Məhkəmə qərarları › İş №2-2(103)-106/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-106/2024

02.05.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-106/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh İB-yə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(113)-3647/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 aprel 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda baxış keçirilməsi nəticəsində sayğacdan kənar qaz xətti vasitəsilə qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir.

2. Cavabdeh tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal saatlıq qaz sərfinin 40 m3 /saat orta gündəlik iş rejimi 16 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 18 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında 115200 m3 hesabat aparılmışdır.

3. 17 aprel 2023-cü il tarixli KY231912184 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2023-xx.xx.2023- cü il tarixlərdə cavabdehə iddiaçının ünvanında müqavilə şərtlərinə əməl olunmasının yoxlanılması üçün aparılacaq baxış reyestrdə qeydiyyatdan keçmişdir.

4. İddiaçıya məxsus abonent saldosundan görünür ki, 2018-ci ilin aprel ayı üçün akt üzrə iddiaçıya 28.800 manat borc hesablanmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli 10/3942 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin arxa hissəsində yerləşən ərazidə 15 mm diametrlik rezin materialdan olan boru vasitəsilə 18 gün müddətində gündəlik 10 saat təbii qazdan istifadə olunduğu şəraitdə sərf olunan təbii qazın həcminin (7x10x18=1260 m3 ) 1260 m3 (277,2 manat) təşkil etməsi müəyyən edilir.

6. Bakı şəhər Binəqədi rayon prokurorluğunun 11 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən sayğacdan kənar qaz xəttindən istifadə nəticəsində Cavabdeh İB-yə 28800 manat ziyan vurulmasına dair həmin Birlik tərəfindən toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

7. Bakı şəhər Binəqədi rayon prokurorluğunun 11 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərara əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzarət İdarəsində yardımçı təsərrüfat müdiri vəzifəsində işləyən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır.

8. 28 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən HMX və SİMNİ-nin yardımçı təsərrüfatrında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla 277,2 manat məbləğində təbii qazın talanması faktının aşkar olunması nəticəsində vəzifəli şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 800 manat məbləğində cərimə olunmuşdur.

9. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerində müayinə nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., M.S.ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-də (Hidrogeoloji Meliorativ Xidmət və Suların istifadəsinəmühafizəsinə Nəzarət İdarəsi) Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı, xx.xx.2023-cü il tarixli aktda qeyd olunan sayğacdan kənar qaz xəttinə baxış keçirilmiş, həmin xəttin artıq kəsildiyi, xəttin sayğacdan keçmədiyi, ümumi qaz xəttindən kənar boru vasitəsilə iddiaçıya məxsus yardımçı təsərrüfa (cücələrin saxlandığı yer) çəkildiyi aşkar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı "xxxx" ASC-nin Hidrogeoloji Meliorativ Xidmət və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsi Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv olunaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzatət İdarəsinə hesablanmış 28800 manat məbləğində itrilmiş qaz sərfinin dəyərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzatət İdarəsinə xx.xx.2023-cü il tarixli, ******* nömrəli (təbii qazdan istifadə qaydalarının pozulması haqqında) akta əsasən 28.800 manat məbləğində itrilmiş qaz sərfinin dəyəri hesablanmışdır. Buna görə də Cavabdeh İB "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hidrogeoloji Meliorativ Xidmət və X1 Nəzatət İdarəsinə mənsub olan bütün obyektlərinə qazın verilişi dayandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hidrogeoloji- Meliorativ Xidmət və X1 Nəzarət İdarəsi istifadə etdiyi təbii qaza görə aylıq tam ödəniş edərək Cavabdeh İB-ə heç bir borcu yoxdur. Cavabdeh İB-i "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzatət İdarəsinə xx.xx.2023-cü il tarixli, ******* nömrəli (təbii qazdan istifadə qaydalarının pozulması haqqında) akta əsasən hesablanmış 28.800 manat məbləğində itrilmiş qaz sərfinin dəyəri qanunsuz və əsasızdır. Belə ki, hər ay sayğac yoxlanaraq qazdan istifadə barədə hesab faktura və elektron qaimə verilir. Keçən ay sayğac yoxlanışında sayğacdan kənar qazdan istifadə aşkar edilməmişdir. xx.xx.2023- cü il tarixdə aşkar edilmiş sayğacdan kənar qazdan istifadə idarənin qaz xəttində yox, qaçqın və məcburi köçkünlər üçün çəkilmiş qaz xətti aşkar edilmişdir. Əlavə olaraq bildirilir ki, həmin şəxslərin 15 gün müddətində sayğacdan kənar qazdan istifadəyə görə hesablanmış 28.800 manat məbləğində itirilmiş qaz sərfinin dəyəri qanunsuz və əsasızdır. Belə ki, Cavabdeh İB 15 gün müddətində sayğacdan kənar qazdan istifadəyə görə hesablanmış 28.800 manat məbləği hansı hesablamalara görə müəyyən edildiyi bilinmir.

12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3647/2023 saylı, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi əsl iddiaçı "xxxx" ASC ilə əvəz edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3647/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh İB-yə qarşı “qərarın ləğvi” tələbinə dair hissəsində iş üzrə icraata xitam verilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3647/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin qismən edilmiş, iddiaçı "xxxx" ASC-yə əsassız olaraq hesablanmış 28522,80 (iyirmi səkkiz min beş yüz iyirmi iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi öhdəliyinin Cavabdeh İB-yə həvalə edilməsi qət edilmişdir.

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən əraziyə cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş, baxış zamanı sayğacdan keçməyən kənar xətt aşkar edilmiş, bu barədə 18 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir.

16. Məhkəmə ilk olaraq iddiaçının qaz xəttindən istifadə etməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon prokurorluğunun 11 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə 28 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin xətdən iddiaçı tərəfindən istifadə edilməsi faktı öz təsdiqini tapmış, bu səbəbdən iddiaçının vəzifəli şəxsi olan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələrinin izahatlarından həmin qərarların mübahisələndirilmədiyi müəyyən edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, 05 iyul 2023-cü il tarixli 10/3942 nömrəli ekspert rəyi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin arxa hissəsində yerləşən ərazidə 15 mm diametrlik rezin materialdan olan boru vasitəsilə 18 gün müddətində gündəlik 10 saat təbii qazdan istifadə olunduğu şəraitdə sərf olunan təbii qazın həcminin (7x10x18=1260 m3) 1260 m3 (277,2 manat) təşkil etməsi müəyyən edilmiş, sərf edilmiş qazın dəyərinin az olması səbəbindən cinayət işinin başlanması rədd edilmiş, iddiaçının vəzifəli şəxsi inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Belə ki, qanunsuz qoşulma nəticəsində itirilmiş qazın həcminin 1260 m3 (277,2 manat) təşkil etməsi müəyyən edildiyindən həmin hissədə borcun silinməli olması barədə iddia tələbi təmin edilə bilməz.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3647/2023 nömrəli qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsini, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Sübut kimi iş materiallarına əlavə edilmiş çıxarışdan göründüyü kimi sözügedən qanunun tələbləri nəzərə alınaraq yoxlama keçirilmişdir. Məhkəmə Bakı şəhər Binəqədi rayon prokurorluğunun 11 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara və 05 iyul 2023-cü il tarixli 10/3942 nömrəli ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Ekspert rəyində təbii qazdan istifadə müddəti 18 gün götürülməklə talanmış qazın həcminin dəyəri 277,20 manat müəyyən edilmişdir. Halbuki, məhkəmənin tərəflərin iştirakı ilə xx.xx.2023-cü il tarixdə keçirdiyi yerində müayinə nəticəsində sözügedən qeyri-yaşayış sahəsində təbii qazdan qanunsuz olaraq ən azı iki il müddətində istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının əməkdaşı olan və eyni zamanda prokurorluğun araşdırması zamanı izahat vermiş X2 bildirmişdir ki, iki ildir ki, həmin qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə edir, lakin həmin xətt daha öncədən, yəni 5-6 il öncədən mövcuddur. Göründüyü kimi, məhkəmə qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə edən şəxsin verdiyi ifadəni nəzərə almamış və kifayət qədər əsaslı şübhələr doğuran, eyni zamanda mövcudluğundan cavabdehin ümumiyyətlə məlumatı olmayan qərara və rəyə əsaslanaraq qətnamə qəbul etmişdir. Bakı şəhər Binəqədi rayon prokurorluğunun 11 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan Birlik tərəfindən şikayət verilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

21. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

22. Tətbiq edilən hüquq

1099.1-ci maddə-hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

“Qazdan istifadə qaydaları” 5.2-ci bənd- (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5-1-ci bəndi- istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. maddəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3-cü bəndi- istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

23. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3647/2023 nömrəli qətnaməsi dəyişdirilərək "xxxx" ASC-yə hesablanmış 28.275 manat borcun silinməsi Cavabdeh İB-yə həvalə edilməlidir.

25. İşin mübahisəsiz halıdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin qaz təzhizatı sistemi yoxlanılarkən İdarənin əməkdaşları tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə edilməsi faktı aşkar edilmiş və bu barədə 18 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Akt iddiaçının əməkdaşı İlham Məmmədov tərəfindən imzalanmışdır.

26. Birinci instansiya məhkəməsinə sorğu əsasında Binəqədi rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materiallardan görünür ki, faktla bağlı cavabdehin ərizəsi əsasında araşdırma aparılmış, 11 iyul 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmişdir. Qərarın məzmunundan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsində briqadir işləyən İlham Məmmədov izahat verərək bildirmişdir ki, İdarənin həyətində rəhbərliyin xəbəri olmadan ev quşları saxlamış və 2023-cü ilin aprel ayənda cücələri saxladığı tikiliyə qaz xətti çəkmiş, xəttdən gündəlik 10 saat olmaqla 18 gün istifadə etmişdir. Materiala əlavə edilmiş məhkəmə mühəndis texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji- Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin arxa hissəsində yerləşən ərazidə 15 mm diametrlik rezin boru vasitəsi ilə 18 gün müddətində gündəlik 10 saat təbii qazdan istifadə olunduğu şəraitdə sərf olunan təbii qazın həcminin 1260 m3 təşkil etməsi müəyyən edilmiş, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən qərarla cavabdehə dəymiş ziyanın 277,2 manat təşkil etdiyinin müəyyən edildiyini nəzərə alaraq həmin məbləği çıxmaqla 28522,80 manat borcun silinməsi hissəsində iddianı əsaslı hesab etmişdir.

27. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, cavabdehin şikayəti əsasında Binəqədi rayon Prokurorluğunun 11 iyul 2023-cü il tarixli qərarı ləğv edilərək material əlavə araşdırmaya qaytarılmış, xx.xx.2024-cü il tarixli qərarla yenidən cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın məzmunundan görünür ki, prokurorluq tərəfindən əlavə ekspertiza təyin edilmiş, həmin ekspert rəyində qeyd olunan şəraitdə (2 ədəd qaz sobasında gündəlik 10 saat olmaqla 18 gün təbii qazdan istifadə edilərsə) maksimal saatlıq qaz sərfiyyatı 1404 m3 (308,8 manat) müəyyən edilmişdir.

28. İddiaçının əməkdaşı İ.Məmmədov tərəfindən qanunsuz qaz xəttinə qoşulmanın yalnız 18 gün davam etməsi həmin şəxsin prokurorluğa verdiyi izahatından başqa digər mötəbər sübutlarla təsdiq edilmir. O cümlədən bu pozuntunun cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi, iki il davam etdiyinə dair iş materiallarında hər hansı sübut mövcud deyil. İ.Məmmədov prokurorluğa verdiyi izahatda göstərmişdir ki, idarənin həyətində ağzı qapadılmış qaz borusunun kəsilmiş hissəsinə rezin şlanq keçirərək 2023cü ilin aprel ayında cücələri saxladığı tikiliyə qaz xətti çəkmişdir. İşə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı iştirak edən İ.Məmmədov qanunsuz qoşulduğu qaz xəttinin ondan əvvəl də mövcud olduğunu göstərmişdir. Məhkəmə kollegiyası “Qazdan istifadə qaydaları” 5.2-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın dəyərini hesablamaq üçün hər ay qaz sayğacına baxış keçirməli olduğunu və bu zaman qanunsuz qoşulmanın aşkar edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, hazırkı halda iddiaçının təbii qazdan qanunsuz qoşularaq istifadə etdiyi dövr bir ay qəbul edilməlidir.

29. Bakı Apellyasiya Məhkəməsinin KK-nın xx.xx.2024-cü il tarixli e-2-2(103)- 106/2024 nömrəli qərardadı ilə bir aylıq dövr üçün qazdan qanunsuz istifadə edilməsi nəticəsində dəymiş ziyanın hesablanması məqsədi ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, diametri 15 mm olan borudan saatda 7 m3 qaz keçir və sobaların gündəlik 10 saat işləmə rejimində 70 m3 qaz sərf olunduğundan 1 ay müddətində 2100 m3 təbii qaz sərf edilə bilər.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən bir ayda göstərilən şəraitdə 2100 m3 təbii qaz sərf oluna biləcəyi nəzərə alınaraq məhkəmə tərəfindən cavabdehə dəymiş ziyanın 525 manat olduğu (2100 x qeyri-əhali tarif qrupu üzrə 0,25 manat) müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 28.275 manat (28800-525) borcun silinməsinə dair hissədə əsaslı olduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilməli, iddiaçıya hesablanmış 28.275 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir.

31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3647/2023 nömrəli qətnaməsi dəyişdirilərək "xxxx" ASC-yə hesablanmış 28.275 manat borcun silinməsi Cavabdeh İB-yə həvalə edilməlidir.

32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3647/2023 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı "xxxx" ASC-yə hesablanmış 28.275 manat borcun silinməsi Cavabdeh İB-yə həvalə edilsin. Qətnamədən onun cavabdehə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar