Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1386/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Abşeron Express” MMC-nin Cavabdeh MMC-yə qarşı “nəqliyyatekspedisiya xidmətlərinin göstərilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: yük daşınması müqaviləsi, müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı "Abşeron Express” MMC-nin Cavabdeh MMC-yə qarşı “nəqliyyatekspedisiya xidmətlərinin göstərilməsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-3347/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli ABE 0222/23 nömrəli nəqliyyatekspedisiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Ekspeditor bu Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi olan hesab-fakturalarda göstərilən çeşid, qiymət və kəmiyyətə uyğun yükün haqq müqabilində olduqları yerdən təyinat yerinə daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərini həyata keçirir. Sifarişçi isə xidmət haqqını ödəməyi öhdəsinə götürür. Bu müqavilə tərəflərin təşkilati-hüquqi əsaslarını, hüquq və vəzifələrini, habelə müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə onların mülki-hüquqi məsuliyyətinin əsaslarını müəyyən edir; 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə xidmət haqqının miqdarı ödəniş sənədlərində qeyd edilir. Ödəniş sənədləri dedikdə, rezidentlərə münasibətdə hesabfaktura və və ya elektron qaimə-faktura, qeyri-rezidenılərə münasibətdə hesab-faklura nəzərdə tutulur; 2.2-ci bəndinə əsasən Tərəflər razılaşırlar ki, hazırkı Müqavilədə xüsusi hal nəzərdə tutulmamışdırsa, İcraçı tərəfindən icraya qəbul edilmiş sifariş əsasında ödəniş sənədlərinın təqdim edilməsi xidməti işlərin dəyərinin razılaşdırılması anı hesab olunur. Hesablaşma valyuta tənzimi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Xidmətlərin dəyəri xarici valyuta ilə müəyyən olunarsa, ödənişlər milli valyuta ilə olacağı halda, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı (AZN) ilə həyata keçirilir; 2.3-cü bəndinə görə Sifarişçi sifarişə uyğun olaraq, xidmətlərin dəyərini tam həcmdə Ekspeditor tərəfindən ödəniş sənədləri təqdim edildiyi tarixdən 3 is günü ərzində, lakin istənilən halda həmin xidmətlərin icraya başlanacaq tarixindən gec olmayaraq Ekspeditorun bank hesabına köçürür. Ödəniş öhdəliyi İcraçının hesabına müvafiq vəsaitin daxıl olduğu an həyata keçirilmiş hesab olunur.
2. Tərəflər arasında imzalanmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 1 nömrəli təhvil-təslim aktına əsasən iddiaçı 105 503,31 manat dəyərində beynəlxalq daşıma xidmətini icra edərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən 80659,88 manat məbləğində ödəniş edilmiş, qalıq borcu isə 24 843,43 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. İddiaçı cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ABE 0222/23 saylı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 24 843,44 manat məbləğində pulun və ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində ABE 0222/23 nömrəli nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı cavabdehə nəqliyyat-ekspedisiya xidmətlərini göstərməyi, cavabdeh isə xidmətlərin dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı razılaşdırılmış xidmətləri icra etməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, xx.xx.2023 – xx.xx.2023cü il tarixi aralığında iddiaçı tərəfindən təqdim edilmiş 3 ədəd elektron qaimə-fakturaları qəbul etməsinə baxmayaraq, fakturalar üzrə ödənişi həyata keçirməmiş və nəticədə həmin müqavilə öhdəlikləri üzrə xeyli miqdarda borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixinədək müqaviləyə uyğun olaraq göstərilmiş müəyyən xidmətlərin ödənişini həyata keçirməsinə və yaranmış etibarlı münasibətə əsasən iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra edəcəyinə inanaraq xidmət göstərməyə davam etmişdir. Belə ki, bu günkü tarixədək cavabdeh tərəfindən ödənilməli olan borc məbləği 24 843,43 manat təşkil edir. Borc məbləği tərəflər arasında bağlanmış üzləşmə aktı ilə də təsdiq edilmişdir. Yaranmış borc məbləği ilə bağlı cavabdehə bir neçə dəfə şifahi olaraq məlumat verilmiş, ödənişləri vaxtlı-vaxtında icra etməli olduğu barədə xəbərdar olunmuşdur. Qeyd olunan xəbərdarlıqlar nəticə vermədiyi üçün daha sonra cavabdehə yönəldilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə borcun 10 iş günü müddətində ödənilməsi tələbi irəli sürülmüş, əks təqdirdə isə qanunvericilik və müqavilə ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin müddətin başa çatmasına baxmayaraq, hələ də cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.
5. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-dən 25 avqust 2023-cü il tarixli, ABE 0222/23 nömrəli nəqliyyat ekspedisiya xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 24843,44 (iyirmi dörd min səkkiz yüz qırx üç manat qırx dörd qəpik) manat əsas borc və ödənilmiş 165 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25008,44 (iyirmi beş min səkkiz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli ABE 0222/23 nömrəli nəqliyyat-ekspedisiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərii yaranmışdır. Həmçinin, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi olan hesab-fakturalarda göstərilən yükün haqq müqabilində olduğu yerdən təyinat yerinə daşınması ilə bağlı nəqliyyatekspedisiya xidmətlərini həyata keçirməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ümumilikdə 105 503,31 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 elektron qaimə göndərilmişdir. Tərəflər arasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təhviltəslim aktı tərtib edilmiş və həmin aktla cavabdehin iddiaçıya olan borcu 24 843,43 manat kimi müəyyən edilmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2023-cü il tarixli ABE 0222/23 nömrəli nəqliyyat-ekspedisiya müqaviləsi üzrə 24 843,43 manat məbləğində muzd cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 385.1, 442, 448.1, 448.2, 850.1, 852.4, 852.4.1, 852.4.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, tələb edilən borc "xxxx" MMC-nin müştərisi "xxxx" MMС ilə bağlanmış xx.xx.2023-ci il tarixli SHLL0109 saylı müqavilə üzrə öhdəliklərin "xxxx" MMС tərəfindən yerinə yetirməməsi səbəbindən yaranmışdır. "xxxx" MMC tərəfindən “Met İnvest" MМС-уǝ görülən işlərə aid hesablar təqdim edilmiş, elektron qaimələr vurulmuş (surətləri Məhkəməyə təqdim olunmuşdur) və "xxxx" MMC tərəfindən təsdiqlənmişdir. "xxxx" MMC ödəniş etməyə görə çoxlu sayda vədlər vermiş, ancaq ödəniş etməmişdir. Bu səbəbdən MPM-nin 51-ci maddəsinə əsasən "xxxx" MMC-ni başqa cavabdeh qismində məhkəməyə cəlb edilməsi barədə qərar çıxarmağı Məhkəmədən xahiş etmişdik. İddia tələbimin tam əsaslı olmasına baxmayaraq məhkəmə cavabdehin əsaslı mövqeyini nəzərə almamışdır.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya baxışı, izahatlar
13. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
15. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 398.1. Əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
21. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
27. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
38. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
40. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
41. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
42. İşin faktiki halları ilə müəyyən edilir ki, hesab-fakturalarda göstərilən çeşid, qiymət və kəmiyyətə uyğun yükün haqq müqabilində olduqları yerdən təyinat yerinə daşınması ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır.
43. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olduğundan sübutetmə vəzifəsinin bölüşdürülməsinə əsasən yükün təyinat yerinə daşımasının sübutetmə yükü iddiaçının (ekspeditorun), yüklərin daşınmasına görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin (yük alanın) üzərinə düşür.
44. İş materialları ilə müəyyən olunur ki, yük daşıması müqaviləsi üzrə iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə yük daşıması müqaviləsi üzrə haqqın ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməmişdir.
45. Belə ki, iddiaçı tərəfindən ümumilikdə 105 503,31 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 elektron qaimə göndərilmişdir. Tərəflər arasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı tərtib edilmiş və həmin aktla cavabdehin iddiaçıya olan borcu 24 843,43 manat kimi müəyyən edilmişdir.
46. Eyni zamanda cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizənin və apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, cavabdeh iddiaçı tərəfindən xidmətlərin göstərildiyini, Cavabdeh MMC-nin isə müqavilə üzrə öhdəliyini icra etmədiyini mübahisələndirməmiş, lakin öhdəliyini lazımi qaydada icra etməməsini üçüncü şəxsin təqsirli hərəkəti ilə əlaqələndirmişdir.
47. Kollegiya apellyatorun müvafiq arqumentinə münasibətdə qeyd edir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi mənfəət götürmək olan və öz riski ilə icra etdiyi fəaliyyətdir. Cavabdehin digər kontragentlərdən vəsait ala bilməməsi onu İddiaçı MMC qarşısındakı borcundan azad etmir.
48. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlərdən asılı olaraq öhdəliyin icrasının məhdudlaşdıran hər hansı bir şərt mövcud deyildir.
49. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilənin təfsiri nəticəsində də belə şərtin mövcüd olması öz təsdiqini tapmır. Çünki cavabdeh bununla bağlı sübutları təqdim etməyib. Digər tərəfdən mülki qanunvericilik aydın şəkildə təsbit etmişdir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
50. Digər tərəfdən mülki qanunvericiliyin ümumi prinsiplərinə əsasən müqavilə yalnız onun tərəfləri üçün hüquqi qüvvəyə malikdir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMС 25 avqust 2023-cü il tarixli, ABE 0222/23 nömrəli nəqliyyat ekspedisiya xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə tərəf deyil və hər hansı bir öhdəlik götürməyib.
51. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri cavabdehin müqavilədə üzərinə götürdüyü öhdəliyi təqsirli icra etməməsini istisna etmir.
52. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3347/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.