Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-306/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-142/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. “Podratçı”-Cavabdeh M MC ilə “Subpodratçı”-İddiaçı MMC arasında 2020-ci il 29 yanvar tarixli, HP 018/0120 saylı Subpodrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən subpodratçı podratçının təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində tikinti quraşdırma işlərini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)də göstərilən vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və podratçı ilə birlikdə sifarişçiyə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. 2. 2020-ci il 2 mart tarixli, EBAH seriyalı, 032894 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC -yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 228.522,99 (ƏDV daxil) manat təşkil edir; 3. 2020-ci il 8 aprel tarixli, EBAİ seriyalı, 537465 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32.815,80 (ƏDV daxil) manat təşkil edir; 4. 2020-ci il 28 aprel tarixli, EBAJ seriyalı, 289668 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 153.834,59 (ƏDV daxil) manat təşkil edir; 5. 2020-ci il 13 may tarixli, EBAJ seriyalı, 836829 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 385.746,66 (ƏDV daxil) manat təşkil edir; 6. 2020-ci il 25 iyun tarixli, EBAL seriyalı, 586610 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 76700 (ƏDV daxil) manat təşkil edir; 7. 2020-ci il 13 iyul tarixli, EBAM seriyalı, 334692 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 129.963,19 (ƏDV daxil) manat təşkil edir; 8. 2020-ci il 13 iyul tarixli, EBAM seriyalı, 336197 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış mall arın, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 153.400 (ƏDV daxil) manat təşkil edir;
9. İşin materiallarına tərəflər arasında bağlanmış 2020-ci il 29 yanvar tarixli, HP 018/0120 nömrəli müqaviləyə “subpodratçının görülmüş işlərə dair qəbul akt”ları (Forma-3) və “qiymət razılaşma forması” adlı (Forma-2) əlavələr təqdim edilmiş və sözügedən əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. 10. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2022-ci il 15 iyul tarixində tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən 120.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür; 11. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2022-ci il 15 iyul tarixində tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC- nin hesabına Cavabdeh MMC tərəfindən 101.473,55 manat məbləğində pul vəsaiti köçürülmüşdür; 12. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2022-ci il 15 iyul tarixində tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən 300.068 manat məbləğində pul vəsaiti köçürülmüşdür; 13. “İddiaçı MMC-nin Cavabdeh MMC-dən daxilolmalar üzrə ƏDV şəxsi hesabından çıxarış” adlı sənəddən görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən 2020-ci il 16 mart tarixində 34.859,44 manat (EBAH 032894 saylı EQ əsasən ƏDV), 2020-ci il 9 aprel tarixində 5.005,80 manat (EBAİ 537465 saylı EQ əsasən ƏDV) və 2020-ci il 14 may tarixində 54.012,24 manat (EBAJ 836829 saylı EQ əsasən ƏDV) olmaqla, ümumilikdə 93.877,48 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, cavabdehdən 545.564,19 manat əsas borc, 410 manat məbləğində mediasiya xərci və 370 manat dövlət rüsumu olmaqla, ümumilikdə 546.344,19 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 29 yanvar tarixində HP018/0120 saylı subpodrat müqaviləsi (bundan sonra-“ subpodrat müqaviləsi”) bağlanmışdır. Müqavilə şərtlərinə əsasən iddiaçı cavabdehin təqdim və təsdiq etdiyi layihəyə uyğun olaraq “Sabirabad və Sal yan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi üzrə tikinti-quraşdırma işlərini həyata keçirmişdir. Lakin işlər həyata keçirilsə də, müqavilə üzrə müəyyən edilmiş muzd ödənilməmişdir. Hazırda cavabdehin əsas borcu 490.000 manat təşkil edir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik tam icra edilmişdir. Cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Cavabdehə elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiq edilmişdir.
16. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 6.3, 442, 445, 448, 752.1, 753.1, 770 -ci, “Elektron qaiməfakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.3, 3.5-ci bəndlərinə istinad edilmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 sentyabr tarixli, e-2-2(113)3429/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 545.564,19 manat məbləğində əsas borc, 400 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 370 manat olmaqla, cəmi 546.334,19 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edimişdir(hakim – Z.Axundova).
18. Birinci instansiya məhkəməsi gəldiy i nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində tikinti quraşdırma işlərini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)də göstərilən vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və podratçı ilə birlikdə sifarişçiyə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən ümumilikdə məbləği 1.160.983,23 manat olan işlər görülmüş, bununla bağlı iddiaçı tərəfindən cavabdehə elektr on qaimələr göndərilmiş, eləcə də tərəflər arasında bağlanmış müqaviləyə “subpodratçının görülmüş işlərə dair qəbul akt”ları (Forma-3) və “qiymət razılaşma forması” adlı (Forma-2) əlavələr tərtib edilmişdir. Sözügedən əlavələrdə iddiaçı tərəfindən ümumilikdə 1.160.983,23 manat məbləğində işlərin görülməsi öz əksini tapmış və həmin əlavələr tərəflərin imzası və möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 615.419,03 manat məbləğində ödənişlər edilmişdir.
19. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya ödənilməli qalıq borcun məbləği 545.564,20 manat (iddiaçı tərəfindən görülmüş işlərin ümumilikdə məbləği 1.160.983,23 manat-cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitlərinin cəm i 615.419,03 manat = 545.564,20 manat) təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və cavabdehdən 545.564,19 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
21. İddia tələbinin digər hissələrini ödənilmiş 410 manat məbləğində mediasiya xərci və 370 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.
22. Həmin tələblə bağlı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci və 370 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi göst ərilən hissələrdə qismən təmin edilməli, mediasiyaya ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 370 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 442, 448.1, 752.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 107, 119.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2- 2(103)-142/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).
26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
27. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, podratçı (iddiaçı) tərəfindən müqavilə üzrə müəyyən edilən podrat işləri yerinə yetirilmiş, sifarişçi (cavabdeh) tərəfindən isə müqavilə ilə müəyyən edilən muzd ödənilməmişdir. Hazırki işdə də həmin hallar (bax yuxarıda § 2-13) sübut olunur.
28. Məhkəmə, hazırki qərarın 2-13-cü bəndlərində qeyd ol unan faktiki hallara əsasən müəyyən etmişdir ki, tərəflərin bağladığı subpodrat müqaviləsi üzrə dəyəri 1.160.983,23 manat olan işlərin görülərək, cavabdehə təhvil verilməsi həm iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr, həm də tərəflər arasında bağlanmış müqaviləyə “subpodratçının görülmüş işlərə dair qəbul akt”ları (Forma-3) və “qiymət razılaşma forması” adlı (Forma-2) əlavələrlə təsdiq olunur.
29. Eyni zamanda yuxarıda qeyd olunan ödəniş tapşırıqlarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 615.419,03 manat məbləğində ödənişlər edilmişdir.
30. Bu baxımdan iddiaçı MM-in 752.1-ci maddəsinə əsasən görülmüş işlərə görə ödənilməyən ümumilikdə 545.564,19 manat (1.160.983,23-615.419,03=545.564,2) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdı r.
31. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərmişdir ki, cavabdeh yuxarıda qeyd olunan ödənişlərdən əlavə 210000 manat məbləğində ödənişi həyata keçirdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə bildirişləri isə cavabdehin ünvanına göndərilmişdir.
32. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
34. MM-nin 385.1, 425.1, 425.2-ci maddələri pozulmuşdur- iddiaçı subpodrat müqaviləsinə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, işləri tam başa çatdırmamış və təhvil verməmişdir. Lakin müqavilə üzrə hansı həcmdə işlər görülmüşsə, həmin işlərin dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol v ermişdir.
35. MPM-nin 81, 88, 97.1-ci maddələri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq, nəticə etibarilə iş üzrə qanuni qətnamə qəbul etməkdən ötrü, Forma-2 aktları və digər sənədlər üzrə iddiaçı tərəfindən işlərin tam şəkildə yerinə yetirilib-yetirilməməsinin müəyyən olunması məqsədilə tikinti-texniki ekspertizası təyin etməli idi. Məhkəmə yalnız bu halda iş üzrə obyektiv məhkəmə aktı qəbul edə bilərdi. Lakin məhkəmə ekspertiza təyin etməkdən yayınmış, nəticə etibarilə prosessual hüquq normasını pozmuşdur.
36. MPM-nin 9.1, 9.3-cü maddələri pozulmuşdur- məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
38. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır(MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəru ridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hal ları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, o nu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
45. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə tərəflərin bağladığı subpodrat müqaviləsi üzrə dəyəri 1.160.983,23 manat olan işlər yerinə yetirilərək, cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 615.419,03 manat məbləğində ödənişlər edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı MM-in 752.1-ci maddəsinə əsasən görülmüş işlərə görə ödənilməyən ümumilikdə 545.564,19 manat (1.160.983,23-615.419,03=545.564,2) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
46. Məhkəmənin həmin nəticəsini mübahisələndirən cavabdeh kassasiya şikayətində müqavilə üzrə yerinə yetirilmiş işlərin dəyərinin tam həcmdə ödənildiyini göstərsə də, işin faktiki hallarını araşdıran məhkəmələrə bu barədə sübutları təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır (bax yuxarıda §34) və iddia tə ləbinin təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsinin nəticəsini MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun hesab edir. 47.Kassasiya şikayətinin § 35-də göstərilən digər dəlili apellyasiya məhkəməsinin cavabdehin iddiaçıya müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməməsi, bununla da MPM-nin 97.1-ci maddəsinin pozulması ilə bağlıdır. 48.Bununla bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edili b-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə işin materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Baxılan işdə müqaviləyə əsasən iddiaçı tərəfindən yerinə yetirilmiş işlər, hər hansı irad bildirilmədən cavabdeh tərəfindən qəbul edilmiş və məhkəmə araşdırması zamanı xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilməsi zərurəti mövcud olmamışdır.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə qiymət verərkən həmçinin onu da nəzərə alır ki, işə mahiyyəti üzrə baxılarkən, cavabdeh tərəfindən də müvafiq ekspertizanın təyin edilməsinə dair əsaslandırılmış vəsatət verilməmişdir.
50. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmaması nəticəsində çəkişmə prinsipinin pozulmasına gəldikdə (bax yu xarıda §36), qeyd olunmalıdır ki, baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1-ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə lazımi qaydada məlumat verilmiş, bununla belə, cavabdeh, nümayəndəsinin üzürlü səbəbdən iştirak edə bilməyəcəyinə dair zəruri sübutları təqdim etmədən məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin kassasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
52. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-142/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov E.R.Vəliyeva