Məhkəmə qərarları › İş №2-2(102)-635/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-635/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-635/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və ya vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və ya vurulan zərərin ödənilməsi tələbinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 may tarixli, 2-2(108)-1/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2020-ci il 3 aprel tarixli, 05 saylı Duzdağ “Mexaniki emal (qırılma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının alınmasına dair müqavilədən görünür ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmış, sifarişçi qismində Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı qismində "xxxx" MMC iştirak etmişdir. 2. 2020-ci il 3 aprel tarixli, 05 saylı müqavilənin “Keyfiyyət və zəmanət” hissəsindən görünür ki, podratçı tərəf indən avadanlıqların quraşdırılması tam olaraq həyata keçirilir və təhvil-təslim edildiyi gündən etibarən bir il zəmanət verilir. Avadanlıqların duza qarşı aşınması nəzərə alınmaqla quraşdırılacaq avadanlıqlarda istifadə olunan materialın keyfiyyət göstəricilərinin tamamilə birinci dərəcəli (AİSİ316) xrom material olmasına podratçı tərəfindən zəmanət verilir. Avadanlıqlar “CE” və ya “TSE” beynəlxalq standartlara cavab verən sertifikatlarla təmin olunur. 3. 2020-ci il 3 aprel tarixli, 05 saylı müqavilənin “Qiymət və ödənişlər” hissəsindən görünür ki, avadanlıqların dəyəri ƏDV-siz 2 700 534 manatdır. 4. 2020-ci il 15 aprel tarixli, ”A” formalı ödəniş tapşırığı 55 saylı ödəniş qəbzindən görünür ki, 2.700.534 manat, ödəniş təyinatı və əsas: Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arx itektura Komitəsi tərəfindən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 aprel tarixli, 42s saylı sərəncamına əsasən Duzdağ mexaniki emal duz istehsalı sisteminin avadanlıqlarının alınması, qurulması, istismara hazır vəziyyətə gətirilməsi üçün vəsait köçürülür. 5. 2023-cü il 13 oktyabr tarixli, 2324/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan görünür ki, “X5” MMC-nin yeni istehsal binasının tikintisinə 2020-ci ilin may ayında başlanılmış, zavodda tikinti quraşdırma işlərinin görülməsinə, avadanlıqların alınması və quraşdırılmasına sifarişçi Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, icraçı isə "xxxx" MMC-dir. Müəssisənin qurulmasına başlanmasına 3 ildən artıq müddətin keçməsinə baxmayaraq, müəssisə fəaliyyətə başlaya bilməmiş və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə təhvil verilməmişdir. Bunun başlıca səbəbi müəssisədə quraşdırılmış avadanlıqların keyfiyyətinin tələb olunan səviyyədə olmamasıdır. Müəssisədə quraşdırılan avadanlıqlar hələ istifadəyə verilməsə də, artıq bəzilərində paslanma və aşınma müşahidə olunduğu qeyd edilmişdir. 6. 1704/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “X5” MMC-nin istehsal həcminin artırılm ası, məhsulların daxili bazarda satışının yüksəldilməsi, keyfiyyətinin artırılması və nəticədə məhsulun ixracına nail olunması, həmçinin işçilərin iş şəraitinin asanlaşdırılması məqsədilə 2020-ci ildə yeni inzibati və istehsal təyinatlı binanın tikintisinə başlanılmış, mədəndən çıxarılan daş duzun qırılması, yuyulması və saflaşdırılmasını əhatə edən mexaniki emal duz istehsalı sisteminin alınması, quraşdırılması və istismara hazır vəziyyətə gətirilməsinə dair Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə “X2 İttifaqı (hazırda “Arkoz Holding”) arasında podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən avadanlıqların duza qarşı aşınmaması üçün AİSİ 316 xrom materiallarından olması, CE və ya TSE sertifikatlara malik olması və müəssisənin 8 ay müddəti ndə başa çatdırılması nəzərdə tutulmuş, müqavilə üzrə müəssisənin təhvil verilməsi müddətinin başa çatmasına baxmayaraq təhvil-təslim prosesi həyata keçirilməmiş, quraşdırılmış avadanlıqların ilkin test sınaq prosesi zamanı nöqsanlar müşahidə edilmiş, aşkar olunmuş nöqsanların 2023-cü il 1 sentyabr tarixinə qədər aradan qaldırılması və müəssisənin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə təhvil verilməsinin təmin edilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2024-cü il 10 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlə 2020-ci il 3 aprel tarixində bağlanmış 05 nömrəli müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2 700 534,00 manat borcun cavabdehden alınaraq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə uyğun olaraq avadanlıqların alınıb gətirilməsi, quraşdırılması və istismara hazır vəziyyətə gətirilərək təhvil-təslim edilməsi üçün iddiaçı tərəfindən dəfələrlə edilən yazılı müraciətlərin ə baxmayaraq məsələnin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi mümkün olmamışdır.

9. Cavabdeh etiraz ərizəsi verərək bildirmişdir ki, 2020-ci il 3 aprel tarixli 05 nömrəli müqavilə podrat deyil, faktiki olaraq alğı-satqı (təchizat) müqaviləsidir və iddiaçının müqavilə ilə tənzimlənməyən məsələlər üzrə irəli sürdüyü tələblər əsassızdır. Müqavilədə avadanlıqların siyahısı və konkret keyfiyyət göstəriciləri müəyyən edilmədiyindən iddiaçının təqdim etdiyi iddialar müqavilə şərtlərinə ziddir. Cavabdeh avadanlıqların CE sertifikatına malik olduğunu, AİSİ 316 xrom materialdan hazırlandığını, istehsal gücünün 1 saatda 7 ton təşkil etdiyini, öhdəliklərin müqaviləyə uyğun yerinə yetirildiyini göstərmişdir. Müddət məsələsinə dair qeyd edilmişdir ki, 8 aylıq müddət yalnız təchizata hazırlıq mərhəl əsinə aid olub, daşınma və quraşdırma müddətləri müəyyən edilməmiş, bu səbəbdən MM-in 427.2-ci maddəsinə görə cavabdehə ağlabatan müddət verilməli idi. İddiaçının müqavilədən imtina tələbi hüquqi əsasa malik deyil, çünki MM-in 421 və 447-ci maddələrinə görə cüzi pozuntu müqavilədən imtina üçün əsas sayılmır, əlavə müddət də verilməmişdir. Cavabdeh həmçinin iddiaçının təqdim etdiyi “Yigitbaşı Makina” şirkətinin rəyinin hüquqi qüvvəsinin olmadığını, onun rəqabət şəraitində qərəzli verildiyini, zavodda aşkar edilən texniki nöqsanların isə təbii və aradan qaldırılması mümkün xırda çatışmazlıqlar olduğunu bildirmişdir.

10. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli e-2-2(123)-137/2024 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir (hakim – E.Salma nov).

11. Məhkəmə qeyd etmişdir ki, 2023-cü il 18 sentyabr tarixli, 1972/2023 saylı iddiaçı orqanın sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan, 2023-cü il 31 avqust tarixli “X5” MMC-nin yeni istifadəyə veriləcək zavodunda və hal-hazırda istismar olunan zavodunda texniki təhlükəsizlik vəziyyəti haqqında aktdan, 2023-cü il 13 oktyabr tarixli, 2324/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçı orqanın sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan, 1704/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçı orqanın sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan, iş üzrə müayinə zamanı qeydə alınmış fotoşəkillərdən və hakimin daxili inamına əsasən iddiaçının tələbi dəyişdirərək duz zavodunun ilkin olaraq təhvil-təslim edilməsini istəməsinə bax mayaraq cavabdehin bu yöndə hərəkətlilik göstərməməsi ilə müəyyən olunmuşdur ki, həqiqətən də müəssisədə quraşdırılmış avadanlıqların keyfiyyəti tələb olunan səviyyədə deyildir.

12. Məhkəmə, həmçinin onu da qeyd etmişdir ki, cavabdehin nümayəndəsi X4 məhkəmə çıxışında ilk dəfə işlətdiklərinə görə bəzi müəyyən problemlər ola biləcəyini, ilkin qəbul olduğunu o vaxt orada olan nöqsanlar deyildiyini və düzəldildiyini bildirsə də, düzəldilməsinə dair sübutlar təqdim etməmiş və bu halda sübut etmə yükü cavabdeh tərəfin üzərində qalmışdır.

13. Həmçinin iş materiallarından müəyyən olunmuşdur ki, müəssisə iddiaçı tərəf çağırılaraq və iddiaçı tərəfin gözü önündə istehsal müəssisəsi işlədilərək onlara təhvil verilməmiş və bu barədə hər hansı akt tərtib edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, id diaçı vicdanlılıq nümayiş etdirərək tələbini dəyişdirərək ilkin olaraq istehsal müəssisəsinin təhvil verilməsini, təhvil verilmədiyi təqdirdə ödənilmiş məbləği tələb etsə də, cavabdeh bu barədə heç bir hərəkətlilik göstərməmiş və bu yöndə olacaq hərəkətlərə cəhd etməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 60, 125, 127, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına, MM-in 14.1, 14.2, 324.1, 324.2, 385.1, 386.1, 389.1, 442, 752.1, 762.1, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli, 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Halla r Nazirliyinin Sənayedə X1 və X3 Agentliyi haqqında Əsasnaməsinin 7, 8-ci bəndlərinə, “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, “N.Hacıyevin şikayəti üzrə” 2020-ci il 14 iyul tarixli Qərarlarına, MPM-in 9.1, 14.2, 76.2, 77.1, 88, 107, 119.1, 119.2 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il 4 aprel tarixli, 10/672-6/366 nömrəli ekspert rəyinə əsasən qərardadın 1-ci, 2-ci və 3-cü sualları üzrə: sif arişçi iddiaçı ilə podratçı cavabdeh arasında 2020-ci il 3 aprel tarixdə bağlanmış 05 nömrəli müqaviləyə əsasən “X5” MMC-nin istehsal sahəsində quraşdırılmış və baxış keçirilməsi üçün ekspertlərə təqdim edilmiş texnoloji istehsal xətti tamdır, hər hansı bir qurğunun, avadanlığın (və ya onların hissələrinin) çatışmamazlığı (yerində mövcud olmaması) halı, üzərlərində qəza və ya dağılma əlamətlərinin olması vizual olaraq müşahidə edilməmişdir. Bununla belə, ekspertlərin iştirakı ilə keçirilən baxış zamanı duz emalı avadanlıqları işlək vəziyyətə salınmadığına (tərəflərin bildirdiklərinə görə, xammalın olmaması səbəbindən), həmçinin avadanlıqların sertifikatları təqdim edilmədiyinə görə podratçı tərəfindən quraşdırılmış “Mexaniki emal (qırma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avad anlıqlarının bütövlükdə müqavilədə nəzərdə tutulmuş beynəlxalq standartlara, istehsal gücünə, kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olub-olmamasını müəyyən etmək üçün tədqiqatın aparılması mümkün olmamışdır. Qərardadın 4-cü və 5-ci sualları üzrə: tədqiqata təqdim edilmiş avadanlıqların (torbalama, silo, elevator, seçmə avadanlığı, xam duz bunker, yuma helezonu, duz qırıcı, yuma siqlonu, santifruf, odluq, duz quruducu, ələnmiş duz bunkeri, torbalama avadanlığı və digərləri) hazırlandığı xəlitənin tərkibində olan xromun faizlə miqdarı “AİSİ 316” standartının tələblərinə uyğun olub, 16-18% intervalındadır. AİSİ 316 standartı üzrə hazırlanmış xəlitələrin daha çox duz, turşu və bu tip sərt mühitlərdə korroziyaya davamlı olduğu üçün istifadə olunur.

18. Naxçıvan Muxtar Respublikası Ali Məh kəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 may tarixli, 2-2(108)-1/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli, e-2-2(123)-137/2024 nömrəli qətnaməsinin qismən, iddiaçının cavabdehə qarşı 2020-ci il 3 aprel tarixdə bağlanmış 05 saylı müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi və müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan borca dair hissəsində ləğv edilməsi, iddianın iddiaçının cavabdehə qarşı 2020-ci il 3 aprel tarixdə bağlanmış 05 saylı müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş f ormada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi tələbinə dair hissədə rədd edilməsi, iddianın tələbi qismən, pul tələbinə dair hissədə təmin edilməsi, cavabdehdən 2.700.534 manat məbləğinin alınaraq iddiaçının bank hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – V.Quliyev, hakimlər – F.Abbasov, S.Qarayev).

19. Kollegiya qeyd etmişdir ki, ekspertizanın təyin olunması ilə bağlı müvafiq qərardadla avadanlıqların işlək vəziyyətdə ekspertlərə təqdim olunması vəzifəsi cavabdehə tapşırılmasına baxmayaraq, ekspert rəyindən də müəyyən olunduğu kimi, ekspertlərin iştirakı ilə keçirilən baxış zamanı duz emalı avadanlıqları işlək vəziyyətə salınmadığına (tərəflərin bildirdiklərinə görə, xammalın olmaması səbəbindən), həmçinin avadanlıqların sertifikatları təqdim edilmədiyinə görə podratçı tərəfindən quraşdırılmış “Mexaniki emal (qırma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının bütövlükdə müqavilədə nəzərdə tutulmuş beynəlxalq standartlara, istehsal gücünə, kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olub-olmamasını müəyyən etmək üçün tədqiqatın aparılması mümkün olmamışdır. Ekspertiza zamanı göstərilən vəzifənin yerinə yetirilməməsi kollegiya tərəfindən cavabdehin sübutetmə yükü üzrə risk dairəsinə aid edilməklə qiymətləndirilmiş və ekspertiza keçirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili də formal müdafiə xarakterli olduğundan əsassız hesab edilmişdir.

20. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi tərəflə r arasında bağlanmış müqaviləyə əsasən isə avadanlıqlara təhvil-təslim edildikdən sonra 1 il müddətinə zəmanət verilməsi, avadanlıqlar təhvil verildikdən 3 il sonra avadanlıqların keyfiyyəti ilə bağlı, ümumiyyətlə, müzakirə açılması və bunun iddia predmeti halını gətirilməsinin müqavilə şərtlərinə zidd olması, birinci instansiya məhkəməsi sözügedən mübahisəyə müqavilə şərtlərini tətbiq etmədiyi üçün cavabdehin MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığını pozması və dolayısıyla hüququn tətbiqində səhvə yol verməsi dəlilinə münasibətdə bildirmişdir ki, iddia tələbi mübahisə predmeti olan avadanlıqların müqavilə şərtlərinə və standartlara uyğun olmaması ilə əlaqədar olduğundan qeyd olunan dəlillər əsaslı deyildir.

21. Apellyasiya şikayətində olan birinci instansiya məhkəməsinin MM-in 579-cu maddəsini tətbiq etməli olduğu halda sözügedən müddəanı tətbiq etməyərək səhvə yol verməsi, ümumiyyətlə “təhvil-təslim” aktı “maddi hüquq yox, prosessual hüquq aləti olması, “təhvil-təslim aktı” hüquqi öhdəlik yaradan, xitam edən iradə ifadəsi olmayıb maddi hüquq baxımından heç bir əhəmiyyətinin olmaması, “Təhvil-təslim aktı” yalnız prosessual hüquq baxımından sübut vasitəsi ola bilməsi, iddiaçının etirafı, yerində müayinə və təqdim edilən digər dəlillər malların çatdırıldığını işin mübahisəsiz halına çevirməsi ilə bağlı dəlillər isə mülahizə xarakterli olub işin mahiyyətinə təsir etmədiyindən əsaslı hesab edilməmişdir.

22. Apellyasiya şikayətində “birinci instansiya məhkəməsinin açıq-aydın şəkildə müqavilədə belə bir müddəa olmadığı halda sanki müqavilədə “duz istehsal edild iyi halda avadanlıqlar təhvil verilmiş sayılır” şərti varmış kimi iş üzrə qənaətə gəlməsi və beləliklə, olmayan müqavilə müddəasına istinad edərək qətnamə çıxarması, birinci instansiya məhkəməsi qətnaməsində “həmçinin iş materiallarında görünür ki, müəssisəyə iddiaçı tərəf çağırılaraq və iddiaçı tərəfin gözü önündə istehsal müəssisəsi işlədilərək onlara təhvil verilməmiş və bu barədə hər hansı akt tərtib edilməmişdir” qeyd edilsə də, iş materiallarındakı hansı sübuta istinadən bu qənaətə gəldiyini açıqlamamış və dolayısıyla faktı təhrif edilmişdir. Halbuki təqdim etdikləri video və fotoşəkillərdən aydın şəkildə göründüyü kimi cavabdehin öhdəliyi olmasa belə avadanlıqlar işlədilərək təhvil verilmişdir. Bundan başqa, hətta hakim yerində müayinə zamanı istehsal edilmiş duzdan nümunələr götü rməsinə baxmayaraq qətnamədə bunları qeyd etməməsi hakimin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsinin açıq nümunəsi sayılmalıdır” qeyd olunmuşdur ki, göstərilənlər iddianın predmeti ilə bağlı məsələni həll etmir və əsaslı sayılmamışdır.

23. Kollegiya tərəfindən apellyasiya şikayətinin “Qətnamənin sübutlar hissəsində isə yalnız iddiaçının işlə əlaqəsi olmayan sübutları sadalanmış, tərəfindən məhkəməyə təqdim edilmiş və avadanlıqların təhvil verildiyini sübut edən 49 ədəd fotoşəkil, çoxsaylı videogörüntülər, iddiaçıya yazılmış məktublar ümumiyyətlə nəzərə alınmamış, niyə nəzərə alınmadığına dair tək sətirlik münasibət belə bildirilməmişdir. Bunun əvəzinə işdə maraqlı tərəf olan İqtisadiyyat Nazirliyinin iddiaçıya yazdığı məktublara əsasən qətnamə çıxarılmışdır. İddia tələbi müqavilə üzrə şərtləşdirilmiş avadanlıqların təhvil verilməsi olduğu halda, iddiaçı iddiasını sübut etmək üçün təqdim etdiyi FHN aktında avadanlıqların yerləşdirildiyi istehsal binasına dair çatışmazlıqlar (hovuzun üstü açıq olması, havalandırma sisteminin olmaması və s.) qeyd edilmişdir. Məhkəmə isə sözügedən çatışmazlıqların mübahisə mövzusu olan müqavilənin predmeti olmadığını, ümumiyyətlə bu müqaviləyə aidiyyəti olmadığını aydınlaşdırmamışdır” dəlilləri əsaslı hesab edilməmişdir. Belə ki, avadanlıqların quraşdırılması öhdəliyi məhz müqavilənin predmetidir. Eləcə də iş materialında iddiaçının iddia tələbini təkzib edən mötəbər sübutlar mövcud deyildir.

24. Bununla bağlı əlavə olaraq kollegiya iş materiallarına əsasən qeyd etmişdir ki, iddia ərizəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Nazi rliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi tərəfindən keçirilən baxış-yoxlama zamanı nöqsanlar aşkar edilərək akt tərtib edildiyi, Türkiyə Respublikasının “YİGİTBAŞİ MAKİNA İNŞ.OTOM.SAN. VE DİŞ.TİC.PAZ.AŞ” şirkətindən dəvət olunan mütəxəssislər tərəfindən bir çox nöqsanların müəyyən olunduğu göstərilmiş və müvafiq sənədlər əlavə olunmuşdur. Eyni zamanda, mübahisə predmeti olan avadanlıqlarda aşkar edilmiş həmin nöqsanlar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanladığı məktublarda da qeyd olunmuşdur. Cavabdeh tərəf iddiaçının istinad etdiyi halları təkzib edən və etiraz etdiyi halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

25. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli Qərarının 5-ci bəndində göstərilən “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” və 6.8ci bəndində göstərilən “Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.” tələbləri birinci instansiya məhkəməsinin qətnaməsində pozulmuşdur. Belə ki, qətnamənin “Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli, e-2-2(123) 137/2024 nömrəli qətnaməsi” iddiaçının cavabdehə qarşı 2020-ci il 3 aprel tarixdə bağlanmış 05 saylı müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan bir ay müddətində ta m olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi”nə dair nəticə hissəsi anlaşılan deyil, həmin hissədə tərəflərin hüquq və vəzifələri dəqiq müəyyən edilməmişdir.

26. Eləcə də mübahisələndirilən qətnamənin nəticə hissəsində ödənilməsi təmin edilmiş 2 700 534 manat pul məbləğinin “müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan borc” olaraq ifadə olunmasını kollegiya maddi hüquq normasının pozuntusu olaraq qeyd etmişdir. Belə ki, tərəflər arasındakı öhdəliklər borc münasibətlərindən irəli gəlməmişdir. İş materialından da müəyyən olunduğu kimi, iddia tələbi podratçı və sifarişçi arasında olan müqavilə öhdəliklərinin pozulması ilə əlaqədardır.

27. Qeyd edilən norma iddia tələbinin hüquqi əsasını təşkil edir və əsaslı olduğundan pul tələbinin borc olaraq deyil, öhdəliyin lazımınca i cra edilməməsi nəticəsində zərərin əvəzi olaraq təmin edilməsini kollegiya məqsədəmüvafiq hesab etmişdir.

28. Məhkəmə gəldiyi nəticəni MM-in 443-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli, “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarlarına, MPM-in 2.1, 372.1, 372.6, 372.7, 392.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin rədd olunmas ını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

30. MM-in 443-cü maddəsi üzrə - apellyasiya məhkəməsi aşağıdakı əsaslara görə “müqavilənin icra edilməməsi” institutunu yanlış tətbiq etmiş və bununla maddi hüquq normalarını pozmuşdur. Birincisi, məhkəmənin öhdəliyin pozulmasından doğan zərərin kompensasiyasının borc münasibəti yaratmadığına dair yanaşması əsassızdır. Müqavilənin pozulması, müqavilənin lazımınca icra edilməməsi, delikt, əsassız varlanma və tapşırıqsız işgörmə nəticəsində yaranan bütün öhdəliklər mahiyyətcə borc münasibətidir. Məhkəmənin əsas hüquqi səhvi müqavilənin icra edilməməsinin iki formasını müqavilənin pozulmasını və lazımınca icra edilməməsini bir-birindən ayırmaması olmuşdur. Halbuki bu iki institut həm mahiyyətinə, həm kreditorun hüquqlarına (müqavilədən imtina, eynilə icra, kompensasiya), həm də hüquqi nəticələrinə görə fərqlidir. İş üzrə iddiaçı da məhz müqavilənin heç icra edilmədiyini deyil, avadanlığın təhvil verildiyini, lakin qüsurlu olduğunu (paslanma, sertifikatın olmaması) iddia etmiş və qüsurların aradan qaldırılmasını tələb etmişdir. Cavabdeh isə qüsurun olmadığını bildirmişdir. Çəkişmənin predmeti açıq şəkildə avadanlığın keyfiyyətidir. Məhkəmə özü də qərarında cavabdehin öhdəliyi lazımınca icra etmədiyini göstərmişdir. Buna baxmayaraq məhkəmənin öhdəliyin “heç icra edilməmiş kimi” 2.700.534 manatın tam qaytarılması öhdəliyini tətbiq etməsi maddi hüququn kobud pozulmasıdır. Bu məbləğ qaytarılacağı halda təhvil verilmiş avadanlıqların hüquqi taleyi də müəyyən edilməmiş qalmış dır ki, bu da əlavə hüquqi ziddiyyət yaradır.

31. MPM-in 9, 21.3, 53, 117.1, 217, 372-ci maddələri üzrə - məhkəmə test sınaqları üçün tələb olunan təxminən 200 ton xammalın alınması xərclərini əsassız şəkildə cavabdehin üzərinə yükləmişdir. Halbuki nə qanunvericilikdə, nə də müqavilədə bu xammalın cavabdeh tərəfindən təmin edilməsinə dair öhdəlik yoxdur, işgüzar dövriyyə qaydalarına görə test üçün xammalı alıcının təqdim etməsi tələb olunur. Ekspertiza apellyasiya məhkəməsinin təşəbbüsü ilə keçirildiyi halda onun məsrəfi cavabdehin üzərinə qoyulması qanunsuzdur. Sertifikatların təqdim olunmaması ilə bağlı da cavabdeh dəfələrlə əməkdaşlıq təklif etmiş, lakin iddiaçı bu müraciətlərə cavab verməmiş, yalnız apellyasiya qərarından sonra rəsmi şəkildə tələb irəli sürmüş və bundan sonra bütün ser tifikatlar təqdim edilmişdir. Bu hallar iddiaçının hüquqlardan sui-istifadə etdiyini və vicdanlı davranmadığını sübut edir.

32. İddiaçının əsas iddialarından biri təqdim olunan avadanlıqların müqavilədə göstərilmiş paslanmaya davamlı xrom materialdan hazırlanmadığı, bununla da cavabdehin öhdəliyi lazımınca icra etmədiyi olmuşdur. Birinci instansiya məhkəməsi də sadəcə vizual baxışla bu iddianı doğru hesab etmişdir. Lakin apellyasiya məhkəməsinin təşəbbüsü ilə aparılan ekspertiza rəyində avadanlıqların həqiqətən müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə paslanmaz materialdan hazırlandığı müəyyən edilmişdir. Buna baxmayaraq apellyasiya məhkəməsi bu mühüm faktı nəzərə almamış, ekspertiza rəyinin niyə qiymətləndirilmədiyini də qərarında əsaslandırmamışdır.

33. Apellyasiya məhkəməsi iddiaçının he ç bir tələbi və müzakirə aparılmadan, “maddi hüquqa düzəliş” adı ilə iddia predmetini dəyişdirmiş, bu barədə cavabdeh yalnız qətnamə elan edilərkən xəbər tutmuşdur. Halbuki Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən iddia predmetinin dəyişdirilməsindən xəbərsiz olan tərəfin müdafiə hüququ təmin edilmir. İddia predmetini hüquqi əsasla eyniləşdirmək prosessual səhv olub, Avropa Məhkəməsinin terminologiyası ilə “kobud ixtiyari” hərəkətdir. Beləliklə, məhkəmə MPM-in 3, 9 və 372-ci maddələrini pozmaqla Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmuş, nəticədə qətnamənin kassasiya qaydasında ləğvi zəruri olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək həmin şikayətin əsassız və qanunsuz ol duğu üçün təmin edilməməsini xahiş etmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜ QUQ

37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda m üəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmi ş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikas ı Fövqəladə Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi tərəfindən keçirilən baxışyoxlama zamanı nöqsanlar aşkar edilərək akt tərtib edildiyi, Türkiyə Respublikasının “YİGİTBAŞİ MAKİNA İNŞ.OTOM.SAN. VE DİŞ.TİC.PAZ.AŞ” şirkətindən dəvət olunan mütəxəssislər tərəfindən bir çox nöqsanların müəyyən olunduğu göstərilmiş və müvafiq sənədlər əlavə olunmuşdur. Mübahisə predmeti olan avadanlıqlarda aşkar edilmiş həmin nöqsanlar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanladığı məktublarda da qeyd olunmuşdur. Həmçinin 2020-ci il 3 aprel tarixli 05 saylı “Müqavilə”nin “Keyfiyyət və Zəmanət” hissəsinə əsasən avadanlıqların duza qarşı aşınması nəzərə alınmaqla quraşdırılacaq avadanlıqlarda istifadə olunan materialın keyfiyyət göstəricilərinin tamamilə bi rinci dərəcəli (AİSİ316) xrom material olmasına “Podratçı” tərəfindən zəmanət verilir. Avadanlıqlar “CE” və ya “TSE” beynəlxalq standartlara cavab verən sertifikatlarla təmin olunur.

41. Lakin cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya mərhələsində keçirilmiş ekspertizaya avadanlıqların sertifikatları təqdim edilmədiyinə görə podratçı tərəfindən quraşdırılmış “Mexaniki emal (qırma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının bütövlükdə müqavilədə nəzərdə tutulmuş beynəlxalq standartlara, istehsal gücünə, kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdək i sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

44. Ona görə də məhkəmə kollegiyası cavabdeh tərəfindən kassasiya şikayətinə əlavə edilmiş sənədləri qəbul edə və qiymət ləndirə bilməz.

45. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

46. Məhkəmə kollegiyası cavabdehin işin məhkəmə iclasında baxı lması barədə vəsatətinə münasibətdə qeyd edir ki, MPM-in 414.1-ci maddəsinə görə məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir.

47. Lakin işin xüsusiyyətləri və aşağı instansiyalar tərəfindən araşdırılmış halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin yazılı icraat qaydasında baxılması hüququn inkifaşının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə hər hansı maneə yaratmır. Bu səbəbdən vəsatət təmin olunmamalıdır.

48. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

49. Göstərilənlərə əs asən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 may tarixli 2-2(108)-1/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar