qeydə alınıb. Bu səbəbdən yoxlama qanunidir və məhkəmənin qərarı yalnız formal yanaşmaya əsaslanaraq qəbul olunmuş, hüquqi baxımdan əsassızdır.

31. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.4-cü bəndi üzrə - Apellyasiya məhkəməsi aktın hüquqi nəticələrini ləğv edərək, yoxlamanın qanunsuz aparıldığını bildirmişdir. Halbuki, 2023-cü il 28 aprel tarixli NDQ 015743 nömrəli akta əsasən, ASC əməkdaşları tərəfindən sayğacı qidalandıran transformatorl arın yerləşdiyi yuvada möhürə müdaxilə faktı qeydə alınmış və buna əsasən 14.014,80 manat məbləğində borc hesablanmışdır. Yoxlama həmin gün qanunvericiliyə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Qeydiyyatın yoxlamadan əvvəl və ya sonra aparıldığının dəqiq bilinməməsi yoxlamanın hüquqi qüvvəsini şübhə altına ala bilməz, çünki bu tip yoxlamalar qanunvericiliyə əsasən dərhal reyestrdə qeyd olunur. Eyni zamanda, məhkəmənin yoxlamanın yalnız sayğac göstəricilərinin oxunması ilə bağlı olduğu iddiası da yanlışdır, çünki akt möhürə müdaxilə faktına əsasən tərtib edilmişdir. Beləliklə, yoxlama qanuni olmuş və məhkəmənin formal yanaşması nəticəsində əsassız qətnamə qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

33. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hü quq

35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” 36. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmala r, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə

3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxl amaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə

20. Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir....” “Maddə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;... 31.5. Yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama aktını imzalamış yoxlayıcılar yoxlama aktına və yoxlama suallarının siyahısına daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. 31.6. Yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir....”

37. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin form ası və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.5-1. Bu Əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 1.5-2. Enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarların elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı aparılan yoxlamalara bu Əsasnamənin 3.2.3 -cü, 3.3.6-cı, 3.3.7-ci, 3.4.4-cü, 3.4.9-cu, 3.4.10-cu, 3.4.12-ci, 3.4.15-ci, 5.1.7-ci, 5.1.8-ci, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri şamil edilmir....” “İV. Reyestrin aparılması... 4.3-1. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirl iyinə təqdim edilir.... 4.4. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır....”

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli qərarı ilə tə sdiq edilmiş “X1 Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “7. Elektrik enerjisinin uçot cihazlarının quraşdırılması və istismarı... 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssis əsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstə rilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

42. Kassasiya şikayətində qeyd olunmuş məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır və həmçinin onu da bildirir ki, apellyasiya instansiyası haqlı olaraq qeyd etmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama elə həmin tarixdə yoxlamaların reyestrində qeydiyyata alınmışdır. Tarixlər eyni olduğuna reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl ya sonra baş verməsini müəyyən etmək mümkün olmamış, bununla bağlı cavabdeh tərəfindən müvafiq sübutlar təqdim olunmamışdır.

43. Bundan əlavə reyestrdə qeyd ə alınmış yoxlamanın keçirilməsi üçün əsas qismində sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Halbuki X1 qaydalarının pozulması haqqında akt sayğac göstəricilərinin oxunması zamanı aşkar edilən sayğaca müdaxilə halı ilə bağlı deyil, cərəyan transformatoruna müdaxilə ilə bağlı tərtib edilmişdir. Cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatdan da aydın olur ki, göstərilən müdaxilə sayğac göstəricilərinin oxunması zamanı aşkar edilmir, belə ki, müdaxilənin aşkar edilməsi üçün xüsusi mühəndis qrupu cəlb edilir.

44. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılma sı qaydası haqqında” Əsasnamənin tələblərindən də göründüyü kimi müraciət edildiyi gündən 1 iş günü müddətində qeydiyyata alınan digər yoxlamalardan fərqli olaraq sayğac göstəricilərinin oxunması zamanı müəyyən edilən qanunsuz qoşulma və ya sayğaclara müdaxilə ilə bağlı yoxlamalar dərhal qeydiyyata alınır (Bu Əsasnamənin 4.4-cü bəndinə əsasən). Odur ki, hazırkı halda yoxlayıcı təşkilat yoxlamanı qeydiyyata alarkən yoxlamanın əsasını səhv seçməklə (sayğacın göstəricilərin oxunması zamanı aşkar edilmiş sayğaclara müdaxilə ilə bağlı yoxlamaları seçməklə) yoxlamanın dərhal qeydiyyata alınmasına nail olmuşdur. Yoxlamanın həyata keçirildiyi gün qeydiyyata alındığını nəzərə alsaq, həmin hal da qeydiyyatın yoxlamanın keçirilməsindən öncə aparılmasını şübhə altına alır.

45. Məhkəmə kollegiyası kass atorun yoxlamaların həmin gün qeydiyyata alınması qanunvericiliyin tələbi olduğundan yoxlama həyata keçirilən gün qeydiyyatı aparılan istənilən bu cür yoxlamaların qanuniliyi şübhə altına alına bilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, eyni gündə olan yoxlamaların fərqləndirilməsi üçün əsas həll yollarından biri qeydiyyatın aparıldığı saatla aktın tərtib olunduğu saatın dəqiq olaraq göstərilməsidir. Yəni hazırkı işdə reyestrindən çıxarışın elektron imzalanma saatı ilə tərtib olunmuş aktın saatı göstərilsəydi, o zaman bu şübhə olmayacaqdı.

46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını iş in hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 22 noyabr tarixli 2-2(103)-826/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar