Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1035/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və razılıq protokolunun etibarsız hesab edilməsi” Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi və razılıq protokolunun etibarsız hesab edilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1907/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-130/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadına əsasən mübahisənin barışıq sazişi ilə tamamlanması əsası ilə iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-598/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, tərəflər ( İddiaçı, Cavabdeh İB) arasında barışıq sazişi bağlanması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Tərəflərin arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli barışıq sazişinin aşağıdaki şərtləri təsdiq edilmişdir: İddiaçı iş üzrə iddia tələbindən imtina edir, təbii qazdan istifadəyə görə yaranmış 36319,4 manat borcu qəbul edir və həmin məbləğin 10000 manat hissəsini saziş imzalananadək, saziş imzalandıqdan bir həftə sonra 10000 manat hissəsini ödəyir, borcun qalan 16319,4 manat hissəsini isə 3 ay müddətində xx.xx.2021-ci il tarixində 5439,8 manat, xx.xx.2021-ci il tarixdə 5439,8 manat, xx.xx.2021-ci il tarixdə 5439,8 manat olmaqla Cavabdeh İB-nin hesabına hissə-hissə ödəməyi öhdəsinə götürür.
2. 08 may 2021-ci il tarixli razılaşma protokolundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-yə 54457,4 manat məbləğində borcun olmasını qəbul edir, həmin borcdan ilkin olaraq 5458 manat ödədikdən sonra qalan 39999,4 manatı təbii qazın sərfiyyatından əlavə olaraq 2021-ci ilin may ayının 18-i 10000 manat, may ayının 28-i 20000 manat, iyun ayıının 8-i 10000 manat və iyun ayının 18-də 9999,4 manat olmaqla ödəməyi öhdəsinə götürür.
3. Abonentin saldosundan görünür ki, 14 dekabr 2020-ci il tarixdən sonra yaranmış borc, həmçinin, 08 may 2021-ci il tarixli razılaşma protokoluna əsasən müəyyən olunmuş 54457,4 manat sayğac göstəricilərinə əsasən hesablanmış borcdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 08 may 2021-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilməsi və hesablanmış 35999,40 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən çörək sexində fərdi sahibkar kimi 2010- cu ildən fəaliyyət göstərir. Cavabdeh təşkilata mütəmadi olaraq ödənişlər etməklə, cari ildə 20720 manat sərfiyyat haqqı ödəmişdir. Lakin, cavabdeh mütənasibsiz olaraq həddindən artıq hesablamalar aparmış və borcu şişirdilmiş halda ona təqdim edərək iddiaçıya məxsus çörək bişirmə sexinə gələn qaz xəttini kəsmişlər. Bundan sonra iddiaçı Cavabdeh İB-nə müraciət etməli olmuş, orada bildirilmişdir ki, qaz xəttinin açılması üçün tərəflər arasında razılaşma müqaviləsi bağlanmalıdır. Sexin işləməsi üçün iddiaçı cavabdehlə razılaşmağa vadar olmuş, sexdə hazırlanmış məhsulların xarab olmaması üçün, həmçinin sahibkar kimi fəaliyyət göstərdiyi üçün müəyyən şəxslər qarşısında öhdəliklərinin olmasını nəzərə almış və əsassız borcun hissə-hissə ödənilməklə 08 may 2021-ci il tarixdə razılıq protokolu imzalamaq məcburiyyətində qalmışdır. Həmin protokolda göstərilmişdir ki, iddiaçı 40 gün ərzində 39999,40 manat pulu cavabdeh təşikilata ödəməlidir. 21 may 2021-ci il tarixdə 4000 manat, son 1 ay ərzində isə cavabdeh təşkilata 12000 manat qaz sərfiyyatına görə pul ödəmişdir. Cavabdeh İB iddiaçıya artıq borc hesablayaraq sonradan qazın bağlanması ilə onu hədələməsi və nəticədə iddiaçının vəziyyətinin pisləşdirilməsinə səbəb olan razılaşma protokolunu imzalatmışlar. Sahibkara qarşı cavabdeh təşkilatın bu formada hərəkətlər etməsi ölkədə sahibkarlara kömək məqsədi ilə aparılan siyasətə ziddir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-864/2021 saylı, xx.xx.2021-ci il tarixli müvəqqəti təminat tədbirinə dair qərardadı ilə müəyyən olunmuşdur ki, abonentin saldosuna əsasən 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyun ayına qədər cəmi 60863 manat ödəniş edilmişdir. Eyni zamanda, həmin aylar üzrə qaz sərfiyyatına görə cəmi ödənilməli olan məbləğ 25845,6 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qaz sərfiyyatına görə cəmi ödənilməli olan məbləğdən 35017,4 manat artıq ödənilmişdir (60863- 25845.6=35017,4).
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək göstərmişdir ki, tərəflər arasında bağlanmış razılaşma protokolunun icra müddəti bitdiyindən, hazırda o qüvvədən düşmüş sənəddir. Bundan başqa, 2021-ci il ərzində qaz sərfiyyatına dair abonent saldosundan və qərardaddan göründüyü kimi, barışıq sazişi imzalanan zaman iddiaçının sərfiyyata görə 36340 manat məbləğində borcu artıq mövcud idi. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində 2020-ci il ərzində 63647 manat dəyərində təbii qazdan istifadə edilmiş və 36400 manat ödəniş olunmuş, 2021-ci il ərzində 33296,38 manat dəyərində təbii qazdan istifadə edilmiş, 45863 manat ödəniş olunmuş, 2022-ci ilin may ayına qədər isə 15565 manat dəyərində təbii qazdan istifadə edilmiş və 16607 manat məbləğində ödəniş olunmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1907/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia rədd edilmişdir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 35999,4 manat borcun hansı səbəbdən silinməli olduğunu əsaslandıra bilməmişdir.
9. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-130/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi imzalanaraq, İddiaçı iş üzrə iddia tələbindən imtina etmiş, təbii qazdan istifadəyə görə yaranmış 36319,4 manat borcu qəbul etmişdir. Həmin qərardad qanuni qüvvəyə minmişdir.
10. Tərəflər arasında barışıq sazişi 14 dekabr 2020-ci il tarixdə bağlandığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırkı mübahisənin predmetini həmin dövrdən sonra yaranmış borc məbləği təşkil edir. Barışıq sazişi məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən təsdiq olunduğuna görə həmin dövrə qədər yaranmış borc hazırkı mübahisənin predmetini təşkil edə bilməz.
11. Abonentin saldosundan görünür ki, 14 dekabr 2020-ci il tarixdən sonra yaranmış borc, həmçinin, 08 may 2021-ci il tarixli razılaşma protokoluna əsasən müəyyən olunmuş 54457,4 manat sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. Bunun əksini təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.
12. Borcun silinməsi tələbi ilə yanaşı razılaşma protokolunun etibarsız hesab olunması tələbi irəli sürülsə də, həmin protokol bağlanarkən qanunvericiklə müəyyən edilmiş hansı şərtin pozulduğu əsaslandırılmamış və məhkəmə araşdırması zamanı da hər hansı qanun pozuntusu müəyyən olunmamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1907/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərildiyi kimi cavabdeh təşkilata mütəmadi olaraq ödənişlər etməklə, cari ildə 20720 manat sərfiyyat haqqı ödənmişdir. Lakin, cavabdeh mütənasibsiz olaraq həddindən artıq hesablamalar aparmış və borcu şişirdilmiş halda təqdim edərək iddiaçıya məxsus çörək bişirmə sexinə gələn qaz xəttini kəsmişlər. Beləcə də iddiaçının sahibkarlıq fəaliyyətinə birbaşa əngəllər yaratmışdır. Bundan başqa məhkəmə qətnamədə göstərmişdir ki, 35999,4 manat borcun hansı səbəbdən əsassız hesablanması, cavabdehin hansı hərəkətləri nəticəsində qeyd olunan borcun yaranması və digər hallar əsaslandırılmamış, bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Halbuki iddia ərizəsində və ona əlavə olunan sənədlərdə açıq aydın cavabdehin qanunsuz hərəkətləri qeyd olunmuş, borcun yaranma səbəbləri göstərilmişdir. Əlavə olaraq da göstərilmişdir ki, tərəflər arasında bağlanmış 08 may 2021-ci il tarixli razılaşma protokolu iddiaçının ağır şəraitə salınması ilə imzalanmışdır. Bundan başqa Bakı Kommersiya Məhkəməsi protokolunun etibarsız hesab olunması tələbinə qiymət verərkən göstərmişdir ki, həmin protokol bağlanarkən qanunvericiklə müəyyən edilmiş hansı şərtin irəli sürülməsi əsaslandırılmamışdır və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən olunmamışdır. Halbuki, həm iddia ərizəsində həm də məhkəmə iclasındakı çıxışlarda dəfələrlə bildirilmişdir ki, iddiaçı ilkin tələbat məhsulu olan çörək istehsal edir və həmin çörək sexində qazın dayandırılması onun fəaliyyətinin dayandırılmasına, eyni zamanda uzun illər qazandığı müştəri bazasının itirilməsinə və bu sahədə qazandığı gəlirin və reputasiyasının itirilməsinə gətirib çıxaracaq. Bunun üçün də iddiaçı ağır şəraitə düşərək həmin razılıq protokolunu imzalamağa məcbur qalmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmmayaraq məhkəmə iclasında iştirak etməmişdir. .
17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 261.0.5-ci maddəsi- tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsi- işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 18.Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1907/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İddiaçının işdəki abonent saldosundan görünür ki, onun 2022-ci ilin aprel ayına (iddia qaldırılan tarixə) Cavabdeh İB-yə olan borcu 43126,78 manat olmuşdur.
21. Birinci instansya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-130/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli barışıq sazişinin təsdiq ediməsi barədə qanuni qüvvədə olan qərardadı ilə İddiaçı ödəməyi öz üzərinə götürdüyü 36319,4 manat təbii qazdan istifadəyə görə yaranmış borc MPM-nin 262.4-cü maddəsinə görə yenidən mübahisələndirilə bilməz.
22. Abonent saldosundan görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra iddiaçıya akt əsasında hər hansı borc hesablanmamışdır. Müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli razılaşma protokolu ilə iddiaçının müəyyən mərhələlərlə ödəməyi öz öhdəsinə götürdüyü 45457,40 manat borcun bir hissəsi barışıq sazişi ilə tədiq edilmiş borc, bir hissəsi isə 2021-ci ilin may ayınadək iddiaçıya sayöac göstəriciləri əsasında qazdan istifadəyə görə hesablanmış borcdur.
23. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ona məxsus çörək sexinin qaz təchizatının dayandırılmaması üçün məcburiyyət qarşıqısnda qalaraq xx.xx.2021-ci il tarixli razılaşma protokolunu imzalamağa məcbur olduğunu qeyd etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən protokol əsasında iddiaçı üçün hər hansı yeni öhdəlik yaranmamış, qeyd edilən protokolun tərtib edilməsində məqsəd iddiaçının qazdan istifadəyə görə borclarının hissə-hissə ödənilməsinə kreditor (Cavabdeh İB) tərəfindən möhlət verilməsi olmuşdur. Yəni, mübahisələndirilən protokolun şərtləri iddiaçının mənafeyinə uyğun olduğundan həmin razılaşmanı məcburiyyət qarşısında imzaladığına dair iddiaçının dəlilləri əsassız olduğu üçün protokolun etibarsız hesab edilərək 35999,40 manat borcun silinməsi barədə iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1907/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1907/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.