Məhkəmə qərarları › İş №2-2(102)-610/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-610/2025

29.10.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmala
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-610/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: razılaşma protokolunun əsassız hesab edilməsi, itirilmiş təbii qazın dəyərinin silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “razılaşma protokolunun əsassız hesab edilməsi, abonent koduna yazılmış itirilmiş təbii qazın dəyərinin silinməsinə” dair Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 may tarixli 2-2(107)-93/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ilə Cavabdeh İB arasında 2023-cü il 14 dekabr tarixində qaz alqı-satqısı müqaviləsi bağlanmışdır. 2. 2024-cü il 24 fevral tarixli ******* saylı aktla Göyçay Xidmət Sahəsinin əməkdaşları onun 0,48 ha torpaq sahəsində yerləşən istixanada sayğacsız, qeyri-qanuni qaz istifadəsini aşkar etmişlər. Bu pozuntu nəticəsində istehlakçının abonent hesabında 24.300 manat borc yaranmışdır.

3. Cavabdeh İB-nin 2024-cü il 28 fevral tarixli tələbnaməsinə əsasən, qeyri-qanuni xətt ləğv edilmiş və dəymiş ziyanın hesablanması aparılmışdır. Hesabatda bir ədəd “ALFAASSF 500000” markalı su qızdırıcı qazanın 62,5 kub.m/saat sərfi, orta gündəlik 18 saat işləmə rejimi və 180 gün müddə ti nəzərə alınaraq ümumilikdə 202.500 kub.m qaz itkisi hesablanmışdır. 4. “Təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında” 2024-cü il 11 mart tarixli razılaşma protokoluna əsasən, Cavabdeh İB-nin X4 İstismar İdarəsinin rəisi X2 şəxsində təmsil olunan SOCAR-ın Cavabdeh İB bir tərəfdən və qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazdan istifadə edən abonent İddiaçı şəxsində təmsil olunan digər tərəfdən, birlikdə tərəflər adlanmaqla, istehlakçının (abonent kodu: **********02030) təbii qaza görə yaranmış debitor borcunun aşağıda göstərilən şərtlərlə ödənilməsinə dair razılığa gəlmişlər: - Abonent 2024-cü il 24 fevral tarixdə ona məxsus istixanada aşkar edilmiş təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 202.500 kub.m dəymiş ziyanı qəbul etmiş və dəyəri 24.300 manat o lmaqla ödənilməsini öhdəsinə götürmüşdür; - 1.2. Aparılmış hesabat nəticəsində yaranmış 24.300 manat borcdan 2024-cü il 15 aprel tarixə 10.000 manat, 2024-cü il 15 may tarixə 14.300 manat olmaqla Cavabdeh İByə ödəməyi öhdəsinə götürmüşdür; - 1.3. 2024-cü il 24 fevral tarixdən etibarən gündəlik istixanada istifadə olunan qaz qurğusunun sərfiyyatı 62,5 kub.m və işləmə müddəti 6 saat olmaqla hesabatı qəbul etmişdir; - 1.4. razılaşma protokolunun 1.2-ci və 1.3-cü bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində **********02030 abonent kodu üzrə fərdi yaşayış evində istifadə olunan təbii qaza görə yaranmış borcu “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və qazın alqısatqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür; - 1.5. hər ay hesab faktura təqdim edildikdən sonra razılaşma protokolunun 1.2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul etmiş və bununla bağlı Cavabdeh İB-yə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirmişdir. - Razılaşma protokolu üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. - “İstehlakçı” razılaşma protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Cavabdeh İB borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlamışdır. - Tərəflər razılaşma üzrə ona məlum olan, kommersiya və xidməti sirrini təşkil edən məlumatları üçüncü şəxslərə verməmək barədə öhdəlik götürmüşdür. İş üzrə məhkə mə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 20 may tarixində Cavabdeh İB-yə (bundan sonra – “cavabdeh”) qarşı Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi, sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 2024-cü il 11 mart tarixində tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi, cavabdeh tərəfindən sayğacdan kənar qaz xəttindən istifadəyə görə əsassız hesablanaraq **********02030 nömrəli abonent koduna yazılmış 24.300 manat itirilmiş təbii qazın dəyərinin tam şəkildə silinməsi və 164 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

6. İddia tələbi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay rayonu, Cəyirli kəndində özünə məxsus pay torpağında istixana qurmuş, lakin qaz çəkilişi üçün tələb olunan yüksək məbləği ödəyə bilmədiyindən müvəqqəti olaraq sahədən keçən xəttə qoşulmuşdur. Təxminən 15–20 gün ərzində qazdan istifadə etdiyini etiraf etmiş, lakin Göyçay qaz idarəsinin əməkdaşları savadsızlığından istifadə edərək 202.500 kub.m qaz sərfiyyatı üzrə 24.300 manat cərimə hesablamış və bu məbləği onun abonent koduna əlavə etmişlər. Halbuki iddiaçı yalnız qısa müddətdə və az miqdarda qazdan istifadə etdiyini bildirmişdir. Razılaşma protokolu imzaladıqda belə, hesablamada qaz sərfiyyatı əsassız olaraq 180 gün və gündə 18 saat əsas götürülmüşdür ki, bu da qanunvericiliklə nəzərdə tutulmamış, əsassız və şişirdilmiş hesablamadır. Belə qaydalar “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında...” daxili təlimatlarına istinad edilərək aparılmış, lakin həmin sənədlər Konstitusiyaya istinad edilmədən qəbul edildiyindən hüquqi qüvvəyə malik ola bilməz və sübut kimi qəbul edilə bilməz. İddiaçı 2025-ci il 30 yanvar tarixli ərizə ilə iddiasını artıraraq yazılmış cərimənin tam silinməsini tələb etmişdir. Çünki yoxlama qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, nə vahid reyestrdə qeydiyyat olmuş, nə də səlahiyyətli orqanlara müraciət edilmişdir. Beləliklə, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun nəticəsində müəyyən edilən yüksək məbləğdə cərimə hüquqi əsasdan məhrumdur və ləğv edilməlidir.

7. Cavabdeh etiraz ərizəsi verərək bildirmişdir ki, 2024-cü il 24 fevral tarixində cavabdeh İB-nin Ağsu RQİİ-nin Göyçay XS-nin əməkdaşlar ı Göyçay rayonu, Cəyirli kəndində yaşayan iddiaçıya məxsus olan, həmin kəndin ərazisində yerləşən pay torpağında quraşdırılmış istixanaya baxış keçirdilərkən istixanada sayğacsız, qeyri-qanuni çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmişlər. Xəttin aşkar edilməsi zamanı əməkdaşlar tərəfindən mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Aşkar edilmiş qanunsuz qaz xətlə bağlı 2024-cü il 24 fevral tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə cavabdeh İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən 2024-cü il 28 fevral tarixdə Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt iddiaçının Göyçay XS-nin abonent bazasındakı Cəyirli kəndindəki fərdi yaşayış evinə aid **********002030 nömrəli abonent koduna 202.500 kub.m 24.300 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa 2024-cü il 11 mart tarixində cavabdeh İB-nın Ağsu RQİİ-nin rəhbərliyi ilə iddiaçı arasında razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən iddiaçı ona yazılmış 202.500 kub.m ziyanı qəbul etdiyini və dəyəri olan 24.300 manatı ödəməyi öhdəsinə götürmüşdür. Hesablanmış 24.300 manat məbləğin 10.000 manatını 2024-cü il 15 aprel tarixə, yerdə qalan 14.300 manatını isə 2024-cü il 15 may tarixə qədər ödəməyi üzərinə götürmüşdür. Lakin razılaşma protokoluna əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 2024-cü ilin aprel ayında cəmi 5.000 manat pul ödəmişdir. Göründüyü kimi, iddiaçı onunla bağlanmış razılaşma protokolunun bəndlərini pozmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacsız, qeyri-qanuni qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyərləridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.

8. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 5 mart tarixli 2-2(117)-259/2025 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir (hakim – M.Hüseynov).

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından, eyni zamanda məhkəməyə təqdim edilmiş **********002030 saylı Abonentin saldosundan görünür ki, iddiaçının akta əsasən cavabdehə 24.300 manat borcu vardır.

10. Cavabdeh tərəfindən qeyd edilmiş yoxlamaların sahibkarlıq subyektlərində yoxlamaların aparılması qaydalarına uyğun qeydiyyatdan keçib-keçməməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmiş, eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin qeyd olunmuş tarixə iddiaçının adına açılmış hər hansı bir yoxlama qeydə alınmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia təmin edilməlidir.

12. Məhkəmə əsassız hesablanmış borca münasibətdə o qənaətə gəlmişdir ki, abonent saldo sunda borc məbləği əks edilsə belə aparılmış yoxlama qanunvericiliyin tələbləri pozularaq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan həmin borc məbləğinin konkret məbləğini hesablamağa ehtiyac yoxdur və cavabdeh ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulmasını tələb etməkdə haqlı olmamışdır.

13. Bundan başqa, 2024-cü il 24 fevral tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən cərimə hesablanarkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 218 saylı qərarına əməl edilməli olduğu halda cavabdeh tərəfindən bu qərara əməl edilib-edilməməsini özündə əks etdirən heç bir sübut və ya dəlil təqdim edilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçıya münasibətdə tərtib edilmiş 2024-cü il 24 fevral tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, ona görə onun iddia üçün hər hansı bir mənfi hüquqi nəticəsi ola bilməz.

15. Bundan başqa, məhkəmə iddia tələbinin “2024-cü il 11 mart tarixdə tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, qeyd edilən razılaşma protokolu 2024-cü il 24 fevral tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında tərəflər arasında bağlanmış və həmin akta əsasən hesablanmış cərimənin hissə-hissə ödənilməsi barədə tərəflər razılaşmışlar. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfin həmin aktı qanunvericiliyin tələblərinə riayət etməyərək tərtib etdiyi müəyyən ed ilmişdir. Qanunvericiliyin tələblərini pozan, tərəflərin hüquqları və qanuni maraqlarının təmin edilməsi baxımından qeyd edilən razılaşma qanuni hesab edilməmişdir. Lakin iddiaçı qeyd edilən razılaşmanın əsassız hesab edilməsi barədə iddia qaldırdığından və məhkəmənin qeyd edilən iddia tələbindən kənara çıxmaq hüququ olmadığından məhkəmə qeyd edilən məsələyə yalnız iddia tələbi həcmində hüquqi qiymət verə bilər. Qanunvericilikdə nəzərə tutulmuş normalar baxımından məlum olur ki, hüququ pozulan şəxs məhkəmədə əsasən müqavilə və ya razılaşmanın ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə iddia tələbləri irəli sürür. Qeyd edilən məsələ barədə iddiaçı məhkəmədə tələb irəli sürməsə də, razılaşmanın əsassız hesab edilməsi barədə tələb irəli sürməsi əslində tərəflər arasında bağlanmış müq avilə və ya razılaşmanın məhkəmə tərəfindən hüquqi qiymətləndirilməsini zəruri edir. Bu baxımından tələbin qeyd edilən hissəsinə münasibətdə tərəflər arasında bağlanmış razılaşmanı əsassız hesab etmiş, yəni qanunvericiliyin tələbinə uyğun olmayan müqavilə olaraq qiymətləndirmişdir. Çünki həmin aktın tərtibi zamanı qanunların tələblərinə riayət edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2, 2.1, 3.1, 3.2, 4-2.1.3, 4-2.1.6, 13.2, 13.3, 20.1, 20.2, 34.1-ci, “Qa z təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1, 1.4, 1.5, 1.6-cı bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2, 3.1.10, 3.1.11, 5.1, 5.2, 5.5, 5.6, 6.5, 6.5-1, 6.5-3, 6.5-4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 80, 81, 82.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 may tarixli 2-2(107)-93/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Sadiqov, hakimlər – E.Hüseynov, Ə.Kərimov).

19. Məhkəmə qeyd etmişdir ki, 2024-cü il 24 fevral tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 24.300 manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 2024-cü ildə 24 fevral iddiaçıya məxsus istixanada quraşdırılmış qaz xəttinə və qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri X1 Reyestrində qeydə alınmadan aparılmış və aktlaşdırılmışdır. Qey d etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X1 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

20. Eyni zamanda, qaz xəttinə qanunsuz qoşulma ilə əlaqədar tərtib edilmiş 2024-cü il 24 fevral tarixli, ******* nömrəli aktın bir nüsxəsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qaz paylayıcısı cavabdeh tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və yaxud, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməmişdir. Həmçinin bununla bağlı, yəni istehlakçının qazın talanmasında təqsirli olmasını təsdiq edən həmin orqanların və ya məhk əmənin müvafiq qərarı məhkəməyə təqdim olunmamışdır.

21. Göründüyü kimi, “Qaz təchizatı haqqında” Qanunun 2022-ci il 1 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə əsasən qanunsuz qoşulma ilə əlaqədar 2024-cü il 24 fevral tarixində tərtib edilmiş akt ilk növbədə qaz paylayıcısı cavabdeh tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli və yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə istehlakçının qazın talanmasında təqsirli olması müəyyən edildikdə - “Qaz paylayıcısı” vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Lakin məhkəmə araşdırması zamanı ca vabdeh tərəfindən qanunvericiliyin bu tələbinin lazımi qaydada yerinə yetirilməsi müəyyən olunmamışdır.

22. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, 2024-cü il 24 fevral tarixli ******* nömrəli akt tərtib edildikdən sonra tərəflər arasında 2024-cü il 11 mart tarixli razılaşma protokolunun imzalanması - “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinin yerinə yetirilməməsini, yəni sayğaca müdaxilə ilə əlaqədar tərtib edilmiş aktın ilk növbədə cavabdeh tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana göndərilməsi haqqında qanunvericiliyin tələbinin yerinə yetirilməsini istisna etmir. Halbuki sayğaca müdaxilə edildiyi aşkar olunduqda, istehlakçının bu mü daxiləni etiraf edib-etməməsindən asılı olmayaraq, tərtib edilmiş aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli olması – qanunvericiliyin birmənalı tələbidir və bu kimi etiraflar isə yalnız həmin icraatlar üzrə müvafiq hüquqazidd əmələ görə məsuliyyətin müəyyən olunması və cəzanın təyini zamanı nəzərə alına bilər.

23. Məhkəmə gəldiyi nəticəni MM-in 14.2, 21.1, 21.3, 425.1, 425.2, 560.1, 560.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1 hissəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqq ında” Azərbaycan Respublikası Qanununun 2.3, 13.1, 13.5-ci maddələrinə, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli Fərmanına, “Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 5.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.8, 6.5-2-ci bəndlərinə, MPM-in 14.2, 76.1, 77.1, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş et mişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 386, 443.1, 448.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Qaz təchizatı haqqında” Qanunun 6.2, 22-ci maddələri, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsi üzrə - İddiaçı tərəfindən yol verilən qanun pozuntusu faktı, cavabdehin fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin giriş və çıxış xətlərini rezin və ya dəmir şlanqla özbaşına birləşdirməklə özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixanaya qanunsuz qaz xətti çəkməkdə təcəssüm etdirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının fərdi yaşayış evinin həyətyanı sahəsində şəxsi ehtiyaclar üçün kustar üsulla inşa etdiyi, heç bir qurumda qeydiyyatda olmayan kiçik istixananı sahibkarlıq subyekti kimi qiymətləndirmiş, cavabdehin əməkdaşlarının orada aşkar etdiyi pozuntunu sahibkarlıq subyektinə baxış kimi dəyərləndirmişdir. Bu yanaşma nəticəsində iddiaçının vurduğu maddi zərərə dair düzgün hüquqi nəticəyə gəlinməmiş və əsassız qətnamə qəbul olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi də həmin yanlış mövqeyi dəyişdirməmişdir.

26. MPM-in 14.2, 76-77, 88, 217, 220.4-cü maddələri üzrə - İddiaçının yaşadığı ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmiş olması onun ilkin iddia tələbinin mahiyyətindən, həmçinin tərəflər arasında bağlanmış razılaşma protokolundan tam təsdiqini tapır. İşə baxmış məhkəmələr tərəfindən mülki iş materiallarında olan aktlara, istixananın iddiaçının məhz fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşməsinə, borcun fərdi yaşayış evinə aid abonent hesabına işlənməsinə i stinad olunmamış, iş üzrə sübut əhəmiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməmiş və hesablanmış borcun qəbul edilməməsinin səbəbləri yekun məhkəmə aktında əsaslı şəkildə göstərilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən, hesablanmış borcun ödənilmiş 5.000 manat hissəsinə dair yekun məhkəmə aktında ümumiyyətlə münasibət bildirilməmişdir. Beləliklə, məhkəmə tərəflərin münasibətlərini tənzimləyən müqavilənin olmasına baxmayaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsi ədalətli hesab edilə bilməz. Nəticədə məhkəmə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan qətnamə qəbul etmişdir.

27. Şəki Apellyasiya Məhkəməsi, işin hallarının tədqiqatını ətraflı aparmamış olduğundan düzgün olmayan normativ hüquqi akt tətbiq etmiş, i ş üzrə təqdim edilmiş sübutları səhv qiymətləndirmiş və işin mübahisəsiz hallarına münasibətdə məhz hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir. Məhkəmə hazırkı işin həqiqi hallarını müəyyən etmək üçün qanunvericiliyin verdiyi mümkün vasitələrdən lazımınca istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır.

28. Cavabdeh kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd etmişdir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iddiaçının fərdi yaşayış evinə məxsus abonent saldosunda mövcud yekun qalıq borcu məbləğinin hamısı vurulmuş zərərə görə hesablanmış məbləğ kimi nəzərə alınmışdır. İddiaçının fərdi yaşayış evinə aid olan abonent saldosunda yekun borc yalnız vurulmuş zərərə görə hesablanmış borcu əhatə etmir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosunda sayğac göstəricilərinə əsasən fərdi yaşayış evində istifadə edilmiş təbii qazın dəyəri də vardır. Məhkəmə bu halı aydınlaşdırmamış və artıq ödənilmiş, yəni mövcud olmayan borcun silinməsini qət etmişdir. 29. 2024-cü il 11 mart tarixli razılaşma protokoluna istinadən cavabdeh bildirir ki, razılaşma protokolu tərəflərin qarşılıqlı iradə ifadəsini özündə ehtiva edir və ilkin iddia tələbindən də göründüyü kimi iddiaçı qanunsuz istifadə faktını qəbul etmiş, bunun nəticəsində qazpaylayıcı ilə qarşılıqlı razılığa gələrək vurulmuş zərərin məbləği müəyyən edilmiş və həmin protokola əsasən zərərin bir qisminin (5000 manat) ödənişi həyata keçirilmişdir. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin qətn aməsi iş üzrə mövcud və mübahisə edilməyən hallara münasibətdə düzgün əsaslandırılmamış olduğundan əsaslı hesab edilə bilməz. Çünki, Şəki Apellyasiya Məhkəməsi iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

31. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi m əsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orq anlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə....” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzin in daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.... 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....” 34. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanu nsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir....” 35. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müay inələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmi ş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X1 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə

13. X1 reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X1 reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.... 13.5. X1 reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır....” “Maddə

20. Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X1 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir....” 36. “Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qey diyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı ş əbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir: 5.1.1. yoxlamanın kodu; 5.1.2. yoxlayıcı orqanın adı; 5.1.3. yoxlanılan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.1.4. yoxlamanın aparılması müddəti (başlanılması və sona çatması tarixləri); 5.1.5. yoxlamanın predmeti və hüq uqi əsası; 5.1.6. yoxlamanın aparılacağı yoxlama obyektinin adı, təsviri, fəaliyyət növü, ünvanı və kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 5.1.7. yoxlamanın növü; 5.1.8. yoxlanılan dövr; 5.1.9. yoxlama zamanı araşdırılacaq suallar; 5.1.10. vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 5.1.11. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar); 5.1.12. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 5.1.13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı tələb olunduğu hallarda onun soyadı, adı, atasının adı və vəzifəsi; 5.1.14. yoxlamanın dayandırılmasının, vergi yoxlamasının müddətinin artırılmasının tarixi və müddəti; 5.1.15. yoxlamanın dayandırılmasına, vergi yoxlamasının müddətinin artırılmasına əsas olan hallar. "

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işl ək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikd ə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.... 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.51-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.51-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır....”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, iddiaçıya məxsus istixanada quraşdırılmış qaz xəttinə və qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri - X1 Reyestrində qeydə alınmadan aparılmış və aktlaşdırılmış, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədb irinin “X1 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, mübahisəli aktın bir nüsxəsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qaz paylayıcısı cavabdeh tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və yaxud, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olmasını təsdiq edən həmin orqanların və ya məhkəmənin müvafiq qərarı məhkəməyə təqdim olunmamışdır.

41. Həmçinin apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, akt tərtib edildikdən sonra tərəflər arasında razılaşma protokolunun imzalanması - “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinin yerinə yetirilməməsini, yəni sayğaca müdaxilə ilə əlaqədar tərtib edilmiş aktın ilk növbədə cavabdeh tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana göndərilməsi haqqında qanunvericiliyin tələbinin yerinə yetirilməsini istisna etmir.

42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunanlarla əlaqədar gəldiyi nəticə və apardığı əsaslandırma ilə tamamilə razı olduğundan kassasiya şikayətinin müvafiq dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür və xüsusi olaraq vurğulamağı zəruri hesab ki, kassatorun heç bir dəlili apellyasiya instansiyası məhkəməs inin istinad etdiyi qanunvericiliyin imperativ normalarının qaz paylayıcısı olan cavabdeh üçün müəyyən etdiyi prosedurlara əməl edilməli olmasına dair tələblərinin tətbiqinə mane olmur.

43. İstixananın iddiaçının məhz fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşməsinə, borcun fərdi yaşayış evinə aid abonent hesabına işlənməsinə, iddiaçının fərdi yaşayış evinə məxsus abonent saldosunda mövcud yekun qalıq borcu məbləğinin hamısının vurulmuş zərərə görə hesablanmış məbləğ kimi nəzərə alınmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarında əsasən, mübahisəli aktla istixanada sayğacsız, qeyri-qanuni qaz istifadəsini aşkar etmiş, bu pozuntu nəticəsində istehlakçının abonent hesabında 24.300 manat borc yaranmışdır. Həmçinin iş mater iallarında olan hazırkı işə ilk dəfə baxmış Göyçay Rayon Məhkəməsinin qətnaməsinin ləğvinə və işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 12 oktyabr tarixli 2(107)-1288/2024 nömrəli qətnaməsində də qeyd olunmuşdur ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi istixanada istiliyin təmin edilməsi üçün istixana kompleksinin yaxınlığından keçən qaz xəttinə qoşulmaqla, ona məxsus istixanada qazdan istifadə etmiş, nəticədə cavabdeh tərəfindən iddiaçının təbii qazdan qeyri-qanuni istifadəsi ilə bağlı akt tərtib edilmiş və akt əsasında hesabat aparılmışdır (İ cild, i/v 155-159).

44. Artıq ödənilmiş, yəni mövcud olmayan borcun silinməsinin qət edilməsinə dair dəlillə əlaqədar qeyd olunur ki, işə baxan məh kəmələr iş materiallarından, eyni zamanda məhkəməyə təqdim edilmiş Abonentin saldosundan iddiaçının akta əsasən cavabdehə 24.300 manat borcunun olduğunu müəyyən etmişlər.

45. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 38) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 38) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

46. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 may tarixli 2-2(107)-93/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 may tarixli 2-2(107)-93/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar