Məhkəmə qərarları › İş №2-2(102)-572/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-572/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-572/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 may tarixli 2-2(103)-3 20/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 2021-ci il 9 avqust tarixində bank xidmətlərinin göstərilməsinə dair X1un 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmışdır.

2. Ümumi şərtlər toplusu çərçivəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2021-ci il 2 sentyabr tarixli DCS00359568-02 nömrəli kredit müqaviləsinə əsasən illik 15% ödəmək şərti ilə 24 ay müddətinə 50.000 manat, 2022-ci il 7 yanvar tarixli DCS00359568-04 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən illik 17% ödəmək şərti ilə 24 ay müddətinə 170.000 manat, 2022-ci il 10 fevral tarixli DCS00359568-05 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən illik 17% ödəmək şərti ilə 24 ay müddətinə 35.000 manat məbləğində kredit verilmişdir.

3. Kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında 2021-ci il 2 sentyabr tarixli DGS**********19 nömrəli, 2022-ci il 7 yanvar tarixli DGS**********740 nömrəli, 2022-ci il 9 fevral tarixli DGS**********051 nömrəli zaminlik müqavilələri bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC” və “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DCS00359568-02 nömrəli kredit müqaviləsinə əsasən 20.782,62 manat əsas, 1. 777 manat faiz, 3.006,23 manat cərimə borcu olmaqla, cəmi 25.565,85 manat, DC00359568-04 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 79.177,51 manat əsas, 5.841,55 manat cərimə borcu olmaqla, cəmi 85.019,06 manat, DC00359568-05 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 20.416,98 manat əsas, 3.789,06 manat faiz, 2.407,51 manat cərimə borcu olmaqla, cəmi 26.613,55 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 41 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 5.İddia onunla əsaslandırılmışdır ki, borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. 6.Bakı Kommersi ya Məhkəməsinin 2024-cü il 2 dekabr tarixli e-2-2(113)-967/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2021-ci il 2 sentyabr tarixli DCS0035956802 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 18.959,25 manat, faiz borcu üzrə 1.395,48 manat, cərimə borcu üzrə 900 manat olmaqla, cəmi 21.254,73 manat, 2022-ci il 7 yanvar tarixli DC00359568-04 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 72.675, 91 manat, cərimə borcu üzrə 3.600 manat olmaqla, cəmi 76.275,91 manat, 2022-ci il 10 fevral tarixli DC00359568-05 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 20.415,78 manat faiz borcu üzrə 3.750,27 manat cərimə borcu üzrə 1.000 manat olmaqla, cəmi 25.166,05 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat, dövlət rüsumunun əvəzi olaraq 12 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutular aq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 200 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – K.Hüseynov).

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə MMC arasında müqavilələr bağlanmış, iddiaçı tərəfindən hər üç müqavilə üzrə, nəzərdə tutulmuş məbləğində pul MMC-nin hesabına köçürülmüşdür. Müqavilələr üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

8. Kredit borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2024-cü il 19 sentyabr tarixli ekspert rəyi veril mişdir. Həmin rəyə əsasən 2021-ci il 2 sentyabr tarixli DCS00359568-02 nömrəli müqavilə üzrə MMC-nin 2023-cü il 2 sentyabr və 2024-cü il 3 aprel tarixlərə əsas borcu 18.959,25 manat, faiz borcu 1.395,48 manat, 2022-ci il 7 yanvar tarixli DC00359568-04 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2024-cü il 7 yanvar tarixinə əsas borcu 92.107,86 manat, faiz borcu 5.247,04 manat, 2024-cü il 3 aprel tarixinə əsas borcu 72.675,91 manat, 2022-ci il 10 fevral tarixli DCS00359568-05 nömrəli müqavilə üzrə MMCnin 2024-cü il 10 fevral və 2024-cü il 3 aprel tarixlərə əsas borcu 20.415,78 manat, faiz borcu 3.750,27 manat müəyyən edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddia kredit müqavilələri üzrə əsas və faiz borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, DCS00359568-02 nömrəli kredit müqavilə sinə əsasən əsas borc üzrə 18.959,25 manat və faiz borcu üzrə 1.395,48 manat, DCS0035956804 maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 72.675,91 manat, DCS00359568-05 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 20.415,78 manat və faiz borcu üzrə 3.750,27 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

10. Həmçinin məhkəmə cavabdehin DCS00359568-02 nömrəli kredit müqaviləsi üzrə əsas borcuna münasibətdə 900 manat, DCS00359568-04 maliyyələşdirmə üçün ərizə üzrə əsas borcuna münasibətdə 3.600 manat, DCS00359568-05 maliyyələşdirmə üçün ərizə üzrə əsas borcuna münasibətdə 1.000 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli hesab edərək, dəbbə puluna aid hissədə də iddianı qismən təmin etmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

12. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.

13. MMC də apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 may tarixli 2-2(103)-320/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən - Z.Şirinov, hakimlər - T.Mahmudova və E.Həsənov).

15. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini yoxlamaq məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2025-ci il 18 aprel tarixli 9/2127/2025 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 2021-ci il 2 sentyabr tarixli DCS00359568-02 nömrəli kredit müqaviləsi üzrə 2023-cü il 2 sentyabr (kredit müqaviləsinin bitdiyi) tarixinə: əsas borc üzrə 18.959,25 manat, faiz borcu üzrə 1.395,48 manat, 2025-ci il 6 mart (qərardadın verildiyi) tarixinə, əsas borc üzrə 18.959,25 manat, faiz borcu üzrə 1.395,48 manat; 2022-ci il 7 yanvar tarixli DC00359568-04 nömrəli kredit müq aviləsi üzrə 2024-cü il 7 yanvar (kredit müqaviləsinin bitdiyi) tarixə: əsas borc üzrə 92.107,86 manat, faiz borcu üzrə 5.247,04 manat, 2025-ci il 6 mart (qərardadın verildiyi) tarixə: əsas borc üzrə 72.675,91 manat, faiz borcu üzrə 0,00 manat; 2022-ci il 10 fevral tarixli DC00359568-05 nömrəli kredit müqaviləsi üzrə 2024-cü il 10 fevral (kredit müqaviləsinin bitdiyi) tarixə:əsas borc üzrə 20.415,78 manat, faiz borcu üzrə 3.750,27 manat, 2025-ci il 6 mart (qərardadın verildiyi) tarixə: əsas borc üzrə 20.415,78 manat, faiz borcu üzrə 3.750,27 manat müəyyən olunmuşdur.

16. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində hesablaşmanın tərəflər arasında razılaşmaya uyğun aparılmadığı dəlilinə münasibətdə qeyd etmişdir ki, müqavilədə nəzərdə tutulan hansı qaydanın pozulduğu qeyd edilmə miş bununla bağlı sübut təqdim edilməmişdir.

17. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız saymış və qeyd etmişdir ki, ekspert rəyindəki qeyd olunan əsas borcun məbləğinin iddia tələbindəki əsas borcun məbləğindən çox olması iş materialları ilə öz təsdiqini tapmır.

18. İş üzrə dəfələrlə mühasibatlıq ekspertizaları keçirilmiş, tələb olunan əsas borcu, cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alan məhkəmə, cavabdehlərdən tutulması tələb olunan cərimə məbləğləri tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılması qənaətinə gəlmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğlər ədalətli və işin hallarına uyğundur.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə işin hallarını, cərimənin əsas borc məbləğinə nisbətini, cavabdehlərin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu ədalətli olaraq azaltmışdır. Hazırkı halda cərimə borcunun artırılması və ya daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab etmişdir ki, həmin dəlillər əsassızdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741-ci və MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirərək, həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı eti razın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 390.1, 432.4, 443.1, 462.1, 462.3, 465.2, 467-ci maddələri və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsi üzrə - iş üzrə məhkəmə mühasibatlıq və təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə baxmayaraq ekspertlər qarşısında qoyulmuş kredit müqavilələri üzrə hal-hazıradək edilmiş ödənişlər nəzərə alınmaqla əsas və faiz borcunun nə qədər təşkil etməsi ilə bağlı sual cavablandırılarkən qanunvericiliyin və tərəflərin razılaşmasına uyğun olmayan silinmələr aparılmış, silinmə ardıcıllığına riayət edilməmiş, ekspertlər faizə və cəriməyə silinməli məbləğləri əsas borca silmişlər. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. Bank tərəfindən borcun məbləği tərəflər arasında bağlanmış müqavilə şərtlərinə u yğun cərimə, faiz və əsas borcun hesablanması qaydası və silinmələr nəzərə alınmaqla, hesabdan çıxarış məlumatları əsasında tam qanuni şəkildə müəyyən edilmişdir. Belə ki, iddiaçı ilə MMC arasında 2021-ci il 9 avqust tarixində Bank xidmətlərinin göstərilməsinə dair X1un 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-05054LE/2019 nömrəli Razılaşma bağlanmışdır. X1 Kredit (Maliyyələşdirmə) adlanan İV bölməsinin 3.8-ci bəndinə əsasən Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yö nəldilir. Eyni zamanda MM-in 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrasıəvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Lakin ekspertlər qanunsuz olaraq kreditin verilməsi müddətinin bitdiyi tarixindən sonra edilmiş ödənişləri əsas borcdan çıxılmaqla, həmin dövrə qədər hesablanan cərimə (penya) faizlərini – dəbbə pulunu nəzərə almamış, ödənilən bütün məbləği əsas borcdan silmişdir. Təqdim edilən hesabdan çıxarışla uyğun olaraq ekspert rəyindəki cədvəl nəzərdən keçirildikdə məlum olur ki, ekspert müştərinin ödənişlərini düzgün ardıcıllıqla silməmiş və fərql ər yaranmışdır. Həm MM-in qeyd olunan müvafiq maddəsinin, həm də X1 müvafiq bəndinin tələbləri Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə əsas borcun əsassız olaraq azaldılması dəbbə pulunun da daha aşağı müəyyən edilməsinə səbəb olmuşdur. Dəbbə puluna münasibətdə qeyd edilməlidir ki, kredit müqavilələri üzrə hesablanan dəbbə pulunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Belə ki, kredit müqavilələri və maliyyələşdirmə üçün ərizələrdə gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faizləri nəzərdə tutulmuşdur. 2024-cü il 2 aprel tarixinə cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı DCS00359568-02, DCS00359568-04 və DCS00359568-05 nömrəli maliyyələşdirmə üçün əri zələr üzrə 500 günə yaxın olmuşdur. Bu baxımdan hesablanan dəbbə pulu əsaslı olmuşdur. Bundan əlavə mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri və MM-in 390-cı maddəsi müqavilə tərəflərinə müqavilənin məzmununu və şərtlərini azad surətdə müəyyənləşdirməyə imkan verir. Bu baxımdan cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Lakin məhkəmələr tərəfindən cərimə məbləği kəskin surətdə azaldılmış, müəyyən edilən bu cərimə məbləğləri əsaslı hesab edilə bilməz. Bakı Apellyasiya Məhkəməsi cərimə borcununa münasibətdə MM-in 467-ci maddəsini tətbiq etməklə həmin hissədə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, madd i hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə almamış və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır.

23. MPM-in 88, 103.1, 217.1, 217.3, 218.1 və 220.4-cü maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında bağlanılmış kredit müqavilələrinin şərtlərini, gecikdirilmiş günlərin sayının xeyli müddət təşkil etməsini və qeyd olunan maliyyələşdirmə üçün ərizəyə əsasən tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faiz dərəcələrini nəzərə almamışdır. Nəticədə məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

25. Kassasiya şikayətində iddia tələblərinin təmin olunmamış hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissələrdə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (24 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

432. Öhdəliyin hissə-hissə icrası 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesa bına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak məna feləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu M əcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

30. Kassasiya şikayətində qeyd edilən MM-in 443.1-ci maddəsinin pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

31. Belə ki, kassasiya şikayətində həmin maddənin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

32. MM-in 432.4-cü maddəsinin tələblə rinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.

33. Belə ki, həmin maddənin tələblərinin pozulması o vaxt əsaslı hesab edilə bilərdi ki, məhkəmə eksperti və birinci instansiya məhkəməsi cavabdeh tərəfindən aparılmış ödənişləri iddiaçının bildirdiyi şəkildə, yəni tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və həmin maddənin tələblərinə zidd şəkildə silmiş olsun, lakin apelyasiya məhkəməsi bunu nəzərə almasın. Hazırki işdə isə apelyasiya məhkəməsi həmin halı müəyyən etməmişdir.

34. Bu baxımdan, kollegiya hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən MM-in 432.4-cü maddəsinin tələblərinin pozulması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir.

35. MM-in 432.4-cü maddəsinin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi i lə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.

36. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...ka ssasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyas iya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

38. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin halla rını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

40. Əlavə olaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən aparılmış ödənişlərin silinməsi ardıcıllığını ekspert rəyinə əsasən müəyyən etmişdir. İddiaçının apelyasiya şikayətində həmin rəyin əsassız olması və ekspertin səhvə yol verməsinə istinad olunmuş, apelyasiya instansiyası məhkəməsi də həmin dəlillərin araşdırılması məqsədilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və nəticədə iddiaçının istinad etdiyi halları müəyyən etməmişdir.

41. MM-in 390, 462.1, 462.3, 465.2, 467-ci maddələrinin tələblərinin pozulmasına dair qeyd edilir ki, MM-in 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu mü qavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı MM-in 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

42. İşə mahiyyəti üzrə baxan məhkəmə də öz səlahiyyətləri daxilində MM-in 467-ci maddəsini tətbiq etmiş və dəbbə pulunu azaltmışdır. Bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən həmin maddənin tələblərinin pozulması barədə nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 may tarixli 2-2(103)-320/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar