Məhkəmə qərarları › İş №2-2(103)-137/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-137/2022

07.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-137/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" trestinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" trestinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı qazma qurğusunun təhvil verilməsi, ərazidən götürülməyə şərait yaradılması və buna yaradılan maneələrin aradan qaldırılmasına dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 2(113)-578/2020 saylı qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan “Xəzər” özü qalxan üzən qazma qurğusunun təhvil verilməsi, əmlakın cavabdehin istifadəsində olan ərazidən götürülməsinə şərait yaradılması və buna yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əmlak 1997-ci ildə İddiaçı MMC-nin adına özəlləşdirilmiş və bu barədə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən 13 iyun 1997-ci il tarixli, 14 saylı mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Bu, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıya verilən 06 mart 2019-cu il tarixli məktubla da təsdiq olunur. 08 dekabr 2006-cı il tarixdə İddiaçı MMCnin bazasında İddiaçı MMC yaradılmışdır. Əmlak uzun müddətdir ki, istifadəsiz qalmışdır. İddiaçı əmlakın götürülməsi barədə cavabdehə və Dövlət Neft Şirkətinin rəhbərliyinə müraciət etsə də, nəticəsi olmamışdır. Əlavə olaraq əmlak uzun müddət istifadə olunmadığı üçün onun hissələrə bölünərək atılması təhlükəsi vardır. Bunları nəzərə alaraq iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdeh tərəfindən əmlak üzərində hər hansı hüququ verəcək heç bir əsas mövcud deyildir. Cavabdehin əmlak üzərində sahiblik və ondan istifadə etməsi qanunsuzdur və iddiaçının mülkiyyətinə müdaxilədir. Yuxarıda göstərilən hüquqi əsaslara istinadən cavabdeh əmlakı iddiaçıya təhvil verməli və əmlakın iddiaçı tərəfindən götürülməsinə şərait yaratmalıdır. Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2-2(113)-578/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2-2(113)-578/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehdən tələb edilən əmlak iddiaçı tərəfindən özəlləşdirilmiş və sonuncu dəfə əmlak hazırda cavabdehin idarəçiliyində olan Lökbatan körpüsündə yerləşmişdir. Bu barədə sənədlər məhkəməyə təqdim olunmuşdur. Bunlardan əlavə aşağıdakılar daMəhkəməyə təqdim olunmuşdur: iddiaçının Məhkəməyə təqdim etdiyi texniki baxış barədə sənəddə əmlakın Lökbatan körpüsündə yerləşdiyi və xüsusən sahildən dənizə istiqamətdə baxdıqda körpünün sağ tərəfində yerləşdiyi görsənir; GoogleEarth proqramı vasitəsi ilə əldə olunan şəkillərdən görsənirki, həmin əmlakın uzun illərdir həmin yerdə olmuşdur və yerini dəyişməmişdir; cavabdeh əmlakın onlardan olub-olmaması barədə məhkəmənin sorğusuna yazılı şəkildə cavab verməkdən imtina etmişdir. Bu sübutlar əmlakın həqiqətən cavabdehin ərazisində olduğunu göstərir. Bakı Kommersiya Məhkəməsində baş tutan prosesdə əsas məqamlardan biri məhkəmənin cavabdehə təqdim etdiyi sorğuya cavabın alınması idi. Təəssüf ki, məhkəmə sorğunu iddiaçının təqdim etdiyi formada deyil, özü seçdiyi formada vermişdir. Cavabdeh çalışdı ki, sorğuya şifahi cavab versin, ancaq iddiaçı və məhkəmə yazılı cavabın vacib olduğunu qeyd etdilər. Xüsusən proses zamanı hakim yazılı cavabın vacib olduğunu qeyd etmiş – çünki orada olan imza cavabın məhz cavabdeh tərəfindən verildiyini təsdiq edir və onun rəhbərliyini daha məsuliyyətli davranmağa vadar edər. Ancaq sonrada naməlum səbəblərdən məhkəmə cavabdehin verdiyi natamam cavabı sübut kimi qəbul etmişdir. Halbuki həmin “cavab” sadəcə bir şeyi təsdiq edir – cavabdeh sorğuya cavab verməkdən imtina etmişdir. Əlavə olaraq, iddiaçı məhkəməyə təkrar sorğu ilə cavabdehə müraciət etmək və cavabdehin icra orqanın rəhbərinin məhkəməyə çağırılaraq şahid kimi dindirmək barədə vəsatət vermişdir. Məhkəmə vəsatəti təmin etməkdən imtina etmişdir. Bu imtina heç bir əsasa söykənməmişdir və məhkəmə də iclas vaxtı demək olar ki, vəsatətin rədd edilməsi üçün heç bir əsas gətirməmişdir. İddiaçının əmlak üzərində mülkiyyət hüququ təsdiq olunur və bunu istisna edən heç bir hal mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ qanunla qorunur. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 452-ci maddəsinə istinad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-236/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2-2(113)-578/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli 2-2(102)-472/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-236/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" trestinin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-578/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 13 iyun 1997-ci il tarixli mülkiyyət haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhərində yerləşən “Xəzər” özüqalxıb üzən qazma qurğusu İddiaçı müştərək müəssisəsinin mülkiyyətindədir. İddiaçı iddia edir ki, həmin qazma qurğusu hazırda cavabdehin qanunsuz sahibliyindədir və hazırkı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 452-ci maddələrinə istinad etməklə həmin qurğunun qanunsuz sahiblikdən geri qaytarılması barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 452.1-ci maddəsinə əsasən fərdi - müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. İddiaçı mülkiyyətində olan qurğunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" trestinin sahibliyində olduğunu sübut etmək üçün məhkəməyə GoogleEarth proqramı vasitəsi ilə əldə olunan şəkillər və digər fotoşəkillər təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" trestinin 22 oktyabr 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, trestin istifadəsində Xəzər” özü qalxan üzən qazma qurğusu mövcud deyildir. Birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" trestinin nümayəndəsi Nümayəndə1 iddiaçının nümayəndəsinin sualına cavab olaraq göstərmişdir ki, iddiaçının tələb etdiyi qurğu cavabdehdə olmuş, sonra balansdan silinmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının cavabdehtən tələb etdiyi əmlakın hazırda cavabdehin sahibliyində və istifadəsində olması mötəbər sübutlarla təsdiq edilmir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında qeyd edilmişdir ki, işə baxmış məhkəmələr iddiaçının təqdim etdiyi sübutlara lazımı hüquqi qiymət verməmiş, rtələb edilən əmlakın cavabdehin sahibliyində olub-olmadığını müəyyənləşdirmək üçün MPM-nin 79.1-ci maddəsində nəzərdə tutulmuş yerində müayinə keçirmək barədə səlahiyyətindən istifadə etməmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddiaçının tələbinin əsasları iddia ərizəsində göstərilməmiş, nümayəndə Şirkətə qarşı tələbin hansı əsasla irəli sürüldüyünü məhkəmə iclasalrında əsaslandıra bilməmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alınaraq Bakı Apelyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, e-2-2(103)- 137/2022 saylı qərardadı ilə tələb edilən qazma qurğusunun hazırda cavabdehin sahibliyində olub-olmadığının müəyyən edilməsi, əgər sahibliyindədirsə MPM-nin 222-ci maddəsinə əsasən həmin əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə mühəndis-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə iddiaçının tələb etdiyi qazma qurğusunun cavabdehin fəaliyyət göstərdiyi ərazidə yerləşən digər qurğulardan fərqləndirilməsi xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə tərəfindən yerində müayinə təyin edilməsi əvəzinə qurğunun cavabdehin sahibliyində olub-olmadığının ekspertlər tərəfindən meəyyənləşdirilməsini daha məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubu ilə ekspertizanın keçirilməsindən imtina edilmişdir. Məktubdan görünür ki, mübahisəli qurğuya baxış keçirilməsi üçün ekspert tərəflərlə birlikdə “Şıx” qəsəbəsi, “Azneft” İB-nin Dalğıc Xidmətinin ərazisində, dəniz suları üzərində quraşdırılmış təlim-tədris stendinin yerləşdiyi sahil estekadasında olmuşlar. Estakadanın sol və baş tərəflərində qazma qurğuları olsa da, iddia edilən sahədə, yəni estakadanın sağ tərəfində hər hansı qurğu aşkar edilməmişdir. İddia edilən sahədə suyun içərisində yalnız 04 ədəd silindrik formalı konstruksiya qalıqlarının olduğu müşahidə olunmuşdur.(baxış aktı və fotoşəkillər əlavə edilmişdir). Beləliklə iş materiallarında və əlavə olaraq ekspertizaya təqdim edilmiş fotoşəkillərdə öz əksini tapmış qurğunun baxış zamanı təqdim edilmiş ərazidə mövcud olduğu müəyyən edilməmişdir. Ekspert vəsatətinin texniki sənədlərlə bağlı hissəsi isə təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə vəsatət verərək təqdim edilmiş fotoşəkillər və videoyazı əsasında yenidən əmtəəşünaslıq ekspertiza təyin edilməsini xahiş etmiş, məhkəmə qurğunun qiyməti ilə bağlı rəy verilməsi üçün ekspert tərəfindən texniki sənədlərin tələb olunduğunu nəzərəq alaraq yenidən işdə olan sübutlar əsasında ekspertiza təyin edilməsini lüzumsuz vaxt itkisi və prosessual qənaət prinsipinin pozuntusu hesab edərək vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ekspertiza tədqiqatının həyata keçirilməsindən imtina etsə də, faktiki olaraq imtina məktubunda mühəndis texniki ekspertizanın qarşısında məhkəmə tərəfindən qoyulmuş sualı cavablandırmış və tələb edilən qurğunun hazırda cavabdehə məxsus estekadada olmadığı müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin işə yenidən apellyasiya qaydasında baxılarkən sonuncu məhkəmə iclasında verdiyi izahat və təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, tərəflərindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “İxtisaslaşdırılmış Texniki vəsaitlərdən X1 İdarəsi (hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" tresti) xx.xx.1992-ci il tarixli məktubunda “Xəzər” qurğusunun balansdan silinərək xx.xx.1991-ci ildə (iddiaçı tərəfindən özəlləşdirilməzdən əvvəl) metalloma verildiyini göstərmiş, "xxxx" MMC-nin iddiaçının sorğusuna xx.xx.2022-ci ildə verilmiş cavab məktubunda “Xəzər” qazma qurğusuna sonuncu texniki baxış 1988-ci ildə yerinə yetirilmiş, uzun müddət baxışa təqdim edilmədiyinə görə 1992-ci ildə qeydiyyatdan çıxarılmışdır. “Gəmilərin qeydiyyatdan çıxarılması” jurnalından “Xəzər” üzən qazma qurğusuna aid son məlumatlar əks olunan iddiaçıya, iddiaçı tərəfindən isə məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası araşdırma nəticəsində belə nəticəyə gəlir ki, cavabdehdən tələb edilən qurğunun iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halı olsa da həmin qurğunun hazırda cavabdehin sahibliyində olduğu əsaslı şübhədən kənar mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddiaçının təqdim etdiyi GoogleEarth proqramı vasitəsi ilə xx.xx.2018-ci il çəkilmiş fotoşəkildə (1-ci cild 196-cı vərəq) öz əksini tapmış qazma qurğularından birinin məhz iddiaçının mülkiyyətində olan qazma qurğusu olduğunu həmin fotoşəkil əsasında müəyyənləşdirmək qeyri-mümkündür. Təqdim edilmiş digər fotoşəkillərin isə hansı ərazidə, hansı tarixdə çəkildiyi, fotoşəkillərdə əks olunmuş qurğuların iddiaçıya məxsus olan qurğu olduğu məlum deyil. Cavabdehin nümayəndəsinin xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatla bağlı məhkəmə qeyd edir ki, nümayəndə qurğunun bir vaxtlar cavabdehin balansında olduğunu, sonradan balansdan silindiyini bildirmiş, hazırda qurğunun cavabdehin sahibliyində olması ilə bağlı izahat verməmişdir. Cavabdehin nümayəndəsinin bu izahatı iddiaçının apellyasiya mərhələsində təqdim etdiyi, özünün təqdim etdiyi sənədlərlə də təsdiqini tapır və müəyyən olunur ki, qurğu həqiqətən 1991-ci ilədək İdarənin balansında olunmuş, sonradan balansdan silinmişdir. Lakin bütün bunlar həmin qurğu 1997-ci ildə iddiaçının mülkiyyətinə verilənədək baş vermişdir. 1997-ci ildən sonra qurğunun cavabdehlərin sahibliyinə verildiyinə dair iş materiallarında hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni kifayət qədər əsaslandırmasa da iddia tələbinin rədd edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olduğundan mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə izah edir ki, iddiaçının mülkiyyətində olan qurğunun cavabdehlərin sahibliyində olması sübut edilmədiyindən hazırkı iddia rədd olunsa da, iddiaçı mülkiyyətində olan əmlakdan qanunsuz məhrum olması ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsi üçün iddia qaldıra bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-578/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-578/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar