Məhkəmə qərarları › İş №2-2(102)-639/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-639/2024

25.12.2024 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-639/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: işgüzar nüfuza qəsdlə əlaqədar dəymiş maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə edilən müdaxilə və maneələrin aradan qaldırılması, işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 iyul tarixli 2-2(1 03)-662/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli 30 dekabr 2008-ci il tarixli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş *də yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində işlər aparan fəhlələr və iş icraçısı tərəfindən görülən işlərə edilən müdaxilə və maneələrin aradan qaldırılması, İddiaçı tikinti işlərini aparan fəhlələrinə və iş icraçısına təqdim olunmuş, iddiaçıya aidiyyəti olmayan şəxsə ünvanlanmış müraciətdə göstərilən, eyni zamanda onların arasında bəyan edilmiş (yayılmış) “Şirkətin istifadəsinə 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi və həmin ərazidə onların (yəni Cavabdeh və 3-cü şəxs X1) müəyyən hüquqa malik olmaları”, “Göl” restoranının axır daşına qədər Şirkət tərəfindən söküldüyü”, eləcə də “Şirkətin cavabdehə 400 000 manat borcu olduğu” məlumatlarının iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması, iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 5000 manatın və 20 manat mediasiya xərcinin, ödənilmiş 80 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 aprel tarixli e-2-2(113)-740/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2008-ci il 30 dekabr tarixli 688 nömrəli sərəncamı əsasında iddiaçının istifadəsinə verilmiş *də yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində iddiaçının tikinti işlərini aparan fəhlələri və iş icraçısı tərəfindən görülən işlərə cavabdeh tərəfindən edilən müdaxilə və maneələr aradan qaldırılması, iddianın qalan hissədə isə təmin edilməməsi qət edilmişdir (hakim N.Əhmədova).

3. İddiaçının tələbi üç hissədən ibarətdir; birinci tələbində iddiaçı Bakı Şəhəri Ya samal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş *də yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində işlər aparan fəhlələr və iş icraçısı tərəfindən görülən işlərə edilən müdaxilə və maneələrin cavabdeh tərəfindən aradan qaldırılmasını tələb edir. İkinci tələbində isə iddiaçıya aidiyyəti olmayan şəxsə ünvanlanmış müraciətdə göstərilən, eyni zamanda onların arasında bəyan edilmiş (yayılmış) “Şirkətin istifadəsinə 0,21 ha(yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi və həmin ərazidə onların (yəni Cavabdeh və 3-cü şəxs Musaev Rafik) müəyyən hüquqa malik olmaları”, “Göl” restoranının axır daşına qədər Şirkət tərəfind ən söküldüyü”, eləcə də “Şirkətin cavabdehə 400 000 manat borcu olduğu” məlumatlarının iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması tələb edilir. Üçüncü tələbində iddiaçı işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi 5000 manatın tutulmasını tələb edir.

4. Məhkəmə aktının mübahisələndirilən hissəsinə uyğun olaraq, ikinci tələb üzrə birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı həmin tələbinin əsası kimi iş icraçısına (Məzahir adlı şəxs) cavabdeh tərəfindən verildiyini iddia etdiyi məktubu (Cavid müəllimə ünvanlanan) təqdim edir, Cavid adlı şəxslə iddiaçının hər hansı əlaqəsinin olmadığını bildirir.

5. Cavabdeh adıçəkilən məktubun özü tərəfindən yazıldığını qəbul edir, lakin iddiaçının iş icraçısına deyil, şəxsən Cavid müəllimə təqdim etdiyini, məqsədinin mübahisənin həll edilməsi olduğunu göstərir.

6. Qeyd olunan məktubda göstərilmişdir ki, “Çox hörmətli Cavid müəllim. Sizə müraciətimin əsas məqsədi keçmiş Yasamal Rayon İcra hakimiyyətinin aşağı təqdim olunan qərarı əsasında mənə verilmiş su sahəli torpaq sahəsində İddiaçı Şirkəti ilə birgə iş görməkdir. Xahiş edirəm, təqdim olunan və qırmızı xətlə qeydə alınmış sənədi hüquqşünaslar diqqətlə nəzərdən keçirsinlər və lazım bilsəniz, çox əlverişli vasitə tövsiyə edilən təklifimi qəbul etsinlər. Əlavə olaraq bildirirəm ki, keçmiş göl restoranı 0,60 hektar sahədə yerləşməsi baxmayaraq, İddiaçı Şirkətinin nümayəndələrinin qəti qərarı ilə 0,60 hektar torpaq sahəsinin cəmi 0,21 hektar sahəsi icra hakimiyyətinin qərarı ilə İddiaçı Şirkətinə veri lmiş, qalan 0,39 hektar sahə isə qarşı tərəfin balansında qalmış və məhkəmə qərarı ilə təsdiq edilmişdir. Qarşı tərəf orda iş başlamaq fikrindədir. İddiaçı Şirkəti mənə çatacaq 400 000 məbləği verməmiş, amma restoranı axır daşına qədər sökmüşdür. Mən tələb və xahiş edirəm ki, 400000 pulun yarısını, yəni 200 000-ni qaytarsınlar, qalan hissəsini isə müsbət həll edilərsə, onlara halal edirəm. Mənim bu pula İddiaçı Şirkətindən fərqli olaraq çox böyük ehtiyacım var. Xahiş edirəm pulumun yarısını qaytarsınlar və belə olsa, qarşı tərəf qalan 0,39 hektar sahəni qaytarılmasını təmin edəcəm. Əgər gölün sahəsini birgə qurutmalı olsaq, onun 60%-ni İddiaçı Şirkətinə verəcəm və qalan hissəsini isə çox əlverişli satqı yolu ilə onların balansına keçirəcəm. Xahiş edirəm mənim təklifimə biganə yanaşmayasını z. Cavabdeh. Əlaqə nömrəsi:***-***-**-**”

7. Məhkəmə qeyd etmişdir ki, həmin məktub iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh məktubu Cavid adlı şəxsin katibəsinə şəxsən verdiyini bildirsə də, həmin şəxsin iddiaçı ilə hər hansı bağlılığı icraatın gedişində sübut oluna bilməmişdir. Belə olan halda, nə qədər ki sözügedən məktub iddiaçı tərəfindən təqdim olunmuş və Cavid adlı şəxsin iddiaçı ilə hər hansı əlaqəsinin olmadığı bildirilmiş, cavabdeh tərəfindən isə Cavid adlı şəxsin iddiaçı ilə əlaqəsi və məktubun Cavid adlı şəxsin katibəsinə verildiyi sübut edilə bilməmişdir, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı vəzifələrinə uyğun olaraq həmin məktubun iddiaçının iş icraçısı Məzahir adlı şəxsə təqdim edildiyi həqiqi qəbul olunmalıdır. Məzahir adlı şəxsin xidmət müq aviləsi əsasında iddiaçının adından *də yerləşən torpaq sahəsi ərazisində müvafiq işlər gördüyünü isə iddiaçı bildirmiş, cavabdeh təsdiq etmişdir.

8. Məhkəmə Mülki Məcəllənin 23-cü maddəsinin tələblərinə və Ali Məhkəmə Plenumunun 1999-cu il 14 may tarixli 4 nömrəli Qərarına istinad edərək qeyd etmişdir ki, hüquqi şəxslərin işgüzar nüfuzunun müdafiəsi təşkil edilərkən məlumatın hüquqi şəxsin işgüzar nüfuzuna təsiri; bu məlumatların yayılması; həmin məlumatların doğru olub-olmaması kimi üç element üzrə yoxlama aparılmalıdır.

9. Kommersiya hüquqi şəxslərinə münasibətdə işgüzar nüfuz onlarla sahibkarlıq fəaliyyəti subyektləri kimi əmlak istifadəsi, malların istehsalı və (və ya) satışı, işlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı bazar subyektləri və ya digər şəxslər arasında formala şmış davamlı və ardıcıl etimad münasibətlərinin qorunmasına əsaslanır. Bu münasibətlər zəminində hüquqi şəxsin öz öhdəliklərini vicdanla həyata keçirməsi, mübahisələrin həllində qarşılıqlı fəaliyyət göstərməsi və s. kimi amillər əsasında əmtəə bazarında sonuncunun işgüzar nüfuzu formalaşır.

10. Hüquqi şəxsin fəaliyyəti çərçivəsində digər şəxslərlə yaranan mübahisələr zəminində kontragentin öz mənafeyinin müdafiəsi üçün səsləndirdiyi və ya yazdığı istənilən məlumat hüquqi şəxsin işgüzar nüfuzunu zədələyən məlumat hesab oluna bilməz. Hüquqi şəxs barəsində ifadə olunan məlumatın işgüzar nüfuzunu ləkələyən məlumat olub-olmaması yoxlanılarkən nəzərə alınmalı məqam belə məlumatın ifadə olunmasında güdülən məqsədin kontragent tərəfindən mübahisənin həlli yoxsa hüquqi şəxsin nüfuzunun ləkələnməsi istiqamətində olmasının müəyyən olunmasıdır. Əks halda şəxslər arasında yaranan mübahisələr zamanı tərəflərin öz mənafeyinin müdafiəsi üçün əsaslandığı faktiki halların sonradan həqiqətə uyğun olmadığının müəyyən olunması hər bir halda şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunmasına gətirib çıxara bilər. Bu mənada məhkəmə mübahisələndirilən məktubdakı ayrı-ayrı ifadələrin kontekstdən çıxarılaraq müstəqil şərh edilməsini doğru hesab etməmişdir.

11. Belə ki, həmin məktubda cavabdeh, əvvəla, özünün *də torpaq sahəsinin olduğunu xatırladır, daha sonra iddiaçının ona borca olduğunu bildir, yekunda öz təklifini göstərir.

12. Göründüyü kimi, qeyd edilən sənəd mübahisənin danışıqlar yolu ilə həll edilməsi vasitəsilə təqdim edilmiş pretenziya məktubunun elementlərini daşıyır. Cav abdeh iddiaçıya öz tələbini bildirir, tələbin qarşılıqlı güzəşt yolu ilə həllini təklif edir. Həmçinin məhkəmənin suallarına cavab olaraq cavabdeh sübutlarının zəif olduğunu və bu səbəbdən birbaşa məhkəmə müraciət edə bilmədiyini qeyd edir.

13. Digər tərəfdən, məhkəmə həmin məlumatın yayılması ilə bağlı iddiaçının mövqeyini də əsassız hesab edərək göstərmişdir ki, hüquqi şəxslər təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Həmin şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər- personalardır. Bu mənada hüquqi şəxs barədə məlumatların yayılması dedikdə həmin məlumatların hüquqi şəxsə aidiyyəti olmayan şəxslər ə yayılması nəzərdə tutulur.

14. Halbuki hazırkı işin hallarından müvafiq məktubun iddiaçının iş icraçısına verildiyi görünür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibinrəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etm ək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

15. Başqa sözlə, iddiaçının xidmət müqaviləsi üzrə xidmətlərindən istifadə etdiyi şəxsə həmin xidmətləri icra etməsi ilə əlaqədar xidmət sahəsində təqdim edilən sənəd də hüquqi şəxsə ünvanlanmış sənəd hesab olunmalıdır. Belə olan halda, mübahisələndirilən məktubdakı məlumatların yayılması da işdə olan materiallarla təsdiqlənmir.

16. Odur ki, məhkəmə hesab etmişdir ki, 2 meyar üzrə qiymətləndirmənin aparılması nəticəsi 3- cü meyar, yəni məlumatların doğru olub-olmamasının yoxlanılması zərurətini aradan qaldırır.

17. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişd ir ki, iddiaçının tikinti işlərini aparan fəhlələrinə və iş icraçısına təqdim olunmuş, iddiaçıya aidiyyəti olmayan şəxsə ünvanlanmış müraciətdə göstərilən, eyni zamanda onların arasında bəyan edilmiş (yayılmış) “Şirkətin istifadəsinə 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi və həmin ərazidə onların (yəni Cavabdeh və 3-cü şəxs X2) müəyyən hüquqa malik olmaları”, “Göl” restoranının axır daşına qədər Şirkət tərəfindən söküldüyü”, eləcə də “Şirkətin cavabdehə 400 000 manat borcu olduğu” məlumatlarının iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir.

18. İddiaçının üçüncü tələbi ilə bağlı məhkəmə Mülki Məcəllənin 23-cü maddəsinə istinadla göstərmiş dir ki, zərərin ödənilməsi iddiası üçün əsas kimi çıxış edən müvafiq məktub iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması hesab olunmadığından ona istinad edilməklə hər hansı zərərin ödənilməsi də istisna edilir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 23.1, 23.2 və 23.6-cı maddələrinə; “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1999-cu il 14 may tarixli 4 nömrəli Qərarının 3cü bəndinə istinadla əsaslandırmışdır.

20. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-iddianın təmin olunmadığı hissələrdə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbu l olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 iyul tarixli 2-2(103)-662/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər Z.Şirinov və V.Baxışova).

22. Apellyasiya instaniyası məhkəməsi apellyasiya baxışının hədlərini təşkil edən hissədə göstərmişdir ki, işgüzar nüfuzun müdafiəsi və zərərin əvəzinin ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 23.1 və 23.6-cı maddələri təşkil edir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndində isə göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Lakin hazırki işdə həmin halların hamısı müəyyən edilməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.

24. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki istənilən həqiqətə uyğun olmayan məlumat deyil, yalnız fiziki şəxsin şərəf, ləyaqətini və ya işgüzar nüfuzunu, habelə hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasına yol verilir.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən yazılmış mübahisələndirilən məktubdakı məlumatlar da həqiqətə uyğun deyil (çünki cavabdeh həmin məlumatların həqiqi olması ilə bağlı heç bir sübut təqdim etməmişdir), lakin birinci instansiya məhkəməsinin qeyd etdiyi əsaslara görə həmin məktubdakı məlumatlar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır (bax §19).

27. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. MM-nin 16.1, 21.1, 23.4, 23.6, 1097.1-ci maddələri üzrə-mübahisələndirilən və Cavid müəllimə ünvanlanan məktubun cavabdeh tərəfindən tərtib edilməsi, eləcə də həmin məktubun Cavid adlı şəxsin katibəsinə şəxsən cavabdeh tərəfindən təqdim edilməsi, həmçinin iddiaçıya verilməsinə razılıq verdiyi torpaq sahəsinin 21 sot olmasının yanlış xatırlaması, həmin torpaq sahəsinin 27 sot olması, iddiaçı obyektdə söküntü işləri apar arkən cavabdehin sərxoş halda söküntüyə mane olmağı, sadəcə olaraq arabir hasarın kənarında dayanaraq keçmiş obyektinə baxması və cavabdehin göstərişi əsasında bir neçə şəxsin iddiaçının təsisçisi ** danışıqların aparılması, onun mübahisəni həll etməyə dəvət etmələri, lakin razılaşdığı şəxslərin buna nail ola bilməmələri-faktları, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin iclasında şəxsən etiraf edilmiş və həmin faktların iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac qalmamışdır. Məhz, göstərilən faktlar əsas götürülərək, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi birinci hissədə təmin edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar dəyərləndirməklə “Cavabdeh tərəfindən yazılmış məktubdakı məlumatlar da həqiqətə uyğun deyil. ” kimi işin müəyyən edilən hallından (qətnamənin 29-cü bəndinin 1-ci cümləsi) açıq-aşkar görünür ki, apellyasiya şikayəti iddianın təmin olunmaması hissəsində təmin edilməklə, əsassız qənaətə gəlinmişdir.

29. MPM-nin 4.1, 9.3, 81, 88 və 217.3-cü maddələri üzrə-məhkəmə özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış qətnamə çıxarmaqla göstərilən prosessual hüquq normasının tələblərini düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-cı il 20 aprel tarixli Qərarında qeyd olunmuşdur ki, “Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz.” Konstitusiya Məhkəməsi Plen umunun 2008-ci il 13 iyun tarixli Qərarında qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə q arşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

31. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbay can Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələ yən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.... 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.” 34. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1999cu il 14 may tarixli 4 nömrəli Qərarının 3-cü bəndinə aşağıdakılar göstərilmişdir: “...məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə bax arkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır....”

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkə məsinin mövqeyi 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

37. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinin və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

38. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda §4-18, 22-25). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələ bləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

40. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 iyul tarixli 22(103)-662/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar