Məhkəmə qərarları › İş №2-2(105)-70/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-70/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-70/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçınə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə barədə qarşılıqlı iddia ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-724/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 12325 (on iki min üç yüz iyirmi beş) manat və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2020-ci il sentyabrın 07-də daşıma müqaviləsi və ona əlavə bağlanmışdır. Müqavilənin şərtlərinə görə, İddiaçı MMC Cavabdeh MMC-yə daşıma və onunla əlaqədar xidmət göstərir, Cavabdeh MMC isə bu xidmətlərin haqqını ödəyir. Müqavilə üzrə göstərilmiş daşıma xidmətlərindən biri - 2020-ci ilin dekabrında Rusiya Federasiyasına daşıma üzrə xidmət haqqı olan 12325 (on iki min üç yüz iyirmi beş) manat ödənilməmişdir. Beynəlxalq qaimədən də göründüyü kimi, yük avtomobili 2020-ci il dekabrın 15-də yüklənmiş, dekabrın 18-də Dağıstan gömrüyündən keçmiş, dekabrın 26-da təyinat yerində qəbul edilmişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən, mal yerinə çatdıqdan 5 gün sonra daşımanın ödənişi tam olmalıdır. Cavabdehə elektron kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmiş, pretenziya məktubuna cavab olaraq cavabdeh guya iddiaçı tərəfindən öhdəliyin (daşımanı) gecikmə ilə icra etdilməsinə görə üçüncü şirkət qarşısında zərərə məruz qaldığını əsas gətirərək, borcunu ödəməkdən imtina etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, əvvəla iddiaçı öz öhdəliyini qanuna və müqaviləyə uyğun icra etmişdir. İkincisi, müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə etirazlar səbəbi yarandığı gündən etibarən 7 gün ərzində verilməlidir. Yük təyinat məntəqəsinə 2020 ci il dekabrın 26-27-də qəbul edilsə də, yük göndərən etirazını 2021-ci il martın 24-də bildirmişdir. Üçüncüsü isə, cavabdeh iddia etdiyi zərərini sübut etməmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia ərizəsinin təsviri hissəsinə düzəliş və əlavələr haqqında ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsinin təsviri hissəsində tələb edilən xidmət haqqının bir daşıma üzrə qeyd edilməsi anlaşılmamazlıqdan yaranan texniki səhvdir, həmin borc müqavilə üzrə həyata keçirilmiş 4 daşıma üzrə yaranmışdır. Cavabdeh onlardan biri üzrə guya iddiaçının öhdəliyi icra etməməsini iddia edərək 4 daşıma üzrə borcu ödəməkdən imtina edir. Mübahisə məhz bir daşımanın necə həyata keçirilməsi ilə bağlı olduğuna görə iddia ərizəsində diqqət məkəzində məhz həmin daşıma olmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında müqaviləyə əsasən birincinin icra etdiyi, sonuncunun isə haqqını ödəmədiyi daşımalar aşağıdakılardır: 1. Xaçmaz – Novorosiysk (elektron qaimə EBAW088925, xidmət haqqı 2635 manat); 2. Xaçmaz – Mıtişin (elektron qaimə EBAW136673, xidmət haqqı 3910 manat); 3. Gəncə-Novorosiysk (elektron qaimə EBAW137736, xidmət haqqı 2890 manat); 4. Xaçmaz – Novorosiysk (elektron qaimə EBAW365410, xidmət haqqı 2890 manat). Tərəflər arasında 2021-ci il yanvarın 15-də imzalanmış əlavə ilə daşıma qiymətləri razılaşdırılmışdır. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı MMC-dən 6749 ABŞ dolları və ya manatla ekvivalenti, 6800 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/20 saylı müqaviləyə əsasən İddiaçı MMC razılaşdırılmış malı Rusiya Federasiyasının Novorosiysk şəhərinə çatdırmalı idi. Razılaşdırlmış mal İddiaçı MMC-nin nəqliyyat vasitəsinə dekabrın 15-də yüklənmiş və dekabrın 24-də təyinat nöqtəsinə çatdırılmalı idi. Cavabdeh İddiaçı MMC üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş, malı vaxtında təyinat yerinə çatdırmamış, iki gün gecikdirmə ilə malı çatdırsa da, nəqliyyat vasitəsinin soyuducusunda nəzərdə tutulmuş temperatur rejminə əməl etməmişdir. Habelə, yükdaşıyan TİR markalı 99JC932, qoşqu 99ZE632 dövlət qeydiyyat nişanlı avtomaşın yolda sındığına görə, ehtiyyat hissələri dəyişilmiş, bu səbəbdən gecikmə olmuşdur. Qeyd edildiyi kimi soyuducuda nəzərdə tutulan temperatur rejiminə əməl edilmədiyinə görə mal zay olmuş, 18 ton məhsulun 1300kq hissəsi daşıyıcının sürücüsü olan X2 vasitəsilə geri qaytarılmışdır. Malı qəbul etməli olan RİTYEL (MAQNİT) mağazalar şəbəkəsi bu səbəbdən 5293 ABŞ dolları 84 cent Cavabdeh MMC-ni cərimə etmişdir. Bundan başqa 1300 kq məhsul sürücü tərəfindən zibilxanaya atılmışdır. Nəticədə Cavabdeh MMC-yə 5293,84 ABŞ dolları məbləğində və 1456 ABŞ dolları, cəmi 6749 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən malın satışından Cavabdeh MMC 6800 manat məbləğində gəlir götürməli idi. Həmin qazanc əldən çıxmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 4.1.5-ci maddəsinə əsasən Ekspeditor (İddiaçı MMC) Müştərinin (Cavabdeh MMC) yükünə vurduğu ziyana görə öz məsuliyyyəti çərçivəsində tam cavabdehlik daşıyır. Müqavilənin 4.1.6-cı maddəsinə əsasən Ekspeditor yük tədarükü üzrə öhdəliklərin yerinə yetirməsi müddətinin yerinə yetirilməsi ilə əlaqədar Müştəri tərəfindən çəkilmiş xərcləri müştəriyə sifarişçiləri tərəfindən irəli sürülmüş cərimə miqdarında ödəyir. X1 yük daşınma müddətinin pozulması ilə bağlı itkiləri ödəyir. Müqavilənin 2.1.3-cü maddəsində nəzərdə tutulmuş 7 gün ərizəndə cavabdehin icraçı direktoru Vidadi Əsədova telefon vasitəsi ilə məlumat verilmiş, icraçı direktor bildirmişdi ki, onlara dəymiş zərər İddiaçı MMC tərəfindən tam şəkildə ödəniləcəkdir. X4 bundan sonra müqavilə münasibətlərinin davam etdirilməsi ilə əlaqədar təkliflərini nəzərə alaraq rəsmi surətdə müraciət edilməmişdir. Habelə icraçı direktor şəxsən xahiş etmişdir ki, bu barədə təmsil etdiyi şirkətin rəhbərliyinə (İddiaçı MMC) məlumat verilməsin. xx.xx.2021-ci il tarixdə göstərilənlər barədə cavabdehə rəsmi məktub göndərilərək dəymiş ziyanın ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi İddiaçı MMC özü müqavilə şərtlərinə əməl etməyərək Cavabdeh MMC-yə zərər vurmasına baxmayaraq pul tələbinə dair əsassız iddia qaldırmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi,Cavabdehndən 12325 (on iki min üç yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 12355 (on iki min üç yüz əlli beş) manatın tutularaq İddiaçınə ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1432,26 (min dörd yüz otuz iki dollar 26 sent) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi,qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 4 manatı İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zahid Məmmədov ). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-724/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, qətnamənin ilkin iddia tələbi hissəsindən rədd olunmasını və qarşılıqlı iddia hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 4.1.6-cı maddəsində göstərilir ki, ekspeditor yük tədarükü üzrə öhdəliklərin yerinə yetirilməsi müddətinin pozulması ilə əlaqədar müştəri tərəfindən çəkilmiş xərcləri müştəriyə sifarişçiləri tərəfindən irəli sürülmüş cərimə miqdarında ödəyir. X1 yük daşınma müddətinin pozulması ilə bağlı itkiləri ödəyir. Göründüyü kimi müqavilədə konkret müddət göstərilməsə də, yük daşınma qaimələrində yükün çatdırılması müddəti göstərilir. Məhz yük vaxtında çatdırılmadığına görə və temperatur rejiminə əməl edilmədiyinə görə göndərilən malı alan şirkət "xxxx" MMC-nin 5293,84 ABŞ dolları məbləğində cərimə etmiş və həmin məbləğin ödənilməsi barədə sübut məhkəməyə təqdim edilmişdir. Qətnamədə də göstərilir ki, göndərilən malı qəbul etməli olan mağazalar şəbəkəsinin "xxxx" MMC -nin 5293 ABŞ dolları 84 sent cərimə etməsi barədə müvafiq sənədlərin surətlərini təqdim etsə də, həmin halların Jahangir Logistik MMC -nin müqavilə şərtlərinə əməl etməməsi nəticəsində baş verməsi ilə bağlı mötəbər sübütu guya təqdim etməmişik. Təqdim edilən sənədi mötəbər sübut kimi qəbul edilməməsinin səbəbi müəmmalıdır. Məhkəmə habelə qətnamədə göstərir ki, müqavilədə göstərilən yeddi günlük müddət ərzində dəymiş ziyanla əlaqədar iddiaçıya rəsmi müraciət edilməmişdir. Halbuki, məhz iddiaçının özünü icraçı direktor kimi təqdim edən Vidadi Əsədova telefonla məlumat verilərək ziyanın ödənilməsi təklifi edilsə də,sonuncu müqavilə münasibətlərinin davam etdirilməsini nəzərə alaraq bu barədə rəsmi etiraz məktubu göndərilməməsini xahiş etmiş və zərərin əvəzinin növbəti daşımalarda nəzərə alınaraq tam bağlanacağını bildirmişdir.Məhkəmə etirazın rəsmi qaydada yeddi gün ərzində verilməməsini və telefon danışıqlarının sübut kimi qəbul edilməməsi nəticəsinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyinə görə qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-724/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, qətnamənin ilkin iddia tələbi hissəsindən rədd olunması və qarşılıqlı iddia hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasına yazılı müraciət edərək vəkillə müqavilə bağlaya bilməməsini əsas göstərməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhz cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən cavabdehin nümayəndəsinin həmin vəsatətini əsassız hesab etmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından olan “Ekspeditor” İddiaçı MMC ilə “Müştəri” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06/20 nömrəli daşıma və gömrük xidmətləri üzrə ümumi müqavilənin 1.1-ci bəndinə əsasən “Ekspeditor” müqavilənin 3-cü bəndində müəyyən edilmiş pul məbləğinə və müştərinin hesabına işlər yerinə yetirməyi, yaxud onların yerinə yetirilməsini təşkil etməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1.1-ci bəndində göstərilmişdir ki, Ekspeditorun hüquq və vəzifələri “Əlavə 1də müəyyən edilmiş formada verilmiş yazılı sifarişə əsasən Müştəriyə hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətləri əks etdirir və yüklərin daşınmasını təşkil edir”. Həmin Müqavilənin 4.1.1-ci bəndinə əsasən tərəflər həmin müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmək, yaxud lazımı qaydada yerinə yetirməmək üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə meydana çıxan iddialar, etirazın verilməsi səbəbi yarandığı gündən etibarən 7 gün ərzində irəli sürülməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 01 nömrəli daşıma və gömrük xidmətləri üzrə ümumi müqaviləyə əlavə ilə tərəflər “Ekspeditor” İddiaçı MMC ilə “Müştəri” Cavabdeh müvafiq maşrutlar üzrə daşıma məbləğlərini razılaşdırmışlar. İş materiallarında olan hesab-fakturalara, habelə həmin hesab fakturalara uyğun tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 088925 nömrəli elektron qaiməyə əsasən 2635 manat, xx.xx.2021-ci il tarixli, 137736 nömrəli elektron qaiməyə əsasən 2890 manat, xx.xx.2021-ci il tarixli, 136673 nömrəli elektron qaiməyə əsasən 3910 manat, xx.xx.2021ci il tarixli, 365410 nömrəli elektron qaiməyə əsasən 2890 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, 06/20 nömrəli müqaviləyə əsasən göstərilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına, tərəflərin nümayəndələrinin izahatlarına əsasən tərəflər arasında yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən daşıma münasibətlərinin mövcudluğu və İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə məxsus malların müvafiq tarixlərdə Xaçmaz-Novorosiysk, Xaçmaz-Mıtişin, Gəncə- Novorosiysk və Xaçmaz-Novorosiysk maşrutları üzrə daşınması, habelə Cavabdeh MMC tərəfindən həmin daşımaların haqqının ödənilməməsi işin mübahisəsiz halları olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. İşin halları ilə bağlı birinci instansiya məhkəməsi tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 06/20 nömrəli daşıma və gömrük xidmətləri müqaviləsində və ona əlavələrdə yüklərin daşınmasının müddəti ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamasını qeyd etmişdir. Qeyd edilən müqaviləyə həmin tarixli 1№-li əlavədə də yükləməyə 48 saat, boşaltmaya 72 saat vaxt verildiyi göstərilmiş, lakin yüklərin daşınmasının müddəti ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçının malın gec çatdırılması, bir hissəsinin xarab olması, habelə sifarişçi tərəfindən cərimələnməsi barədə müqavilədə nəzərdə tutulmuş 7 gün ərizəndə İddiaçı MMC-nin icraçı direktoru Vidadi Əsədova telefon vasitəsi ilə məlumat verilməsinə dair dəlillərinə münasibətdə isə iddiaçının nümayəndəsi E.X3 qeyd edilən məsələ ilə bağlı səlahiyyətli şəxs olmadığını, habelə V.Əsədova məxsus olduğu iddia edilən telefon danışığının səs yazısının mötəbər sübut kimi qəbul edilməsinin yolverilməz olduğunu bildirmiş, bununla belə həmin səs yazısında V.Əsədovun yalnız xarab olmuş malın pulunun veriləcəyini bildirdiyini, iddiaçının indi də cavabdehin xarab olmuş məhsulunun pulunu ödəməyə hazır olduğunu bildirmişdir. Sumqayıt Kommersiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 10.10 və 200-cü maddələrinin tələblərini nəzərə almaqla qarşılıqlı iddia üzrə iddiaçının qanuni nümayəndəsi S.Məcidovun onunla İddiaçı MMC-nin icraçı direktoru olduğunu bildirdiyi Vidadi Əsədov arasında olan telefon danışığının səs yazısını həmin danışığın predmetinin hər hansı şəxsi xarakterli müzakirələr deyil, yalnız tərəflər arasında mövcud daşıma münasibətləri ilə bağlı məsələnin müzakirə edilməsi barədə olmasına dair izahatını, habelə V.Əsədovun hazırkı işdə har-hansı prosessual statusda iştirak etməməsini nəzərə almaqla məhkəmə iclasında tərəflərin iştirakı ilə dinləsə də, həmin sübutu (səs yazısını) tərəflər arasındakı müqavilənin 5.1, 5.2 və 6.4-cü bəndlərinin tələbləri baxımından müştərinin (Cavabdeh MMC) ekspeditora (İddiaçı MMC) qarşı iddiasının müqavilə ilə müəyyən edilmiş müddət ərzində və müəyyən edilmiş qaydada irəli sürməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməməsi qərarına gəlmişdir. Belə ki, qeyd edilən bəndlərin şərtlərinə əsasən müqavilə üzrə meydana çıxan iddialar etirazın verilməsi səbəbi yarandığı gündən etibarən 7 gün ərzində irəli sürülməlidir. İddianın verilmə tarixi, məktubu qəbul etmiş poçt təşkilatının vurduğu ştempelin tarixi sayılır. Bundan əlavə, müqaviləyə əsasən sifariş və digər sənədlər tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən tərəflərin müqavilədə göstərilən ünvanına göndərilməlidir. Göründüyü kimi, müqavilə şərtləri tərəflərin müvafiq iddialarını 7 gün ərzində yazılı şəkildə, səlahiyyətli nümayəndənin imzası ilə digər tərəfin müqavilədəki ünvanına göndərilməsini nəzərdə tutur. Cavabdeh MMC tərəfindən qeyd edilən şərtlərə əməl edilməklə İddiaçı MMC-yə qarşı daşıma müqaviləsindən irəli gələn yuxarıda qeyd edilən tələblərin irəli sürülməsi iş materialları ilə öz təsdiqini tapmır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh MMC-nin qarşılıqlı iddiasının müvafiq dəlilləri işin yuxarıda təsvir edilən hallarına görə öz təsdiqni tapmasa da, bununla belə ilikin iddia üzrə iddiaçının nümayəndəsinin İddiaçı MMC-nin Cavabdeh MMC-nin xarab olmuş məhsullarının dəyərinin ödənilməsinə əvvəlcədən razı olduğunu bildirməsini nəzərə alaraq, habelə təqdim olunmuş sənədlər əsasında və tərəflərin nümayəndələrinin izahatlarına əsasən xarab olmuş 1278,8 kq xurma məhsulunun dəyərinin 1432,26 ABŞ dolları (1 kq 1,120 ABŞ dolları olmaqla) olmasını nəzərə almaqla, qarşılıqlı iddia qismən, yəni İddiaçındən 1432,26 (min dörd yüz otuz iki dollar 26 sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq Cavabdehnə ödənilməsinə dair hissədə təmin edilməlidir. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı göndərilən malı qəbul etməli olan mağazalar şəbəkəsinin Cavabdeh MMC-ni 5293 ABŞ dolları 84 cent cərimə etməsi barədə müvafiq sənədlərin surətlərini təqdim etsə də, həmin halların məhz İddiaçı MMC-nin müqavilə şərtlərinə əməl etməməsi nəticəsində baş verməsi ilə bağlı mötəbər sübutları, habelə bu barədə iddialarının (dəymiş zərərin ödənilməsinə dair tələbin) müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada İddiaçı MMC-yə qarşı irəli sürülməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunan “ ...məhz iddiaçının özünü icraçı direktor kimi təqdim edən Vidadi Əsədova telefonla məlumat verilərək ziyanın ödənilməsi təklif edilsə də, sonuncu müqavilə münasibətlərinin davam etdirilməsini nəzərə alaraq bu barədə rəsmi etiraz məktubu göndərilməməsini xahiş etmiş və zərərin əvəzinin növbəti daşımalarda nəzərə alınaraq tam bağlanacağını bildirmişdir...” dəlili əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Buna görə birinci instansiya məhkəməsi yuxarıda əsaslandıraraq tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh “MB.Fruits Agro" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-724/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar