Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-64/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC və Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRARİ açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103 )- 816/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci və apellyasiya instansiyası məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC (bundan sonra-“cavabdeh MMC”), Cavabdeh2 ASC (bundan sonra- “cavabdeh ASC”) və Cavabdeh3 MMC-yə (bundan sonra-“Star Avto”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2023-cü il 1 sentyabr tarixli H-00224 nömrəli “Obyektin icarəyə verilməsi haqqında” müqavilə əsasında icarəyə götürülmüş Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanındakı kompleks daxilində yerləşən dörd mərtəbəli qeyri-yaşayış binasının əsaslı təmiri və mətbəx avadanlığı üçün ümu milikdə xərclənmiş 243.000 manatın, eləcə də, Star Avto ilə iddiaçı arasında bağlanmış 2023-cü il 1 sentyabr tarixli icarə müqaviləsinin bağlanması üçün Qanuni nümayəndə3 (bundan sonra-“Qanuni nümayəndə3”) tərəfindən cavabdeh MMC-yə məxsus xəzinə çekləri tərtib edilməklə sonuncunun möhüründən istifadə edilməklə iddiaçıdan nağd olaraq alınmış 55.860 manatın, həmçinin 2023-cü il 1 sentyabr tarixli İcarə müqaviləsinə görə icarə haqqı adı ilə bank vasitəsilə cavabdeh Star Avtonun bank hesabına ödənilmiş 44.368 manatın, bunlarla yanaşı cavabdeh Star Avto tərəfindən qaimə-faktura yazılmadan kommunal xərclər adı ilə alınmış 7.000 manatın, eyni zamanda, məhkəmə rüsumu olaraq ödənilmiş 641 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 31 may tarixli e-2-2(113)-2682/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Ülkər Həsənova).
3. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-816/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).
5. İddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
6. İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətində onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
7. Kassasiya baxışı zamanı iddiaçının qanuni nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış 2025-ci il 28 fevral tarixli ərizədə iddiadan imtina edildiyi və iddiadan imtinanın hüquqi nəticələrinin aydın olduğu göstərilmiş, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. …… 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən eti raf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;...” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.” “Maddə
417. Kas sasiya instansiyası məhkəməsinin səlahiyyətləri....... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası MPM-nin yuxarıda istinad olunan normalarının tələblərinə (mətni üçün bax § 8) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla imtina iddianı vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. İddiadan imtina şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik iddiadan imtina etmiş şəxsin eyni tərəfə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət etməsinə yol vermir.
10. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali M əhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı - bax § 10).
11. Məhkəmə kollegiyası iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş iddiadan imtina barədə 2025-ci il 28 fevral tarixli ərizəni yuxarıda qeyd olunan (mətni üçün bax §8) prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiadan imtinanın qəbul edilməməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən, qəbul edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam ver ilməlidir (mətni üçün bax §8).
12. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-816/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC və Cavabdeh3 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.