Məhkəmə qərarları › İş №2-2(103)-1006/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1006/2022

22.12.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1006/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı1 Cavabdeh MMC-yə qarşı əmlakın götürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddiası və müstəqil tələblər irəli sürən üçüncü şəxs Leila Janashianın Cavabdeh MMC-yə qarşı əmlakın geri qaytarılması tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə3, üçüncü şəxs Leila Janashianın, onun nümayəndəsi və vəkili Nümayəndə1 və tərcüməçi X3 qızının iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1698/2022 saylı qətnaməsindən üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən icarə obyektinə sərbəst surətdə daxil olmağı və həmin obyektdə yerləşən əmlaklarının (33 ədəd şüşəli və şüşəsiz müxtəlif ölçülü vitrinlər, 15 ədəd müxtəlif ölçülü komod, 9 ədəd müxtəlif ölçülü divan, 11 ədəd müxtəlif ölçülü kreslo, 24 ədəd müxtəlif ölçülü stol, 37 ədəd müxtəlif ölçülü stul, 36 ədəd müxtəlif ölçülü aksesuar altlığı (konsul), 1 ədəd piano, 4 ədəd müxtəlif ölçülü güzgü, 1 ədəd yazı masası, 2 ədəd çilçıraq, 14 ədəd divar üçün bra, 4 ədəd jurnal masası, 13 ədəd və 4 cüt müxtəlif formalı şamdan, 6 ədəd telefon altlığı, 33 ədəd fiqurlar (insan, heyvan və s.), 51 ədəd müxtəlif ölçülü vazalar, 32 ədəd müxtəlif növ və ölçülü güldan, 52 ədəd müxtəlif ölçülü meyvə qabı, 4 ədəd konfet qabı, 1 ədəd su qabı və 4 ədəd stəkan altlıqla birlikdə, 19 ədəd stolüstü lampa və gecə işığı, 8 ədəd su üçün qrafin - 8 ədəd, 14 ədəd stəkan, üzərində balıq şəkili olan 2 dəst servis, 2 dəst 12 nəfərlik servis, 6 nəfərlik 6 ədəd boşqab və 2 ədəd konfet qabı ilə birlikdə 1 dəst çay servisi, 9 ədəd saat (divan, stolüstü və s.), 1 ədəd güldanla birlikdə bulud, 1 ədəd qapaqlı kubok, üzərində 2 ədəd fincan olan 2 ədəd padnos, 1 ədəd çaynik, 1 ədəd quş gəfəsi, 1 ədəd qəzet yığmaq üçün qab, 1 ədəd çətir qabı, 4 ədəd mücrü, 1 ədəd divardan asmaq üçün mələk fiqurlu keramika, 2 ədəd böyük bulud, 15 ədəd divardan asmaq üçün boşqab, 48 ədəd vitrin üçün müxtəlif balaca fiqurlar, 48 ədəd müxtəlif ölçülü şəkil, 17 ədəd divardan asmaq üçün süvenirlər) götürülməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Həmçinin müstəqil tələblər irəli sürən üçüncü şəxs Leila Janashia Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən əmlakların Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (həmin iddia ərizəsinin əvvəlində İddiaçı1 cavabdeh kimi göstərilsə də, ona qarşı tələb irəli sürülmədiyi üçün cavabdeh kimi yalnız Cavabdeh MMC qəbul edilir).

3. İddiaçı1 bildirir ki, o, Cavabdeh MMC ilə 2011-ci ildə icarə müqaviləsi bağlayaraq müxtəlif əşyaların satışı ilə məşğul olmuşdur. 2019-cu ilin aprel ayından etibarən icarəyə götürdüyü obyektə daxil olmağına cavabdeh tərəfindən maneə törədilməyə başlanmışdır. Bunun səbəbi, Leyla Canaşiya adlı qadının ona qarşı şikayətinin olması, icarə obyektində həmin qadına məxsus mallar mövcudluğu olmuşdur ki, cavabdeh həmin malların zərər görməsindən qorxaraq belə bir məhdudiyyət tətbiq etmişdir. İddiaçı ilə digər şəxs arasında mübahisə olsa belə, icarəyə verənin belə bir hüququ yoxdur. Çünki icarə müqaviləsi onunla bağlanmışdır. O, icarə hüquqları müqavilədə təsbit olunmuş şəxsdir. Leyla Canaşiyanın onunla əmlak mabahisəsinin olması onun işlədiyi icarə obyektinin bağlanması üçün əsas ola bilməz. Bütün bu hərəkətlər nəticəsində o, icarəyə götürdüyü obyektdən istifadə edə bilmir. İcarə obyektində iddiaçıya məxsus mallar saxlanılmışdır. Həmin malların taleyindən xəbərsizdir. Orada elə mallar vardır ki, onlar mütəmadi olaraq təmizlənməli və qulluq edilməlidir. Baxımsızlıqdan həmin mallar fiziki cəhətdən çürüyüb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. İcarə obyektindən istifadə edə bilməməyi onu tamamilə müflisləşdirmişdir. Əgər malları da məhv olarsa, o, digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəkdir.

4. Üçüncü şəxs Leila Janashia bildirir ki, o, Gürcüstan Respublikası vətəndaşı olmaqla, 1996-cı ildən Azərbaycan Respublikasına gəlib-gedir. Təxminən 2006-ci ildə Gürcüstan Respublikası vətəndaşı, milliyyətcə azərbaycanlı olan Rebeka Saxtarova adlı qadınla tanış olmuşdur. Onun özü həmin ərəfələrdə qədim (antikvar) əşyaların alqı-satqısı ilə məşğul olurdu. Bu baxımdan o, Azərbaycan dilini bilmədiyinə görə Rebeka ona köməklik edirdi. Sonradan Rebeka onun BUMda icarəyə götürdüyü yerin icarə məsələlərində, vergi məsələlərində ona köməklik edirdi. Rebeka onun etibarından sui-istifadə edərək malların ona məxsus olduğunu bildirdi. 2008-2012-ci illərdə Tsitso Tolordavadan 21 adda əşyaları alaraq satmaq üçün Azərbapycan Respublikasına gətirmişdir. Əşyaların fotoşəkilləri ilə birlikdə satıcının ərizəsi notarial qaydada təsdiq edilmişdir. Pati Çeçinadzedən 2012-2017-ci illərdə, Sanata Narsiyadan 2012-2017-ci illərdə, Mamia Kuriaşqvilidən 2012-2017-ci illərdə, Marina Obraztsovadan 2012-2019-cu illərdə, Dinara Keburiyadan 2012-2019-cu illərdə, Tsaro Okriyaşvilidən 2012- 2016-cı illərdə müxtəlif adda əşyaları alaraq satmaq üçün Azərbapycan Respublikasına gətirmişdir. Həmin əşyaların fotoşəkilləri ilə birlikdə satıcının ərizəsi notarial qaydada təsdiq edilmişdir. Göstərilən əşyalar Azərbaycan Respublikası vətəndaşı X6 tərəfindən onun adına olan invoice ilə Azərbaycan Respublikasına gətirilmiş və gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Həmçinin, həmin əşyaların bir qismi X1 idarə etdiyi avtomobillə Azərbaycan Respublikasına gətirilmişdir. İddiaçı1 idda tələbi irəli sürdüyü əşyalardan başqa ərizədə göstərilən və ona məxsus olan əşyalar da Cavabdeh MMC-nin yerləşdiyi ünvan 3 ünvanında (BUM-da) qalmışdır.

5. Cavabdeh bildirir ki, sahədə olan əşyalarla bağlı İddiaçı1 ilə Leyla Janashia arasında mübahisə yarandığından, hər iki tərəfə sahəyə daxil olmaq üçün məhdudiyyətlər qoyulmuşdur. İddia ərizələri üzrə tələb olunan əşyalar sahədə saxlanılır, lakin onların hansı vəziyyətdə olması barədə məlumatı yoxdur. İcarə müqaviləsi əvvəl Ağabəd Fəttayev, İlqar Qasımov, İddiaçı1 ilə, sonradan onun qohumu olan Ülkər adlı şəxslə bağlanmışdır. Lakin icarə müqaviləsi kiminlə bağlanmasından asılı olmayaraq, həmin sahədə həmişə Rebeka ilə Leyla birgə fəaliyyət göstərmişlər. Məhkəmənin qanuni qüvvəyə minmiş aktı ilə əşyaların kimə məxsus olması müəyyən olunduqdan sonra, həmin şəxsə icarə sahəsinə daxil olma hüququnun bərpa olunacağını və əşyaların götürülməsinə şərait yaradılacaqdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1698/2022 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh MMC-yə qarşı əmlakın götürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə iddiası təmin edilmiş, Leila Janashianın Cavabdeh MMC və İddiaçı1 qarşı əmlakın geri qaytarılması barədə iddiası isə rədd edilmişdir.

7. Müstəqil tələblər irəli sürən üçüncü şəxs Leila Janashia apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və İddiaçı1 iddiasının rədd edilməsi və özünün iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı1 tərəfindən apelyasiya şikayətinə qarşı etiraz verilmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, Leila Janashia nə sahibkar kimi heç vaxt vergi orqanlarında qeydiyyata alınmayıb, nə də ki, hər-hansı ticarət obyektini icarəyə götürülməsini təsdiq edən hər-hansı sənədi təqdim etməyib. Bəlkə də, X17 Sakhtarovaya məlum olmayan bir yerdə vergidən yayınaraq hardasa alqı-satqını həyata keçirib, lakin ünvan 2 ünvanında yerləşən İddiaçı1 icarəyə götürdüyü qeyriyaşayış sahəsinin və orada yerləşən əşyaların Leila Janashiaya heç bir aidiyyəti yoxdur. Leila Janashia apellyasiya şikayətinin ikinci arqumenti kimi altı-satqı ilə məşğul olması üçün Gürcüstan vətəndaşı olan şəxslərdən müxtəlif vaxtlarda malların aldığını qeyd edir. Bununla əlaqədar olaraq iş materiallarında olan və 3-cü şəxs tərəfindən təqdim olunan bütün sənədlərdən görünür ki, Tsitso Tolovrada xx.xx.2019-cü il tarixində, Marina Obraztsova xx.xx.2019-cu il tarixində, Mamia Kruaşvili xx.xx.2019-cu il tarixində, Dinara Keburiya xx.xx.2019-cu il tarixində, yəni İddiaçı1 tərəfindən cavabdeh MMC-dən icarəyə götürdüyü obyektin bağlandığı və oraya kiminsə daxil olmasına məhdudiyyətin yaradıldığı aprel 2019-cu il tarixindən sonra Gürcüstan Respublikasında notariusa ərizə verərək və İddiaçı1 icarəyə götürdüyü dükanda Leila Janashia tərəfindən rəfiqəsinin-iddiaçının dükanına gələrək əvvəllər çəkdiyi şəkillər əlavə edilərək güya həmin əşyaların Leila Janashiaya satdıqları barədə ərizə veriblər. Göründüyü kimi həmin sənədlər alqı-satqı müqavilələri deyil, yalnız ərizələrdi və notarius alqı-satqı müqaviləsinin baş tutmasını deyil, sadəcə ərizələrdə olan imzaların həqiqiliyi təsdiq edib. Beləliklə, göründüyü kimi Leila Janashiyanın münasibəti rəfiqəsi olmuş İddiaçı1 ilə pozulduqdan sonra bu cür qeyri-mötəbər sənədlər hazırlayıb. İş materiallarına əlavə olunmuş və apellyasiya şikayətində adı çəkilən Məmmədov Xaliddinə aid sənədlərdən isə görünür ki, xx.xx.2018-ci il tarixli “Kvitansiya” adlı cədvəl əlavə olunmuşvə həmin sənəd heç bir imza və möhür ilə təsdiq olunmadığına görə adi kağız parçasından başqa bir şey deyil. Bundan əlavə Məmmədov Xaliddinin hansı mallara görə bəlli olmayan gömrük rüsumunun ödənilməsi barədə qəbzlər əlavə edilmişdir. Qəbzlərin nömrə və tarixlərindən göünür ki, cəmi 3 fərqli rüsum qəbzi var, lakin Leila Janashia tərəfindən iş materiallarını sənədlərlə yükləyərək görüntü yaratmaq üçün eyni bir qəbzi bir vərəqdə 3-4 dəfə çap edərək iş materiallarına əlavə etmişdir. Beləliklə, həmin qəbzlərdən Məmmədov Xaliddinin hansı malların idxal etdiyi müəyyən olunmur və işə heç bir aidiyyəti yoxdur. Bundan əlavə X11 Janashia ilə hər hansı əməkdaşlığın, birgə fəaliyyətin, malların təhvil-qəbul edilməsini təsdiq edən heç bir sənəd, sübut mövcud deyil. Apellyasiya şikayətində Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə və qətnamədə əks olunmuş şahid ifadələrinə istinad olunmuşdur. Lakin, iş materiallarından da göründüyü kimi işə haxılması ilə bağlı aidiyyət məsələləri pozulduğuna görə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və heç bir hüquqi qüvvəyə malik deyil. Buna baxmayaraq, İddiaçı1 iddia ərizəsində və Bakı Kommersiya Məhkəməsində işə baxıldığı zaman bildirmişdir ki, icarəyə götürdüyü obyektdə xaricdən aldığı mallar, hətta öz evinin əşyaları, başqa şəxslərdən nisyə aldığı əşyalar var. Başqalarından nisyə aldığı əşyaların pullarını malları satdıqdan sonra ödəyirdi. 2019-cu ilin aprelində dükan bağlandığına görə nisyə aldığı əşyaların satıcıların (Nərimanov Rayon Məhkəməsində dindirilmiş şəxslərin) pulları ödənilməmiş qalmaqdadır. Göründüyü kimi, İddiaçı1 tələbi onun Cavabdeh MMC ilə bağladığı icarə müqaviləsindən irəli gəlir. MMC-nin rəhbəri nə icarə obyektini işlətməyə imkan verir, nə də ki icarəçi-İddiaçı1 tərəfindən həmin obyektdə satmaq üçün yerləşdirdiyi əşyalarını götürməyə imkan vermir. Cavabdeh MMC-nin rəhbəri X12 Bakı Kommersiya Məhkəməsində verdiyi izahatında bildirmişdir ki, icarə müqaviləsi İddiaçı1 ilə bağlanmış, obyektə əşyalar İddiaçı1 tərəfindən gətirilmiş, icarə haqqı hər ay İddiaçı1 tərəfindən ona ödənilmişdir; Leila Janashiyanı isə həmin obyektdə tez-tez görüb, lakin Leila Janashiyanın həmin obyektə hansısa malların gətirilməsini görməyib və Leila Janashiya ilə MMC arasında heç vaxt müqavilə bağlanmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında üçüncü şəxs Leila Janashia və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz etdilər, Cavabdeh MMC-nin qanuni nümayəndəsi Nümayəndə2 isə mübahisənin həllini məhkəmənin mülahizəsinə vediyini bildirdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

13. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

14. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

15. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

16. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası əsassız, üçüncü şəxsin iddiası isə əsaslıdır.

22. Belə ki, əmlakların qaytarılması ilə bağlı irəli sürülmüş hər iki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər,

24. Hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur.

25. Belə ki, həm İddiaçı1, həm də üçüncü şəxs Leila Janashianın iddia ərizəsində göstərilən əşyaların hazırda Cavabdeh MMC-yə məxsus Səbail rayonu, Z.Əliyeva küçəsi, 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olması işin mübahisəsiz halıdır. Çünki tərəflərdən heç biri həmin halı mübahisələndirmir.

26. Eyni zamanda Bakı Kommersiya Məhkəməsinin e-MTT(113)-252/2022 saylı qərardadına əsasən də İddiaçı1 müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin olunaraq, ünvan 2 ünvanında yerləşən Cavabdehnə məxsus qeyri-yaşayış sahəsində olan əmlakların üzərinə həbs qoyulmuşdur.

27. Həmin qərardadın icra olunması ilə bağlı İddiaçı1 və Leyla Janashianın iştirakı ilə tərtib olunmuş 19 iyul 2022-ci il tarixli aktla tələb olunan əşyaların mövcudluğu təsdiqini tapır.

28. Eyni zamanda həmin sahiblik qanunsuzdur. Çünki məhz həmin əşyalara dair Cavabdeh MMC ilə bağlanmış hər hansı saxlanc, və ya digər tipli müqavilə mövcud deyildir.

29. Hazırda mübahisləndirilən yeganə hal həmin əşyaların kimə - İddiaçı1, yoxsa üçüncü şəxs Leila Janashiaya məxsus olması ilə bağlıdır.

30. İddiaçı1 həmin halları təsdiq etmək üçün heç bir sübut təqdim etməmiş və iddiasını yalnız onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan əşyalar onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsində yerləşdirilmişdir.

31. Kollegiya qeyd edir ki, həmin icarə müqaviləsinin bağlanması mübahisəli əşyaların iddiaçıya məxsus olduğunu birbaşa təsdiq etmir.

32. Eyni zamanda nəzərə alınır ki, mübahisəli əmlakların yerləşdiyi qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı xx.xx.2017-ci il tarixdə yeni icarə müqaviləsi bağlanmış və həmin müqavilə iddiaçı ilə deyil, X9 ilə bağlanmışdır (cild 1, i/v 114).

33. Göründüyü kimi İddiaçı1 iddia ərizəsində göstərilən əşyaların ona məxsus olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

34. Bunun əksinə üçüncü şəxs Leila Janashia tərəfindən aşağıdakı sübutlar məhkəməyə təqdim edilmişdir:

35. Gürcüstan Respublikası vətəndaşları olan Pati Çeçinadze və Madona Mqeladze tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş ərizəyə əsasən onların Leila Janashiaya ilə işgüzar münasibəti var idi. Leila Janashianı 2005-ci ildən tanıyırlar. Qeyd edilən əşyalar 2012-ci ildən 2017-ci ilədək vaxtaşırı aparılan əşyalardır. X16 inam əsasında əşyaları verirdilər. 2012-ci ildən bir neçə dəfə onlar Bakıya onun yanına və univermaq “BUM”a mağazaya getmişlər və orada öz əşyalarını görmüşlər. Müvafiq olaraq bir halda ki, Leila Janashia məbləği ödəmir və əşyaların yeri də məlumdur, onlar öz əşyalarını geri qaytarmaq istəyirlər.

36. Gürcüstan Respublikası vətəndaşı olan Tsitso Tolordava tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2008-2012-ci illərdə qeyd edilən əşyaları (21 şəkil müşayiət edir) Leila Janashiaya satmışdır.

37. Gürcüstan Respublikası vətəndaşı olan Mamiya Kuriaqşvili tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2017-ci ildə qeyd edilən əşyaları (1 şəkil müşayiət edir) realizasiya etmək üçün Leila Janashiaya vermişdir.

38. Gürcüstan Respublikası vətəndaşı olan Maria Obraztsova tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2011-2014-cü illərdə qeyd edilən əşyaları (10 şəkil müşayiət edir) Leila Janashiaya satmışdır.

39. Gürcüstan Respublikası vətəndaşı olan Tsaro Okryaşvili tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2008-2016-cı illərdə qeyd edilən əşyaları (52 şəkil müşayiət edir) realizasiya etmək üçün Leila Janashiaya vermişdir.

40. Gürcüstan Respublikası vətəndaşı olan Diana Keburiya və Sanata Narsiya tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizələrdə də yuxarıda qeyd olunanlarla eyni məzmunda izahatlar verilmişdir.

41. Həmin ərizələrə onlarda qeyd olunan sayda antik əşya fotoşəkilləri də əlavə olunmuşdur.

42. Həmçinin iş materiallarında olan pul köçürmələri sənədlərindən görünür ki, Leila Janashia tərəfindən müxtəlif vaxtlarda müxtəlif Gürcüstan vətəndaşlarının hesablarına çoxsaylı pul vəsaitləri köçürülmüşdür (3-cü cild, s. 115-249, 4-cü cild, s. 1-40).

43. Bundan əlavə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 01 dekabr 2020-ci il tarixli qərarına əsasən Leila Janashianın ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir.

44. Həmin qərarda qeyd olunmuşdur ki, izahatı alınmış X14 və X8 X10 ilə eyni məzmunlu izahat verərək sonuncunun izahatında göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir.

45. Həmçinin həmin qərara əsasən material üzrə izahatı alınmış X6 izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. 24 ilə yaxındır ki, o, özünə məxsus olan avtomobillə “Qırmızı” körpü deyilən yerdən Bakı şəhəri istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. Beş ilə yaxındır ki, Leila adlı qadın müştərini tanıyır. Dəfələrlə Leilanı o, avtomobili ilə Bakı şəhərinə gətirdiyindən onların arasında tanışlıq yaranmış, Leila bundan sonra onun istifadəsində olan mobil nömrəsini götürmüş və Leilaya taksi lazım olduğu halda Leila onunla telefonla əlaqə yaratmış və Leila onun zəhmət haqqını ödəməkdindən sonra Leilaya taksi kimi xidmət göstərmişdir. Sonradan ona məlum olmuşdur ki, Leila Gürcüstan Respublikasının vətəndaşıdır, Leila antik əşyaların alqı-satqısı ilə məşğuldur və onun Bakı şəhərində “BUM”-da mağazası var. O, Leilanı dəfərlərlə həmin mağazaya aparmışdır. 2018-ci ilin oktyabr ayının ortalarında Leila ona zəng edərək Gürcüstan Respublikasından əntiq əşyaları alıb Bakı şəhərinə gətirmək istədiyini, lakin Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün malları karqodan göndərə bilmədiyini, Bakı Baş Gömrük İdarəsində yalnız Azərbaycan vətəndaşlarının adına malların sənədləşdirilməsinin mümkün olduğunu ona bildirib ona onu uzun illərdi ki, tanıdığını və malların onun adına sənədləşdirib Bakı şəhərinə aparmasını ondan xahiş etmişdir. Leilanı uzun illər tanıdığından o, Leilanın bu təklifi ilə razılaşmışdır. 23 oktyabr 2018-ci il tarixdə o, Leila ilə Bakı şəhərində görüşmüş və Gömrük İdarəsində onun adına Gürcüstan Respublikasından göndərilmiş karqoda olan bir ədədi 1200 lari olan Xafetariya”, bir ədədi 300 lari olan 6 ədəd olmaqla 1800 manat təşkil edən “Jurnal” masası, 1 ədəd dəyəri 1100 lari olan “Masaüstü saat”, bir ədədi 120 lari olan 6 ədəd olmaqla 720 lari təşkil edən “Şəkil”, iki ədəd 300 lari olan “Çətir”, iki ədəd ümumi dəyəri 200 lari olan “Lampa”, bir ədəd ümumi dəyəri 900 lari təşkil edən “kiçi Kafetariya”, bir ədəd 1000 lari olan “Bufet, üç ədəd dəyəri 1500 lari olan “Güzgü”, bir ədəd 700 lari olan masa, iki ədəd 300 lari olan stul, iki ədəd ümumi dəyəri 300 lari olan çilçıraq, 3 ədəd ümumi dəyəri 560 lari olan masa, bir ədəd 200 lari olan jurnal masası, 1550 lari olan yumşaq mebel, iki adəd 930 lari olan çilçıraq, bir ədəd 300 lari olan şəkil kanvası, 18 ədəd ümumi qiyməti 1170 lari olan stul, iki ədəd 200 lari olan kreslo, 3 ədəd 800 lari olan çilçıraq, bir ədəd 200 lari olan lampa, 1100 lari olan yumşaq mebel, 3000 lari olan stol, iki ədəd 2400 lari olan yeməkxana dolabı, bir ədəd 500 lari olan kamot, ümumilkdə isə 20030 lari təşkil edən əşyaların 8000 manat təşkil edən rüsumunu Leila xanım onun adından Bakı Baş Gömrük İdarəsinə ödəmiş və bundan sonra o, həmin malları Leilanın işlədiyi “BUM”-a aparmışdır. Nariranı tanımır və o, Nairaya Gürcüstandan mal gətirməyib.

46. İş materiallarına əlavə olunmuş X2 adına verilmiş xx.xx.2018-ci il tarixli 01 saylı invoice sənədindən, gömrük bəyannaməsi və gömrük rüsümunun ödənilməsini əks etdirən qəbzlərdən görünür ki, 28 adda olan 65 ədəd əşya Gürcüstan Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük rüsumu ödənilməklə daşınmışdır.

47. Bundan əlavə məhkəmə iclasında Cavabdeh MMC-nin qanuni nümayəndəsi Nümayəndə2 bir daha bildirdi ki, üçüncü şəxs Leila Janashia ona məxsus qeyriyaşayış sahəsində İddiaçı1 ilə birgə çalışmışdır.

48. Beləliklə, yuxarıda qeyd olunan sübutların, yəni Gürcüstan Respublikasının vətəndaşlarının notarial qaydada alınmış izahatları, həmin izahat ərizələrinə onlarda qeyd olunan sayda əlavə olunmuş antik əşya fotoşəkilləri, Leila Janashia tərəfindən müxtəlif Gürcüstan Respublikası vətəndaşlarının hesablarına pul vəsaitlərinin köçürülməsini təsdiq edən sənədlər, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı, həmin qərara əsasən izahatı alınmış Gürcüstan Respublikası vətəndaşlarının, o cümlədən X2 izahatı, habelə sonuncunun adına verilmiş xx.xx.2018-ci il tarixli 01 saylı invoice sənədi, gömrük bəyannaməsi və gömrük rüsumlarının məcmucu ilə müəyyən olunur ki, Leila Janashia mübahisəli əşyaları alqı-satqı müqavilələri əsasında Gürcüstan Respublikasının müxtəlif vətəndaşlarından almış, onların dəyərinin ödənilməsi üçün çoxsaylı Gürcüstan Respublikasının vətəndaşlarının hesabına pul vəsaitləri köçürmüş, özü Azərbaycan Respublikası vətəndaşı olmadığı üçün göstərilən əşyaları Azərbaycan Respublikası vətəndaşı olan X2 adına olan invoce ilə Azərbaycan Respublikasına gətirmiş və gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir.

49. Göründüyü kimi hazırda cavabdehin qanunsuz sahibliydə olan əşyalar məhz üçüncü şəxs Leila Janashiaya məxsusdur.

50. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxs Leila Janashianın münasibətdə iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və ona görə də, məhz o, iddiasında adı çəkilən əşyaların Cavabdeh MMC-dən geri qaytarılmasını tələb etməkdə haqlıdır.

51. Ona görə də, üçüncü şəxsin iddiası təmin edilməli və eyni əsaslara görə İddiaçı1 tərəfindən irəli sürülmüş əmlakların qaytarılması barədə iddia rədd edilməlidir.

52. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunanların heç birini nəzərə almamış və heç bir sübut olmadığı halda, icarə müqaviləsinin İddiaçı1 ilə bağlanıldığına əsaslanaraq onun iddiasını tam təmin etmişdir.

53. Halbuki hazırda icarə müqaviləsi iddiaçı ilə deyil, X9 ilə bağlanmışdır.

54. Bu baxımdan iddiaçı tərəfindən irəli sürülmüş birinci tələb də (ünvan 1 ünvanında yerləşən icarə obyektinə sərbəst surətdə daxil olması) Mülki Mcəllənin 675 və 700.1-ci maddələri baxımından əsassızdır.

55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddiaçının iddiası rədd edilməli, üçüncü şəxsin iddiası isə təmin edilməlidir.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1698/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh MMC-yə qarşı icarə obyektinə sərbəst surətdə daxil olması və həmin obyektdə yerləşən əmlaklarının götürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Üçüncü şəxs Leila Janashianın Cavabdeh MMC-yə qarşı əmlakın geri qaytarılması tələbinə dair iddiası tam təmin edilsin. ünvan 3 ünvanında yerləşən (vitrin (müxtəlif ölçülü, şüşəli və şüşəsiz bufetlər) - 33 ədəd, kamod (müxtəlif ölçülü) - 15 ədəd, divan (müxtəlif ölçülü) - 9 ədəd, kreslo (müxtəlif ölçülü) - 11 ədəd, masa (müxtəlif ölçülü) - 24 ədəd, oturacaq (müxtəlif ölçülü) - 37 ədəd, aksesuar altlığı (konsul- müxtəlif formalı və ölçülü) - 36 ədəd, pianino 1 ədəd, güzgü (müxtəlif ölçülü) - 4 ədəd, yazı masası, çilçıraq 2 ədəd, bra (divar üçün) - 14 ədəd, jurnal masası 4 ədəd, şamdan (müxtəlif formalı və materiallı) - 13 ədəd və 4 cüt, telefon altlığı - 2 ədəd, fiqurlar (insan, heyvan və s.) - 33 ədəd, vazalar (müxtəlif ölçülü və materiallardan hazırlanmış) - 51 ədəd, güldan (müxtəlif növ və ölçülü) - 32 ədəd, meyvə qabı (müxtəlif ölçülü və materiallardan hazırlanmış) - 52 ədəd, konfet qabı - 4 ədəd, 1 ədəd su qabı və 4 ədəd stəkan altlıqla birlikdə, stolüstü tampa və gecə işığı - 19 ədəd, qrafin su üçün - 8 ədəd, stəkan - 14 ədəd, servis - 2 ədəd üzərində balıq şəkili olan, servis - 12 nəfərlik 2 dəst, çay servisi 6 nəfərlik - 1 dəst, 6 ədəd boşqab və 2 ədəd konfet qabı ilə birlikdə, saat (divar, stolüstü və s. ) - 9 ədəd, bulud güldanla birlikdə - 1 ədəd, qapaqlı kubok - 1 ədəd, padnos - 2 ədəd, üzərində 2 ədəd fincan, 1 ədəd qəfədan, quş qəfəsi - 1 ədəd, qəzet yığmaq üçün qab - 1 ədəd, çətir qabı - 1 ədəd, şkatulka - 4 ədəd, divardan asmaq üçün mələk fiqurlu keramika - 1 ədəd, bulud böyük 2 ədəd, divardan asmaq üçün boşqab - 15 ədəd, vitrin üçün müxtəlif balaca fiqurlar - 48 ədəd, müxtəlif ölçülü şəkil - 48 ədəd, suvenir (divardan asmaq üçün - 17 ədəd); qiyməti 2500 manat olan 2 ədəd Bürünc Mələk böyük çilçıraq; qiyməti 650 manat olan 1 ədəd Masa; qiyməti 2500 manat olan 1 ədəd Bürüncdən hazırlanmış qız fiquru; qiyməti 800 manat olan 1 ədəd Mərmər fiqur (qız ağ); qiyməti 800 manat olan 1 ədəd mərmər oğlan fiquru; qiyməti 1000 manat olan 2 ədəd bürünc meyvə ilə mərmər vaza; qiyməti 500 manat olan 1 ədəd bürünc səhəng; qiyməti 500 manat olan 1 ədəd bürünc qız büstü: qiyməti 500 manat olan 2 ədəd oğlan və qız fiquru; qiyməti 150 manat olan 1 ədəd süd üçün yaşıl şüşə vaza; qiyməti 400 manat olan 1 ədəd meyvələr üçün qızılı vaza (şüşə yonulmuş); qiyməti 800 manat olan 1 ədəd qız şəkili; qiyməti 100 manat olan 1 ədəd Napoleon döyüşü şəkili; qiyməti 1000 manat olan 1 ədəd Kral mövzusu şəkili; qiyməti 800 manat olan İran, Gorka, vazirin və desao mebelləri; qiyməti 1000 manat olan Əsrin mebelləri davan, 2 kreslo, 1 masa, 6 oturacaq; qiyməti 600 manat olan Çini masa; qiyməti 1000 manat olan Tünd qırmızı güldan Sevr şuzhet; qiyməti 1000 manat olan Qale vaza; qiyməti 1000 manat olan 2 ədəd iki mələklər ilə Çini şamdan; qiyməti 150 manat olan şəkil lay/X22; qiyməti 250 manat olan 2 ədəd İtaliya Kuboku vaza; qiyməti 500 manat olan uşaq ilə rəsm; qiyməti 500 manat olan qız Kamka şəkli; qiyməti 500 manat olan şəkil mövzusu roman; qiyməti 500 manat olan kəpənək ilə qız şəkilləri; qiyməti 300 manat olan meşə ağacının şəkilləri; qiyməti 300 manat olan oğlan ilə qız şəkilləri; qiyməti 300 manat olan qız ilə it şəkili; qiyməti 800 manat olan qızıl naxışlı meyvələrlə vaza; qiyməti 500 manat olan 2 ədəd kaşpo tünd qırmızı vaza; qiyməti 150 manat olan Qu quşunun fiquru; qiyməti 800 manat olan böyük çay dağ şəkilləri; qiyməti 300 manat olan şəkil (qız alma); qiyməti 150 manat olan qara ağacdan saat; qiyməti 500 manat olan 6 nəfər kobalt çay serviz dəsti; qiyməti 200 manat olan 6 ədəd kobalt nimçələr; qiyməti 300 manat olan mələk və Həvva uşaqların fiqurları; qiyməti 200 manat olan 4 ədəd fujer Eva ilə qrafin dəsti; qiyməti 500 manat olan çiçəkli tunc Moser vaza və meyvə bağ bronz X21; qiyməti 400 manat olan Arfa ilə şpiurq fiquru; qiyməti 200 manat olan Şçofrsktlər üçün kabare; qiyməti 200 manat olan oğlan və qızı fiquru; qiyməti 200 manat olan gitara ilə zənci fiquru; qiyməti 1000 manat olan bir yerdə gül ilə meyvə Mozer və vaza ilə bürünc vaza; qiyməti 500 manat olan 2 ədəd sevr bürünc shandal caboyat; qiyməti 200 manat olan Quş Çini saatlar; qiyməti 200 manat olan qabla birgə bordo güldanı; qiyməti 500 manat olan 2 ədəd ağ gül, vannalar və güllər; qiyməti 100 manat olan taxtadan fil vaza; qiyməti 500 manat olan südlü şüşə qapaqlı Vaza; qiyməti 100 manat olan Fil Fayans; qiyməti 300 manat olan Napoleon Losadm rəqəmi, iki əsgərin 2 rəqəmi; qiyməti 300 manat olan meymun 1 ədəd, şlyapada qız 1 ədəd, qızartmaq 1 ədəd salfet qabı; qiyməti 100 manat olan Meysen oval nimçə; qiyməti 500 manat olan graces bir rəqəm; qiyməti 1000 manat olan 12 nəfərlik Gerinq serviz; qiyməti 100 manat olan 1 ədəd Çin gülləri ilə vaza; qiyməti 500 manat olan 1 ədəd Cup sevro mavi vaza; qiyməti 500 manat olan Bej döngəsi ilə Beruz rəngli Sevruqan; qiyməti 500 manat olan 2 ədəd Xam vaza boru kimi Sevr; qiyməti 600 manat olan çalmada qız rəsmi; qiyməti 300 manat olan çayı üzərində körpü ilə ev şəkli; qiyməti 300 manat olan göl ağac şəkli; qiyməti 200 manat olan ev ilə körpü rəsmi; qiyməti 300 manat olan ağ bürünc masa ilə 2 oturacaq; qiyməti 500 manat olan qız bürünc fəvvarə; qiyməti 500 manat olan taburet üzərində oturan qız şəkli; qiyməti 600 manat olan iki ədəd bardak bronz ilə səhəng; qiyməti 2500 manat olan bürünc 2 ədəd çilçıraq; qiyməti 650 manat olan masa qız uzanan yerdə; qiyməti 800 manat olan bürüncdən hazırlanmış çilçıraq; qiyməti 800 manat olan mərmərdən ağ qız fiquru; qiyməti 800 manat olan mərmərdən ağ oğlan fiquru; qiyməti 1000 manat olan mərmər vaza; qiyməti 500 manat olan mərmər səhəng; qiyməti 500 manat olan bürünc qız büstü; qiyməti 500 manat olan 2 ədəd oğlan və qız fiquru; qiyməti 150 manat olan süd üçün yaşıl şüşə vaza; qiyməti 400 manat olan qızılı vaza; qiyməti 800 manat olan qız fiquru; qiyməti 8000 manat olan Napoleon döyüşü şəkli; qiyməti 1000 manat olan kral mövzusu şəkli; qiyməti 8000 manat olan mebel; qiyməti 1000 manat olan əsrin mebelləri; qiyməti 600 manat olan çini masa; qiyməti 1000 manat olan tünd qırmızı güldan; qiyməti 250 manat olan qale vaza; qiyməti 400 manat olan 2 ədəd şamdan; qiyməti 150 manat olan lay şəkil; qiyməti 250 manat olan İtaliya kuboku vaza; qiyməti 500 manat olan uşaq rəsmi; qiyməti 500 manat olan qız rəsmi; qiyməti 500 manat olan roman mövzusunda şəkil; qiyməti 500 manat olan kəpənək ilə qız şəkli; qiyməti 300 manat olan meşə ağacı şəkilləri; qiyməti 300 manat olan oğlan ilə it şəkli; qiyməti 300 manat olan Eqorov fotosu; qiyməti 800 manat olan 3 ədəd vaza; qiyməti 500 manat olan tünd qırmızı vaza; qiyməti 150 manat olan qu fiquru; qiyməti 800 manat olan böyük çay və dağ şəkli; qiyməti 150 manat olan qara ağacdan saat; qiyməti 500 manat olan kobalt çay serviz dəsti; qiyməti 200 manat olan 6 ədəd kobalt nimçə; qiyməti 300 manat olan uşaq fiqurları; qiyməti 200 manat olan fujer; qiyməti 500 manat olan vaza; qiyməti 400 manat olan fiqur; qiyməti 100 manat olan gitara ilə zənci fiquru; qiyməti 200 manat olan oğlan və qız fiquru; qiyməti 1000 manat olan bürünc vaza; qiyməti 400 manat olan quş çini saatlar; qiyməti 200 manat olan Bordo güldan; qiyməti 500 manat olan vanna və güllər; qiyməti 100 manat olan taxtadan fil vaza; qiyməti 100 manat olan oval nimçə; qiyməti 1000 manat olan Serinq 12 nəfərlik serviz; qiyməti 100 manat olan çin gülləri ilə vaza; qiyməti 500 manat olan mavi vaza; qiyməti 500 manat olan bej döngəsi ilə Beruz rəngli Sevruqa; qiyməti 500 manat olan xam vaza; qiyməti 600 manat olan çalmada qız rəsmi; qiyməti 300 manat olan çay üzərində körpü və ev şəkli; qiyməti 300 manat olan göl və ağac rəsmi; qiyməti 300 manat olan ağ bürünc masa ilə 2 ədəd oturacaq; qiyməti 500 manat olan ağ qızıl ilə fəvvarə Cavabdeh MMC-dən alınaraq üçüncü şəxs Leila Janashiaya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar