Məhkəmə qərarları › İş №2-2(103)-133/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-133/2020

18.02.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-133/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə; İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-834/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra MMC) Cavabdehnə (bundan sonra İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktla 14580 m3 sərfiyyata görə hesablanmış 2916 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nə məxsus Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən idman meydançalarında təbii qazdan istifadə olunur. Qeyd olunan ünvanda Cavabdeh İB tərəfindən 2005-ci il tarixdə ******* saylı sayğac quraşdırılmışdır. xx.xx.2011-ci il tarixdə həmin sayğac G-6 markalı, 24533241 saylı sayğacla əvəz olunmuşdur. Uzun müddət həmin sayğac vasitəsilə iddiaçı tərəfindən təbii qazdan istifadə olunduqdan sonra xx.xx.2017-ci il tarixdə göstərilən sayğac Cavabdeh İB-nin əməkdaşları tərəfindən G-6 markalı, 28260221 saylı sayğacla əvəz olunmuş və bu barədə ******* nömrəli akt tərtib olunmuş və akt İddiaçı MMC-nin nümayəndəsi tərəfindən də imzalanmışdır. Tərtib olunmuş aktda hər hansı bir nöqsanın olması barədə heç bir qeyd olmamışdır. Aktdan görünür ki, sayğac əvəz olunan zaman üzərindəki plomblar yerində olmuş və həmin plomblar əvəzetmə zamanı Cavabdeh İB-nin əməkdaşları tərəfindən qırılmışdır. Həmçinin həmin vaxt Cavabdeh İB-nin nümayəndələri İddiaçı MMC-nin əməkdaşına bildirmişlər ki, sayğacda heç bir problem yoxdur. Sayğac əvəz olunduqdan sonra G-6 markalı, 24533241 saylı sayğacı Cavabdeh İB-nin əməkdaşları özləri ilə aparmışdırlar. Bundan sonra da Cavabdeh İB-nin əməkdaşları dəfələrlə İddiaçı MMC-nin qaz təsərrüfatına baxış keçirmiş lakin heç bir nöqsan aşkar etməmişlər. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə yenə də Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı MMC-də yoxlama aparılmış və hər hansı nöqsanın olmaması barədə akt tərtib olunmuşdur. Həmin aktı İddiaçı MMC-nin nümayəndəsi də imzalamışdır. 2019-cu ilin fevral ayında İddiaçı MMCyə cərimə yazılması barədə məlumat verilmişdir və bununla əlaqədar Cavabdeh İB-yə müraciət etdikdə bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə çıxarılmış G-6 markalı, 24533241 saylı sayğacın plastmas qapağının yan tərəfində, kranşteyinə birləşən qulaqcıqlarda əzik izləri aşkar olunmuş və buna görə də itirilmiş qazın bərpası məqsədilə İddiaçı MMC-yə cərimə hesablanmışdır. Qeyd olunanlarla bağlı xx.xx.2019-cu il tarixdə tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulmasına dair ******* saylı aktın surəti təqdim olunmuşdur.xx.xx.2017-ci il tarixdə çıxarılmış G-6 markalı, 24533241 saylı sayğac çıxarılarkən plombları üzərində olmuş və sayğacda hər hansı bir nöqsan aşkar olunmamışdır. Sayğacda hər hansı bir nöqsan aşkar olunsa idi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı MMC cərimə olunardı. Sayğac çıxarılan vaxtı heç bir nöqsan aşkar olunmadığı halda, xx.xx.2017-ci il tarixində çıxarılmış G-6 markalı, 24533241 saylı sayğaca görə 18 ay sonra cərimə hesablanmışdır. Həmin sayğacın 18 ay ərzində hansı şəraitdə saxlanılması barədə İddiaçı MMC-də heç bir məlumat yoxdur. Çünki sayğac əvəz olunandan sonra Cavabdeh İB-də olmuşdur. Həmçinin xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surəti təqdim olunandan sonra məlum olmuşdur ki, həmin akt İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur və qeyd edilmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi aktı imza etməkdən imtina etmişdir. Halbuki tələb edilənə qədər həmin akt ümumiyyətlə, İddiaçı MMC-yə təqdim olunmamışdır. Qeyd olunan akt əsasında da İddiaçı MMC-yə 14580 m3 sərfiyyata görə 2916 manat cərimə hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-834/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci ildə Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən obyektə təbii qazın uçotu ilə bağlı baxış keçirilmiş, bu zaman kafedə quraşdırlan cihazların saatlıq qaz sərfıyyatı kafenin qaz sayğacının yəni G-6 sərfiyyatına uyğun olmadığı aşkar olunmuşdur. Bununla bağlı akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün tədbirlər görülmüşdür. Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının rəyi əsasında 14580 kub.metr təbii qazın dəyəri olaraq 2916 manat pulun ödənilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilir. Apellyasiya baxışı zamanı izahat verən cavabdehin nümayəndəsi Zaur Qurbanov apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək,apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-834/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan; - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, İddiaçı MMC-nə məxsus qaz sayğacına baxış keçirilən zaman plastmas qapağının yan tərəfində, kranşteyinə birləşən qulaqcıqlarda əzik izləri aşkar olunmuş, zavod plombu kəsilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli Qaz sayğacının çıxarılması və istismara qəbulu haqqında aktdan görünür ki, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yerləşən müvəqqəti qaz sayğacı çıxarılmışdır. - xx xxxxxx 2018-ci il tarixli inventar aktından görünür ki, sayğac çıxarıldı, texniki baxış keçirildi, içərisində və üzərində müdaxilə əlaməti aşkarlanmadı qeydi aparılmışdır. - xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-6 markalı 24533241 nömrəli sayğacın plastmas qapağının yan tərəfində, kranşteyinə birləşən qulaqcıqlarda əzik izləri aşkar olunmuş, PQ-4-ün maksimal qaz sərfi 4.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 12 saat və hesabat müddətini 90 gün, QSQ-nin maksimal qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, Alarko isitmə sisteminin maksimal qaz sərfi 5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazən bərpası üçün hesabat aparılmış və nəticədə 14580 m3 qaz sərfiyyatı hesablanmışdır. - Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı MMC-nə 2019-cu ilin yanvar ayına 2916 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində 2005-ci il tarixdə ******* saylı sayğac quraşdırılmış, xx.xx.2011-ci il tarixdə həmin sayğac G-6 markalı, 24533241 saylı sayğacla əvəz olunmuş, xx.xx.2017-ci il tarixdə göstərilən sayğac Cavabdeh İB-nin əməkdaşları tərəfindən G-6 markalı, 28260221 saylı sayğacla əvəz olunmuş və bu barədə ******* nömrəli akt tərtib edilərək heç bir nöqsan aşkar edilmədiyi qeydi edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, xx.xx.2017-ci il tarixdə çıxarılmış G-6 markalı, 24533241 saylı sayğacın texniki baxışa verilməsi üçün götürülməsi məqsədi ilə akt tərtib edilmiş və həmin gün texniki baxışın keçirilməsi barədə bildiriş iddiaçıya təqdim edilsə də, hər hansı bir nöqsanın aşkar edilmədiyi qeydi aparılmışdır. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübut təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış binalarında quraşdırılmış sayğacla bağlı aparılmış yoxlamalar hüquqi nəticə doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bucür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5- ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X6 Reyestrinə daxil edilməsidir. X2 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X6 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx xxxx 2011-ci il tarixli 11 saylı qərarı X6 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı İddiaçı MMC üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərəin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, qeyd edilmiş yoxlama qanunvericiliyin tələblərinə uyğun aparılmadığından şikayətin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-834/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar