Məhkəmə qərarları › İş №2-2(102)-550/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-550/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-550/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – iddianın qiyməti kommersiya mübahisələrinə dair işlər üzrə on min manatdan az olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 aprel tarixli 2-2(105)-39/20 25 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – “iddiaçı”) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.208,70 manat borc, 2.000 manat məbləğində dəymiş zərərin əvəzi, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 540 manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, cəmi 15.748,70 manat pul və 138 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 6 yanvar tarixli e-2-2(119)97/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 9.935 manat borc və 119,35 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10.054.35 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – F.Həmidli).

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun 9.935 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv olunması, həmin hissədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 aprel tarixli 2-2(105)-39/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən 9.935 manat məbləğində borc və 119,35 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10.054,35 manat pulun iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə də təmin olunmamışdır (sədrlik edən – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və M.Hüseynov).

5. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv olunması və yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;...” “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində i ddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qanunun tələblərinə cavab vermədiyindən, qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

8. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində tələb olunan məbləğin dəyəri 15.748,70 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – 9.935 manat hissədə təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilərək, iddia 9.935 manat borcun ödənilməsi hissəsində də rədd olunmuş, iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

9. Kollegiya vurğ ulamağı zəruri hesab edir ki, apellyasiya məhkəməsi iddia tələbini rədd edərkən, aşağı məhkəmə aktını “119,35 manat dövlət rüsumunun iddiaçıdan tutulması” hissəsində də ləğv etmiş (bax § 4), iddiaçı da həmin qətnaməni kassasiya qaydasında tam olaraq mübahisələndirmişdir.

10. Bununla əlaqədar kollegiya bildirir ki, cavabdehdən ümumilikdə tutulması tələb olunan məbləğlərin cəmi on min manatı keçsə də (9.935 + 119,35 = 10.054,35 manat), keçid hissəni təşkil edən məbləğ (119,35 manat) məhkəmə xərcləri ilə bağlı olmaqla iddianın qiymətini təşkil etmir.

11. Belə ki, iddianın qiyməti iddia tələbi ilə müəyyən edilir.

12. Konkret olaraq pul vəsaiti alınması haqqındakı iddiaların qiyməti alınan məbləğlə müəyyən edilir (MPM-in 112.1 və 112.1.1-ci maddələri).

13. Azərbaycan Respublikasının Konstitusiy a Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında və bir sıra digər qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

14. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu isə iddia qiymətinə daxil deyildir və iddia qiyməti əsasında müəyyən olunur.

15. Beləliklə, dövlət rüsumu iddiaçının mübahisəli hüquq münasibəti üzrə cavabdehdən tələb etdiyi pul məbləğinə, yəni iddia tələbinin özünə daxi l deyildir.

16. Baxılan işdə, yuxarıda qeyd olunduğu kimi, iddiaçının mübahisəli münasibət üzrə cavabdehdən tələb etdiyi məbləğ cəmi 9.935 manat təşkil etdiyindən (belə ki, birinci instansiya məhkəməsi iddianı məhz həmin hissədə təmin etmiş, iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmişdir), yəni kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilən 10.000 manat həddi (MPM-in 402.1-ci maddəsi – bax § 6) keçmədiyindən iddianın rədd olunması barədə apellyasiya instansiyasının qətnaməsindən iddiaçının kassasiya şikayəti vermək hüququ yaranmamışdır. Bu səbəbdən də hazırkı kassasiya şikayətinin icraata qəbul olunaraq baxılması yolverilməzdir.

17. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tə ləblərini nəzərə almadan, qətnamənin nəticə hissəsində ondan kassasiya şikayəti verilməsi barədə düzgün izah verməmiş, iddiaçı da yanlış olaraq həmin qətnamədən kassasiya şikayəti vermişdir.

18. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi qanunla (bax § 6) müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

19. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz. Buna görə də kassasiya şikayəti geri qaytarılması məsələsinə baxılması üçün işlə birli kdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

20. Şərh olunanları nəzərə alaraq və MPM-in 402 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 aprel tarixli 2-2(105)-39/2025 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar