Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-676/2025 05.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə öhdəliklərinin icra edilməməsi, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi qarşı pul tələbinə dair Naxçıvan MR Ali Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il 25 iyun tarixli, 2- 2(108)-35/2025 nömrəli nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2022-ci il 1 mart tarixli, 01/2022 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ilə alıcı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvanşəhər İdarəsi arasında müqavilə bağlanmaqla satıcı mal və ya xidmətləri göstərməyi, alıcı isə almağı öhdəsinə götürür. 2. 2022-ci il 26 dekabr tarixli müqavilə üzrə yerinə yetirilmiş malların təhvil verilməsi və qəbuluna dair akta əsasən, satıcı 22661,60 manat dəyərində malları alıcı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə təhvil vermişdir. 3. 338139 saylı, 2022-ci il 30 dekabr tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən, iddiaçı tərəfindən dəyəri 22661,60 manat dəyərində işlər təqdim edilmişdir. 4. 2023-cü il 10 aprel tarixli ödəniş sənədinə əsasən, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi tərəfindən iddiaçının hesabına 5000 manat ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinə əsasən qalıq borc məbləği olan 17.661.60 manat pulun və ödənilmiş 142.99 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onun la əsaslandırılmışdır ki, iddiaçı 2022-ci il 1 mart tarixində cavabdeh təşkilatla alqı-satqı müqaviləsi bağlayaraq 22.661,60 manat dəyərində dəmir güllər və dəmir listlər verdiyini, cavabdehin isə 2023-cü il 10 aprel tarixində yalnız 5.000 manat ödəniş etdiyini, qalan 17.661,60 manat məbləğin bu günədək ödənilmədiyini bildirmişdir. İddiaçı dəfələrlə tələb etməsinə baxmayaraq qalıq borcun ödənilmədiyini, buna görə də məhkəməyə müraciət etdiyini, iddia ərizəsində bütün mövqeyini ətraflı göstərdiyini qeyd edərək, tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həqiqətən müqavilə olduğunu, iddiaçıdan mal aldıqlarını, lakin pul ayrılmadığı üçün borcu ödəyə bilmədiklərini, vəsait ayrılandan sonra borcu ödəyəcəklərini göstərərək iddia tələ binin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2025-ci il 18 aprel tarixli, e-2-2(123)-91/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Q. Məmmədov).
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin izahatından iddianı etiraf etdiyi məlum olur. Cavabdehin nümayəndəsinin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir.
10. Belə ki, cavabdeh iddianı etiraf etmişdir və bu etiraf nə qanuna ziddir, nə də hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Bu səbəbdən, MPMin 191.3-cü maddəsinə uyğun olaraq cavabdehin iddianı etirafı məh kəmə tərəfindən qəbul edilmiş və iddiaçının irəli sürdüyü tələblər təmin olunmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324.1, 324.2, 385.1, 389.1-ci maddələrinə, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
13. Naxçıvan MR Ali Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il 25 iyun tarixli, 22(108)-35/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – S.Qarayev, hakimlər – S.Nov ruzov, V.Quliyev).
14. Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, vəzifəli şəxsin (idarə rəisinin) hakimiyyətdən suiistifadə nəticəsində əmələ gəldiyi üçün bu hüquq pozuntusunda cavabdeh təqsirli hesab edilə bilməz. Belə ki, adı çəkilən müqavilə üzrə alınmış mal-materiallar idarə tərəfindən aparılan təsərrüfat işlərində istifadə edilməmiş, idarə rəhbərinə verilmiş tapşırıqlar əsasında digər məqsədlərlə (başqa tikinti obyektlərində) istifadə edilmişdir. Bu əsasda cavabdeh, hüquqi şəxs təqsirli hesab edilə bilməz.
15. Kollegiya irəli sürülmüş dəlilə münasibətdə işin hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə gö türdüyü öhdəlikdən 5000 manat ödəniş etmiş, qalmış borcunu ödəməkdən yayınmış və bununla da cavabdeh tərəf götürmüş olduğu öhdəliyi tam yerinə yetirməmişdir.
16. Belə ki, tərəflər arasında olan müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfə mallar təqdim etmiş, cavabdeh tərəfin həmin aldığı malları hansı məqsədlərlə alması və ya hansı tikinti obyektində istifadə edilməsi işin mahiyyəti üçün bir əhəmiyyət kəsb etməmişdir, çünki iddiaçı mal satmış, qarşı tərəf də həmin malı qəbul etmişdir. Nəticədə isə iddiaçı qalmış borcunu tələb etməkdə haqlı olmuşdur. Buna görə də cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlili əsassız hesab edilməlidir.
17. Kollegiya apellyasiya şikayətində qeyd edilmiş digər dəlillərə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarından və birinci instansiya məhkəməsi ndə 2025-ci il 5 mart və 2025-ci il 18 aprel tarixlərdə keçirilmiş məhkəmə iclaslarından, həmçinin apellyasiya icraatı üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin verdiyi izahatdan aydın olur ki, cavabdehin nümayəndəsi iddiaçıya borclu olduqlarını etiraf etmişdir.
18. Məhkəmə bildirmişdir ki, iş materiallarında olan cavabdeh idarənin rəisi vəzifəsini icra edən Nümayəndə2 tərəfindən idarənin mühasibi Nümayəndə1 2024- cü il 21 sentyabr tarixdə verilmiş etibarnamədə “iddianın etiraf edilməsi” səlahiyyəti nəzərdə tutulmuşdur.
19. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının audio-video yazısı fasiləsiz olaraq aparılmış, həmçinin qeyd olunan hal apellyasiya baxışında da həyata keçirilmişdir. Bu da onu deməyə əsas vermişdir ki, cavabde hin etirafının məhkəmə iclasının protokoluna qeyd olunmasına və etiraf edən tərəfin protokolu imzalamasına zərurət qalmamışdır.
20. Həmçinin məhkəmə §3-4-də göstərilənləri də borcun etirafı kimi qəbul etmişdir.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 399.1, 425.1, 425.2, 442, 445.2.1, 448.1-ci maddələrinə, MPM-in 77.1, 88, 191.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
23. MM-in 1096, 1097-ci maddələri üzrə - Məhkəmə tələbin haqlı olmasının əsası kimi tərəflər arasında 2022-ci il 1 mart tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı, iddiaçı t ərəfindən öz öhdəliklərini yerinə yetirdiyini təsdiq edən sənədlər (akt, qaimə faktura sənədləri) əsasında sübut olunduğu və bu əsasda iddiaçının müqavilə üzrə öz öhdəliklərini tam olaraq yerinə yetirdiyi, cavabdeh tərəfin isə müqavilə üzrə öhdəliklərinin yerinə yetirmədiyini müəyyən etmiş olmasını əsas götürmüşdür.
24. Hazırki iş üzrə cavabdeh qismində göstərilən idarənin, hüquqi şəxsin mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyy ətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir. Həmin borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, vəzifəli şəxsin (idarə rəisinin) hakimiyyətdən sui-istifadə nəticəsində əmələ gəldiyi üçün bu hüquq pozuntusunda cavabdeh təqsirli hesab edilə bilməz. Belə ki, adı çəkilən müqavilə üzrə alınmış mal-materiallar idarə tərəfindən aparılan təsərrüfat işlərində istifadə edilməmiş, idarə rəhbərinə verilmiş tapşırıqlar əsasında digər məqsədlərlə (başqa tikinti obyektlərində) istifadə edilmişdir. Bu əsasda idarə, hüquqi şəxs təqsirli hesab edilə bilməz.
25. MPM-in 14-cü maddəsi üzrə - Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı süb utlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər müəyyən edilmir. Qətnamənin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri aydın izah edilməmişdir. Cavabdehin və ya hüquqi şəxsin təqsiri sübut edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra ed ərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarınd a aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət verm ədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
33. Məhkəmə kollegi yası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
34. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsində satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Baxılan iş üzrə iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq malların cavabdehə təhvil ve rilməsi, cavabdeh tərəfindən isə malların qəbul edilməsi mübahisəsizdir. Belə olan halda iddiaçı ödənilməmiş pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
35. Kassasiya şikayətinin bu qərarın § 23-də nəzərdə tutulan dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, vəzifəli şəxsin (idarə rəisinin) hərəkətlərindən asılı olmayaraq, tərəflər (iddiaçı ilə cavabdeh) arasında müqavilə münasibətləri mövcud olduğundan və cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən məhkəmə haqlı olaraq qanundan irəli gələn öhdəlik deyil, müqavilədən irəli gələn öhdəlik münasibətləri kimi qiymətləndirmişdir.
36. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətn amənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il 25 iyun tarixli, 22(108)-35/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.