Məhkəmə qərarları › İş №2-2(103)-110/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-110/2024

31.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-110/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi MMC-nin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair kommersiya işi Açar söz: barışıq sazişinin təsdiq edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi MMC-nin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3399/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Tərəflər arasında bağlanmış 28 fevral 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə barışığa gəlmişlər: - 14 yanvar 2022-ci il tarixli, **********101 nömrəli X2 (Müqavilə) üzrə Maraqlı şəxs MMC-nin Ərizəçi MMC qarşısında olan borcu (Ümumi borc) 239 463 (iki yüz otuz doqquz min dörd yüz altmış üç) manat 83 (səksən üç) qəpik (ƏDV daxil olmaqla) təşkil edir; - Ümumi borcun Maraqlı şəxs MMC tərəfindən Ərizəçi MMC-yə ödənilməsinin şərtləri, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: - 1-ci ödəniş – 60 000 (altmış min) manat 2023-cü ilin mart ayı ərzində, - 2-ci ödəniş – 60 000 (altmış min) manat 2023-cü ilin aprel ayı ərzində, - 3-cü ödəniş – 119 463 (bir yüz on doqquz min dörd yüzaltmış üç) manat 83 (səksən üç) qəpik 2023-cü may ayı ərzində; -Müqavilə üzrə ödənişin gecikdirilməsi ilə bağlı sanksiyalar və məsuliyyət dəyişilməz olaraq qalır. -Maraqlı şəxs MMC yuxarıdakı hər hansı ödəniş müddətini ötürərsə, bu onu həmin ödənişi növbəti ayda ödəmək hüququndan məhrum etmir. -Maraqlı şəxs MMC Barışıq sazişinin könüllü qaydada icra etmədikdə və ya Barışıq sazişinin könüllü icrasından imtina etdikdə, habelə Barışıq sazişinin şərtlərini pozarsa, Ərizəçi MMC Barışıq sazişinin təsdiq edilməsi üçün (Barışıq sazişinin məcburi icrası üçün, yəni Ümumi borcun və ya Ümumi borc Maraqlı şəxs MMC tərəfindən qismən ödənildiyi halda Maraqlı şəxs MMC-nin qalmış borcunun birdəfəlik olaraq məcburi qaydada Maraqlı şəxs MMC-dən tutularaq Ərizəçi MMC-nin xeyrinə ödənilməsi məqsədilə) xüsusi icraat qaydasında Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəkdir. -Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. -Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. -Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. -Saziş əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (gün) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. -Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. -Sazişin könüllü icrasından imtina olursa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi MMC məhkəməyə ərizə ilə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 16 saylı mediasiya təşkilatında bağlanılmış 28 fevral 2023-cü il tarixli, MŞB/16-00324 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3399/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) ərizə təmin edilmişdir.

4. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında keçirilən mediasiya prosesinin nəticəsinə əsasən, xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, tərəflər ümumi borc məbləğinin 239463 manat olmasını qəbul etmiş, eyni zamanda Maraqlı şəxs MMC Ərizəçi MMC yə olan 239463 manat borc miqdarını ən gec 2023-cü ilin may ayı ərzində ödəməyi öhdəsinə götürmüşdür. Faktiki olaraq, maraqlı şəxs öhdəliklərini bugünədək tam yerinə yetirməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişində 239463 manat borc miqdarının ən gec xx.xx.2023-cü il tarixinə qədər ödənilməsini maraqlı şəxs öhdəsinə götürmüşdür. Həmin sazişin 6-cı bəndinə görə isə saziş könüllü şəkildə icra ediləcəkdir. Barışıq Sazişin 8-ci bəndinə əsasən Sazişin könüllü icrasından imtina edildiyi təqdirdə tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

6. Məhkəmə son olaraq qeyd etmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, məzmun baxımından qanunazidd deyildir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək (sonradan tələbə düzəliş edərək) Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3399/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, barışıq sazişinin etibarsız hesab edilməsini, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs MMC-nin borcunu ödəmə ərəfəsində Şirkətin daxilində dəyişiklik baş vermişdir. Şirkətin Baş direktoru X5 xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilərək əvəzinə yeni Baş direktor X4 təyin edilmişdir. Bununla bağlı Şirkətdə hal-hazırda təhvil-təslim prosesi gedir. Təhviltəslim gedişatında aparılan daxili təftiş zamanı iddiaçı Ərizəçi MMC tərəfindən barışıq sazişində irəli sürülən 239.463,83 AZN (ƏDV daxilolmaqla) tələbə dair göstərilmiş xidmətlərə aid təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən, xx.xx.2022-ci il tarixli, **********101 saylı X2 üzrə cavabdehə iddiaçı tərəfindən icarəyə verilən icarə obyektlərinin icarə haqlarında uyğunsuzluqlar olduğundan cavabdeh audit şirkətinə həmin icarə obyektlərinin real icarə haqqlarını müəyyən etmək üçün müraciət etmişdir. Həmin audit rəyi hazırki apellyasiyaç şikayətinə əlavə olunur. Nəzərə alsaq ki, iddiaçı tərəfindən Cavabdehə icarəyə çoxlu sayda avadanlıqlar verilmişdir, həmin icarə obyektlərinin real qiymətlərini həm təftiş prosesində müəyyən edilmiş uyğunsuzluqlar, həm aşkar edilmiş şirkətlərin saylarının çox olması ucbatından ardıcıllığın gözlənilməsi, həmdə də qiymətləndirmə prosessində bazarın öyrənilməsi böyük vaxt sərfi tələb etmişdir. Nəticə olaraq bu hala gəlib çıxılır ki, məhkəməyə borcu yeni sübutları əsaslı səbəblərə görə təqdim etmək mümkün olmadığından məhkəmə hazırki işə hərtərəfli baxmayıb. Şirkətə yeni baş direktor təyin ediləndən sonra təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edildiyindən lazımi vaxt daxilində sübütları məhkəməyə təqdim etmək mümkün olmamışdır. Məhkəmənin təsdiq etdiyi, iddiaçı və cavabdeh arasında bağlanılan xx.xx.2023-cü il tarixli, MŞB/16-00324 nömrəli barışıq sazişində qeyd edilən 239463,83 manat (ƏDV daxil) pul məbləği şişirdilmişdir. Audit şirkətinin qiymətləndirmə rəyindən məlum olur ki, həmin məbləğ real məbləğdən 35-40 % artıq göstərilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Ərizəçinin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

11. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 355-23.1-ci maddə-“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddə-məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddə-məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddə-barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 3.3-cü maddə-bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddə-barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddə- barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddə-barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddə-əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4-cü maddə-barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddə-barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

12. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirdiyindən tam hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

13. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3399/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. İşdən görünür ki, Maraqlı şəxs MMC 28 fevral 2023-cü il tarixdə mediasiyada bağlanmış barışıq sazişini könüllü icra etmədiyindən Ərizəçi MMC MPM-nin 355-23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təsdiq edilməsi üçün xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.

15. Maraqlı şəxs MMC-nin apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, barışıq sazişi əvvəlki direktorun rəhbərliyi dövründə imzalanmış, Maraqlı şəxs MMC-nin ödənilməsini üzərinə götürdüyü borc reallığa uyğun olmamış, şişirdilmişdir.

16. Məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, xüsusi icraat çərçivəsində tərəflər arasında mediasiyada imzalanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəyə baxılarkən məhkəmə tərəfindən borclu tərəfin sazişi imzalamaqla ödənilməsini üzərinə götürdüyü borcun düzgün hesablanıb-hesablanmadığının araşdırılması məhkəmənin səlahiyyətinə və vəzifələrinə aid deyil. Məhkəmənin barışıq sazişini imzalamaqdan imtina əsasları MPM-nin 355-26.1-ci maddəsində nəzərdə tutulmuşdur. Hazırda həmin halların mövcudluğu müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi ərizəni təmin edərkən hər hansı pozuntuya yol verməmişdir.

17. Bundan əlavə işə apellyasiya ərizəçinin vəkili və nümayəndəsinin elektron kabinetindən göndərilmiş, tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Maraqlı şəxs MMC həmin aktı imzalamaqla Ərizəçi MMC-yə qeyd edilən tarixə 121765,22 manat borcu olduğunu bir daha təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3399/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3399/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar