Məhkəmə qərarları › İş №2-2(102)-313/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-313/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-313/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi və əmlakların qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 fevral tarixli 2-2(103)-20/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən v erilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh MMC (sifarişçi) və İddiaçı MMC (podratçı) arasında 2019-cu il 13 sentyabr tarixində podrat müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə görə, podratçı öz riski ilə sifarişçiyə məxsus Binəqədi rayonu ərazisində təqdim olunmuş layihə əsasında ölçüləri 120x24x9 olan metal emalı sexində qiyməti 195.000 manat (ƏDVsiz) olmaqla körpülü kranın quraşdırılmasından və sexkənarı ərazinin abadlaşdırılmasından başqa bütün işləri görməyi, sifarişçi isə göstərilən islərin yerinə yetirilməsi üçün razılaşdırılmış müddətə işin görülməsinə maneçilik törədən amilləri aradan qaldırmaqla obyekti tam hazır vəziyyətdə podratçıya təhvil verməyi öhdələrinə götürmüşlər. 2.3-cü bəndinə əsasən, sifarişçi tərəfin dən aidiyyatı sənədlər imzalandıqdan sonra iş yerinə yetirilmiş hesab olunur. 2.4-cü bəndinə görə, sifarişçi ümumi görüləcək işin dəyərinin 30%-ni əvvəlcədən, işin ortasında 30% və qalan 40% hissəsini iş görüldükdən sonra podratçının təqdim etdiyi sənədlərə uyğun 5 gün müddətində ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və möhürü ilə təsdiq olunmuşdur.

2. Sifarişçi, "xxxx" MMC tərəfindən hazırlanmış və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin təsdiq etdiyi “Bünovrənin Planı” adlı layihəni podratçıya təqdim etmişdir.

3. Podratçı tərəfindən Bakı şəhərinin Binəqədi rayonu ərazisində 213.580 manat dəyərində, 120x24x9 ölçüdə 2019-cu il 13 sentyabr tarixli müqavilə üzrə metal em alı sexinin kran quraşdırılması və sex daxili ərazinin betonlanmasından başqa bütün tikinti işlərinin görülməsi üçün 2022-ci il 12 oktyabr tarixli EBCH seriyalı 040095 nömrəli elektron qaimə sifarişçiyə təqdim edilmişdir. 4. 2022-ci il 17 noyabr tarixli ö/005931 nömrəli “İstismara hazırlıq akt”ında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci küçə, 22C ünvanda 1 mərtəbəli qeyriyaşayış binasının sifarişçisi X1, podratçısı İddiaçı MMC, layihəçisi "xxxx" MMC olmaqla, tikintinin 2020-ci il 15 dekabr tarixdə başlaması, 2022-ci il 18 avqust tarixdə qurtarması göstərilmiş, akt digər şəxslərlə yanaşı podratçının, eləcə də sifarişçinin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq olunmuşdur.

5. Sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin tərtib edib imzaladıqları 7 ədəd “konstruksiyaların qəbul edilməsi akt”larından görünür ki, podratçı tərəfindən görülmüş işlər sifarişçi tərəfindən qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 7 iyul tarixində Cavabdeh MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə, sonradan “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddiaçıya məxsus 2 ədəd “vaqon” və 1 ədəd armatur kəsən dəzgahın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallara uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən sifar iş olunmuş və müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş işlər mərhələli şəkildə sifarişçinin təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə əsasında, iddiaçı tərəfindən vaxtında, eləcə də yüksək keyfiyyətlə icra olunmuş və cavabdehə təqdim olunmuşdur. Bununla belə, sifarişin icrasının gedişində müqavilənin 2.4-cü bəndinə nəzərdə tutulmuş ödənişlər cavabdeh tərəfindən icra edilməmiş, lakin qarşılıqlı etimad və əməkdaşlıq şəraitində işlədiylərindən, cavabdehin istəyi ilə, onun maliyyə imkanlarının çatışmazlığı nəzərə alınmışdır. Belə ki, cavabdeh müqaviləyə uyğun olaraq ödənişləri icra etməyə maliyyə çətinliyi səbəbindən imkanı olmadığını bidlirmiş və işlərin görülməsini xahiş etmişdir. Bununla bağlı tərəflər arasında danışıqlar olmuş, razılaşmışlar ki, iddiaçı üzərinə düşəni y erinə yetirəcək, cavabdeh isə imkanı daxilində ödənişləri edəcək, hər bir halda, ən geci işlərin tam başa çatmasından sonra ödəniş ediləcəkdir. Sifarişin icrası yəni, nəzərdə tutulan qurğunun tikinti-quraşdırma işləri tam başa çatdırılaraq təhvil verildikdən və qeyri-yaşayış obyektinin müvafiq dövlət orqanı tərəfindən istismara qəbul edildikdən sonra ödənişin birdəfəlik icra olunacağı bildirilmişdir. Obyektin istismarına dair iddiaçıdan asılı olan bütün zəruri tədbirlər görülmüş və 2022-ci il 17 noyabr tarixində Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı Regional Tikinti Müfəttişliyinin rəisi – Bəxtiyar Tağıyevin, cavabdehin nümayəndəsi Əlimürsəl İsmayılovun, iddiaçının nümayəndəsi Nümayəndə1 və layihəçinin nümay əndəsi Elşad Əsədovun imzaları, həmçinin adıçəkilən Müfəttişlik və müəssisələrin möhürləri ilə təsdiq olunan “Obyektin istismarına hazırlıq” Aktı tərtib edilmişdir. Bununla da iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Bundan sonra icra olunmuş işin dəyərinin ödənilməsinə dair danışıqlarda yenə də maliyyə çətinliyi üzündən qısa müddət gözləmək xahiş olunmuşdur. Təkrar danışıqlarda ödənilməli vəsaitə dair elektron qaimənin təqdim olunması razılaşdırılmışdır. 2022-ci il 12 oktyabr tarixində ƏDV-siz 181.000 manat məbləğin ödənilməsinə dair həmin qaimə cavabdehə təqdim olunmuş və onun tərəfindən qəbul olunmuşdur. Lakin 9 aydan artıq müddət ərzində ödənilməli vəsait cavabdeh tərəfindən ödənilməmişdir. Sifariş edilmiş işlərin öz vəsaiti hesabına icra edilməsi və bu zaman işlərin icra sında üçüncü şəxslər qarşısında öhdəliyinin yaranması müəssisənin də maliyyə çətinliyinə səbəb olmuşdur. Bu səbəbdən müqavilə üzrə borcun ödənilməsini daha uzun müddətə gözləmək artıq mümkünsüz hala gəlmişdir. Cavabdeh müəssisəyə “Görülmüş işlərin dəyərinin ödənilməsinə dair Pretenziya (Təklif)” göndərilmiş, cavabdehin borclu olduğu cəmi ƏDVsiz 195.000 manat görülmüş işlərin dəyərinin pretenziyanı aldıqdan 7 iş günü müddətində ödənilməsi xahiş olunmuşdur. Pretenziyanın AVİS sistemi vasitəsilə göndərilməsinə və cavabdeh tərəfindən alınmasına baxmayaraq, təklif olunan müddət ərzində cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Bununla əlaqədar mübahisənin məhkəməyə qədər mediasiya qaydasında həlli məqsədilə qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh tərəfə təklif göndərilmiş, cavab deh mediasiya təklifinə də adekvat cavab verməmiş, ondan sonra, Bakı 8 nömrəli mediasiya Təşkilatın müraciət olunmuşdur. Bakı 8 nömrəli Mediasiya Təşkilatının dəvəti ilə cavabdeh müəssisənin nümayəndəsi Əlimürsəl İsmayılov mediasiya sessiyasında iştirak etmiş, borcun ödənilməsinə dair verilmiş təklifə cavabdeh tərəfin nümayəndəsi müsbət cavab verməmiş və mediasiyanın davam etdirilməsini istəməmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulduğuna və yerinə yetirilmiş işin dəyərinin ödənilməsindən yayındığına, eləcə də mübahisənin məhkəmədənkənar həlli üçün bütün mümkün tədbirlər görüldüyünə, lakin razılıq əldə olunmadığına görə, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

8. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı verdiyi yazılı etirazda göstərmişdir ki, id diaçı tərəfindən obyektdə heç bir iş görülməmiş və tikinti həyata keçirilməmişdir. İddiaçının özünün də elektron kabinetə əlavə etdiyi bir-biri ilə uzlaşan şəkillər və bünövrə planından göründüyü kimi, Bakı şəhərinin Binəqədi rayonu ərazisində təqdim edilmiş layihə əsasında metal emalı sexi tikintisi mövcud deyildir. Belə ki, adından və sxemlərdən də göründüyü kimi, plan tikiliyə deyil, yalnız bünövrəyə aiddir, ərazidə də heç bir tikili inşa edilməmişdir. Bu isə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklərin icra edilmədiyini təsdiq edir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir məbləğdə pul ödənilməli deyildir.

9. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, təhvil verilmə heç bir sənəddə öz əksini tapmamışdır, həmçinin ödəniş qaydasına əsasən ilkin o laraq 30% ödəniş olunmalı olduğu halda, əgər heç bir ödəniş olunmasaydı, podratçının nəyə görə işə başladığı sual doğurur. Müqavilədə xidmətlərin, konkret nəzərdə tutulan işlərin hansı müddətdə təhvil verilməsi barədə heç bir müddəa əks olunmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 noyabr tarixli e-2-2(113)-3853/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən görülmüş işlərin dəyəri olaraq ƏDV-siz 195.000 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Z.Pirverdiyev).

11. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 13 sentyabr tarixli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı öz riski ilə cavabdehə məxsus Binəqədi rayonu ərazisində təqdim olunmuş layihə əsasında ölçüləri 120x24x9 olan metal emalı sexini körpülü kranın quraşdırılmasından və sexkənarı ərazinin abadlaşdırılmasından başqa bütün işləri görməyi qiyməti 195.000 manat (ƏDV-siz) olmaqla, göstərilən islərin yerinə yetirilməsi üçün cavabdeh razılaşdırılmış müddətə işin görülməsinə maneçilik törədən amilləri aradan qaldırmaqla obyekti tam hazır vəziyyətdə iddiaçının öhdəsinə təhvil verməyi öhdələrinə götürmüşlər. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

12. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 2019-cu il 13 sentyabr tarixli podrat müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən tikintisi başa çatdırılmış binaya dair 2022-ci il 17 noyabr tar ixli ö/005931 nömrəli İstismara hazırlıq aktı tərtib edilmiş və həmin akt digər şəxslərlə yanaşı iddiaçının və cavabdehin möhürləri ilə təsdiq edilmişdir.

13. İddiaçı cavabdehə müqavilənin dəyəri olan ƏDV-siz 195.000 manat məbləğin ödənilmədiyini iddia edir, cavabdeh isə iddiaçı tərəfindən heç bir iş görülmədiyini və tikinti həyata keçirilmədiyini bildirir.

14. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, görülmüş işlərin cavabdehə təhvil verildiyini sübut qismində təqdim edilmiş elektron qaimə, İstismara hazırlıq aktı və işlərin qəbul edilməsinə dair aktlarla təsdiq edilir.

15. İş materiallarına əlavə edilmiş 2022-ci il 17 noyabr tarixli ö/005931 nömrəli İstismara hazırlıq aktından göründüyü kimi iddiaçı tərəfindən tikintisi başa çatdırılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qə səbəsi, 1-ci küçə, 22C ünvanda 1 mərtəbəli qeyriyaşayış binasına dair İstismara hazırlıq aktı tərtib edilməsi və həmin akt digər şəxslərlə yanaşı cavabdehin möhürü ilə təsdiq olunması müəyyən olunur.

16. Mülki qanunvericiliyin normalarından göründüyü kimi, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır.

17. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən tikintisi başa çatdırılmış binanın İstismara hazırlıq aktı tərtib edilmişdir ki, qanunvericilikdən göründüyü kimi həmin akt tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirir.

18. Göründüyü kimi iddiaçı tərəfindən podrat müqaviləsi üzrə tikintisi başa çatdırılmış bina cavabdeh tərəfindən qəbul edilmiş, hətta həmin bina müvafiq dövlət orqanlarının yoxlamasından keçməklə istismarına icazə verilmiş və bununla bağlı sözügedən akt tərtib olunmuşdur.

19. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan müqavilə, istismara hazırlıq aktı, elektron qaimə-fakturanın mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə, hətta görülmüş işlərin qüsurlu və ya tam icra edilməməsinə dair məlumatın mövcud olmaması, iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəla lət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

20. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, iddia borcun tutulması hissəsində əsaslıdır və iddia göstərilən hissədə təmin edilməlidir.

21. İddiaçı ona məxsus 2 ədəd “vaqon” və 1 ədəd armaturkəsən dəzgahın iddiaçıya qaytarılması barədə tələbi ilə bağlı iddia tələbinin həcminin artırılması barədə ərizəsində qeyd etmişdir ki, həmin “vaqon”lar və dəzgah (avadanlıq), müqavilənin icrası zamanı cavabdehin ərazisinə aparılmış və müqavilə üzrə işlərin yerinə yetirlməsi zamanı istifadə olunmuşdur, hazırda cavabdehin ərazisində qalmışdır. Yəni, həmin “vaqon”lar və avadanlıq (armaturkəsən dəzgah) iddiaçıya məxsus olmaqla, podrat müqaviləsinin icrası məqsədilə iş yerinə gətirilmişdir, işlərin tam başa çatmasınadək orada istifadə olunmuşdur. Sonradan, mediasiya ərəfəsində həmin avadanlıqların geri qaytarılacağı vəd olunsa da, hazırkı vaxtadək qaytarılmamışdır.

22. Lakin iddiaçı göstərilən iddia tələbinin əsasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia göstərilən hissədə öz təsdiqini tapmadığından təmin oluna bilməz.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 404.1, 404.2, 425.1, 752.1, 753.1, 769-cu; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tiki nti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 5.5-ci bəndinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

24. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 fevral tarixli 2-2(103)-20/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişd ir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü cavabdehin üzərinə düşür.

27. Podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəlillər təqdim etməlidir.

28. Tərəflər arasında bağlanmış müqavilədə görüləcək işlərin keyfiyyəti razılaşdırılmışdır. Belə ki, iddiaçı, cavabdehə məxsus ərazidə təqdim olunmuş layihə əsasında ölçüləri 120x24x9 olan metal em alı sexində körpülü kranın quraşdırılmasından və sexkənarı ərazinin abadlaşdırılmasından başqa bütün işləri görməyi öz öhdəsinə götürmüş, bununla bağlı "xxxx" MMC tərəfindən “Bünovrənin Planı” adlı layihə hazırlanaraq iddiaçıya təqdim edilmişdir. Həmin layihənin adından və məzmunundan aydın olur ki, iddiaçının görəcəyi işlər metal emalı sexinin bünövrəsinin tikilməsindən ibarət olmuşdur. Bu baxımdan, kollegiya cavabdehin layihənin həcmi barədə dəlilini əsassız hesab etmiş, cavabdeh razılaşmanın əslində bütün metal emalı sexinin tikilməsi barəsində olmasını qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

29. Digər tərəfdən iş materiallarında olan fotoşəkillər, eləcə də həm iddiaçı, həm cavabdeh tərəfindən imzalanan “İstismara hazırlıq aktı” və 7 ədəd “konstruksiyaların qəbu l edilməsi aktları” məcmu şəkildə qiymətləndirildiyində, iddiaçı tərəfindən podrat müqaviləsi üzrə işlərin yerinə yetirildiyi qənaətinə gəlinir.

30. Kollegiya qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin dəlilləri nəzərə alınaraq ekspertiza təyin olunmuş, lakin cavabdeh həmin ekspertizanın keçirilməsinə maneəçilik törətmişdir. Belə olan halda isə mübahisə üzrə qərar verilərkən, həm də MPMin 97.5-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Çünki, ekspertin qarşısında qoyulan suallardan biri görülən işin həcmi barəsində olmuş, cavabdeh özü də həmin ekspertizanın təyin edilməsinə etiraz etməmiş və mübahisənin həll edilməsi üçün ekspertizanın zəruri olduğunu bildirmişdir. Bununla belə, ekspertizanın həyata keçirilməsi zamanı mübahisə predmetinə baxış keçirmək üçün iki dəfə gedən ekspert ə qarşı cavabdehin nümayəndələri zorakılıq göstərmiş və buna görə də ekspertiza rəyinin verilməsindən imtina edilmişdir.

31. Belə olan halda, yəni cavabdeh öz hərəkətləri ilə faktiki olaraq ekspertizanın keçirilməsinə maneə törətdiyindən, ekspertiza təyin olunmasına əsas yaradan mübahisəli hal artıq müəyyən olunmuş hal kimi qəbul edilməli, görülmüş işlərin layihəyə və podrat müqaviləsinə uyğun olduğu qənaətinə gəlinməlidir.

32. Başqa sözlə, birinci instansiya məhkəməsi düzgün olaraq MM-in 752.1-ci maddəsinə istinadla, cavabdehdən görülmüş işlərin dəyəri qismində ƏDV-siz 195 000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyirinə tutulması nəticəsinə gəlmişdir.

33. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin “sübut” adı ilə elektron sistemə yüklədiyi sənədlərə münasibətdə kollegiya qeyd etmişdir ki, həmin sənədlər sübut kimi qəbul olunmamalıdır, çünkü cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı onları təqdim etməmişdir - yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.

34. Digər tərəfdən kollegiyanın qənaətinə görə, hətta həmin qəbz surətləri birinci instansiya məhkəməsinə təqdim olunsaydı belə, fərqli nəticəyə gəlinməsinə əsas təşkil edə bilməzdi.

35. Belə ki, təqdim olunan sənədlər vasitəsilə kimin kimə hansı tarixdə ödəniş etməsini müəyyən etmək mümkün deyil, təqdim olunan sənədlərin bütün səhifələri qaralanmışdır və ordakı məlumatların tam olaraq nəyi ifadə et məsini müyyən etmək olmur.

36. Beləliklə kollegiya hesab etmişdir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 385.1, 385.2, 386.1, 404.1, 404.2, 425.1, 752.1, 762.1, 762.2, 762.3-cü maddələrinə; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 5.5-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsd iq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3, 3.4, 3.13-cü bəndlərinə; MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 97.5, 101.7, 103.1, 106.1, 106.3, 217.3, 372.2, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Cavabdeh kassasiya şikayəti verərək qətnaməsinin ləğv, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. MPM-in 88-ci maddəsi üzrə - İddiaçı metal emal sexinin bünövrəsini deyil, bütövlükdə həmin sexin inşasını öhdəsinə götürmüşdür. Belə ki, apellyasiya məhkəməsi iddiaçının sexin tikintisini həyata keçirmədiyi ilə razılaşsa da, öhdəliyin yalnız bünövrənin tik intisinə dair olduğunu hesab etmişdir. Halbuki bu nəticə Müqavilənin 1.1-ci bəndi ilə təkzib edilir. Həmin bəndə əsasən, iddiaçı təqdim olunmuş layihə əsasında ölçüləri 120x24x9 olan metal emal sexində bütün işləri görməyi öhdəsinə götürmüş, yalnız aşağıdakı işlər istisna edilmişdir:1) Körpülü kranın quraşdırılması; 2) Sexkənarı ərazinin abadlaşdırılması. Bu səbəbdən, tikinti öhdəliyinin yalnız bünövrə ilə məhdudlaşdırılması məntiqsiz və əsasızdır. Müqavilədə bünövrənin ayrıca göstərilməməsi də bu qənaəti təsdiqləyir. Buna görə də apellyasiya məhkəməsinin 1.1-ci bəndin təfsiri üzrə gəldiyi nəticə qanunsuzdur. İddiaçının tikinti öhdəliyi 30% avans ödənişindən sonra yaranır. Apellyasiya məhkəməsi Müqavilənin 2.4-cü bəndini düzgün qiymətləndirsəydi, cavabdehin heç bir öhdəliyi pozmadığını müə yyən edərdi. Həmin bəndə əsasən, sifarişçi ödənişi aşağıdakı qaydada aparmalıdır: 30% əvvəlcədən, 30% işin ortasında, 40% işlər təhvil verildikdən sonra. Beləliklə, iddiaçının tikinti öhdəliyi yalnız 30% avans ödənişindən sonra yaranır. Məhkəmələr isə cavabdehin avans ödəməməsinə baxmayaraq iddiaçının niyə işə başladığını araşdırmamışdır. Bu faktlar aydınlaşdırılsaydı, məlum olardı ki, cavabdeh öhdəliklərini pozmamış, avans ödəmədiyindən iddiaçının da işə başlama və pul tələb etmə öhdəliyi yaranmamışdır. Apellyasiya qətnaməsi MPM-in tələblərinə zidd olaraq çıxarılmışdır. Məhkəmə kollegiyası mövcud sübutlara düzgün hüquqi qiymət vermədən qanunsuz qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndəril məlidir.

40. MPM-in 14.1 və 388-ci maddələri üzrə - Apellyasiya məhkəməsi tikinti dəyərini araşdırmamış, həqiqətin müəyyən olunması prinsipini pozmuşdur. Məhkəmə yalnız bünövrə işlərinin dəyərinin 195.000 manat olduğunu qəbul etmiş, lakin bu məbləğin ağlabatan və real olub-olmamasını araşdırmamış, əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Halbuki, ekspertə təqdim olunmuş aktlar əsasında nəzəri qiymət müəyyən edilə bilərdi. Bundan əlavə, ekspertizanın aparılmamasına cavabdehin mane olması faktla sübut olunmamış, əksinə ekspertin özü obyektə baxışa gecikmişdir. Həmçinin ekspert təqdim olunmuş aktlar üzrə bazar dəyərini müəyyən etməli olduğu halda bu öhdəliyi yerinə yetirməmişdir. Apellyasiya məhkəməsi cavabdehin təqdim etdiyi şahidləri dindirməmişdir. Cavabdeh işləri faktiki olaraq özü ye rinə yetirdiyini sübut etmək məqsədilə şahidlərin – tikinti briqadiri və betonçu fəhlənin – dindirilməsini tələb etmiş, lakin məhkəmə bu vəsatəti cavabsız qoymuş və onları dinləməmişdir. Bu da işin tam və obyektiv araşdırılması vəzifəsinin pozulması deməkdir.

41. MPM-in 77.1 və 389-cu maddələri üzrə - İstismara hazırlıq aktı göstərir ki, iddiaçının öhdəliyi təkcə bünövrəni deyil, bütöv metal emalı sexini inşa etmək olmuşdur. Aktdan aydın olur ki, obyektin əsas göstəriciləri 1 mərtəbəli qeyri-yaşayış binası, tikinti sahəsi 3313,70 m², tikinti həcmi isə 38146,40 m³-dir. Tikinti 2020-ci il 15 dekabr tarixində başlanmış, 2022-ci il 18 dekabr tarixində başa çatmışdır. Göründüyü kimi, akt yalnız bünövrəni deyil, bütövlükdə sexin inşasını əhatə edir. Çünki göstərilən tikinti həcmi və müddət yalnı z bünövrəyə aid ola bilməz. Apellyasiya məhkəməsi bir tərəfdən iddiaçının yalnız bünövrəni inşa etdiyini qəbul edir, digər tərəfdən isə aktda bütöv sexin inşasının əks olunduğunu nəzərə alır. Bu isə məhkəmənin ziddiyyətli faktlara əsaslanaraq səhv nəticəyə gəldiyini göstərir. Halbuki sübutlar aid, mümkün, yetərli və mötəbər olmalıdır. Mötəbərlik isə sübutun yolverilən, ziddiyyətsiz və ağlabatan olmasını tələb edir. Ziddiyyətli fakt əsasında çıxarılan qətnamə isə qeyri-mötəbər sübuta əsaslanır. İddiaçı iş gördüyünü və cavabdehə təhvil verdiyini sübut etməmişdir. Məhkəmələr sanki müqavilə, istismara hazırlıq aktı, 7 ədəd qəbul aktı və elektron qaimə-faktura ilə işlərin icra olunduğunu qəbul edir. Həmçinin, qüsurlu icra barədə məlumatın olmamasını da öhdəliyin yerinə yetirilməsi kimi qiymətlə ndirir. Halbuki bu sənədlər işin icra olunduğunu sübut etmir. Müqavilənin 2.3cü bəndinə əsasən, yalnız aidiyyəti sənədlər imzalandıqdan sonra iş yerinə yetirilmiş sayılır. İddiaçı isə hər iki tərəfin imzaladığı təhvil-təslim aktını təqdim etməmişdir. Apellyasiya Məhkəməsi sübut edilməmiş hallara əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, şikayətin məzmunu əsasən faktiki halların yenidən qiymətləndirilməsi ilə bağlıdır. Halbuki, MPM-in 407.2 və 416-cı maddələrinə əsasən kassasiya instansiyasının vəzifəsi yalnız apellyasiya məhkəməsinin tətbiq etdiyi hüquqi normaların düzgünlüyünü qiymətləndirməkdir. Kassator tərəfindən isə bu xüsusda əsaslı və sübuta yetiri lmiş hər hansı hüquqi pozuntu göstərilməmişdir. Tərəflər arasında bağlanmış podrat müqaviləsi əsasında, iddiaçı şirkət tərəfindən sifarişçi cavabdeh üçün nəzərdə tutulmuş tikinti işləri tam və keyfiyyətlə icra olunaraq, müvafiq qəbul aktları, o cümlədən “İstismara hazırlıq aktı” ilə təsdiqlənmişdir. Bu halların iş materialları ilə sübuta yetirildiyi şəraitdə, cavabdehin öhdəliyinə uyğun olaraq ödəniş etməsi tələb olunur. İşin apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın keçirilməsi cavabdeh tərəfindən faktiki olaraq əngəllənmiş, nəticədə mübahisəli halların sübut yükü cavabdehin üzərinə düşmüşdür. Bu baxımdan, MPM-in 97.5-ci maddəsinin tələbinə əsasən ekspertizaya maneçilik hallarının tərəfin əleyhinə sübut edilmiş sayılması hüquqi baxımdan haqlı və əsaslıdır. İş üzrə tətbiq edilə n MM-in 752, 753, 769, 385, 425 və 442-ci maddələri podrat münasibətlərini və öhdəliklərin icrası prinsiplərini əhatə etməklə, məhkəmənin gəldiyi nəticənin hüquqi dayanıqlılığını təsdiq edir. İddiaçı tərəfindən icra edilmiş işlərin müqavilə şərtlərinə tam uyğun olması, cavabdehin isə muzdun ödənilməsindən yayınması, pozulmuş hüquqların bərpasını zəruri edir. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını hərtərəfli araşdıraraq, tətbiq ediləcək hüquq normalarını düzgün müəyyən etmiş və nəticə etibarilə qanuna uyğun və ədalətli qətnamə qəbul etmişdir. Kassasiya şikayətində isə yalnız forma xarakterli, hüquqi baxımdan qeyri-ciddi arqumentlər irəli sürülmüşdür. Kassasiya baxışının hədləri

43. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələn dirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tər əflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Mad də

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu ic ra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur....”

46. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “5. Tikintiyə dövlət nəzarəti... 5.5. Tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı elektron qaydada sifarişçiyə təqdim edir.”

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir....” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturan ı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdi m oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.... 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdi q edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir....”

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Ma ddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.”...” “Maddə

101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, cavabdehlə iddiaçı arasında xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmış və podratçı öz öhdəliyini təqdim olunmuş layihəyə əsasən, metal emalı sexində işlərin görülməsi ilə icra etmişdir. Görülmüş işlər üzrə istismara hazırlıq aktı tərtib olunmuş və həmin akt həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmışdır.

51. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, podratçı tərəfindən icra olunmuş işlərə dair təqdim edilən sübutlar (o cümlədən “İstismara hazırlıq aktı” və 7 ədəd konstruksiya qəbul aktı) məcmu şəkildə qiymətləndirildikdə, iddiaçının müqavilə üzrə əsas öhdəliyini icra etdiyini təsdiq edir. Cavabdeh bu sənədlərə qarşı hər hansı etiraz təqdim etməmiş, görülmüş işlərin qüsurlu olduğunu sübut edən heç bir sübut ortaya qoymamışdır.

52. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı yalnız bünövrə tikintisi öhdəliyini yerinə yetirmiş və tam sex tikintisini həyata keçirməmişdir. Lakin bu müqavilənin şərtləri və layihə sənədləri il ə təkzib olunur. Müqavilənin 1.1-ci bəndində podratçının görüləcək işlər sırasında körpülü kran və abadlaşdırma işlərindən başqa bütün işləri icra etməli olduğu açıq şəkildə göstərilmişdir. Belə olduqda, cavabdehin dəlili, yəni podratçının yalnız bünövrə tikintisini öhdəsinə götürdüyü haqda mövqeyi əsassızdır.

53. Şikayətçinin digər dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən avans ödənişi edilmədiyi üçün iddiaçının iş görmək öhdəliyi yaranmamışdır. Lakin sübutlar göstərir ki, iddiaçı, faktiki olaraq, öz vəsaiti hesabına işləri həyata keçirmiş, iş başa çatdıqdan sonra cavabdehə təhvil vermiş və bu təhvil istismara hazırlıq aktı ilə rəsmiləşdirilmişdir. Bu halda, avans ödənişi məsələsi podrat işlərinin faktiki yerinə yetirilməsi fonunda hüquqi əhəmiyyət kəsb etmir.

54. Yuxarıda göstərilə nlərə əsasən, Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən hallar Apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas vermir. Məhkəmə düzgün hüquqi qiymətləndirmə aparmış və sübutları obyektiv və tam araşdırmaqla qanuni qətnamə çıxarmışdır.

55. Bundan başqa, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz

56. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassa siya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə c avab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

57. Həmçinin, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən etirazın əlavə olaraq qiymətləndirilməsinə zərurət yoxdur.

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəm ə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 fevral tarixli 2-2(103)-20/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar