Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-422/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin ləğvi ilə bağlı tələblər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 mart tarixli 2-2(103)-325/2025 nömrəli qətnaməsindən cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında 2021-ci il 1 sentyabr tarixli S-103/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə satıcı malları təchiz edir, alıcı isə həmin malları alır. Təchiz edilmiş malların miqdarı, təchiz edilmə müddəti və şərtləri, qiymətləri və ödəniş şərtləri satınalma sifarişində göstəriləcəkdir. - 2.1-ci bəndinə görə müqavilənin ümumi qiyməti satınalma sifarişində müəyyən olunur və ona uyğun olaraq ödənilir - 2.2-ci bəndinə görə satınalma sifarişində göstərilmiş malların qiyməti heç bir halda dəyişdirilə bilməz. - 2.3-cü bəndinə görə başqa qayda tərəflərlə satınalma sifarişində razılaşdırılmayıbsa, təchiz edilmiş mall arın dəyəri satıcı tərəfindən təqdim edilmiş hesabfaktura və qaimə-faktura əsasında mal verildikdən 14 gün sonra satıcının bank hesabına ödənilir. - 2.4-cü bəndinə görə alıcı müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirmədikdə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 1%-i məbləğində satıcıya cərimə ödəyir. Cərimə məbləğinin ödənişi satıcının təqdim etdiyi hesab əsasında alıcı tərəfindən mübahisəsiz qaydada həyata keçirilir.
3. Aşağıda qeyd olunan qiymətlərin razılaşdırılması protokolları ilə müqavilə üzrə müvafiq məbləğlərdə malın təhvil verilməsi razılaşdırılmışdır: 2022-ci il 6 sentyabr tarixli 25 nömrəli - 6.146,62 manat, 2022-ci il 23 sentyabr tarixli 27 nömrəli - 384,68 manat, 2022-ci il 4 oktyabr tarixli 28 nömrəli - 245,44 manat, 2023-cü il 12 yanvar tarixli 38 nömrəli - 1.239 manat, 2023-cü il 21 fevral tarixli 32 nömrəli - 1.338,12 manat, 2023-cü il 5 aprel tarixli 33 nömrəli - 1.721,62 manat, 2023-cü il 6 aprel tarixli 34 nömrəli - 1.154,04 manat, 2023-cü il 22 may tarixli 35 nömrəli - 351,64 manat, 2023-cü il 22 may tarixli 36 nömrəli - 250,16 manat, - 2023-cü il 22 may tarixli 37 nömrəli - 129,80 manat. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 2021-ci il 1 sentyabr tarixli S103/2021 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 17.394,39 manat borcun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1.400 manat xidmət haqqının, dəbbə pulu olaraq 73.853,41 manat cərimənin və dövlət rüsumu olaraq ödənilmiş 143 manat manatın, habelə yeni ödənilmiş 316 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı sifariş olunmuş malları satmağı, cavabdeh isə malları almağı və müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı təqdim olunan təhviltəslim aktlarında əsasən müvafiq dəyərdə olan malları cavabdehə təhvil verilmişdir. Həmin malların təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən uzun müddətdir ki, ödənişləri həyata keçirilmir. Dəfələrlə ödənişlə bağlı müraciət olunsa da, verilmiş vədlərə əməl edilməmiş və ödənişin həyata keçirilməsi təmin edilməmişdir. Cavabdehin qeyd olunan müqavilə üzrə yaranmış borcun iddiaçıya ödəməməsi iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
6. Cavabdehin nümayəndəsi və vəkili iddaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən təhvil-təslim aktlarının əsilləri, habelə qaraj müdiri qeydləri ilə olan aktların kim tərəfindən imzalanması və həmin şəxsin hüquqi şəxsin adından olan belə sənədləri imzalamaq səlahiyyətində olmasını təsdiq edən sənədlər təqdim edilməmişdir. Dəbbə pulunun tələb edilməsi də əsassızdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 dekabr tarixli 2-2(113)-7290/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, tərəflər arasında bağlanmış 2021-ci il 1 sentyabr tarixli S-103/2 021 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, cavabdehdən 12.961,12 manat əsas borc, 640 manat dəbbə pulu, 1.000 manat hüquqi yardıma görə xərc, 130,81 manat dövlət rüsumu, ümumilikdə 14.731,93 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Ü.Həsənova).
8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən Core Construction” MMC-yə aşağıda qeyd olunan məbləğlər üzrə hesab-fakturalar təqdim olunmuşdur: 2022-ci il 6 sentyabr tarixli 368/2022 nömrəli 6.146,62 manat, 2022-ci il 23 sentyabr tarixli 379/2022 nömrəli 384,68 manat, 2022-ci il 4 oktyabr tarixli 387/2022 nömrəli 245,44 manat, 2023-cü il 10 yanvar tarixli 03/23 nömrəli 1.239 manat, 2023-cü il 21 fevral tarixli 68/23 nömrəli 1.338,12 manat, 202 3-cü il 5 aprel tarixli 132/23 nömrəli 1.721,62 manat, 2023-cü il 6 aprel tarixli 136/23 nömrəli 1.154,04 manat, 2023-cü il 22 may tarixli 198/23 nömrəli 351,64 manat, 2023-cü il 22 may tarixli 199/23 nömrəli 4.605,54 manat, 2023-cü il 22 may tarixli 200/23 nömrəli 250,16 manat, 2023 cü il 22 may tarixli 201/23 nömrəli 129,80 manat.
9. İddiaçı MMC tərəfindən Core Construction” MMC-yə aşağıda qeyd olunan məbləğlər üzrə elektron qaimələr təqdim olunmuşdur: 2023-cü il 12 yanvar tarixli EBCM 684773 nömrəli 1.239 manat, 2023-cü il 21 fevral tarixli EBDA 302509 nömrəli 1.338,12 manat, 2023-cü il 5 aprel tarixli EBDC 956895 nömrəli 1.721,62 manat, 2023-cü il 6 aprel tarixli EBDD 019692 nömrəli 1.154,04 manat, 2023-cü il 5 may tarixli EBCE 450461 nömrəli 384,68 manat, 2023cü il 5 may tarixli EBCG 482462 nömrəli 245,44 manat, 2023-cü il 22 may tarixli EBDG 114084 nömrəli 351,64 manat, 2023-cü il 22 may tarixli EBDG 114307 nömrəli 250,16 manat, 2023-cü il 22 may tarixli EBDG 114536 nömrəli 129,80 manat, 2023-cü il 12 iyun tarixli EBDF 022273 nömrəli 6.146,62 manat.
10. Aşağıda qeyd olun təhvil-təslim aktlarına görə müqavilə üzrə müvafiq məbləğlərdə mal Cavabdeh MMC-yə təhvil verilmişdir: 2022-ci il 6 sentyabr tarixli 25 nömrəli - 6.146,62 manat, 2022-ci il 23 sentyabr tarixli 27 nömrəli - 384,68 manat, 2022-ci il 4 oktyabr tarixli 28 nömrəli - 245,44 manat, 2023-cü il 12 yanvar tarixli 38 nömrəli - 1.239 manat, 2023-cü il 21 fevral tarixli 32 nömrəli - 1.338,12 manat, 2023-cü il 5 aprel tarixli 33 nömrəli - 1.721,62 manat, 2023-cü il 6 aprel tarixli 34 nömrəli - 1.154,04 manat, 2023- cü il 22 may tarixli 35 nömrəli - 351,64 manat, 2023-cü il 22 may tarixli 36 nömrəli - 250,16 manat, 2023-cü il 22 may tarixli 37 nömrəli - 129,80 manat.
11. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 1 sentyabr tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 12.961,12 manat məbləğində mal təhvil verilmiş, malların təhvil verilməsi tərəflər arasında imzalanmış təhvil aktları ilə rəsmiləşdirilmiş, aktlar cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş malların müqabilində cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən yaranmış 12.961,12 manat əsas borc tutu laraq iddiaçıya ödənilməlidir.
12. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehdən əsas borc üzrə əlavə olaraq 4.433,27 manat vəsaitin ödənilməsini tələb etsə də, göstərilən həcmdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir.
13. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzləşmə aktını mötəbər sübut qismində qəbul etməmişdir. Belə ki, 2023-cü il 8 may tarixli 01 nömrəli üzləşmə aktına görə müqavilə üzrə cavabdehin iddiaçıya 10.752,16 manat məbləğində borcu vardır. Üzləşmə aktı cavabdeh tərəfindən Ülvi İsmayılov adlı şəxs tərəfindən imzalanmış, həmin şəxsin cavabdehin qaraj müdiri olması aktda göstərilsə də, həmin şəxsin cavabdehin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən hər hansı sübutu iddiaçı məhkəməyə tə qdim edə bilməyəcəyini məhkəmə iclasında bildirmişdir. Bundan əlavə, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi ikitərəfli aktlarla rəsmiləşdirilmiş, aktlar cavabdeh tərəfindən lazımi qaydada (imzalanıb möhürlənməklə) təsdiq edilmişdir.
14. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, əsas borc üzrə 4.433,27 manat vəsaitin tutulması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir.
15. Bundan başqa, məhkəmə hesab etmişdir ki, göstərilən müqavilə üzrə öhdəliklərin lazımi qaydada cavabdeh tərəfindən icra edilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddiaçı hazırda həmin müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.
16. Belə ki, iddiaçı cavabdehə ünvanladığı pretenziyada (xx.xx.2024-cü il tar ixində cavabdehə çatdırılmışdır) müqavilənin ləğvi ilə bağlı niyyətini ifadə etmişdir. Buna görə də, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S103/2021 saylı müqavilə ləğv edilmiş hesab edilməlidir.
17. Həmçinin, məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
18. Digər tərəfdən məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cə rimə tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 640 manat məbləğində müəyyən edilməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.1, 422.1, 462.1, 467, 567, 598.1, 598.2, 600.1, 600.4-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 121.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 mart tarixli 2-2(103)-325/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – L.Əliyeva, hakimlər – E.Həsənov və Z.Şirinov).
23. Məhkəmə kollegiyası iddianın alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddianın qanuni əsaslarını MM-in 567, 598.1-ci maddələri təşkil edir. İddianın həmin hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 1 sentyabr tarixli alqısatqı müqaviləsiyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 12.961,12 manat məb ləğində mal təhvil verilmiş, malların təhvil verilməsi tərəflər arasında imzalanmış təhvil aktları ilə rəsmiləşdirilmiş, aktlar cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh isə həmin malların müqabilində tərəfindən hər hansı ödəniş edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən sübutların mötəbərliyinin, sənədlərdəki imzaların və möhürlərin həqiqiliyinin yoxlanılmaması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd etmişdir ki, birincisi, iddiaçı tərəfin təqdim etdiyi sübutların mötəbərliyi işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İkincisi, cavabdeh apellyasiya şikayətində yuxarıda göstəril ən dəlili irəli sürsə də, hansı sübutların mötəbərliyini şübhə altına aldığını dəqiq göstərməmiş, eləcə də şübhələrinin əsaslarını izah etməmiş, bununla yanaşı dəlillərdəki qeyri-müəyyənliklər cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatında da aradan qaldırılmamışdır. Bundan əlavə cavabdehin nümayəndəsi verdiyi izahatında iddianın rədd edilməsi barədə mövqeyini ödənilməsi tələb edilən malların əslində təqdim edilməməsi ilə deyil, təqdim edilmiş mallara görə tərəflərindən ödənişlər edilməsi ilə əsaslandırmışdır. Belə olan halda məhkəmə kollegiyası həmin dəlilləri formal və qeyrimüəyyən dəlillər kimi qiymətləndirir.
25. Odur ki, kollegiya hesab etmişdir ki, alqı-satqı müqaviləsinə əsasən təqdim etdiyi malların dəyəri olaraq 12.961,12 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçı nın xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
26. Alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddianın rədd edilmiş hissəsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, iddiaçı təqdim etdiyi mallara görə 4.433,27 manat pul vəsaitinin ödənilməsini tələb etsə də, göstərilən həcmdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iş materiallarına əsasən müəyyən edilir ki, tərəflər arasında mübahisəli alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsinin ikitərəfli aktlar imzalamaqla rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmışdır. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir.
27. İddianın müqavilənin l əğv edilməsi hissəsinə mübasibətdə isə qeyd edilməlmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyərini 1 ildən artıq müddət ərzində ödəməməklə müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda iddiaçının MM-in 421.2-ci maddəsinə əsasən müqavilənin ləğv etmək hüququ yaranmış və iddiaçı cavabdehə ünvanladığı pretenziya məktubunda müqavilənin ləğv edilməsi barədə iradəsini qarşı tərəfə çatdırmışdır. Odur ki, məhkəmə kollegiyası müqavilənin ləğv edilmiş hesab edilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
28. İddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdehin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malları öd əmək öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə (mallar verildikdən sonra 14 gün ərzində) icra etməməsi, yəni həmin öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 640 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 421.2, 442, 443.1, 448.1, 462.1, 467, 567, 598.1-ci maddələrinə və MPM-in 77.1, 119.1, 119.5, 217, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin - iddianın təmin olunan hissədə ləğv, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. MM-in 421 və 422-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normaları düzgün tətbiq etməmişdir. Belə ki, bir tərəfdən məhkəmə tərəflər arasında işgüzar adətlərin formalaşdığını, digər tərəfdən, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu qeyd edir, eyni zamanda da MM-in müqavilənin ləğv edilməsi ilə bağlı olan 421 və 422-ci maddələrini rəhbər tutur. Məhkəmə qanuni əsası mövcud olmadan “müqavilənin ləğv edilmiş hesab edilməsi” tələbini təmin etməklə, səhv nəticəyə gəlmişdir.
32. MM-in 567, 598, 600-cü maddələri üzrə - apellyasiya instansiyas ı məhkəməsi MMin alqı-satqı müqaviləsinə həsr olunmuş bu maddələrini də sadəcə qətnamədə sadalamaqla kifayətlənmiş, heç bir əsas olmadan işgüzar adətləri rəhbər tutmuş və bununla da düzgün nəticəyə gələ bilməmişdir. Mübahisə ilə bağlı qanunun konkret normalarının mövcud olmasına və qətnamədə onlara istinad etməsinə baxmayaraq, məhkəmə mübahisənin mahiyyətinə varmadan işgüzar adətlərə əsaslanmış və iddia təmin edilən hissədə səhv nəticəyə gəlmişdir.
33. MPM-in 14.1, 88, 174.2-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində sübutların tədqiqi mərhələsində cavabdehin iştirakı üçün heç bir şərait yaradılmamasını nəzərdən qaçırmışdır. Belə ki, məhkəmə, cəmi bir neçə dəqiqə davam edən, bir məhkəmə baxışı iclası keçirməklə, tam, obyektiv və hərtərəfli araşdı rma aparılmasına heç bir şərait yaratmamışdır. Məhkəmə, yalnız iddiaçının təqdim etdiyi, mötəbərliliyi şübhə doğuran sənədlər əsasında, əlavə heç bir araşdırma aparmadan, iddia təmin edilən hissədə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almamışdır ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi konkret sənədlərin mötəbərliliyi ilə bağlı mövqeyi məhkəmə iclası zamanı bildirilmiş, lakin apellyasiya instansiyası məhkəməsi bildirilən dəlilləri və vəsatətləri diqqətdən kənarda qoymuşdur. Nəticə etibarı ilə, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasi ya baxışının hədləri
35. Apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yalnız həmin hissədə yoxlanılacaqdır. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya mü qavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqavi ləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.” “Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassas iya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının k obud şəkildə pozulmasına yol verilməmişdir.
40. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.
41. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarş ı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmə dənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış müqavilənin ləğv edilmiş hesab edilməsi barədə gəldiyi nəticə Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur.
43. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə ünvanladığı pretenziyada (xx.xx.2024-cü il tarixində cavabdehə çatdırılmışdır) müqavilənin ləğvi ilə bağlı niyyətini ifadə etmişdir. Məhkəmə də bu halı, yəni müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçının iradə ifadəsinin cava bdehə bildirilməsini əsas götürərək təsbit etmə qaydasında tərəflər arasında bağlanmış müqavilənin ləğv edilmiş hesab edilməsi barədə nəticəyə gəlmişdir.
44. MM-in 567, 598, 600-cü maddələrinin pozulmasına dair qeyd edilir ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
45. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi MM-in 660-cü maddəsinə istinad etməmiş, MM-in 567 və 598.1-ci maddələrini isə qətnamədə sadalamaqla kifayətlənməmiş, həmin maddələri iddia tələblərinin qanuni əsası kimi qeyd etməklə müəyyən etdiyi hallara uyğun tətbiq etmiş və gəldiyi nəticəni MPM-in 220.4-cü maddəsinə uyğun əsaslandırmışdır.
46. Məhkəmənin tərəflər arasındakı işgüzar adətlərə istinad edilməsi isə iddianın qismən təmin edil miş hissəsinə deyil, rədd edilmiş hissəsinə aid olduğundan və mübahisənin həmin hissəsi cavabdehə və hazırki kassasiya icraatının predmetinə aid olmadığından kassasiya şikayətində həmin dəlillərə istinad edilməsi əsassızdır.
47. MPM-in 14.1, 88, 174.2-ci maddələrinin tələblərinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.
48. Belə ki, iş materiallarına əsasən cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, birinci instansiyada gedən prosesdə vəkillə təmsil olunmuş və vəkilə prosessual hüquqlardan istifadə etmək üçün bütün şərait yaradılmışdır.
49. Apellyasiya icraatında da cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, habelə məhkəmə tərəfindən apellyasiya şikayətinin bütün dəlillərinə, o cümlədən iddiaçının təqdim etdiyi sübutların qeyri-mötəbərliyi ilə bağlı dəlillərinə qiymət verilmiş və MPM-in 392.2-ci maddəsinə uyğun qətnamə qəbul edilmişdir.
50. İşin tam və hərtərəfli araşdırılmamsı barədə dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
51. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya in stansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
52. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə dü zgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MP M-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
53. Qeyd olunanlara əsasən m əhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 mart tarixli 22(103)-325/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.