Məhkəmə qərarları › İş №2-2(102)-804/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-804/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-804/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 sentyab r tarixli 2-2(103)-829/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə "xxxx" MMC arasında 2022-ci il 1 sentyabr tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı tərəflər arasında qabaqcadan razılaşdırılmış və sifarişçinin işçilərinin çalışdığı sahələrə və ya sifarişçi tərəfindən icraçıya əvvəlcədən yazılı şəkildə bildirilən başqa məntəqələrə malları çatdırmağı və xidmətləri göstərməyi, bunun müqabilində isə sifarişçi icraçıya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür.

2. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə EBDN seriyalı 799977 nömrəli 2023-cü il 7 sentyabr tarixli dəyəri 37.777,23 manat, EBDQ seriyalı 140742 nömrəli 2023-cü il 10 oktyabr tarixli dəyəri 32.057,18 manat, EBDS seriyalı 931522 nömrəli, 2023-cü il 17 noyabr tarixli dəyəri 26.796,15 manat, EBDX seriyalı 059668 nömrəli 2024-cü il 16 yanvar tarixli dəyəri 31.064,33 manat, EBEB seriyalı 587298 nömrəli 2024-cü il 6 aprel tarixli dəyəri 20.954,09 manat, EBEB seriyalı 587479 nömrəli 2024-cü il 6 aprel tarixli dəyəri 20.738,97 manat olan elektron qaimələr göndərilmişdir.

3. EBDQ seriyalı 140742 nömrəli 2023-cü il 10 oktyabr tarixli elektron qaimə Cavabdeh MMC tərəfindən təsdiqlənmiş, EBDN seriyalı 799977 nömrəli 2023-cü il 7 sentyabr tarixli elektron qaimə isə sistem tərəfindən təsdiqlənmişdir. 4. "xxxx" MMC tərəfindən EBCM seriyalı 707686 nömrəli və EBCL seriyalı 776637 nömrəli elektron qaiməl ər üzrə 2023-cü il 20 fevral tarixində 18.315,60 manat, EBCO seriyalı 583006 nömrəli elektron qaimə üzrə 2023-cü il 14 mart tarixində 11.473,30 manat, EBCO seriyalı 583006 nömrəli elektron qaimə üzrə 2023-cü il 17 mart tarixində 5.000 manat, EBDB seriyalı 511745 nömrəli elektron qaimə üzrə 2023-cü il 26 aprel tarixində 5.000 manat, EBDN seriyalı 799977 nömrəli elektron qaimə üzrə 2024-cü il 15 yanvar tarixində 30.000 manat, EBDN seriyalı 799977 nömrəli elektron qaimə üzrə 2024-cü il 29 may tarixində 20.000 manat məbləğində ödəniş edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə əsa sında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış əsas borc olaraq ƏDV daxil 110.387,95 manat məbləğin, öhdəliyin icrasının gecikdirilməsinə görə 32.096,79 manat məbləğinin, 433 manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 142.917,74 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırlmışdır ki, tərəflər arasında bağlanmış 2022-ci il 1 sentyabr tarixli müqaviləyə əsasən icraçı tərəfindən sifarişçiyə catering xidmətləri göstərilmiş, lakin sifarişçi öhdəliklərini tam icra etməmiş, nəticədə əsas borc üzrə 110.387,95 manat və müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə 32.096,79 manat dəbbə pulu yaranmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 7.3-cü bəndinə əsasən Sifarişçi İ craçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda icraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəməlidir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 19 may tarixli e-2-2(113)-2259/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, əsas borc olaraq 110.387,95 manat, öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 5.519,39 manat, 433 manat məbləğində dövlət rüsumu – ümumilikdə 116.340,34 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – M.Bayramov).

8. Birinci instansiya məhkəməsi cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyi ni, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 110.387,95 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. Həmçinin dəbbə puluna münasibətdə məhkəmə nəzərə almışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyi halda, eyni zamanda 2022-ci il 1 sentyabr tarixli müqavilə üzrə iddiaçı uzun müddət sonra, yəni 2025-ci il 3 fevral tarixində məhkəməyə müraciət etməklə dəbbə pulunun tələb edilməsinə rəvac vermişdir.

10. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, müqavilənin cərimə i lə bağlı şərtlərini və iddiaçının cərimə tələb etməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 5.519,39 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 390.1, 425, 427.3, 442, 448.1-448.3, 462.1, 467-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 107, 119.1, 119.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kol legiyasının 2025-ci il 12 sentyabr tarixli 2-2(103)-829/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və T.Qocayev).

14. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə iaşə xidmətlərinin göstərilməsini nəzərdə tutan xidmət müqaviləsidir. Lakin MM-də xidmət müqavilələrini birbaşa tənzimləyən xüsusi normalar mövcud olmadığından, mübahisənin həllində analogiya qaydasında xidmət müqaviləsinə məzmun və mahiyyət etibarilə yaxın olan podrat müqavilələrini tənzimləyən normaların tətbiq edilməsi zəruridir. Bu baxımdan, iddianın göstərilmiş xidmətlərə görə haqqın tutulması hissə sinə MM-in 752.1-ci maddəsi əsasında hüquqi qiymət verilməlidir.

15. İddiaçı ödənilməsini tələb etdiyi xidmətlərin təqdim edilməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimələri və mübahisəli dövrdə göstərilmiş xidmətlər barədə hesabatların cavabdehə göndərilməsinə dair e-mail yazışmaları ilə yanaşı mübahisəli xidmət müqaviləsi üzrə daha əvvəlki dövr üçün cavabdehə göndərilmiş elektron qaimələri və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən bank hesabından çıxarışları məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sübutlar ona dəlalət edir ki, tərəflər arasında göstərilmiş xidmətlərin həcmində email vasitəsilə hesabatlar və elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsi ilə bağlı işgüzar münasibət formalaşmışdır. Odur ki, yuxarıda qeyd edilən sübutların məcmusu ilə iddiaçı tərəfindən mübahisəli elektron qaimələr üzrə xidmətlərin faktı da öz təsdiqini tapır.

16. Göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödənilməli olan borcun məbləğinə münasibətdə kollegiya qeyd etmişdir ki, borc məbləğini adi riyazi hesablama vasitəsilə müəyyən etmək mümkün olmaqla sözügedən halın araşdırılması xüsusi bilik tələb etmir. Odur ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olması barədə cavabdehin dəlilləri də əsassızdır.

17. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının ödənilməsini tələb etdiyi 6 ədəd elektron qaimələrin cəmi məbləği ƏDV xaric 143.549,1 manat (ƏDV daxil 169.387,95 manat) təşkil edir. Həmin qaimələrdən yalnız ikisi (EBDQ seriyalı 140742 nömrəli 2023-cü il 10 oktyabr tarixli, EBDN seriyalı 799977 nömrəli 2023-cü il 7 sentyabr tarixli) üzrə cəmi 50.000 manat (20.000 manat+30.000 manat) məbləğində qismən ödəniş edilmişdir. Odur ki, mübahisəli qaimələr üzrə borc məbləği ƏDV xaric 93.549,1 manat (143.549,1-50.000), ƏDV daxil isə 110.387,5 manat təşkil edir.

18. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi ödəniş tapşırıqlarına münasibətdə kollegiya qeyd etmişdir ki, yuxarıda istinad edilən cəmi 50.000 manat məbləğində ödənişlər istisna olmaqla həmin ödəniş tapşırıqlarında ödənişin təyinatı kimi mübahisəli qaimələrə deyil, başqa nömrəli və tarixli elektron qaimələrə istinad edilmiş, yəni sözügedən ödənişlər mübahisəli elektron qaimələr üzrə aparılmamışdır. Odur ki, həmin ödənişlərin mübahisəli qaimələr üzrə borc məbləği müəyyən edilərkən nəzərə alınması üçün əsaslar yoxdur.

19. Apellyasiya instansiyası məhkəməsi dəbbə puluna aid də verilmiş apellyasiya şikayətini əsassız hesab etmişdir. Belə ki, cavabdeh müqavilə üzrə göstərilmiş xidmətləri ödəmək öhdəliyinin icrasını gecikdirmiş, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 7.3-cü bəndində isə iddiaçının həmin öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsinin müəyyən etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun MM-in 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsaslar yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 11.1, 385.1, 398.1, 442, 462.1, 467, 752.1, 753.1-ci və MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə istinad etməklə əsas landırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 6.1-ci maddəsi üzrə - apellyasiya qətnaməsinin İ və İİ hissələrində məhkəmə yalnız müqavilənin bağlanmasını və birinci instansiyanın nəticəsini təkrar etmiş, cavabdeh tərəfindən təqdim olunmuş ödənişlərin mövcudluğunu etiraf etdiyi halda, həmin ödənişlərin sübut kimi hüquqi dəyərini və borcun hesablanmasına təsirini göstərməmişdir. Qətnamənin 10-cu bəndində 110.387,95 manat əsas borc və 5.519 manat dəbbə pulunun tutulması təsdiqlənsə də, cavabdehin ödənişlərinin bu məbləğlərə necə təsir etdiyi a çıqlanmamışdır. Nəticədə, iddiaçının sənədləri tam etibarlı qəbul edildiyi halda, cavabdehin ödənişlərinə dair sübutlara hüquqi qiymət verilməmiş, bu isə MM-in 6.1-ci maddəsində təsbit edilmiş tərəflərin bərabərliyi və pozulmuş hüququn bərpası prinsiplərinin pozulmasına gətirib çıxarmışdır.

23. MM-in 18-ci maddəsi üzrə - apellyasiya məhkəməsi qətnaməsində işə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxıldığını göstərsə də, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halların düzgünlüyünü yoxlamamışdır. Qətnamədə heç bir əlavə sübutun tələb edilməsi, əlavə hesablamanın aparılması və ya ekspert rəyinə müraciət olunması əksini tapmamış, yalnız birinci instansiyanın sübut qiymətləndirməsi təkrar edilmişdir. Beləliklə, apellyasiya instansiyası cavabdeh tərəfindən irəli sürülmüş hüquqi müdafiə vasitələrini faktiki olaraq reallaşdırmamış, MM-in 18-ci maddəsinin tələb etdiyi real və effektiv məhkəmə müdafiəsini təmin etməmiş, habelə qətnamədə həmin müdafiə vasitələrinin niyə yetərsiz hesab edildiyini əsaslandırmamışdır.

24. MM-in 386.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi 2022-ci il 1 sentyabr tarixli müqavilənin mövcudluğunu və predmetini düzgün göstərsə də, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin mövcudluğu təsdiqləndiyi halda, həmin ödənişlərin müqavilə öhdəliyindən necə çıxıldığını və borcun qalıq məbləğinin necə formalaşdığını göstərməmişdir. Beləliklə, məhkəmə “öhdəliyin müqavilədən əmələ gəlməsi” prinsipini sadalamaqla kifayətlənmiş, icra edilmiş hissənin borc hesab edilə bilməməsi hüquqi nəticəsini tətbiq etməmiş, nəticədə müqavil ə öhdəliyinin real qalıq hissəsini müəyyən etmədən birinci instansiya məhkəməsinin hesablamasını qüvvədə saxlamışdır ki, bu da MMin 386.1-ci maddəsinin tələblərinə uyğun deyildir.

25. MM-in 434.1-ci maddəsi üzrə - apellyasiya qətnaməsində elektron qaiməfakturaların və xidmət aktlarının tərtib olunduğu göstərilsə də, cavabdeh tərəfindən müxtəlif tarixlərdə edilmiş ödənişlərin hansı qaimə-fakturanın və ya hansı xidmət aktının əvəzini ödədiyi müəyyən edilməmişdir. Məhkəmə “iddia olunan borc”u yekun məbləğ kimi qəbul etmiş, lakin borclunun ödənişləri konkret öhdəliklərə aid etmək hüququnu (MM-in 434.1-ci maddəsi) yoxlamamışdır. Nəticədə, iddiaçı tərəfindən təqdim edilən borc cədvəli əsas götürüldüyü halda, cavabdehin ödənişləri həmin hesablamaya daxil edilməmiş, bu isə apellyasiya instansiya sı tərəfindən yol verilmiş mühüm boşluq təşkil etmişdir.

26. MM-in 462.1-ci maddəsi üzrə - birinci instansiya məhkəməsi əvvəlcə 32.096,79 manat dəbbə hesablandığını, sonradan bu məbləğin azaldıldığını göstərmiş, apellyasiya məhkəməsi də həmin faktı təkrarlamışdır. Lakin qətnamədə dəbbənin hansı gecikdirilmiş əsas borc məbləğinə tətbiq edildiyi açıqlanmamışdır. Qətnamənin 10-cu bəndində əsas borc və dəbbə sadəcə cəmlənərək tutulmuş, ödəniş edilmiş hissə üzrə dəbbə hesablanmaması prinsipi tətbiq olunmamışdır. Nəticədə, MM-in 462.1-ci maddəsinin yalnız icra edilməmiş və ya gecikdirilmiş öhdəlik hissəsinə dəbbə tətbiq olunması tələbi apellyasiya instansiyası tərəfindən nəzərə alınmamışdır.

27. MM-in 462.5-ci maddəsi üzrə - iş materiallarından cavabdeh tərəfindən ödənişlərin edildiyi və bunun s ənədlərlə təsdiq olunduğu aydın olduğu halda, apellyasiya məhkəməsi həmin ödənişlərin mövcudluğunu inkar etməmiş, lakin icra olunmuş hissəyə görə dəbbənin kənarlaşdırılması barədə qətnamədə hər hansı mülahizə yürütməmişdir. Beləliklə, apellyasiya instansiyası “borclu icranı sübut etdikdə, həmin hissəyə görə dəbbə tutulmur” hüquqi məntiqini tətbiq etməmiş, yalnız birinci instansiya məhkəməsi tərəfindən azaldılmış dəbbə məbləğini qüvvədə saxlamışdır ki, bu da MM-in 462.5-ci maddəsinin tətbiq edilməməsi deməkdir. Apellyasiya instansiyası xidmətlərin göstərildiyini, aktların tərtib olunduğunu və sifarişçinin həmin xidmətlərin nəticəsindən istifadə etdiyini göstərməklə icranın qəbul edildiyini öz qətnaməsində qeydə almışdır. Lakin məhkəmə bu qəbulun kreditorun sonradan cərimə (dəbbə) tələb etmə sinə mane olub-olmadığını araşdırmamış, yalnız birinci instansiya məhkəməsinin qərarının düzgün olması nəticəsinə gəlmişdir. Halbuki, MM-in 465.2-ci maddəsinin tətbiqi üçün kreditorun icranı qəbul edib-etməməsi faktının müəyyən edilməsi zəruri idi. Bu hal apellyasiya mərhələsində araşdırılmadığından, göstərilən norma faktiki olaraq tətbiq edilməmişdir.

28. MM-in 467-ci maddəsi üzrə - apellyasiya məhkəməsi birinci instansiyanın ilkin hesablanmış dəbbəni azaltdığını bilsə də, MM-in 467-ci maddəsinin tələb etdiyi kimi, azaldılma səbəblərini, hansı halların nəzərə alındığını və tənasübün necə müəyyən edildiyini göstərməmişdir. Məhkəmə həm kreditorun mənafelərini ayrıca çəkiyə salmamış, həm də borclunun artıq etdiyi ödənişlərin tənasübə təsirini qeyd etməmişdir. Nəticədə norma yalnız adı çəkilm iş, məzmuna uyğun tətbiq edilməmiş, bu isə apellyasiya instansiyasının MM-in 467-ci maddəsini faktiki olaraq tətbiq etməməsi deməkdir.

29. MPM-in 14.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi rəqəmlər arasında uyğunsuzluğun olduğunu, dəbbənin hesablanmasının texniki-mühasibat xarakter daşıdığını və ödənişlərin hansı aktı “örtməsini” dəqiqləşdirmədiyini bilsə də, heç bir əlavə sənəd tələb etməmiş və ekspertiza təyin etməmişdir. Nəticədə, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradılmamış, mövcud, hətta ziddiyyətli sübutlar üzərindən qərar verilmişdir.

30. MPM-in 80, 81, 88-ci maddələri üzrə - işdə ödəniş sənədləri, məbləğlərin aidiyyəti və ödənilmiş hissəyə dəbbə tətbiq olunmaması kimi faktlar mövcud olsa da, apellyasiya məhkəməsi bunları faktiki əsaslandırma motivinə daxil etməm iş, əvəzində yalnız iddiaçının yekun cədvəlini əsas götürmüşdür. Beləliklə, apellyasiya məhkəməsi 80-ci maddənin sübutseçmə funksiyasını yerinə yetirməmişdir. İşdə “qalıq borcun məbləği” sualı yalnız mühasibat və maliyyə sənədləri ilə təsdiq oluna bilər; ümumi cümlələrlə yox. Apellyasiya məhkəməsi isə borcun məbləğini təsdiqləyərkən yenidən kreditorun təqdim etdiyi cədvələ istinad etmiş, cavabdehin bank sənədlərinin hansı hissəsinin qəbul edildiyi göstərilməmişdir. Beləliklə, MPM-in 81-ci maddənin tələbi gözlənilməmişdir.

31. MPM-in 97.1-ci maddəsi üzrə - bu maddə yalnız tərəfin vəsatəti ilə deyil, həm də məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etməsinə imkan verir. İşdə borcun yekun məbləği, ödənişlərin hansı aktları bağladığı və dəbbənin hansı baza məbləğə hesablandığı arasında aç ıq rəqəm ziddiyyətləri mövcud idi ki, bu hallar xüsusi bilik tələb edən suallar sayılır. Beləliklə, apellyasiya instansiyası MPM-in 97.1-ci maddəsindən istifadə edərək ekspertiza təyin etməli idi, lakin bunu etməmişdir.

32. MPM-in 217.1, 217.3, 218.1-ci maddələri üzrə - qətnamə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, hansı halların müəyyən edildiyi, hansı halların isə müəyyən edilmədiyi, hansı hüquqi münasibətlərin olması, hansı qanunun tətbiq olunması ümumiyyətlə qeyd edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh apellyasiya və kassasiya mərhələsində mübahisəli borcun mövcudluğunu inkar edərək ümumi ödənişlərin 227.842,40 manat olduğunu iddia etmişdir. Lakin Bakı Apel lyasiya Məhkəməsi müvafiq elektron qaimə-fakturaları araşdıraraq müəyyən etmişdir ki, ƏDV daxil 169.387,95 manatlıq qaimələrdən yalnız 50.000 manat ödənilmiş və qalıq borc 110.387,95 manat təşkil etmişdir. Cavabdehin təqdim etdiyi ödəniş tapşırıqları isə mübahisəli qaimələrə aid deyil. Ekspertiza təyin olunmaması prosessual pozuntu hesab edilmir, çünki borcun məbləğinin hesablanması sadə riyazi əməliyyatlarla müəyyən edilir. Apellyasiya instansiyası sübutları, tərəflər arasında işgüzar münasibətlərin elektron qaimələr və email vasitəsilə rəsmiləşdirildiyini və cavabdehin uzun müddət irad bildirmədiyini əsaslandıraraq qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi 2022-ci il 1 sentyabr müqaviləsinin 7.3-cü bəndi və MM-in 462.1 və 467-ci maddələrinə istinadla dəbbə pulunun məbləğini 5.519, 39 manat səviyyəsində ədalətli hesab etmişdir. Apellyasiya məhkəməsi də cavabdehin şikayətini bu hissədə əsassız sayaraq qətnaməni dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətində irəli sürülən arqumentlər dəbbə pulunun yenidən müəyyənləşdirilməsinə yönəldiyindən təmin edilməməlidir və şikayət əsassızdır. Kassasiya baxışının hədləri

34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyr inə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətlən dirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsasla r mövcud deyildir.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

39. Kassasiya şikayətlərində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

40. Belə ki, məhkəmə kollegiyası həmin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

41. Əlavə olaraq kollegiya qeyd edir ki, maddi hüquq normalarının pozulması ilə bağlı dəlillər məhk əmənin müəyyən etdiyi işin faktiki halları ilə deyil, açıqlanması qeyd edilməyən ifadələr və ehtimallarla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsində iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri də işin faktiki hallarına istinad edilmədən ümumi ifadələrdən ibarət olmuşdur.

42. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

43. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

45. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, s übutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

46. Cavabdehin kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdeh tərəfin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiy ası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 sentyabr tarixli 2-2(103)-829/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar