Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-509/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii inhisar subyektlərinin iştirakı ilə mübahisələr, təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının Cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(103)-499/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş k assasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında ***-**-** saylı 2021-ci il 19 yanvar tarixli təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. Cavabdeh tərəfindən iddiaçıya 2023-cü il 11 iyul başlama tarixindən 2023-cü il 13 iyul qurtarma tarixinədək keçirilmiş yoxlama nəticəsində ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur.
3. Cavabdeh tərəfindən sayğacdan kənar qoşulma səbəbinə görə iddiaçının qaz təminatı 2023-cü il 11 iyul tarixli “İstehlakçının qaz təminatının dayandırılması haqqında akt”a əsasən dayandırılmışdır.
4. İddiaçıya 2023-cü ilin iyul ayına 23.598 manat məbləğində borc hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2023-cü i l 13 noyabr tarixində Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən akta əsasən hesablanmış 23.598 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qaz təchizatı ilə bağlı ödənişlər daimi olaraq, quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən ödənilmişdir. 2023-cü ilin avqust ayında heç bir əsas olmadan cavabdeh tərəfindən yoxlama keçirilərkən kənar qoşulma olduğu barədə akt tərtib edilmiş, sonradan cavabdeh tərəfindən iddiaçıya 23.598 manat borc olması barədə qaimə göndərilmişdir. Qeyd olunan dövrdə isə ümumiyyətlə iddiaçı fəaliyyətini dayandırmış və heç bir qaz avadanlığından istifadə etməmişdir. Həmin qaz avadanlıqlarından maksimal istifadə edilsə və ya qanunsuz qoşulma halı olsa b elə, borc məbləği səhv və qanuna zidd qaydada hesablanmışdır. Belə ki, cavabdehin sahə işçiləri hər ayın ilk 10 günü ərzində daimi olaraq əraziyə baxış keçirir, sayğac və təchizat xətlərində qanunsuz qoşulma və nasazlıqların olub-olmamasını yoxlayır. X1 də 4-cü bəndinə əsasən hətta qanunsuz qoşulma müəyyən edilib təsdiqini tapmış olsa da belə 90 gündən artıq qaz avadanlıqlarına sərfiyyat hesablana bilməz. Son 3 illik qaz sərfiyyatına baxıldığı zaman görünür ki, iddiaçı 2020-ci il ərzində 3.446 manat, 2021-ci il ərzində 3.344 manat, 2022-ci ildə 5.588 manat olmuşdur. Pandemiya dövrü olması səbəbindən qeyd olunan illərdə sirkin fəaliyyətinin aktivliyinə uyğun olaraq artan dinamika ilə istehlak edilmiş və dəyəri ödənilmişdir. Artıq 2023-cü ildə iddiaçının fəaliyyətinin nisbətən aktivləşdiyi d övrədə isə 2023-cü ilin 5 ayı ərzində istehlak olunmuş qazın dəyəri 4.565 manat olmuşdur. ******* saylı aktda isə tam qərəzli və yanlış olaraq iddiaçının qaz sərfiyyatının aşağı düşməsindən qazdan qanunsuz istifadə ilə bağlı əsaslı şübhələrin yarandığı qeyd olunmuşdur. Son üç illik ödəniş cədvəlindən qaz sərfiyyatında olan ödəmə məbləğlərinin miqdarının sirkin fəaliyyətinə uyğun olaraq artması mübahisəsiz təsdiqini tapmaqdadır. Cavabdehin nümayəndələrinin qeyd etdiyi qoşulma halı onların özləri tərəfindən hazırlanmış, elə bir qoşulma xəttinin mövcudluğu məlum olmamış, qanunsuz qoşulma barədə də heç bir iqtisadi marağı olmamışdır. Çünki müqavilə üzrə istehlak edilən təbii qazın dəyəri köçürmə yolu ilə edilir, bu kommunal ödənişlər dövlət hesabına həyata keçirilir, qanunsuz qoşulma iddiaçı ü çün hər hansı iqtisadi maraq kəsb edə bilməzdi.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 fevral tarixli e-2-2(113)- 477/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Pirverdiyev).
8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, qanunsuz qoşulma halları aşkar edildikdə cavabdeh tərtib etdiyi aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idi və həmin orqanların və ya məhkəmənin qərarı ilə iddiaçının qazın talanmasında təqsirli olması müəyyən edildikdə cavabdeh vurulmuş zərərin ödənilməsini iddiaçıdan tələb etməlidir. Hazırkı halda isə cavabdeh tərəfindən qanunsuz qoşulma halı aşkar edildikdən sonra bu tələblərə riayət olunma mışdır. Halbuki həmin tələbə əsasən qanunsuz qoşulma halı və qazın talanmasında təqsirli olması yuxarıda qeyd olunan orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda həmin akt əsaslı hesab olunur. Bundan başqa, cavabdeh iddiaçıda qanunsuz qoşulmanı, tərtib edilmiş aktdan və fotoşəkillərdən əlavə heç bir sübutla əsaslandıra bilməmiş və buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 6.5 və 6.5-3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. Ca vabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(103)-499/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması barədə akt tərtib edilsə də, bu halı təsdiq edən inzibati xəta haqqında və ya cinayət iş üzrə qərar qəbul edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz
13. Apellyasiya məhkəməsi qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına və əlavə olaraq MPM-in 81-ci maddəsinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onu ləğv edilməsi, işin təkrar araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. MPM-in 9.1-ci maddəsi üzrə - iddiaçıya məxsu s müəssisədə aşkar olunmuş qazdan qanunsuz istifadə faktı “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərinə riayət edilməklə rəsmiləşdirilmiş, 6.5-4-cü bəndinin tələblərinə əsasən dəymiş ziyan hesablanmış, aktın nüsxəsi iddiaçıya təqdim olunmuşdur. İddiaçı tərəfindən 2023-cü il 11 iyul tarixli akt məhkəmə qaydasında mübahisələndirildiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir. İddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə edilməsi tərtib edilmiş akt, foto və video çəkilişləri ilə tam sübut olunmuşdur, lakin məhkəmə həmin sübutları əsaslı hesab etməmişdir.
16. MPM-in 88-ci maddəsi üzrə - Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Qaydalar ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tər əfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı Müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqısatqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Aşağı instansiya məhkəmələri iş üzrə olan sübutları araşdırmadan 23.598 manat borcun silinməsi barədə qətnamə qəbul etmişdi lər. Belə hallar isə istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına zəmin yaratmış və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
18. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahi sələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Qazın pаylаnmаsı, satılması və qazın v erilməsinin dayandırılması... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəy yən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir....”
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcı sı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.... 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır....”
22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya in stansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
24. İstehlakçı (abonent) tərəfindən qaz sayğacına müdaxilə, qaz şəbəkəsinə qanunsuz qoşulma istənilən halda qazın qanunsuz tala nması məqsədini daşıyır. Buna səbəbdən də talanan qazın həcmindən asılı olaraq həmin əməlin törədilməsinə görə qanunla inzibati və ya cinayət məsuliyyəti müəyyən edilmişdir.
25. Bu baxımdan, sözügedən əməlin törədilməsində təqsirli bilinən şəxsin təqsirini müəyyən etmək müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətini tətbiq etmək səlahiyyətinə malik olan dövlət orqanlarının, yaxud məhkəmənin müvafiq qərarları olmadan qeyri mümkündür.
26. Bu səbəbdəndir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin (bax § 20) və müvafiq olaraq “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (bax § 21) tələblərinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
27. Göründüyü kimi, istehlakçı (abonent) tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdehin əməkdaşları t ərəfindən görülməli olan tədbirlərin ardıcıllığını qanunvericilik dəqiq müəyyən etmiş və həmin ardıcıllığa riayət olunmamasına əsas verən hər hansı istisna nəzərdə tutmamışdır.
28. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, cavabdeh həmin ardıcıllığa riayət etmədən, yəni aşkar olunduğu bildirilən qanunsuzluq faktı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq, əvvəlcə Energetika Nazirliyinə və ya cinayət təqibi orqanına müraciət etmədən və iddiaçının qazın talanmasında təqsirli olması həmin orqanların, yaxud da məhkəmənin qərarı ilə müəyyən edilmədən, birbaşa iddiaçıya borc hesablamışdır.
29. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya hesablanmış mübahisəli borcun heç bir hüquqi əsası yoxdur, ona görə də apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı əsas da mövcud deyildir.
30. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 22) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 22) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
31. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(103)-499/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(103)-499/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.