Məhkəmə qərarları › İş №2-2(102)-420/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-420/2019

09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-420/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının nümayəndəsi x1, İddiaçının nümayəndəsi x2, İddiaçının vəkili Alıyev Cavid Barat oğlunun, Cavabdehin nümayəndəsi x3, Cavabdehin vəkili Əhmədova Aysel Zöhrab qızının iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun cavabdeh x4 qarşı “borcun tutulması” tələbinə dair iqtisadi iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 4 iyun ta rixli 2-2(107)-34/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında 2009-cu il 26 noyabr tarixdə bağlanmış “fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqaviləyə əsasən, fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmə si üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı 2018-ci il 5 oktyabr tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 2009-cu il 26 noyabr tarixli müqavilənin şərtlərinə uyğun olaraq 902.299,74 manat məbləğində vaxtı keçmiş borcun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 831.999,51 manat əsas kredit, 4.504,70 manat faiz və 257.664,55 manat cərimə borcu olmaqla, cəmi 1.094.168,76 manat borcun, eləcə də ödənilmiş dövlət rüsumunun və çəkilmiş məhkəmə xərclərinin borclunun bank hesabı və digər əmlakları hesabına tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə əri zə ilə müraciət edərək 2019-cu il 1 mart tarixə yaranmış 814.197,35 manat əsas kredit, 5.717,53 manat faiz və 321.514,03 manat cərimə borcu olmaqla, cəmi 1.141.428,91 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəmədə iştirakla əlaqədar çəkilmiş 200 manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2009-cu il 26 noyabr tarixdə fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1 faiz cərimə ödəməlidir. Müvəkkil kredit təşkilatı 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə Fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. Cavabdeh müqavilə şərtlərinə əməl etmədiyi üçün 2019-cu il 1 mart tarixə 814.197,35 manat əsas kredit, 5.717,53 manat faiz və 321.514,03 manat cərimə borcu olmaqla, cəmi 1.141.428,91 manat məbləğində borcu yaranmışdır. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini 814.197,35 manat əsas kredit, 5.717,53 manat faiz borcu hissəsində etiraf etmiş, lakin 321.514,03 manat cərimə borcunun həddindən artıq çox olduğunu əsas gətirərək etiraz etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 mart tarixli 2-2(084)-87/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 814.197,35 manat kredit, 5.717,53 manat faiz və 10.000 manat cərimə borcu olmaqla cəmi 829.914,88 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 21,81 manat dövlət rüsumunun və məhkəmədə iştirakla əlaqədar çəkilmiş 185,60 manat məbləğində xərcin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 8,19 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh əsas və faiz borcu etiraf etmişdir. Birinci instansiya məhkəməsi cərimə məbləğinin tutulması ilə bağlı qeyd etmişdir ki, müqavilə şərtləri iddiaçının üzərinə müvəkkil kredit təşkilatının 1 ay ərzində öhdəliklərini icra etmədiyi halda qanunvericiliyə uyğun tədbirlərin görülməsi öhdəliyini qoymuşdur ki, iddiaçı artıq cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilmədiyi 2017-ci il 1 may tarixdən bir ay keçdikdən sonra vəsaitlərin qaytarılması üçün tədbirlər görməli və nəticəd ə məhkəməyə müraciət etməli idi. İddiaçı müqavilənin imperativ şərtlərini yerinə yetirməyərək 2017-ci il 1 may tarixdən sonra vaxtında məhkəməyə müraciət etməmiş və cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas və faiz borcuna münasibətdə tənasübsüz yüksəkdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qətnaməni mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-2 (107)-34/2019 nömrəli qətnaməsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi qismən - cərimə borcu hi ssəsində ləğv edilərək 80.000 manat cərimə borcu olmaqla, cəmi 899.914,88 manat borcun ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin öz öhdəliklərini lazımınca yerinə yetirməsində ifadə olunan ümumi maraqla onların mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunması baxımından cərimənin miqdarının tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələbləri baxımından 80.000 manat müəyyən edilməsi ağlabatan olmaqla qanuna, haqqa və ədalətə uyğun hesab edilə bilər. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə 321.514,03 manat məbləğində cərimənin ödənilməsi hissəsinə münasibətdə əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə) 467-ci maddəsinə istinad etməklə cərimənin azaldılması qərarına gəlmişdir. Mülki Məcəllənin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Hazırkı işdə öhdəliyin yerinə yetirilməməsinə görə cərimələrin müəyyən edilməsi müqaviləyə əsasən deyil, Fondun vəsaitlərinin cavabdehə ayrıldığı dövrdə qüvvədə olmuş Azərbaycan Resp ublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli, 162 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 3.5-ci bəndinə uyğun həyata keçirilmişdir. Həmin bəndə əsasən, müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəməlidirlər. Göründüyü kimi, cərimələrin hesablanması tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə əsasən deyil, adı çəkilən Qaydaların tələblərinə uyğun icra edilir. Bu isə onu deməyə əsas verir ki, borclunun Fond qarşısındakı cərimə öhdəliyi müqavilə tələblərindən yox, qanunvericiliyin tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsin in 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli Qərarına əsasən, mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (penya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər. Qanunvericilikdə cərimə, maliyyə sanksiyası və ya dəbbə pulu dəyişməz (sabit dərəcədə) faiz miqdarında nəzərdə tutulubsa, həmin faizin azaldılması və ya artırılması qeyri-qanuni hesab edilməlidir. Dəbbə pulunun (penyanın) faizlə məbləği qanunvericiliklə dəqiq (sabit dərəcədə) müəyyən edilmişdirsə, həmin məbləğ məhkəmələr tərəfindən azaldıla bilməz. Eyni zamanda, tərəflər arasındakı münasibətlərin ümumi (publik) hüquq münasibətləri deyil, tərəflərin iradə bərabərliyinə əsaslanan mülki xarakterli münasibətlər olmasına dair qətnamədə əks olunmuş mövqe ilə bağlı qeyd olunmalıdır ki, mövcud situasiyada iradə azadlığı müqavilənin məzmununun müəyyənləşdirilməsində deyil, müqaviləyə daxil olma sərbəstliyində ifadə olunmuş, tərəflərin müqavilə şərtlərinin müəyyən edilməsində sərbəstliyə malik olmaması isə müqaviləyə daxil olduqdan sonra şərtlərin Fərmanla müəyyən edilməsi nəticəsində münasibətlərin publik xarakter almasından irəli gəlmişdir. Hətta tərəflərin müqavilə bağlamaq vəzifəsi belə sözügedən Fərmanla təsdiq edilmiş Qaydaların 1.3-cü bəndinin tələblərinə əsaslanmışdır. Həmçinin, apellyasiya məhkəməsinin qətnaməsində Fondun müqavilə tərəfi kimi məhkəməyə vaxtında, yəni öhdəliyin pozulduğunu bildiyi andan bir ay müddətində müraciət etməməklə cərimənin artmasına şüurlu su rətdə şərait yaratmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasını da hüquqi cəhətdən əsaslı hesab etmək olmaz. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə əsasən müqavilə şərtləri iddiaçının üzərinə müvəkkil kredit təşkilatının 1 (bir) ay ərzində öhdəliklərini icra etmədiyi halda qanunvericiliyə uyğun tədbirlər görmək öhdəliyi qoyduğundan, iddiaçı 1 ay ərzində məhkəməyə müraciət etməli idi. Cərimənin artmasını iddiaçının davranışı ilə əlaqələndirən məhkəmə nəzərə almalı idi ki, hal-hazırkı mübahisədə hesablanan cərimə iddiaçının məhkəməyə vaxtında müraciət etməməsi nəticəsində deyil, məhz qarşı tərəfin müqavilədən irəli gələn vəzifələrini yerinə yetirməməsinin nəticəsi kimi əmələ gəlmişdir. Məhkəmə tələb olunan cərimə məbləğini azaltmaqla bununla bağlı m übahisəyə Mülki Məcəllənin 467-ci maddəsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli Qərarını səhv tətbiq etmiş və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli, 162 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın müddəalarını tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndələri və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, müqav ilə şərtlərinə uyğun olaraq cavabdehə Fondun vəsaitləri hesabına 636 sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşməsinə müvafiq sifarişlər əsasında 3.876.500 manat güzəştli kredit ayrılmışdır. 2017-ci ilin aprel ayınadək ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində cavabdeh bütün öhdəlikləri təxirə salmadan icra etmişdir. Cavabdehə ayrılmış güzəştli kredit vəsaitinin 2017-ci il 1 may tarixə əsas və faiz borclarını vaxtlıvaxtında ödəmiş, may ayından etibarən müqavilə şərtinə əməl edilməsi proseduru pozulmuşdur. Bunun əsas səbəbi, Azərbaycan Respublikasında 2015-ci il 21 dekabr və 2015-ci il 21 dekabr tarixdə baş verən süni devalvasiyanın nəticəsidir. Belə ki, kənd təsərrüfatı məhsulların həcminin dəfələrlə aş ağı düşməsi, təsərrüfatların fəaliyyətində geriləmələrin və bu səbəbdən insanların gəlirlərinə nisbətdə ödəniş qabiliyyətlərinin aşağı düşməsi kreditlərin ödənişinin dayanmasına səbəb olmuşdur. Lakin buna baxmayaraq cavabdeh 2017-ci il ərzində 503.943 manat əsas, 4.795 manat faiz, 2018-ci il ərzində 100.063 manat əsas, 9.824 manat məbləğində faiz ödəmiş, 2019-cu il 1 yanvar tarixə 824.758 manat əsas, 4732 manat məbləğində faiz borcu qalmışdır. Sahibkarlığa Kömək Milli Fondunun məsul şəxsinin iştirakı ilə 2017-ci ilin avqust ayında sahibkarlıq subyektləri ilə aparılmış monitorinqin nəticəsi göstərdi ki, alınmış vəsaitlər təyinatı üzrə istifadə olunmuş, lakin yuxarıda göstərilmiş səbəblərdən ödənişlərdə gecikmələrə gətirib çıxarmışdır. Cavabdeh göstərilənlərə əsasən şikayətin təmin olunmamas ını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Şikayətin əsas dəlili ondan ibarətdir ki, öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə dəbbə pulu tərəflər arasında bağlanmış müqavilə ilə deyil, Fondun vəsaitlərinin cavabdehə ayrıldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli, 162 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qayda ları”nın 3.5-ci bəndinə uyğun həyata keçirilmişdir. Həmin bəndə əsasən, müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəməlidirlər. Göründüyü kimi, cərimələrin hesablanması tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə əsasən deyil, adı çəkilən Qaydaların tələblərinə uyğun icra edilir. Bu isə onu deməyə əsas verir ki, borclunun Fond qarşısındakı cərimə öhdəliyi müqavilə tələblərindən yox, qanunvericiliyin tələblərindən irəli gəlir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının da öz tələbinin əsası kimi istinad etdiyi “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şə rh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Qərarın məzmunundan göründüyü kimi, Mülki Məcəllənin 467-ci maddəsinin şərh edilməsinə zərurət, inzibati orqanın inzibati hüquq münasibətinin digər subyektinə qarşı tətbiq etdiyi maliyyə sanksiyasının və ona hesablanmış dəbbə pulunun (penyanın) tutulmasına dair mübahisəyə həmin normanın analogiya qaydasında tətbiqinin mümkünlüyünün müəyyən edilməsindən irəli gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 467-ci maddəsinin ictimai münasibətlərə təsiri dairəsi, habelə bu hüquq normasının analogiya əsasında tətbiq edilməsi məsələsini təhlil edərkən, hər hansı bir hüquq normasının fərqli cins (generic) əlamətləri olan ictimai münasibətlərə, habelə fərqli prinsiplərə əsaslanan hüquq münasibətlərinə qanunun analogiyası əsasında tətbiq edilməsinin mümkünsüzlüyünü qeyd edir. Hazırkı işdə 467-ci maddənin analogiya üzrə tətbiqindən bəhs olunmur. Çünki bu işdə söhbət mübahisə tərəfləri arasında mülki hüquq münasibətlərindən gedir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, maliyyə sanksiyasının və ya onun vaxtında ödənilmədiyi halda, dəbbə pulunun (penyanın) faizlə məbləği qanunvericiliklə dəqiq (sabit dərəcədə) müəyyən edilmişdirsə, həmin məbləğ məhkəmələr tərəfindən azaldıla bilməz. Mübahisənin düzgün həlli üçün məhkəmələr işin əhəmiyyət kəsb edən bütün faktiki hallarını nəzərə almaqla, səlahiyyətli dövlət orqanı tərəfindən tətbiq olunan maliyyə sanksiyasının və hesablanmış dəbbə pulunun (penyanın) qanuniliyini və əsaslılığını qiymətləndirə bilərlər. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılmasının mümkünlüyünü nəzərdə tutan Mülki Məcəllənin 467-ci maddəsi inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrə tətbiq edilə bilməz. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu öz Qərarında mülki-hüquqi qaydada yaranan öhdəliklərin deyil, məhz inzibati icraat qaydasında (publik hüquq sahəsində), səlahiyyətli dövlət orqanı tərəfindən birtərəfli qaydada tətbiq edilən maliyyə sanksiyasının və ya həmin maliyyə sanksiyasının vaxtında ödənilmədiyi halda, məbləği qanunvericiliklə müəyyən edilmiş dəbbə pulunun (penyanın) məhkəmə tərəfindən azaldılmasının yolverilməzliyini ifadə etmişdir. Məhz bu səbəbdən Qərarda qeyd olunur ki, qanunvericilikdə cərimə, maliyyə sanksiyası və ya dəbbə pulu dəyişməz (sabit dərəcədə) faiz miqdarında nəzərdə tutulubsa həmin faizin azaldılması və ya artırılması qeyri-qanuni hesab edilməlidir. Qərarda, həmçinin təsbit olunmuş hüquqi mövqeyə görə, Mülki M əcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyi mülki hüququn subyektləri arasında yaranmış mübahisənin (o cümlədən, dəbbə pulunun tutulması ilə bağlı mübahisənin) Mülki Məcəllənin müddəalarına uyğun həllinə təsir etmir. Bu qənaət, həmçinin Mülki Məcəllənin 464.2-ci və 467-ci maddələrinin məzmunundan irəli gəlir. Belə ki, publik hüquqda birtərəfli qaydada tətbiq edilən maliyyə sanksiyasının və ya dəbbə pulunun dəyişməz faiz miqdarının azaldılması və ya artırılması qeyri-qanuni hesab edilirsə, bundan fərqli olaraq, Mülki Məcəllənin 464.2-ci maddəsinə görə, əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “maliyyə sanksiyası və ya dəbbə pulu dəyişməz (sabit dərəcədə) faiz miqdarında nəzərdə tutulubsa həmin faizin azaldılması və ya artırılması qeyri-qanuni hesab edilməlidir” məzmunda ifadə olunmuş hüquqi mövqe mülki-hüquqi mübahisələrini və mülki hüquq normalarını öz təsir dairəsinə aid etmir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 467-ci maddənin məqsədləri üçün qanun və müqavilə üzrə müəyyən edilən dəbbə pulunu biri-birindən fərqləndirmir. Tərəflərin bağladığı müqavilənin şərtlərinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli, 162 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsait lərinin istifadəsi Qaydaları”nın tələblərinə əsasən müəyyən edildiyindən tərəflər arasındakı münasibətlərin publik xarakterə malik olduğuna dair şikayətin dəlili də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, iddiaçının publik hüququn subyekti (inzibati orqan) kimi həmin Qaydalarla ona verilmiş səlahiyyətləri icra etməsi, bunu müvafiq müqavilə bağlamaqla həyata keçirməsi, habelə Qaydalarda nəzərdə tutulanların mülki hüququn subyekti ilə bağlanan müqavilədə məcburi şərt kimi göstərilməsi həmin müqavilə tərəfləri arasındakı münasibətlərin mülki-hüquqi xarakterini dəyişmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinin hazırkı mübahisəyə səhv tətbiq olunduğuna dair şikayətin dəlili əsassız olduğundan, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual normaların tələbləri pozulmadığından, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-2(107)-34/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar