Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1131/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 21 avqust 2025-ciil tarixli e-22(113)- 6615/2025 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Maddə 1.Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6/2025- 0225 nömrəli barışıq sazişinə əsasən bu barışıq sazişi mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.
2. Maddə 2. Mübahisə tərəfləri bunda sonra ayırlıqda “tərəf” və birlikdə “tərəflər” adlandırılacaqdır. Barışıq sazişinin şərtlərinə əsasən: 2.1.Birinci tərəf, sahibkralıq fəaliyyəti ilə əlaqdar ikinci tərəfdən hissə-hissə aldığı ümumilikdə 12000000 manat məbləğində pul vəsaitini hazırki barışıq sazişi mediator tərəindən təsdiq edildiyi gündən başlayaraq 1 ay ərzində ikinci tərəfə qaytaracağını öhdəsinə götürür.
3. 2.2.Birici tərəf qəbul edir ki, bu sazişin 2.1-ci bəndində göstərilən pul məbləğini 1 ay müddəti başa çatdığı gün qaytarmadığı halda, hazırki barışıq sazişi məhkəmə təsdiq edilməklə icraya yönəldilir və icra mərhələsində qeyd edilən borc məbləği, yəni 12000000 manat məbləğində pul vəsaiti birinci tərəfin DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilir.
4. 2.3.Birinci tərəf bildirir ki, icra mərhələsində məhz Sazişin 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahəsinin borcun əvəzinə ikinci tərəfin mülkiyyətinə verilməsini və ikinci tərəfin adına Dövlət reyestrində qeydiyyata alınmasını öz iradəsi ilə qəbul edir. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlər etməyi öhdəsinə götürür.
5. 2.4.İkinci tərəf, borc pul ödənilmədiyi təqdirdə barışıq sazişinin icrası mərhələsində hazırki barışıq sazişinin 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrini, borc əvəzinə ona təklif olunmuş əmlaklar kimi qəbul edəcəyini öhdəsinə götürür.
6. 2.5Məhkəmə qətnaməsi ilə təsdiq edilərək icraya yönəldiyi halda, hazırkı barışıq sazişi 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin borc əvəzi kimi ikinci tərəfin adına dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.” Sazişin digər şərtləri:
7. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
8. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.
9. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
10. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 5 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.
11. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
12. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
13. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.
14. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
15. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz.
16. Tərəflər razılaşırlar ki, hazırki hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
17. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
18. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.
19. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz:
20. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
21. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
22. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.
23. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
24. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
25. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
26. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər).
Birinci instansiya məhkəməsinə icraat
3. Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında medasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanılmışdır. Lakin, barışıq sazişi imzalandığı gündən hazıra qədər Maraqlı şəxs tərəfindən mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmir. Ərizəçi hesab edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edilməsi zəruridir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respubulikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.” MPM-nin 355-23.2-ci maddəsinin tələbinə əsasən “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir”.
5. Bakı Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, e-2-2(113)- 6615/2025 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, həmin sazişin borc ödənilmədiyi halda, borcun maraqlı şəxsin mülkiyyətində olan əmlaklara yönəldilməsi şərti qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, həmin əmlakların 12000000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı öhdəliyin icrasının təminatı qismində ipoteka ilə yüklü edilmələri materiallarla müəyyən edilmir. Bundan əlavə, daşınmaz əmlaklara sərəncam verilməsi ilə bağlı əqdlər notarial qaydasında təsdiq edilmədikdə həmin əqdlər etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, ərizəçiyə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilməlidir.
7. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixlie-2-2(113)-6615/2025 saylı qətnaməsinin ləğv edilməsinə, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “İcra haqqında” AR Qanunun 53-cü maddəsinin və “Notariat haqqında”AR Qanunun 63-cü maddələrinin tələblərini diqqətdən kənarda qoymuş və bu səbəbdən səhvən hesab etmişdir ki, tələbin əmlaka yönəldilməsi yalnız ipoteka müqaviləsinin rəsmiləşdirilməsi ilə şərtlənmişdir. Birinci instansiya məhkəməsinin hakimi nəzərə almamışdır ki, icra sənədi üzrə icraat zamanı məcburi icra hərəkətlərindən biri də borcluların mülkiyyətində olan əmlaklara tutma yönəldilməsini ehtiva edir. Bunun üçün “İcra haqqında” AR Qanunun 53-cü maddəsinin və “Notariat haqqında” AR Qanunun 63-cü maddələrinin məzmunu ilə tanış olmaq yetərlidir. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, barışıq sazışinin “borcun maraqlı şəxsin mülkiyyətində olan əmlaklara yönəldilməsi şərti” icra mərhələsinə aid olmaqla, həmin mərhələdə borclunun bu şərtlə razılaşması barədə iradə ifadəsini müəyyən etmişdir. Borcun maraqlı şəxsin mülkiyyətində olan əmlaklara yönəldilməsi şərti” ilə razılaşmadığını göstərsə də, barışıq sazişinin digər şərtlərinə, xüsusilə sazişin əsas şərti olan pul (borc) tələbi ilə bağlı hisssəsinə nədənsə heç bir münasibət bildirməmişdir. Barışıq sazişinin əsas şərtləri aşağıdakıkimi müəyyən edilmişdir. “1.Birinci tərəf, sahibkralıq fəaliyyəti ilə əlaqdar ikinci tərəfdən hissə-hissə aldığı ümumilikdə 12000000 manat məbləğində pul vəsaitini hazırki barışıq sazişi mediator tərəindən təsdiq edildiyi gündən başlayaraq 1 ay ərzində ikinci tərəfə qaytaracağını öhdəsinə götürür. 2. Birici tərəf qəbul edir ki, bu sazişin 2.1-ci bəndində göstərilən pul məbləğini 1 ay müddəti başa çatdığı gün qaytarmadığı halda, hazırki barışıq sazişi məhkəmə təsdiq edilməklə icraya yönəldilir.” Məhkəmə öz qətnaməsində, barışıq sazişinin “borcun ödənilməsi”nə dair hissəsinə ümumiyyətlə heç bir münasibət bildirməmiş və barışıq sazişinin bu hissəsini heç bir əsas olmadan təsdiq etməkdən imtina etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Əvvəlki (xx.xx.2025-ci il tarixli) məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi, vəkili Nümayəndə ərizəni müdafiə edərək , barışıq sazişinin təsdiq edilməsinin xahiş etmişdir.
36. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, ərizəçinin nümayəndəsi vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının iştiraklalır olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
37. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
38. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
39. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
40. Həmin Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
42. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
43. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.
44. Həmin Qanunun 34.4-cü maddəsində isə təsbit olunmuşdur ki, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə);
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün qətnamə ləğv edilməli və ərizə qismən təmin edilməlidir.
48. Belə ki, ərizəçi mediasiya prosesi zamanı bağlanmış sazişin təsdiq edilməsini xahiş etmişdir.
49. Ərizəyə baxılmanın qanuni əsaslarını Mülki Prosessual Məcəllənin 355-23.1-ci, 355- 24-cü, 355-25.3-cü maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 34.2-ci, 34.3-cü və 34.4-cü maddələri təşkil edir.
50. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında bağlanmış barışıq sazişi həmin sazişdə nəzərdə tutulmuş müddətdə könüllü qaydada icra edilməmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs sahibkralıq fəaliyyəti ilə əlaqdar ikinci tərəfdən hissə-hissə aldığı ümumilikdə 12000000 manat məbləğində pul vəsaitini hazırki barışıq sazişi mediator tərəindən təsdiq edildiyi gündən başlayaraq 1 ay ərzində ikinci tərəfə qaytaracağını öhdəsinə götürmüş, lakin barışıq sazişini şərtini könüllü şəkildə icra etmədiyindən sazişin 2.1-ci bəndi təsdiq olunmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
53. Məhkəmə kollegiyası barışıq sazişinin 2.2-ci bəndində nəzərdə tutulmuş 12000000 manat məbləğində pul vəsaiti birinci tərəfin DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəlməsi şərtində qeyd olunmuş əmlakların qediyyatı barədə məlumat əldə edilməsi məqsədi ilə AR DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sorğu ünvanlamış,sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 5 ünvanda yerləşən (Yeni qaydalarla: Təbriz küçəsi, 122) ümumi sahəsi 7372.77 kv.m təşkil edən qeyri-yaşayış binası xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 9 saylı DNK-nın xx.xx.2018-ci iltarixli 8İ-7390 reyestr nömrəli bölgü sxeminə əsasən sözügedən qeyri-yaşayış binasının 4380,47kv.m təşkil edən hissəsi ünvan 1 ünvanı altında xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən daşınmaz əmlak "xxxx" ASC-ninxeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X4, 12 saylı ünvanda yerləşən 2992 kv.m təşkil edən qeyri-yaşayış binası xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən daşınmaz əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
54. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərini və iş materiallarını araşdıraraq müəyyən etdi ki, sazişin 2.2-ci bəndi qanunvericiliyin imperativ normaları ilə ziddiyyət təşkil edir.
55. Belə ki, Barışıq sazişinin 2.2-ci bəndində nəzərdə tutulan əmlaklar üzərində "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyü mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 273.2-ci maddəsinə və "İpoteka haqqında" Qanunun 33.1-ci maddəsinə əsasən, ipoteka qoyulmuş əmlakın mülkiyyət hüququnun başqa şəxsə keçməsi yalnız ipoteka saxlayanın rəsmi razılığı ilə mümkündür. Bankın razılığı olmadan sazişin bu hissəsinin icrası üçüncü şəxslərin (bankın) hüquqlarını pozur."
56. Kolelgiya qeyd edir ki, Barışıq sazişinin 2.1-ci bəndi borcun birbaşa əmlaka yönəldilməsini nəzərdə tutsa da, əmlaklar ipoteka ilə yüklülükdən çıxarılmadan DƏDRX tərəfindən mülkiyyət hüququnun İkinci tərəfə keçməsi barədə qeydiyyat aparılması qeyri-mümkündür.
57. Kollegiya hesab edir ki, sazişin 1-ci bəndində göstərilən 12.000.000 manatlıq pul öhdəliyi Birinci tərəfin qəti borcu kimi təsbit olunaraq barışıq sazişin 1-ci bəndi təsdiq olunmalıdır. Lakin 2.2-ci bənddə nəzərdə tutulan əmlakların təhvil verilməsi məsələsi, yalnız ipoteka saxlayanın (Xalq Bank) razılığı alındığı və ya ipoteka xitam edildiyi təqdirdə hüquqi qüvvəyə malik ola bilər.
58. Kollegiya eyni zamanda bildirir ki, qeyd olunan əmlakların birgə nikah dövründə əldə edilməsinə, birgə mülkiyyətdə olmasına dair hər hansı sübut iş materillarına əlavə edilməmişdir.
47. Belə ki, MPM-in 355-26.1-ci maddəsində (bax § 40) belə imtina üçün cəmi 2 əsas nəzərdə tutulmuşdur: 1) barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; 2) barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.
48. Göründüyü kimi hazırkı halda barışıq sazişinin 2.2-ci bəndinin təsdiq edilməsi MPMin 355-26.1-ci maddəsində nəzərdə tutulmuş mediasiyada iştirak etməyən üçüncü şəxslərin (Xalq Bankın” ASC-nin) şəxslərin hüquqları pozulur.
49. Mülki Prosesual Məcəllənni 273-cü maddəsinə əsasən, girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır.
50. Kollegiya qeyd edir ki, barışıq sazişinin digər şərtləri (icra mərhələsində məhz Sazişin 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahəsinin borcun əvəzinə ikinci tərəfin mülkiyyətinə verilməsini və ikinci tərəfin adına Dövlət reyestrində qeydiyyata alınmasını öz iradəsi ilə qəbul edir. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlər etməyi öhdəsinə götürməsi, 2.4.İkinci tərəf, borc pul ödənilmədiyi təqdirdə barışıq sazişinin icrası mərhələsində hazırki barışıq sazişinin 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrini, borc əvəzinə ona təklif olunmuş əmlaklar kimi qəbul edəcəyini öhdəsinə götürməsi, 2.5 Məhkəmə qətnaməsi ilə təsdiq edilərək icraya yönəldiyi halda, hazırkı barışıq sazişi 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin borc əvəzi kimi ikinci tərəfin adına dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır) Sazişin 2.2-ci bəndində qeyd olunan əmlakların, ikinici tərəfin mülkiyyətinə keçməsi, dövlət qeydiyyatının aparılması ilə bağlı olduğundan təsdiq edilə bilməz.
51. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi, prosessual hüquq normasını düzgün tətbiq etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6615/2025 nömrəli qətnaməsi təmamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə qismən təmin edilsin, yəni Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6/2025- 0225 nömrəli barışıq sazişi “Birinci tərəf, sahibkralıq fəaliyyəti ilə əlaqdar ikinci tərəfdən hissə-hissə aldığı ümumilikdə 12000000 manat məbləğində pul vəsaitini hazırki barışıq sazişi mediator tərəindən təsdiq edildiyi gündən başlayaraq 1 ay ərzində ikinci tərəfə qaytaracağını öhdəsinə götürür” hissəsində təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlər rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.