Məhkəmə qərarları › İş №2-2(103)-135/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-135/2021

11.02.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-135/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1, iddiaçının və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1876/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “inventar aktının etibarsız hesab edilməsi və cərimənin silinməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin tərtib etdiyi MXD 09900 saylı xx xxxxxxxx 2018-ci il tarixli inventar aktının etibarsız hesab edilməsi və cavabdehin üzərinə qanunsuz hesablanmış 6000 manat cərimənin silinməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı fərdi sahibkardır. Cavabdeh tərəfindən ona məxsus İsmayıllı rayonunda yerləşən “Orman” ailəvi istirahət mərkəzinə baxış keçirərək magistral su xəttinin üzərində bulaq düzəldib d=32 mm, rezin borcu vasitəsi ilə sayğacdan kənar sudan istifadə etməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli MXD 09900 nömrəli inventar aktı tərtib etmiş və xx xxxxxxxx 2018-ci il tarixdə həmin aktı ona təqdim edərək bildirilib ki, sayğacdan kənar sudan istifadə etdiyi üçün o, 6000 manat məbləğində cərimə edilmişdir. Lakin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı barədə ona cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Həmin akt ona təqdim olunduqdan sonra cavabdehə müraciət edərək inventar aktının ləğv edilməsinə göstəriş verməsini xahiş etsə də, heç bir cavab verməmişdir. İnventar aktından isə görünür ki, obyektdə d=32 mm xətt üzərində sss-20 markalı mexaniki su sayğacı quraşdırılmış, obyektdə quyu suyu və qurunt suyu istifadəsi yoxdur, su sayğacının göstəriciləri yoxlanılıb qeyd olunduğu kimidir. Araşdırma zamanı magistral su xəttinin üzərində bulaq düzəldilərək d=32 mm rezin boru vasitəsi ilə sayğacdan kənar sudan istifadə etdiyi aşkar olunmuşdur. Nəticədə əlavə xətt mühəndislər tərəfindən ləğv edilmişdir. O, işlətdiyi istirahət mərkəzində heç vaxt sayğacdan kənar sudan istifadə etməmişdir. Yerli baxış və araşdırma zamanı o, Bakı şəhərində olduğu halda, cavabdehin inventar aktında göstərilib ki, o, inventar aktı imzalamaqdan imtina etmişdir. Lakin bu sənədin tərtib edilməsi və mövcudluğundan onun sonradan xəbəri olmuşdur. İnventar aktda göstərilən rezin boru vasitəsi ilə obyektə çəkilən su xətti, obyektdə kənarda qurunt və kanal suları nəticəsində yığılan və kiçik göl şəklini alan yerdən suyun çəkilərək götürülməsi üçün nəzərdə tutulub. Həmin gölməçədən çəkilən su obyektin ərazisində yaşıllıqların suvarılması üçün çəkilib. Akt tərtib olunarkən onun hüquqların pozulub. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1876/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçı « Cavabdeh» ASC ilə bağlanmış müqavilə əsasında içməli su təchizatı xidmətindən istifadə edir. Müqavilənin şərtərinə uyğun olaraq cavabdeh istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun qaydada cəmiyyətə pul ödəyir. Cəmiyyətin əməkdaşları tərəfindən obyektin su təchizatı sisteminə xx xxxxxx 2018-ci ildə baxış keçirilərkən sayğacdan kənar bir ədəd d=32 mm-lik su xətti vasitəsi ilə sudan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilmiş, bu barədə MXD 09900 saylı inventar aktı tərtib edilmiş, həmin ünvanda mövcud olan bütün qanun pozuntuları video yazı vasitəsi ilə sübut kimi qeydə alınmışdır. Sudan qeyri-qanuni istifadə nəticəsində Cəmiyyətə maddi ziyan dəymiş və Azərbaycan Respubliası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği 6000 manat məbləğində müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunsa da, o həmin məbləği ödəməkdən imtina etmişdir. Sudan istifadə qaydalarının 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. 3.1.1-ci bəndinin tələbinə əsasən su təchizatı və kanalizasiya müəssisənin su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulma hallarını aşkar etdikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Birinci instansiyası məhkəməsinin Cəmiyyətin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qaydada qoşulmaqla haqqı ödənilmədən qanusuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri qanuni hesab edilməsi barədə gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır. Belə ki, bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci bəndinin tələblərinə riayət etməklə həyata keçirilmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Seyidəliyeva apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil N.Şahverdi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, «Sudan istifadə Qaydaları»nda gölməçə suyundan istifadəyə görə xidmət haqqı ödənilməsi nəzərdə tutulmadığını, cavabdeh tərəfindən tamamilə qanunsuz olaraq iddiaçıya borc hesablandığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, tərəflər arasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə dair müqavilə olduğu işin mübahisələndirilməyən halıdır. Apellyasiya şikayətində cavabdeh mübahisələndirir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı sisteminə xx xxxxxx 2018ci ildə baxış keçirilərkən sayğacdan kənar bir ədəd d=32 mm-lik su xətti vasitəsi ilə sudan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilmiş, bu barədə inventar aktı tərtib edilmiş və dəymiş ziyana görə iddiaçıya «Sudan istifadə qaydaları»na və Su təchizatı və tulanntı suları haqqında» Qanuna müvafiq olaraq, ötən bir il üçün 6000 manat məbləğində ziyan (borc) məbləği hesablanması qanunvericiliyə uyğun olsa da, məhkəmə tərəfindən əsassız olaraq həmin borc məbləğinin silinməsini qət olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya şikayətində cavabdehin istinad etdiyi iddiaçının istifadə etdiyi kənar xəttin məhz haradan götürüldüyü, yəni, mənbəyinin nədən ibarət olması əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilmiş videoçəkilişə gəldikdə isə, orada iddiaçının cavabdehə məxsus su xəttin qoşulmasını təsdiq edən hər hansı bir görüntü yoxdur. Əksinə videomaterialdan aydın olur ki, mübahisəli xətt su qaynamasından yaranan gölməçədən, həm də qaynama mənbəyindən də xeyli aralıdan başlayan bir xətti əks etdirir. Qeyd olunan bu faktlar isə, onu deməyə əsas verir ki, iddiaçının cavabdehə məxsus su xəttindən deyil, gölməçə suyundan istifadə etdiyini təsdiq edən bir haldır. Digər tərəfdən həmin video-çəkilişin iştirakçıları, o cümlədən, iddiaçının və ya onun səlahiyyətli nümayəndsinin iştirakı, eyni zamanda, obyektin, məhz, iddiaçıya məxsus olmasını təsdiq edə bilən görüntülərin mövcudluğu da aşkar edilmir. Beləliklə də, cavabdehin istinad etdiyi MXD 09900 saylı inventar aktında və məhkəməyə təqdim etdiyi video-çəkilişdə aşkar olunan faktlara əsasən iddiaçının cavabdehə məxsus su xətinə qanunusuz qoşulma faktı müəyyən olunmur. Belə olan halda, iddiaçının cavabdehə ziyan vuran hüquqa zidd hərəkətindən və onun cavabdehə qarşı mülki hüquq pozuntusu törətməsindən söhbət gedə bilməz. Çünki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Digər tərəfdən qeyd olunmalıdır ki, glməçə suyundan istifadəyə görə «Sudan istifadə Qaydaları»nda xidmət haqqı ödənilməsi nəzərdə tutulmamışdır. Qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçının hüquqa zidd hərəkəti sübuta yetirilməyi halda, ona 6000 manat məbləğində əlavə sərfiyyat hesablanmaqla mülki məsuliyyətə cəlb olunması qanunsuz və əsassızdır. Bundan əlavə, cavabdeh tərəfindən mübahisəli su sayğacına keçirdiyi texniki baxış da qanunvericiliyə də uyğun olmamışdır. Belə ki, «Su təchizatı və su tullantıları haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi öz vəsiqəsini təqdim edərək su təchizatı və tullantı sularının axıdılması sahəsinə aid olan qurğulara, cihazlara, mexanimlərə və qovşaqlarva, sahibinə əvvəlcədən bildirməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirə bilərdi. Qanunvericiliklə müəyyən edilən qayda isə aşağıdakılardan ibarətdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 3.2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndi nəzərdə tutur ki, sahibkalıq subyektində yoxlama, baxış və s. yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əks halda belə yoxlamanın, baxışın hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Su təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektə «Sudan istifadə qaydaları»na riayət etmə vəziyyətinin yoxlanılması məqsədilə keçirilən baxış - Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid Məlumat Reyestrində qeydə alınması təmin edilmədən həyata keçirilmişdir. Deməli, həmin baxışın hüquqi nəticələri etibarsızdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiaysı birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilməsini faktlar nöqteyi nəzərindən mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1876/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1876/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar