Məhkəmə qərarları › İş №2-2(102)-314/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-314/2021

14.06.2021 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-314/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı İcra Hakimiyyətinin cavabdeh şəxsə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 17 may tarixli 22(115)-478/2021 saylı qərardadına əsasən, Samux rayon məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərardadı qəbul etdi İ. İŞİN HALLARİ

1. İddiaçı İcra Hakimiyyəti (bundan sonra – “İddiaçı”) 2021-ci il 11 mart tarixində Cavabdeh şəxs (bundan sonra – “Cavabdeh”) qarşı Samux rayon inzibati ərazisi “X” massivində yerləşən Cavabdehin qeyri qanuni istifadəsində olan 877 ha torpaq sahəsindən çıxarılması, qanunsuz tikilmiş qoyun yataqlarının və yardımçı tikililərin sökülməsi tələbinə dair Samux rayon məhkəməsində iddia qaldırmışdır.

2. İddia onunla əsaslandırılmışdır ki, “X” massivi əvvəllər A rayonunun ərazi vahidi olmuşdur. A rayon ərazisi olan Qış otlaq sahəsində 930 ha otlaq sahəsi olub. Rayon İcra Hakimiyyəti bu torpağın 877 ha hissəsini Cavabdehə icarəyə vermişdir. Sonradan həmin ərazilər B rayonunun ərazisinə verilmişdir. Hazırda Cavabdehin icarə müqaviləsinin müddəti bitmişdir. Cavabdeh heç icarə haqqı belə ödəmir, həmin ərazidə qanunsuz tikililər inşa etmişdir. İddiaçı tərəfindən Cavabdehə xəbərdarlıq edildə də, Cavabdeh 877 ha torpaq sahəsini boşaltmaqdan imtina etmişdir.

3. Samux rayon məhkəməsinin 2021-ci il 7 aprel tarixli 2(058)-421/2021 saylı qərardadı ilə iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – N.Hümbətov).

4. Həmin məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətn amənin surətindən görünür ki, Cavabdeh 2016-cı il 30 mart tarixində 12 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Göründüyü kimi, tərəflər hər ikisi də vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyətləri ilə məşğul olurlar və bu mübahisə də onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Ona görə də iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

5. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 26.2, 31.1, 32.3, 32.4, 32.5, 32.6, 32.7, 44.2, 44.2.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

6. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 17 may tarixli 2-2(115)-478/2021 saylı qərardadı ilə iş məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilmə si üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Vəliyev).

7. Gəncə Kommersiya Məhkəməsinin məsələ ilə bağlı mövqeyi aşağıdakı kimi olmuşdur.

8. İddiaçı dövlət orqanı olduğundan sahibkarlıq fəaliyyətini həyata keçirən təşkilat deyildir.Tərəflər arasında hər hansı bir müqavilə münasibətləri mövcud deyildir. İddiaçı hakimiyyət səlahiyyətlərindən və nəzarət funksiyası mövqeyindən çıxış edərək Cavabdehin torpaq sahəsindən çıxarılmasını, torpaq sahələrində inşa edilmiş tkililərin sökülməsini tələb etməklə dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində baş vermiş pozuntuları aradan qaldırmaq, əmlak hüquqlarının müdafiəsinin təminini istəyir. İddiaçının tələbi iqtisadi məzmun daşımır. On görə də, Cavabdeh tərəf sahibkarlıq subyekti olsa da belə, bu müb ahisə kommersiya mübahisəsi sayılmır.

9. Gəncə Kommersiya Məhkəməsi bu qənaətini MPM-nin 24.2, 25.1, 26.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 23, 25-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

10. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digə r işlərə də baxırlar.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

11. AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarı qərarınınn müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexani zmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olara q mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar sta tusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmam asından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....

23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iş kommersiya işi olduğundan baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

13. İşin mate riallarından görünür ki, keçmiş A Rayon İcra Hakimiyyətinin başçısının 1997-ci il 11 fevral tarixli 30 nömrəli Sərəncamı ilə qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Sonradan həmin müddət sona yetmiş və həmin ərazilər B rayonunun inzibati ərazisində olduğu üçün həmin torpaqlar barədə sərəncam vermək səlahiyyəti iddiaçıya aid edilmişdir.

14. Hazırkı mübahisə torpağın qanunsuz zəbti faktından deyil, rayon icra hakimiyyəti ilə sahibkar arasında uzun müddət müqavilə əsasında davam etmiş və hazırda da faktiki əsaslarla davam etməkdə olan icarə münasibətlərindən qaynaqlanır.

15. Bundan başqa, işin materiallarından görünür ki, icarə əsasında istifadə edilən torpaq otlaq təyinatlı kənd təsərrüfatı torpağa aiddir. İddiaçının iddia ərizəsindən və işin digər materiallarından gələcəkdə bu torpağın təyinatının dəyişdirilməsinin nəzərdə tutulduğu görünmür. Belə olan halda, hətta iddia təmin ediləcəyi təqdirdə belə, həmin torpaqdan başqa sahibkar(lar) tərəfindən istifadə edilməsi torpaq qanunvericiliyinə uyğun olaraq yenə də yalnız otlaq təyinatı ilə icarə müqaviləsi əsasında mümkündür.

16. Onu da qeyd etmək lazımdır ki, İddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən bir sıra müqavilə şərtlərinin pozulduğunu (icarə haqqının ödənilməməsi, ərazidə qanunsuz tikililərin inşa edilməsi) göstərmişdir. Göstərilənlər, hətta əsaslı olsa belə, tərəflər arasındakı münasibətlərin xarakterini dəyişmir.

17. Qeyd edilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, rayon icra hakimiyyəti ilə digər subyekt(lər) arasında kənd təsərrüfatı torpaqlara aid olan otlaq təyinatlı t orpaqlardan istiadə münasibətlərinin qurulması istənilən halda müqavilə əsasında mümkündür. Ona görə də hüquq münasibətlərinin xarakteri baxımından hazırkı iş kommersiya xarakterlidir.

18. MPM-nin 24.2 və 26.1-ci (bax yuxarıda § 10) maddələrinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Kommersiya məhkəmələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə baxır.

19. AMP-nin də məsələ ilə bağlı mövqeyi (bax yuxarıda § 11) ondan ibarətdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsində tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri meyarların ın hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6 və 403-1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının Cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar