Məhkəmə qərarları › İş №2-2(102)-535/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-535/2025

05.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-535/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maye qaz vaqon çənlərinin qaytarılması tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 aprel tarixli, 22(108)-7/ 2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 1999-cu il 23 avqust tarixli, 57/2 saylı məktubda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda fəaliyyət göstərən müstəqil "xxxx" kiçik müəssisəsinin direktoru Nümayəndə2 15 saylı 1999-cu il 5 avqust tarixli məktubla Azərbaycan Dövlət Dəmir yolu rəhbərliyinə müraciət edərək Muxtar Respublikada əhalinin təbii qazla təmin olunmasına kömək göstərmək məqsədi ilə altı ədəd istismardan silinmiş qaz sisternalarının onlara verilməsini xahiş etmiş, yol rəhbərliyi bu işə müsbət rəyini bildirərək həmin müəssisəyə Muxtar Respublikanın ərazisində olan invertardan silinmiş 6 ədəd qaz vaqonlarının qoyulmuş qayda üzrə verilməsinə etiraz etməmişdir. 2. 1999 -cu il 20 sentyabr tarixli, V-407/5 saylı məktubda qeyd olunmuşdur ki, Culfa stansiyasında dayanan 57603235, 57605420, 57608259, 57626007, 57604423 və 57603367 nömrəli vaqonlar V4-10 aktı ilə 533 saylı 1999-cu il 24 avqust tarixli teleqrama ilə invertardan silinmiş və müəssisənin 15 saylı 1999-cu il 5 avqust tarixli məktubu əsasında yol rəhbərliyinin 57-2 saylı 1999-cu il 23 avqust tarixli məktubu ilə "xxxx" kiçik müəssisəsinə qoyulmuş qayda üzrə satılmışdır. 3. 1999-cu il 28 oktyabr tarixli, 16 saylı kassa mədaxil orderinə əsasən, dəyəri 7.200.000 manat olan 6 ədəd maye qaz vaqonun çəninin pulu Nümayəndə2 tərəfindən ödənilmişdir. 4. 2000-ci il 29 aprel tarixli qaiməyə əsasən dəyəri 7.200.000 manat olan istismardan silinmiş 6 ədəd maye qaz balonu Culfa Rayonu Dəmir yollarından "xxxx" kiçik müəssisəsinin direktoru Nümayəndə2 təqdim edilmişdir. 5. 2009-cu il 29 mart tarixli tələbnaməyə əsasən, bir ədədi 1.200.000 manat olmaqla ümumilikdə dəyəri 7.200.000 manat olan 6 ədəd maye qaz vaqonun çəni "xxxx" kiçik müəssisəsi tərəfindən tələb edilmişdir.

6. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin 2000-ci il 2 noyabr tarixli, 375 saylı sərəncamına əsasən, Azərbaycan Dövlət Dəmir yolu X2 deposunun satınaldığı, ümumi dəyəri 7.200.000 manat olan 6 ədəd maye qaz vaqon çəninə dair "xxxx"kiçik müəssisəsinin rüsum haqqı ödənilməklə “Mülkiyyət haqqında” şəhadətnamə verilməsinə dair sərəncam verilmişdir.

7. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş, mülkiyyət hüququ haqqında 0052 saylı şəhadətnaməyə əsasən, 6 ədəd maye qaz vaqonları çəni "xxxx" kiç ik müəssisəsinin xüsusi mülkiyyətindədir və 2000-ci il 2 noyabr tarixdə, 2 saylı reyester kitabının, 15-ci səhifəsində, 52 sayla qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı "xxxx" kiçik müəssisəsi (bundan sonra-“iddiaçı”) cavabdeh “X1” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olmuş iddiaçı tərəfindən satın alınmış 6 ədəd maye qaz vaqon çəninin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 6 ədəd maye qaz vaqon çənləri Azərbaycan Respublikası Prezidentinin qeyri-dövlət hüquqi şəxslərinin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında 1997-ci il 23 iyun tarixli, 502 saylı fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Dəmir yolu X2 Deposunun əmri ilə iddiaçı tərəfindən satın alınmış, adına mülkiyyət haqqında şəhadətnamə verilmişdir. həmin 6 ədəd maye qaz vaqon çəninin hal-hazırda cavabdehin nəzdindədir, ona heç bir kompensasiya ödənilməmiş, nəticədə ona həm maddi həm mənəvi ziyan dəymişdir. Bununla bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdehin 2024-cü il 2 fevral tarixli 13-1-10/2-B-342/2-8/2024 nömrəli cavab məktubunda 6 ədəd maye qaz vaqon çəninin 2000-ci illərdə cavabdehdən satın alınmasına dair məlumat, əmr eləcə də göstəriş və yaxud aktın mövcud olmadığı bildirilmişdir. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur.

10. İddiaçının nümayəndəsi Nümayəndə2 keçirilən məhkəmə iclaslarında verdiyi izahatlarında qeyd etmişdir ki, Naxçıvana qaz boru xətti çəkildikdən sonra maye-qaz vaqon çənlərinin istifadəsinə ehtiyac qalmamış, bu əsasla vaqon çənləri Culfa deposunda saxlamışdır. Vaqon çənlərlə bağlı sonradan müraciət etdiyində ona “sizin vaqonlarınız mövcud deyil, o çənlər doğranıldı” deyilmiş, cavabdehdən öz çənlərini tələb etmək üçün ərizə ilə müraciət etmiş, "o vaxt 1200 ədəd çən Culfada doğranılıb, sənin 6 ədəd çənin də onların içində doğranılıb”, "əvəzetmə yolu ilə 6 ədəd çəni sizə verə bilərik” deyə bildirilmişdir.

11. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli, e-2-2(123)-416/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – E.Salmanov).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçının tələb etdiyi 6 ədəd may e-qaz vaqon çəninin onun xüsusi mülkiyyəti olması işin mübahisə edilməyən halıdır. Cavabdehin nümayəndəsi izahatında bunun mübahisəli əşyaların cavabdeh təşkilatda olduğuna dəlalət etmədiyini, həmin 6 ədəd maye-qaz vaqon çəninin hazırda onlarda olduğuna dair heç bir sübut olmadığını qeyd etmişdir.

13. Məhkəmə bu hala münasibətdə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırda həmin vaqon çənlərin dəmir yolu olmadan hərəkət edə bilməyəcəyini əsas götürərək onların cavabdeh tərəfdə olmadığına dair etirazın sübut edilməsi ilə bağlı sübutetmə yükü cavabdeh tərəfin üzərindədir. Lakin cavabdeh tərəf 6 ədəd maye-qaz vaqon çəninin onlarda olmadığını təsdiq edəcək mötəbər sübutları məh kəməyə təqdim etməmişdir. Hamıya bəlli olan faktdır ki, həmin vaqonların dəmir yolu olmadan başqa vasitə ilə hərəkət etməsi qeyri-mümkündür. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 152.1, 157.1, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may və 2020-ci il 14 iyul tarixli qərarlarına, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 9.1, 14. 2, 76.1, 76.2, 77.1, 81, 82.1, 88, 107, 108.1- 108.1.1, 119.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

16. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 16 aprel tarixli, 2-2(108)-7/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir (sədrlik edən hakim – S.Bəylərli, hakimlər Ə.Allahverdiyev, V.Quliyev).

17. Apellyasiya instansiyası məhkəməsi gəldi yi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və bu iddia maddi-hüquqi mənada vindikasiya (lat. Vindicatio-“iddia edirəm, tələb edirəm” mənasındadır, mülkiyyət hüququnun müdafiə edilməsi üsulu) iddiasıdır. Məlumdur ki, vindikasiya iddiasında iddiaçı dedikdə, əşya üzərində sahibliyi itirən mülkiyyətçi, cavabdeh dedikdə, əşyaya qanunsuz sahibliyi həyata keçirən, faktiki olaraq əşyaya sahiblik edən şəxs başa düşülür. Bu iddianın obyektini yalnız fərdi əlamətləri müəyyən edilən əşya, predmetini əşyanın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını nəzərdə tutan maddi-hüquqi tələb təşkil edir. Əgər vindikasıyanın predmeti maddi-hüquqi tələbin özüdürsə, obyekti bu tələbin yönəldiyi əşyadır. Əşyanın özü yoxdursa, maddi-hüquqi tələb də yoxdur. Yəni özgənin qanunsuz sahibliyində olan əşyanın mövcud olmaması vindikasıyanın predmetini – maddi-hüquqi tələbi istisna edir.

18. Məhkəmə apellyasiya şikayətinin “iddiaçının mübahisəli əmlakın cavabdehdə olmasına və ya saxlandığına dair heç bir sübut təqdim etməməsi və öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçının iddiasını təmin etməklə MPM-in 77.1-ci maddəsinin tələblərini pozması” dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddiasını təmin edərkən birinci instansiya məhkəməsi “6 ədəd maye-qaz vaqon çəninin dəmir yolu olmadan hərəkət edə bilməyəcəyini əsas götürərək onların cavabdeh tərəfdə olmadığına dair etirazın sübut edilməsi ilə bağlı sübutetmə yükünün cavabdeh tərəfin üzərin də olmasına” istinad etsə də, qeyd edilən hallarla bağlı sübutetmə yükü mülki prosessual qanunverciliyin tələbləri baxımından iddiaçının üzərində olmuşdur.

19. İddiaçı tərəfindən belə sübutların- tərəflər arasında vaqon çənlərin saxlanmasına dair müqavilə və ya qeyri-rəsmi saxlamanı təsdiq edən digər sübutedici sənədlərin (faktiki verilmə, əmlakın cavabdeh tərəfindən qəbul edilməsi, onun mühafizə öhdəliyinin mövcudluğu, razılaşma, yazışmalar və s.) təqdim edilməsi və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbinə uyğun qiymət verilməsi iş materiallarında müəyyən olunmur. Tərəflərin izahatlarından, məhkəmə iclasının yerində baxış keçirilməsinə dair hissəsindən və digər sübutlardan aydın olur ki, tələb edilən 6 ədəd vaqon çən mövcud deyil və ya onların konkret yerləşdiyi yer məlum d eyil, yəni həmin vaqon çənlərin cavabdehin faktiki sahibliyində olması müəyyən edilmir.

20. Bundan başqa cavabdehin 2025-ci il 4 mart tarixli, 13-1/2-2754/2025 nömrəli vəsatətinə əlavə olunmuş “Yük qatarının tərkib siyahısı” və “2019 və 2021-ci illər üzrə yük vaqonlarının nömrə siyahısı” sənədlərindən də məlum olmuşdur ki, vaqonların siyahıya alınması prosesinə uyğun tərtib olunan 2013, 2019 və 2021-ci illərə dair Culfa stansiyası üzrə qeydə alınmış vaqonların siyahısında iddiaçı tərəfindən qeyd olunan maye-qaz vaqon çənlərinın nömrələri (57603235, 57605420, 57608259, 57626007, 57604423 və ********) yoxdur.

21. İddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddi açı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçiiddiaçı özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu (bu hazırkı işdə mübahisə olunmayan haldır), bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

22. Məhkəmə MM-in 157.2-ci maddəsinə istinadla göstərmişdir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünü cavabdehin üzərinə qoymaql a MPM-in 77.1 və 88-ci maddələrinin tələblərini pozmuşdur.

23. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələb olunan maye-qaz vaqon çənlərinin naturada cavabdehdən alınıb iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Belə olan təqdirdə isə həmin vaqon çənlərin yerləşdiyi yerin qətnamənin nəticə hissəsində göstərilməməsində səhvə yol verilmişdir. Lakin nəzərə alınmalıdır ki, mübahisə olunan vaqon çənlərin mövcudluğu və ya yerləşdiyi yer iş materialları ilə sübuta yetirilməmişdir.

24. Apellyasiya baxışında vermiş olduqları izahatlarda iddiaçının nümayəndəsinin “vaqon çənlər hazırda olmadığına görə o həmin çənləri əvəzetmə yolu ilə istəyir”, iddiaçının vəkil-nümayəndəsinin isə “onlar iddia ərizəsində ziyanı qeyd etməmiş, vaqon çənlərinin əvəzləşdirilməsini xahiş etmişlər” fikirlərinə münasib ətdə məhkəmə bildirmişdir ki, iddia ərizəsi üzrə tələb “iddiaçı tərəfindən satın alınmış 6 ədəd maye-qaz vaqon çəninin cavabdehdən alınıb müəssisəyə qaytarılması”ndan ibarətdir (İ cild i/v. 85-87), birinci instansiya məhkəməsi tərəfindən həmin tələb üzrə qətnamə çıxarılmış və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

25. Birinci instansiya məhkəməsində icraat zamanı da iddiaçının nümayəndəsi və vəkil nümayəndəsi cavabdeh tərəfdən "əvəzetmə yolu ilə başqa vaqon çənlərin iddiaçıya verilməsinin mümkün olacağının” deyildiyini göstərsələr də, bu cavabdehin nümayəndəsi tərəfindən təkzib olunmuşdur. Apellyasiya baxışı zamanı da göstərilənlər barədə qanunvericilklə kommersiya mübahisələrinə xarakterik qaydada heç bir yeni tələb verilməmiş və təbii ki, qəbul edilməmişdir.

26. Habelə iddiaçının n ümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı göstərməsə də, apellyasiya baxışında “pandemiyadan (COVİD 19) 1-2 ay əvvəl Bakıdan gəlib Culfa stansiyasına gedərək vaqonlara baxdığını və orada olduqlarını gördüyünü” bildirsə də, həmin faktı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehin apellyasiya şikayətinin digər dəlilləri, iddiaçının nümayəndəsi və vəkil-nümayəndəsinin, cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı izahatlarında göstərdikləri digər fikirləri onların subyektiv mülahizələri kimi dəyərləndirilmişdir.

27. Məhkəmə gəldiyi nəticəni MM-in 152.1, 157.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli qərarına, MPM-in 14.2, 77.1, 88, 107, 119.1, 119.5, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1, 385.1.1, 385.1.4, 386, 387.1, 393, 402.1, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

29. MM-in 152.1, 157.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ hissəsi üzrə - Məhkəmə araşdırması zamanı birmənalı olaraq sübut olunmuşdur ki, iddiaçının qanuni mülkiyyətində olan 6 ədəd maye qaz vaqonları çəni cavabdehin sərəncamında qalmışdır.

30. Cavabdehin nümayəndəsi izahında maye qaz vaqon çənlərinin iddiaçının mülkiyyətində olmağını qəbul etsə də bunun müba hisəli əşyaların cavabdeh təşkilatda olduğuna dəlalət etmədiyini, hal-hazırda onlarda həmin 6 ədəd vaqonun olduğuna dair heç bir sübut olmadığını da qeyd etmişdir. Belə ki, hal-hazırda həmin 6 ədəd vaqonun dəmir yolu olmadan hərəkət edə bilməyəcəyini əsas götürərək cavabdeh tərəfdə olmadığına dair etirazın sübut edilməsi ilə bağlı sübutetmə yükü cavabdeh tərəfin üzərindədir. Lakin cavabdeh tərəf 6 ədəd maye qaz vaqonları çəninin onlarda olmadığını təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi isə sübutetmə ilə əlaqədar birinci instansiya məhkəməsinin həmin qanuni və əsaslı mövqeyi ilə razılaşmayaraq, bu məsələ ilə əlaqədar sübutetmə yükünün iddiaçının üzərində olmasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin sübutetmə yükü i lə əlaqədar həmin mövqeyi bir də ona görə əsassızdır ki, mübahisə olunun əmlak başqa vasitələrlə deyil yalnız dəmir yolu ilə daşına biləcək əşya olmaqla bərabər, həmin əşyalar iddiaçıya verilsə idi, bu barədə hökmən sənədləşmə aparılmalı və ən azı təhvil-təslim aktı tərtib edilməli idi. Bunu tərtib etmək isə bilavasitə cavabdehin vəzifə borcu idi. Belə bir sənədin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsinin özü də mübahisəli maye-qaz vaqonlarının cavabdehdə qalmasının təkzibolunmaz sübutudur.

32. MPM-in 77.1, 88, 372.2-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi əsassız olaraq hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan 6 ədəd maye qaz vaqonları çəninin cavabdehdə olmasını sübut edə bilməmişdir. Cavabdeh mübahisəli çənlərin iddiaçıya verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

33. İddiaçı onu da qeyd edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxılmasının qanunla müəyyən edilmiş qaydalarına da riayət etməmişdir. “Yük qatarının tərkib siyahısı” və 2019 və 2021-ci illər üzrə yük vaqonlarının nömrə siyahısı sənədlərinə istinadən iddiaçı bildirir ki, cavabdeh apellyasiya məhkəməsində işə baxılarkən yeni sübut təqdim etmişdir. Lakin həmin sübutlar vaqonların siyahıya alınması prosesinə uyğun tərtib olunmuş 2013, 2019 və 2021-ci illərə dair Culfa stansiyası üzrə qeydə alınmış vaqonların siyahısından ibarət olduğu üçün işə birinci instansiya məhkəməsində işə baxılandan sonra yaranmış hal deyil və hökmən həmin sübutlar birinci instansiya məhkəməsində işə baxılarkən təqdim olunmalı idi. Cavabdeh tərəf həmin sübutun ondan asılı ol mayan səbəblərə görə birinci instansiya məhkəməsində işə baxılarkən təqdim olunmadığını heç nə ilə əsaslandıra bilməz və əsaslandırmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. İddiaçı şikayətində 6 ədəd maye-qaz vaqon çəninin cavabdehin nəzdində olduğunu iddia etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları məhkəməyə sübut etməlidir. İddiaçı məhkəməyə maye-qaz vaqon çənlərinin cavabdehin olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. 35. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları"nın 3.4-cü bəndindən görünür ki, hər hansı maye qaz çəninin və ya daşınar əşyanın cavabdehin saxlancında və ya ümumi istifadə yollarında dayanmasına görə ödəniş müəyyən edilmişdir. İddiaçının tələb etdiyi 6 (altı) ədəd maye qaz vaqon çənlərinin cavabdehin saxlancında və ya ümumi istifadə yollarında olması üçün ödəniş ödənilməli, bu ödənişlərin ödənildiyini təsdiq edən qəbzlər mövcud olmalı və ya saxlanc müqaviləsi bağlanılmalı idi. Lakin iddiaçı müqavilənin konkret surətini təqdim etmədiyi və ya müvafiq sənədləri göstərmədiyi halda, bu, onun təqdim etdiyi faktların sübut edilməsində əhəmiyyətli bir boşluq yaradır. İddiaçı, vaqonların saxlanması və daşınması ilə bağlı müqavilə və ya sənəd təqdim etmədikdə, onun iddiası yalnız şifahi bəyanatla dəstəklənir ki, bu da hüquqi baxımdan qeyri-kafi hesab edilir.

36. İddiaçı "cavabdeh, 6 ədəd maye qaz vaqon çəninin cavabdehdə olmadığını tə sdiq edəcək sübutlar təqdim etmədiyi"ni göstərsə də, həmin çənlər satıldığı andan inventardan və balansdan silinmişdir. Eyni zamanda vaqonların siyahıya alınması prosesinə uyğun tərtib olunmuş 2013, 2019, 2021-ci illərə dair Culfta stansiyası üzrə qeydə alınmış vaqonların siyahısında iddiaçının tələb etdiyi vaqon çənlərinin nömrəsi yoxdur.

37. İddiaçı kassasiya şikayətində "Hal-hazırda həmin altı ədəd vaqonun dəmir yolu olmadan hərəkət edə bilməyəcəyini əsas götürərək cavabdeh tərəfdə olmadığına dair etirazın sübut edilməsi ilə bağlı sübutetmə yükü cavabdeh tərəfin üzərindədir" qeyd etmişdir.Lakin maye qaz vaqon çənlərinin daşınması ilə bağlı dəmir yolunun alternativsiz nəqliyyat vasitəsi kimi qəbul edilməsi texniki və hüquqi baxımdan tam əsaslı deyil. Daşınar əşyaların xüsusiyyətlərinə gö rə onların bir yerdən digər yerə nəqli yalnız müəyyən bir nəqliyyat vasitəsi ilə məhdudlaşmır. Müasir texnologiyalar və logistika sistemlərinin inkişafı göstərir ki, ağır yüklərin yalnız dəmir yolu ilə daşınması anlayışı artıq məhdudiyyət təşkil edir. Kassasiya baxışının hədləri

38. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara is tinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....”

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” «Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılma lıdır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir.

44. Belə ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilərək göstərilmişdir ki, iddianın predmetini iddiaçının mülkiyyətində olan əşyanın cavabdehdən alınıb ona verilməsi təşk il etdiyindən, iddianın qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtləri baxımından iddia olunan əşyanın cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Lakin işin hallarını araşdırmaq və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən belə sübutlar təqdim olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MM-in 157.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025ci il 16 aprel tarixli, 2-2(108)-7/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar