Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1013/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iş üzrə Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5302/2023 nömrəli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 1098 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5302/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin “pretenziya məktubunun cavabdehə çatdırılmasını təsdiq edən sənəd, ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməməsi” əsası ilə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5302/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Əvvəla, iddianın mahiyyəti kommersiya mübahisəsi deyil, istehlakçıların hüquqlarının müdafiəsinə aid iddialar kateqoriyasına aiddir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçılarınhüquqlarının pozulmasına dair iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Eyni zamanda, “Mediasiya haqqında” AR Qanununun 3-cü maddəsində mediasiya ssesiyasının tətbiq olunduğu sahələr də göstərilmişdir ki, onlara da ailə münasibətlərindən, əmək münasibətlərindən və kommersiya münasibətlərindən irəli gələn məsələlərdə mediasiya ssesiyasında iştirakın tələb olunduğu göstərilmişdir. Qanunun bu normasında da istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar mediasiya sesiyasında iştirakın tələb olunduğu göstərilməmişdir. Eyni zamanda, pretenziya məktubunun cavabdehə çatdırılması məsələsinə qaldıqda da, işin hallarından görünür ki, məsələnin mahiyyəti pul mübahisəsi deyildir, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış cərimənin silinməsidir. Lakin buna baxmayaraq, tərəflərindən AR Dövlət Vergi Xidmətində cavabdehə məxsus olan VÖEN vasitəsilə həmin iddia ərizəsi cavabdehə göndərilmişdir. Eyni zamanda qərardadda iddiaçı qismində "xxxx" MMC göstərilsə də, elektron iddia ərizəsində “tərəflər” bölməsində iddiaçı qismində X1 adı qeyd olunduğu göstərilmişdir. X2 "xxxx"MMC-də 80% paya sahib olmaqla həm təsisçi, həm də bu cəmiyyətin direktoru kimi təmsil olunur. Hüquqi şəxsin direktoruna hər hansı bir etibarnamə təqdim etmədən həmin hüquqi şəxsi təmsil etmək səlahiyyəti verilmişdir. Ona görə də məhkəmənin bu qərardadı əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1 və 150.1.7-ci maddəsinə əsasən ərizəyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının 24-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyrihökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Hazırkı işdən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən pretenziya məktubunun cavabdehə çatdırılmasını təsdiq edən sənəd, ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə şəxsi istehlak məqsədilə ilə deyil hüquqi şəxsin öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ilə istifadə edilmiş kommunal xidmət üzrə yaranmış mübahisələrə aid olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumu ödənilməsi qanunvericiliyin tələbidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə biləcəyi nəzərdə tutulmuşdur. Göründüyü kimi pretenziya tələbinə əməl edilməsi mübahisənin pul tələbi ilə bağlı olması ilə əlaqələndirilməmişdir. Həmçinin mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı iddiaçı şikayətdində istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar mediasiya sesiyasında iştirakın tələb olunduğu göstərilmədiyini qeyd etmişdir. Halbuki, Azrbaycan Respublikası MPM-in 4.5-ci maddəsində tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeydşərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə biləcəyi nəzərdə tutulmuşdur. İddiaçının X1 "xxxx" MMC-də 80% paya sahib olmaqla həm təsisçi, həm də bu cəmiyyətin direktoru kimi təmsil olunması, hüquqi şəxsin direktoruna hər hansı bir etibarnamə təqdim etmədən həmin hüquqi şəxsi təmsil etmək səlahiyyətinin verilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının özünündə şikayətində qeyd etdiyi kimi hüquqi şəxsin direktorun onu təmsil etmək səlahiyyəti verir. Təmsil etmə səlahiyyəti dedikdə isə hüquqi şəxsin adından iddia ərizələrinin verilməsi, imzalanması, onun adından izahatların və digər zəruri prosessual hərəkətlərin aparılmasını özündə ehtiva edir. Lakin, hüquqi şəxsin əvəzinə iddiaçı kimi iddia tələbinin cavabdehə yönəldilməsi faktı qanunauyğun hesab edilmir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin geri qayarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5302/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-1013/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1013/2023
21.11.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver