Məhkəmə qərarları › İş №2-2(113)-52/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-52/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-52/2021 28.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəymiş maddi ziyana görə 32.790,31 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 20.07.2017-ci il tarixində 040 nömrəli daşıma müqaviləsi imzalanmışdır. 13.07.2019-cu il tarixində həmin müqaviləyə əsasən 1.852,31 m2 keramogranit yükü onların sifarişi ilə X1 Tikintisindən Bakı şəhəri Qaradağ rayonu Sədərək Ticarət Mərkəzinə çatdırılmalı idi. Cavabdehin ünvanına göndərdiyi 06 avqust 2019-cu il tarixli 049 nömrəli məktubdan görünür ki, yük saat 01:50 radələrində çatdırılıb, dayanmadan bir müddət keçdikdən sonra yarımqoşqunun yük yerində yanğın baş vermişdir. Hadisə yerinə FHN-nin yanğınsöndürmə komandası cəlb olunmuşdur. İddiaçı MMC-nin əməkdaşı hadisənin baş verdiyi yerdə olmuş və malların yanğın nəticəsində yanaraq, necə yararsız hala düşməsini əks etdirən fotoşəkillər çəkmişdir. Cavabdeh” MMC-yə məxsus **-JL-*** dövlət qeydiyyat nişanlı, “Daf” markalı yəhərli dartıcı və **-ZX-*** nömrəli qeydiyyat nişanlı, SCHMİTZ yarımqoşquya yüklənmiş keramogranit malı yerinə çatdırıb təhvil verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında keramoqranitlərin 98-99%-nin yanğın nəticəsində zədələnmədiyini, yararlı vəziyyətdə olduğunu və göstərilən halın yerində müayinə zamanı da öz təsdiqini tapdığını bildirdi. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. MPM-in: 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.3-cü maddəsinə görə əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığını, lakin məhkəmə iclasına gəlmədiyini və gəlməməyin səbəbləri barədə məlumat vermədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“xxxx” MMC (icraçı) ilə İddiaçı MMC (sifarişçi) arasında 20 iyun 2017-ci il tarixdə 040 AZLOG-İddiaçı 2017 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə icraçı hazırki müqaviləyə əlavədə göstərilən məbləğə uyğun olaraq daşınmanı yerinə yetirməyi, sifarişçi isə bu müqavilə şərtlərinə müvafiq olaraq dəyərini ödəyib, sifarişi icraçıdan qəbul etməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən müqavilə üzrə qiymətlər hər iki tərəfin razılaşıb təsdiq etdikləri hazırki müqaviləyə Əlavə 1 əsasında aparılır. 3.3-cü bəndinə görə icraçı hər ayın son günü ay ərzində sifariş məbləğinə uyğun olaraq sifarişçiyə hesab-faktura təqdim edir. Sifarişçi hesab-fakturanı qəbul etdiyi gündən 15 gün içində ödənişi tam olaraq həyata keçirir. Bütün ödənişlər köçürmə yolu ilə həyata keçirilir. 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 20 iyun 2018ci il tarixə kimi qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC tərəfindən 95.580,00 manat dəyərində malların təqdim edilməsinə dair 08.05.2019-cu il tarixli, EAAU seriyalı, 188058 saylı elektron qaimə tərtib edilmiş və elektron sistem vasitəsilə “xxxx”-yə təqdim edilmişdir. -İddiaçı MMC tərəfindən 2.531,10 manat dəyərində malların təqdim edilməsinə 07.06.2019-cu il tarixli, EAAV seriyalı, 487718 saylı elektron qaimə tərtib edilmiş və elektron sistem vasitəsilə “xxxx”-yə təqdim edilmişdir. - Ödəniş tapşırıqlarına əsasən isə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə dövlət satınalma müqaviləsi üzrə 188058 saylı elektron qaiməyə əsasən 17.05.2019-cu il tarixdə 45.000 manat, 02.07.2019-cu il tarixdə 30.000 manat, 188058 saylı və 487718 saylı elektron qaimələrə əsasən 8.145 manat, həmçinin 17.05.2019-cu il tarixdə 188058 saylı elektron qaiməyə əsasən 8.100 manat, 03.07.2019-cu il tarixdə isə 5.400 manat ƏDV ödənilmişdir. -Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2019-cu il tarixli, 23690 saylı ekspert rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş İddiaçı MMC-yə məxsus 5146 ədəd 1.852,56 m2 (60x60) ölçülü kermoqranitin tam yararsız vəziyyətə düşdüyü istintaq tərəfindən qəbul edildikdə həmin malların zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 32.790,31 (1852,60 m2 x 17,70m) manat olması müəyyən edilmişdir. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş keramoqranit plitələrin bir qismi sınmış, istifadəyə yararsız vəziyyətdə düşmüş, bir hissəsinin isə tamlığı poulmamışdır. Keramoqranitlərin neçəsinin yararsız vəziyyətə düşməsi, neçəsinin salamat qalması həmin sahə üzrə ixtisaslaşdırılmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. -“xxxx” MMC-nin 11 mart 2021-ci il tarixli, LP-032/21 saylı mütəxəssis rəyinə əsasən 13.07.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində cavabdehə məxsus **-JL-*** dövlət qeydiyyat nişanlı “Daf” markalı yehərli dartıcı və **-ZX-*** dövlət qeydiyyat nişanlı, SCHMİTZ yarımqoşquya yüklənmiş keramogranit mallara dəymiş ziyan 31.500 manat məbləğində qiymətləndirilmiş, keramogranit malların yararlı və yararsız hissələrinin hadisə baş verən tarixə (13.07.2019-cu il tarixə) bazar qiymətinin 31.500 manat təşkil etməsi müəyyən edilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 21 avqust 2019-cu il tarixli pretenziya məktubu ünvanlanaraq 32.790,31 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Yerində müayinə protokoluna əsasən müəyyən edilir ki, 20.07.2017-ci il tarixli daşınma müqaviləsinə əsasən daşımanın predmeti olmuş və 06.08.2019-cu il tarixdə daşınma zamanı nəqliyyat vasitəsində baş vermiş yanğın zamanı zədələnmiş keramoqranit malları “xxxx” MMC-yə məxsus Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən obyektin həyətində saxlanılır. Həmin malların bir hissəsi yanğın zamanı yanmamışdır. Malların yanmamış hissəsi 13 poddona (avtokara yükləmək üçün taxta altlıqlarda) yığılmışdır. Hər taxta altlıqda 64 ədəd paket, hər paketdə isə 4 ədəd keramogranit plitə (kafel) yerləşir. Hər kafelin ölçüsü 60smx60sm-dir. Yanmamış malların 10-a yaxın ədədlərinin qırağında 1 neçə mm-lik qopmalar aşkar edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında 20 iyun 2017-ci il tarixli yük daşıma müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh “xxxx” MMC İddiaçı MMC-yə məxsus yükü - 1852,60 m2 keramoqranit malları daşınması üçün qəbul etmişdir. 06 avqust 2019-cu il tarixdə yükün daşındığı yarımqoşquda baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus keramoqranit mallar zədələnmişdir. Hazırkı iddia tələbi yuxarıda göstərilən keramoqranit malların zədələnməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 859-ci maddəsi təşkil edir. Həmin maddəyə görə yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir(1-ci yarımbənd). Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır (ikinci yarımbənd). Beləliklə, hazırkı işdə mübahisəli hüquq münasibətlərində daşıyıcı olan “xxxx” MMC tərəfindən yük daşınması həyata keçirilərkən İddiaçı MMC-yə məxsus yükün zədələnməsi işin mübahisəsiz halı olduğundan İddiaçı MMC ona məxsus yükə dəymiş zərərin ödənilməsini “xxxx” MMC-dən tələb etməkdə haqlıdır. Tərəflər arasında mübahisə predmeti olan hal isə yanğın hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus keramoqranit mallara dəymiş zərərin məbləği ilə bağlıdır. Həmin məbləğin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, lakin ekspert tərəfindən mütəsəssis rəyinin ekspertizaya təqdim edilməməsi əsası ilə rəy verilməkdən imtina edilmişdir. Bundan sonra zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən qiymətləndirici şirkətə müraciət edilmişdir. “xxxx” MMC-nin 11 mart 2021-ci il tarixli, LP- 032/21 saylı mütəxəssis rəyində 13.07.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində cavabdehə məxsus **-JL-*** dövlət qeydiyyat nişanlı “Daf” markalı yehərli dartıcı və **-ZX- *** dövlət qeydiyyat nişanlı, SCHMİTZ yarımqoşquya yüklənmiş keramogranit mallarının hadisə baş verən tarixə (13.07.2019-cu il tarixə) bazar qiymətinin 31.500 manat olması, keramoqranit malların istifadəyə və yenidən satışına yararsız olması, eləcə də mallara dəymiş ziyanın 31.500 manat olması göstərilmişdir. Göründüyü kimi mütəxəssis keramoqranit malların hamısının tam yararsız vəziyyətdə olması barədə rəy vermiş, lakin həmin rəydə gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamışdır. Mütəxəssis verdiyi rəylə bağlı izahat vermək üçün məhkəmə iclasında çağırılsa da, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda isə məhkəmə mütəxəssis rəyinə tənqidi yanaşır və hesab edir ki, mütəxəssis rəyində keramoqranit malların yararsızlığı ilə bağlı məhkəmənin qoyduğu suala əsaslandırılmış cavab verilmədiyindən həmin rəy məhkəmə tərəfindən iddiaçıya dəymiş zərərin məbləğinin hesablanması zamanı əsas götürülə bilməz. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi məhkəmə tərəfindən məhkəmə iclasına gətirilməsi çətin olan sübutların tədqiq edilməsi məqsədilə yerində müayinə keçirilmiş və müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus ərazidə saxlanılan 13 taxta altlığa qoyulmuş, hər altlıqda 64 paket, hər paketdə 4 ədəd olmaqla cəmi 832 paket - 3.328 ədəd keramoqranit plitəsi yanğın hadisəsi zamanı yanmamış və qablaşdırılmış vəziyyətdə cavabdehə məxsus obyektdə saxlanılır. Beləliklə, yarımqoşquya 5.146 ədəd keramoqranit plitəsinin yükləndiyini nəzərə alsaq aydın olur ki, 1.818 ədəd keramoqranit plitəsi yanğın zamanı yanaraq yararsız vəziyyətə düşmüşdür. Yerində müayinə zamanı yanmamış plitələrin bir hissəsinin qıraqlarında bir neçə mm ölçüdə qopmalar müşahidə olunmuşdur. Məhkəmə baxış keçirilmiş keramoqranit plitələrin hər 10-15 ədədinin birində qopmaların olduğunu nəzərə alaraq təxmini 256 ədəd keramoqranitlərin (yanmamış keramoqranitlərin 1/13 hissəsinin) üzərində əmələ gəlmiş qopmalar nəticəsində tam yararlı vəziyyətdə olmaması barədə qənaətə gəlir. Qalan 3072 ədəd keramoqranit plitəsinə münasibətdə məhkəmə qeyd edir ki, yerində müayinə zamanı həmin keramoqranit malların tamlığının pozulması müəyyən edilməmiş, eləcə də iddiaçı tərəfindən həmin plitələrin istifadəyə yararsız vəziyyətdə olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, belə olan halda həmin keramoqranit plitələrinin hadisə baş verən tarixə bazar dəyərinin maddi zərər olaraq cavabdehdən tutulması üçün əsaslar mövcud deyildir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddi zərərin əsasında hesablanmalı olduğu keramoqranit mallarının hadisə baş verən tarixə bazar qiymətinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin iddia ərizəsində keramoqranitlərə dəymiş ziyan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2019-cu il tarixli, 23690 saylı ekspert rəyi ilə müəyyən edilmiş qiymət - 1 kv.m. üçün 17,7 manat (32.790,31 manat/1852 m2) - əsas götürülməklə hesablanmışdır. Məhkəmə araşdırması gedişində keramoqranit plitələr “xxxx” MMC-nin mütəxəssis rəyi ilə də yenidən qiymətləndirilmiş və həmin rəylə hadisə baş verən tarixə keramoqranit malların bazar qiymətinin 1 kv. m. üçün 17 manat (31.500 manat/1852m2) məbləğində olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə İddiaçı MMC-yə məxsus keramoqranit malların ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilmiş bazar qiymətləri arasında fərqin cüzi olmasını nəzərə alaraq zərərin məbləğinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2019-cu il tarixli, 23690 saylı ekspert rəyində müəyyən edilmiş qiymətlə hesablanmasını ağlabatan hesab edir. Beləliklə, İddiaçı MMC-yə məxsus keramoqranit mallara dəymiş zərər aşağıdakı qaydada hesablanmalıdır: Zərər dəymiş plitələrin sayı-1818+256=2074 Bir plitənin sahəsi (metrlə) – 0,60x0,60=0,36 kv.m. 1 kv m.-in qiyməti -17,7 manat 2074x0,36x17,7=13.215,53 manat Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən dəymiş zərərin əvəzi olaraq 13.215,53 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 13.215,53 manat (on üç min iki yüz on beş manat əlli üç qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar