Məhkəmə qərarları › İş №2-2(102)-512/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-512/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-512/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Məhdud Məsuliyyət Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı iş üzrə QƏRAR 2-2(102)-512/2023 Açar sözlər: borcun tutulması, alqı-satqı müqaviləsi, öhdəliklərin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu sədrliyi və məruzəsi, hakimlər X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-523/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfi ndən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında bağlanmış 2020-ci il 17 fevral tarixli M/162020 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də qeyd edilən texniki göstəricilərə (bundan sonra “Spesifikasiyaya” adlanacaq) uyğun keçi südünü alıcıya satmağı, alıcı isə qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür.

2. Həmin Müqavilənin: - 1.2-ci bəndinə görə südün hər litrinin qiyməti 2 manat müəyyən edilir. 1.3-cü bəndə əsasən altı ay ərzində tədarük ediləcək südün cəmi həcmi 96.000 litr təşkil etməlidir. - 1.4-cü bəndinə görə bu müqavilənin ümumi məbləği 192.000 manat təşkil edir. - 2.11-ci bəndinə görə alıcı südü keyfiyyət və həcm param etrlərinə uyğun hesab edərək qəbul etdikdən sonra, satıcının bu müqavilə üzrə öhdəlikləri bitmiş hesab olunur. - 3.1.1-ci bəndinə görə satıcı alıcını südlə təmin edir və alıcı tərəfindən verilmiş sifariş, təklif və tövsiyələri yerinə yetirir. - 3.1.2-ci bəndinə görə satıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. - 3.2.3-cü bəndinə görə alıcı bu müqavilə ilə nəzərdə tutulmuş qiymətlərə və ödəniş qaydalarına uyğun olaraq südün dəyərini müqavilənin şərtlərinə uyğun ödəyir. - 4.1-ci bəndinə görə bu müqavilə qüvvəyə mindikdən sonra alıcı satıcıya müqavilənin 1.4-cü bəndində qeyd edilən məbləğdən 106.000 manat avans olaraq ödəməyi öhdəsinə götürür. Qalan 86.000 manat məbləğ aylıq tədarük edilən südün həcminə mütənasib olaraq hər növbəti ayın 10-a qədər ödəniləcəkdir. - 5.1-ci bəndinə görə tərəflər bu Müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri Müqavilə imzalandıqdan sonra tərəflərin qabaqcadan bilməsi və qarşısını alması mümkün olmayan qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yerinə yetirmədikdə onlar həmin öhdəlikləri yerinə yetirməkdən tamamilə yaxud qismən azad edilirlər. - 5.3-cü bəndinə görə qarşısıalınmaz qüvvə kimi aşağıdakı fövqəladə xarakterli hadisələr başa düşülür: təbii fəlakətlər (zəlzələ, daşqın və s.), yanğın, hərbi hadisələr eləcə də tətil, hökumət qərarları və ya dövlət orqanlarının sərəncamları. - 7.1-ci bəndinə görə müqaviləyə əsasən öhdəliklər yerinə yetirilmədikdə, tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyy ət daşıyırlar. - 10.1-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. - 10.2-ci bəndinə görə bu müqavilənin müddətinin bitməsinə 10 gün qaldıqda tərəflərdən biri digərinə Müqavilənin ləğv, əlavə və dəyişikliklərin edilməsinə dair yazılı bildiriş vermədiyi halda Müqavilənin müddəti növbəti 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 3. 2020-ci il 24 fevral tarixli ******* nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 106.000 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına ödənilmişdir. 4. 2022-ci il 29 noyabr tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 2020-ci il 17 fevral tarixli M/162020 saylı müqavilə üzrə İddiaçı MMC-yə 106.000 manat borcu v ardır. 5. 2022-ci il 15 dekabr tarixli cərimə məbləğinin hesablanması barədə arayışa (cədvələ) əsasən Cavabdeh MMC-nin 2020-ci il 17 fevral tarixli M/162020 saylı müqavilə üzrə 2020-ci il 1 aprel tarixdən 2022-ci il 15 dekabr tarixinə qədər Mərkəzi Bankın faiz uçot dərəcəsi əsas götürülərək hesablanmış faiz məbləği 20.026,01 manat təşkil edir.

6. İddiaçı MMC pretenziya ilə Cavabdeh MMC-yə müraciət edərək, 106.000 manat məbləğində pulun 5 iş günü ərzində onlara ödənilməsinin təmin edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir.

7. Cavabdeh MMC (alıcı) ilə X6 (satıcı) arasında bağlanmış 2020-ci il 29 yanvar tarixli 20202901-001 saylı alqı-satqı müqaviləsinə görə satıcı – “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəal iyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş qaydalara əsasən, cins damazlıq heyvanları yerli istehsal olduqda qiymətləndirilən, idxal heyvan olduqda isə gömrük dəyərinə 60% həcmində güzəşt tətbiq etməklə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların alıcıya satılmasını, alıcı isə həmin heyvanların bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür.

8. Həmin Müqavilənin: - 1.2-ci bəndinə görə heyvanların qəbul edilməsi dəyəri tam ödənildikdən sonra satıcı və alıcı tərəfindən imzalanmış qəbul aktı ilə rəsmiləşdirilir. - 1.3-cü bəndinə görə bu müqavilənin 1.2-ci bəndində g östərilən qəbul aktı imzalandıqdan sonra heyvanlar alıcı tərəfindən qəbul edilmiş hesab edilir. - 2.1-ci bəndinə görə bu müqavilənin predmeti olan 1 baş Cavabdeh cinsli damazlıq keçilərin dəyəri 510 manat təşkil edir. Alıcı heyvanların 1 baş dişisinə görə 204 manat qalıq dəyərini əvvəlcədən ödəyir və qəbul edir. 9. 2020-ci il 29 yanvar tarixli 20202901-001 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən 225 damazlıq heyvan cinsi olan 1 baş Cavabdeh adlı keçinin (dişi) satış dəyəri 510 manat, ümumi məbləğ 114.750 manat, hesablanmış güzəşt dəyəri 306 manat və qalıq dəyəri 204 manat müəyyən edilmişdir. 10. 2020-ci il 17 aprel tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 68.439 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən X4 "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmiş dir.

11. Kreditor tələblərinin qeydiyyatı barədə 2020-ci il 18 may tarixli 0174 nömrəli qəbzə əsasən müəyyən edilir ki, kreditor X4 ləğv prosesində olan "xxxx" ASC qarşısında 60.457,20 manat məbləğdə kreditor tələbi qeydə alınmışdır. 12. 2021-ci il 3 dekabr tarixli akta əsasən müəyyən edilir ki, İmişli rayonu Əliqullar kəndi ərazisində yerləşən Cavabdeh MMC-nin keçi təsərrüfatında 2021-ci il 17 avqust tarixində təsərrüfatda olan keçilərdən brüselyoz xəstəliyinin aşkar etmək üçün götürülən qan nümunələrinin laborator müayinəsi nəticələrinə əsasən 88 baş qan nümunəsi müsbət nəticə vermişdir. Təsərrüfatda olan 101 baş heyvandan 84 baş heyvan tələf olmuş, 17 baş heyvan isə təsərrüfatda aşağı köklükdə qalmışdır. Ölmüş heyvanlar X1 verdiyi izahata əsasən yem olmadığına və düzgün qidalanmadığına görə tələf olmuşdur. Tələf olunmuş heyvanlar təsərrüfatdan kənar ərazidə yandırılaraq dərin basdırılmışdır. Yerdə qalan 17 baş keçi Ağcabədi rayonu ərazisində kəsim məntəqəsinə aparılaraq baytar müfəttişlərinin nəzarəti altında kəsilərək zərərsizləşdirilmişdir. 13. 2021-ci il 3 dekabr tarixli akta əsasən müəyyən edilir ki, 2021-ci il 3 dekabr tarixində İmişli rayonu ərazisində yerləşən Cavabdeh MMC-yə məxsus keçi təsərrüfatında brüselyoz xəstəliyinin bakteriyası aşkar edilmiş 17 baş keçi Ağcabədi rayonu ərazisində kəsim məntəqəsinə aparılaraq Ucar RB-nın baytar müfəttişlərinin nəzarəti altında kəsilərək zərərsizləşdirilmişdir. Kəsilmiş heyvanlar kəsim məntəqəsi üçün ayrılmış xüsusi ərazidə yandırılaraq basdırılmışdır. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəm əsindəki icraat

14. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən avans olaraq ödənilmiş 106.000 manat, bank uçot dərəcəsi ilə 20.026 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, ümumilikdə 126.426 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 17 fevral tarixli M/162020 saylı müqaviləyə əsasən cavabdeh istehsal etdiyi keçi südünü iddiaçıya satmağı, iddiaçı isə öz növbəsində həmin südü qəbul edib tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 192.000 manat razılaşdırılmışdır. Həmin Müqavil ənin 4.1-ci bəndinə müvafiq olaraq müqavilə qüvvəyə mindikdən sonra iddiaçı tərəfindən müqavilənin ümumi məbləğindən 106.000 manat avans cavabdehin hesabına köçürülsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirildiyi gündən uzun müddət keçməsinə baxmayaraq nə süd tədarük edilmiş, nə də ödənilmiş vəsait geri qaytarılmışdır. Ödənilmiş avans məbləğinin geri qaytarılması ilə əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (sonuncu xəbərdarlıq (Pretenziya) 2022-ci il 31 oktyabr tarixində təqdim edilmişdir), cavabdeh bu günə kimi heç bir ödəniş etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən südün tədarükü 2020-ci il 1 aprel tarixindən həyata keçirilməli idi. 2022-ci il 15 fevral tarixinə qədər müvafiq ayların bank uçot dərəcələrini nəzərə alındıqda borc məbləğinin bank uçot dərəcəsi 20.026 manat təşkil edir. Həmçinin, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına görə 400 manat ödəniş edilmişdir. Beləliklə, cavabdehin ümumi borcu 126.426 manat təşkil etmişdir.

16. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1,385.2, 386.1, 387.2, 389, 390.1, 427.3, 442, 443.10, 448, 449, 600-cü, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddələrinə istinad edilmişdir.

17. İddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

18. Cavabdehin nümayəndəsi izahatında iddiaçı tərəfindən onlara 106.000 manat məbləğində pul vəsaitinin köçürülməsi və bunun müqabilində keçi süd ünün verilməməsi faktlarını təsdiq etmiş, lakin iddiaçının qabaqcadan ödənişin bir hissəsini, yəni 60.000 manat məbləği "xxxx" ASC-yə köçürdüyünü, bankın müflis elan edildiyini və həmin vəsaitin hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda olduğunu və bu barədə sənədləri təqdim edəcəyini əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 mart tarixli e-2-2(113)-578/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 106.000 manat və mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 16,03 manat məbləğində dövlət rüsumunun kəsirinin tutularaq dövlət büdcəsinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

20. Birin ci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı MMC ilə cavabdeh arasında 2020-ci il 17 fevral tarixli M/162020 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, avans olaraq 106.000 manat məbləğdə pul vəsaitini cavabdehin hesabına köçürmüş, lakin cavabdeh hal-hazıradək aldığı avansın müqabilində keçi südünü iddiaçıya təqdim etməmişdir. Odur ki, iddiaçı MM-in 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir.

21. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaya etirazında istinad etdiyi hallar (keçiləri almaq üçün Fariz Quliyev adlı şəxsə etdiyi ödənişin bir hissəsinin ləğv prosesində olan b ankda qalması, aldığı heyvanların məhv olması və s.) onun risk dairəsinə daxil olan hallar olmaqla sonuncunu müqavilə üzrə öhdəliklərin icra edilməsindən azad etmir. Avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. Odur ki, behdən fərqli alaraq avans məbləği qarşı tərəfin müqavilə üzrə öhdəliklərini icra edilmədiyi bütün hallarda, yəni öhdəliklərin icra edilməməsində avansı almış tərəfin təqsirinin olub-olmamasından asılı olmayaraq geri qaytarılmalıdır.

22. Pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi ilə hesablanmış 20.026 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbinə münasibətdə isə qeyd edilmişdir ki, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı MM-in 449.1-ci ma ddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən MM-in 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin qaytarmaqdan boyun qaçırdığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin tələb edildiyi zaman qaytarmadığı pul məbləğinə MM-in 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir.

23. Eyni zamanda, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən faizlərin tutulması üçün də əsaslar mövcud deyildir. Belə ki, həmin maddəyə görə faizlər borclu tərəfindən pul öhdəliyinin icra edilməsinin gecikdirildiyi halda tutula bilər. Hazırkı halda isə cavab deh müqavilə üzrə pulun ödənilməsi öhdəliyini deyil, alqı-satqı müqaviləsi üzrə əşyanın alıcının mülkiyyətinə vermək öhdəliyini pozmuşdur.

24. Məhkəmə xərcləri ilə bağlı qeyd edilmişdir ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 416,03 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan, iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

25. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilm iş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 350 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda cavabdehdən 16,03 manat məbləğində dövlət rüsumunun kəsiri tutularaq dövlət büdcəsinə ödənilməlidir.

26. Məhkəmə öz mövqeyini MM-in 445.7, 448.1, 449.1, 567, 599.1, 599.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci inst ansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-523/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər– R.Qurbanov və A.Hüseyn).

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, cavabdeh ilə hazırda adı "xxxx" MMC olan iddiaçı arasında 2020-ci il 17 fevral tarixli M/162020 saylı alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh iddiaçıya cəmi 96.000 litr keçi südü satmağı öhdəsinə götürmüş, iddiaçı tərəfindən cavabdehə 106.000 manat məbləğində avans ödənilmiş, lakin süd satıcı tərəfindən təhvil verilməmişdir.

30. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin əsas dəlili bundan ibarət olmuşdur ki, süd məhsulunun iddiaçıya təqdim edilməməsində satıcının təqsiri olmadığından öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımır.

31. Məhkəmə cavabdehin iddiaya etirazı ilə bağlı təqdim etdiyi sübutlarla bağlı qeyd etmişdir ki, cavabdehin xırda buynuzlu heyvanları satın almaq üçün X4 "xxxx" ASC-də olan hesabına ödədiyi məbləği bank ləğv edildiyi üçün sonuncunun əldə edə bilməməsinin hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. İddiaçıya məxsus təsərrüfatda xəstəliyə tutulmuş heyvanların məhv edilmə si barədə təqdim edilmiş 2021-ci il 3 dekabr tarixli aktların üzərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və ya Baytarlıq İdarəsinin möhürü olmadığından həmin aktların mötəbərliyi şübhə doğurur.

32. Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, ona məxsus heyvanların xəstələnərək tələf olması satıcının risk dairəsinə aid hal olduğundan, təqsirinin olub-olmamasından asılı olmayaraq alıcı qarşısında öhdəliyin icrasından azad etmədiyi üçün MM-in 599.3-cü maddəsinə əsasən ödənilmiş avans məbləğinin qaytarılması təmin edilməlidir.

33. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində nəzərdə tutulur ki, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri müqavilə imzalandıqdan sonra tərəflərin qabaqcadan bilməsi və qarşısını alması mümkün olmayan qarşıs ıalınmaz qüvvənin təsiri nəticəsində yerinə yetirmədikdə onlar həmin öhdəlikləri yerinə yetirməkdən tamamilə və qismən azad edilir. Xırdabuynuzlu heyvanların xəstələnməsi ehtimalı satıcının əvvəlcədən görməli olduğu hal olduğundan qarşısıalınmaz qüvvə hesab edilmədiyi və onun öhdəliyini xitam etmədiyi üçün öhdəliyi icra etməmiş satıcı alqı-satqı müqaviləsi üzrə alıcıya avans ödənişini geri qaytarmağa borcludur.

34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 448.1, 567, 599.1, 599.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. Həmin qətnamə 2023-cü il 6 iyun tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

36. Cavabdeh 2023-cü il 4 avqust tarixində kassasiya şikayəti verməklə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103) 523/2023 saylı qətnaməsinin tamamilə ləğvi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

37. MPM-in 9.1, 9.3, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflər arasında olan razılaşmaya əsasən, cavabdehin müqavilədə nəzərdə tutulmuş qaydada süd məhsullarını satması üçün iddiaçının avans olaraq ödədiyi 106.000 manat məbləğində pulla cins damazlıq heyvanlar alınmalı, yəni südün təmin edilməsi üçün heyvanların sayı artırılmalı idi. Buna görə də, cavabdeh ilə X6 arasında cins damazlıq heyvanların alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İddiaçı tərəfindən cavabdehin "xxxx" ASC-dəki bank hesabına 106.000 manat göndərilmişdir. Həmin 106.000 manatın 68.439 manatı cins damazlıq heyvanların alqı-satqısı məqsədi ilə X4 "xxxx" ASC-də olan bank hesabına göndərilmişdir (Qeyd olunan hallar iddiaçının nümayəndəsi tərəfindən 2023-cü il 23 yanvar tarixdə məhkəmədə etiraf edilərək qəbul olunmuşdur. Həmin etiraf məhkəmə iclaslarının və prosessual hərəkətlərin videoyazısında öz əksini tapmışdır). Lakin "xxxx" ASC ləğv olunduğu üçün hazıradək X6 həmin məbləği əldə edə bilməmişdir. Hətta həmin pulun əldə edilməsi üçün F.Quliyev tərəfindən cavabdehin direktoruna etibarnamə verilmişdir. Yəni iddiaçının geri tələb etdiyi 106.000 manatın 68.439 manatı hazırda ləğv olunan "xxxx" ASC tərəfindən geri qaytarılmamışdır. 68.439 manat məbləğində pulun "xxxx" ASC tərəfindən geri ödənilmədiyini təsdiqləyən qəbzin surəti məhkəməyə təqdim edilmişdir. Bundan başqa, məhkəməyə tə qdim edilmiş aktların surətindən də göründüyü kimi cavabdehin nağd şəkildə 37.561 manat ödəyərək X3 aldığı xırda buynuzlu heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhv edilmişdir. Buna dair akt və izahatlar vəsatətlə məhkəməyə təqdim edilmişdir. Yəni yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh qəsdən və ya ehtiyatsızlıqdan iddiaçıya zərər vurmamış, öhdəlikdən qəsdən yayınmamışdır. "xxxx" ASC ləğv prosesində olduğu, digər heyvanlar da AQTA tərəfindən məhv edildiyi üçün cavabdeh müqavilə üzrə öhədəliklərini həyata keçirə bilməmişdir. Lakin məhkəmə qeyd olunan xüsusatları nəzərə almamışdır. Məhkəmə qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verilmiş izahatlarla, sənədlərlə əsaslandırmamış və mülki prosessual qanunvericiliyin tələblərini poz muşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə hazırlıq iclasında cavabdehin direktoru Qanuni nümayəndə iştirak etmişdir və 106.000 manat borcun olduğunu etiraf etmişdir. 106.000 manat borc məbləğinin ödənilməmə səbəbini belə izah etmişdir ki, məbləğin bir hissəsini damazlıq heyvanların alqı-satqısı məqsədi ilə satıcının "xxxx" ASC-də olan bank hesabına köçürmüş, lakin "xxxx" ASC ləğv olunduğundan həmin məbləği geri ala bilməmişdir. Borc məbləğinin digər hissəsini isə nağd şəkildə satıcıya ödəmişdir. Sonradan aldıqları həmin damazlıq heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhv edilmişdir. Bildirilir ki, xəstəliyə tutulmuş heyvanların məhv edilməsi barədə t əqdim edilmiş 2021-ci il 3 dekabr tarixli aktların üzərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və ya Baytarlıq İdarəsinin möhürü olmadığından həmin aktların mötəbərliyi şübhə doğurur. Birinci instansiya məhkəməsində bir neçə baxış iclası keçirilmişdir, lakin cavabdehin nümayəndəsi qismində iştirak edən vəkil bir dəfə məhkəmə iclasına gələrək müvafiq sənədlər təqdim edəcəyini bildirmiş, nəticədə izahatlar və saxta məhvetmə sənədləri təqdim etmişdir.

39. Cavabdehin direktoru Qanuni nümayəndə müqavilə bağlanarkən 2020-ci il 17 fevral tarixdə iddiaçının müəssisəsinə gələrək rəhbərliyi inandırmışdır ki, xırda buynuzlu heyvanlar 3 gündür ki, xaricdən gəlib və gömrükdə qalıb, heyvanları tez bir zamanda götürmək lazımdır. İddiaçı hesab edir ki, cavabdehin şikayətində qeyd etdiyi “faktları n” iddiaçı tərəfindən təqdim edilən iddiaya heç bir aidiyyatı yoxdur. Cavabdeh 2020-ci il 17 fevral tarixli M/162020 saylı Müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, ona ödənilən 106.000 manat vəsaitin sanki hara xərclədiyinin hesabatını təqdim edir və bununla məsuliyyətdən yayınmağa çalışır. Qeyd edilir ki, cavabdehin təqdim etdiyi izahatlar və digər "sənədlər” 2021-ci ildə baş vermiş hadisələrə aiddir. Halbuki, 106.000 manat 2020-ci il 24 fevral tarixdə cavabdehin hesabına köçürülmüşdür və Müqavilənin 2.2ci bəndinə əsasən, südün tədarükü 2020-ci il 1 aprel tarixindən başlayaraq həyata keçirilməli idi.

40. İddiaçının nümayəndəsi məhkəmə iclasında da bildirmişdir ki, məbləğin bir hissəsinin "xxxx"da olması cavabdehi məsuliyyətdən azad etmir. Cavabdeh X5 qar şı iddia qaldıraraq vurulan ziyanı tələb etmək əvəzinə, üç ildən artıqdır iddiaçıdan aldığı vəsaiti geri qaytarmaqdan boyun qaçırır. İddiaçı hesab edir ki, cavabdehin rəhbərliyi 2020-ci il 17 fevral tarixində iddiaçının rəhbərliyinə yalan məlumat verərək və rəhbərliyin inamını qazanaraq 106.000 manat pul vəsaiti əldə etmişdir və geri qaytarmalıdır. IV.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

44. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavil ə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşya nı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”

45. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar la, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli, 22(103)-523/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

47. Kassasiya şikayətinin dəlilləri belə olmuşdur ki, cavabdeh qəsdən və ya ehtiyatsızlıq dan iddiaçıya zərər vurmamış, öhdəlikdən qəsdən yayınmamış, "xxxx" ASC ləğv prosesində olduğu, digər heyvanlar da AQTA tərəfindən məhv edildiyi üçün cavabdeh müqavilə üzrə öhədəliklərini həyata keçirə bilməmiş, lakin məhkəmə qeyd olunan xüsusatları nəzərə almamışdır.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı avans olaraq 106.000 manat məbləğdə vəsaiti cavabdehin hesabına köçürsə də, cavabdeh avansın müqabilində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, avansı da geri qaytarmamışdır.

49. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq vurğulayır ki, iddiaçının avans kimi ödədiyi vəsaitin ləğv prosesində olan bankda qalması, alınan heyvanların məhv olması onun risk dairəsinə daxil olan hallar olmaqla müqavilə üzrə öhdəliklərin icrasından azad edə bilməzdi. Avans verilmiş öhdəliklər icra edilmədikdə avansı vermiş tərəf onu tələb etməkdə haqlıdır. Bununla yanaşı, iddiaçıya məxsus təsərrüfatda xəstəliyə tutulmuş heyvanların məhv edilməsi barədə təqdim edilmiş 2021-ci il 3 dekabr tarixli aktların üzərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və ya Baytarlıq İdarəsinin möhürünün olması aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş və apellyasiya məhkəməsi haqlı olaraq həmin aktların mötəbərliyinə şübhə ilə yanaşmışdır.

50. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslı olmuş, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətlərinin dəlilləri isə əsassız olmuşdur.

51. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə səbəb ola biləcək prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

52. Məhkəmə kollegiyası iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillərinə yuxarıda göstərilən qaydada qiymət verildiyindən etirazın dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxmışdır.

53. Beləliklə, apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət verib düzgün nəticəyə gəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli, 2-2(103)-523/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

54. Şərh ol unanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli, 2-2(103)-523/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar