Məhkəmə qərarları › İş №e-2-2(115)-872/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-872/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-872/2025 17.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 28 oktyabr 2024-cü il tarixli, 001 nömrəli müqavilə üzrə icra edilməli olan 5500 (beş min beş yüz) manat pul vəsaitinin, ödənilmiş 75 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə mülkiyyətində olan və istifadəsində olan Mersedes-Benz markalı, **-LU- *** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi ilə bağlı 001 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı müqavilənin qüvvədə olduğu dövr ərzində şifarişçinin tapşırığına əsasən mülkiyyətində və istifadəsində olan Mercedes-Benz markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma xidmətinin göstərilməsini, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Xidmətlərin ümumi dəyəri 5500 (beş min beş yüz) manat təşkil etmişdir. Sifarişçi, icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və elektron qaimə əsasında, müqavilənin 2.1-ci bəndində göstərilmiş məbləği müqavilənin 5.2-ci maddəsində göstərilmiş tarixlərin bağlandığı günə qədər tam həcmdə icraçının hesabına bank köçürməsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, icraçı, Bakı şəhəri daxili sərnişin daşıma xidmətləri həyata keçirəcəkdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, Müqavilədə nəzərdə tutulan sərnişin daşıma xidməti xx.xx.2024-cü il tarixlərini əhatə edəcək, 11 gün ərzində həyata keçirilməlidir. İddiaçı tərəfindən mülkiyyətində və istifadəsində olan MersedesBenz markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi, Cavabdeh MMC tərəfindən COP-29 tədbiri ilə bağlı, müqavilə üzrə 11 gün müddətinə istifadəsində olmuşdur. Qeyd edir ki, cavabdeh müqavilə üzrə icra etməli olduğu öhdəliklərin icra edilməsindən yani müqavilə üzrə ödənilməli olan 5500 manat məbləğində pul vəsaitinin ödənişindən qəsdən, qərəzli olaraq yayınır. Cavabdehə müqavilə üzrə ödənişin edilməsi ilə bağlı dəfələrlə müraciət edilmişdir, lakin heç bir nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfə mübahisənin məhkəməyə qədər həlli məqsədilə pretenziya göndərilmiş, lakin cavabdeh şirkət bu günədək pretenziya məktubuna münasibət bildirməmiş,eyni zamanda, öhdəliklərin icrasından bu günədək imtina etmişdir. Hazırki mübahisə məhkəmə qaydasında həll edilərək cavabdeh ilə aralarında bağlanmış müqavilənin icrası təmin edilərək, cavabdehdən 5500 (beş min beş yüz) manatın tutulması təmin edilməlidir. Bundan başqa, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə MersedesBenz markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi haqqında 001 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı göstərilən iddia tələbi əsassızdır. Buna görə də göstərilən iddia rədd edilməlidir. Həmçinin İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə Mersedes-Benz markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi haqqında 001 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Belə ki, Mersedes Benz markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi İddiaçı qardaşı X5 faktiki idarəçiliyində və istifadəsində olmuş və İlkin Hüseynov həmin avtomobillə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 03-13 noyabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçirilən sammitində xarici ölkə səfirliklərindən birinə sərnişin daşıma xidməti göstərmiş və onun xidmət haqqı tam ödənilmişdir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 03-13 noyabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçirilən sammiti zamanı nə İddiaçı, nə də ki, onun qardaşı X10 ilə Cavabdeh arasında arasında hər hansı müqavilə olmamışdır. “COP-29”-la əlaqədar X6 tanımış və aralarında münasibətlər yaranmışdır. “KOB-29” başa çatdıqdan sonra X10 ona bildirmişdir ki, “COP-29” zamanı sərnişin daşıma xidmətinə görə ona ödənilmiş xidmət haqqını atasına verməmişdir. Buna görə də sərnişin daşıma xidmətinə görə vəsait almalı olmasını atasına göstərməsi üçün formal olaraq görünüş üçün onunla müqavilə bağlanmasını xahiş etmişdir. Göstərdiyi kimi, artıq X6 tanıyırmış. Buna görə də onun atasına göstərərək atasının yanında vəziyyətdən çıxması üçün formal olaraq görünüş üçün onunla müqavilə bağlanmasına razılıq vermişdir. Təxminən 2024-cü ilin noyabr ayının 20-si günü ilkin ona zəng edərək artıq müqavilə hazırlatdırdığını bildirmiş və imza etməyi xahiş etmişdir. Elə həmin gün Dövlət Statistika Komitəsinin qarşısında yolüstü görüşərək müqaviləni oxumadan imzalamışdır. İddiaçı ona qarşı iddia qaldırdıqdan və iddia ərizəsinin surətini aldıqdan sonra ona məlum olmuşdur ki, müqavilə geri tarixə tərtib edilmişdir. Yəni, müqavilədə onun bağlanma tarixi 28 oktyabr 2024-cü il göstərilmişdir. Bir daha göstəririr ki, artıq “COP-29” başa çatmışdır. İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə Mersedes-Benz markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi ilə bağlı 001 nömrəli müqavilə İlkin Hüseynovun deməsinə sərnişin daşıma xidmətinə görə vəsait almalı olmasını atasına göstərməsi üçün formal olaraq görünüş üçün bağlanmışdır. İddiaçı görməmişdir, onu tanımır. Onunla hər hansı müqavilə, o cümlədən sərnişin daşıma xidmətinin göstərilməsi haqqında müqavilə bağlamamış və hər hansı münasibətləri olmamışdır. İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə MersedesBenz markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi haqqında 001 nömrəli müqavilə hüquqi nəticə yaratmaq məqsədilə deyil formal olaraq görünüş üçün bağlandığından etibarsızdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı oğlu iddia tələbinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddianı müdafiə edirlər və təmin edilməsini məhkəmədən xahiş edirlər. Müqavilə bağlanıb və imzalanıb. 2.1-2.3-cü bəndlərdən görünür ki, ödəniş nağdsız, elektron qaimə əsasında olmalıdır. Telefon danışıqları olub. Qarşı tərəfin iddiası əsassızdır. Xidmət göstərmişlər, lakin qarşı tərəf 6 aydır ki, ödəniş etmir. Borcu etiraf etsə də, ödəniş etmir. Onlara təqdim etdiyi diskdə danışıqlar var. Disk yazısında həmin köhnə borcla bağlı ödənişləri bayramdan sonra ödəyəcəyini bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin qanuni təmsilçisi X7 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, İddiaçı ona qarşı əsassız tələbi ilə əlaqədar 02 iyun 2025-ci tarixdə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayəti əsasında 18-ci Polis Bölməsində araşdırma aparılmışdır. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin X1 09 iyun 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı İddiaçı qardaşı X5 izahatı alınmışdır. X10 onun qardaşı və hazırkı iş üzrə İddiaçı onu tanımadığını və mənimlə müqavilə bağlamadığını bildirmişdir. Onun şikayəti əsasında Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində aparılan araşdırma zaman həmçinin İddiaçı izahatı alınmış və İddiaçı onu tanımadığını və onunla müqavilə bağlamadığını bildirmişdir. Beləliklə, onun qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi İddiaçı ümumiyyətlə, onu tanımaması, onunla hər hansı münasibətlərinin yaranmaması və beləliklə də İddiaçı ilə Cavabdeh arasında hər hansı müqavilənin bağlanmaması həm X5 və həm də hazırkı iş üzrə İddiaçı izahatı ilə etiraf edilmişdir. Onun qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi İddiaçı tanımadığını, onunla hər hansı münasibətlər yaranmaması və beləliklə də İddiaçı ilə Cavabdeh arasında hər hansı müqavilənin bağlanmaması həm X5 və həm də hazırkı iş üzrə İddiaçı izahatı ilə etiraf edildiyindən göstərilən faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, həmin faktlar işin mübahisəsiz qaydada sübut olunmuş xüsusatları kimi qəbul edilərək, qiymətləndirilməlidir. Qarşılıqlı iddia ərizəsinin təmin edilməsini və ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə izahat təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı əsassız tələbi ilə əlaqədar 02 iyun 2025-ci tarixdə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayəti əsasında 18-ci Polis Bölməsində araşdırma aparılmışdır. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin X1 09 iyun 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı İddiaçı qardaşı X5 izahatı alınmışdır. X10 onun qardaşı və hazırkı iş üzrə İddiaçı onu tanımadığını və onunla müqavilə bağlamadığını bildirmişdir. Onun şikayəti əsasında Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində aparılan araşdırma zamanı həmçinin İddiaçı izahatı alınmış və İddiaçı onu tanımadığını və onunla müqavilə bağlamadığını bildirmişdir. Beləliklə, onun qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi İddiaçı ümumiyyətlə, onu tanımadığı, onunla hər hansı münasibətlər yaranmaması və beləliklə də İddiaçı ilə Cavabdeh arasında hər hansı müqavilənin bağlanmaması həm X5 və həm də hazırkı iş üzrə İddiaçı izahatı ilə etiraf edilmişdir. Göstərilənlərə əsasən, onun qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi İddiaçı ümumiyyətlə, onu tanımadığım, onunla hər hansı münasibətlər yaranmaması və beləliklə də İddiaçı ilə Cavabdeh arasında hər hansı müqavilənin bağlanmaması həm X5 və həm də hazırkı iş üzrə İddiaçı izahatı ilə etiraf edildiyindən göstərilən faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, həmin faktlar işin mübahisəsiz qaydada sübut olunmu xüsusatları kimi qəbul edilərək, qiymətləndirilməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: sərnişin daşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə, elektron-qaimə fakturalar, cinayət işinin rədd edilməsi barədə qərar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə mülkiyyətində olan və istifadəsində olan MersedesBenz markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi ilə bağlı 001 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı müqavilənin qüvvədə olduğu dövr ərzində şifarişçinin tapşırığına əsasən mülkiyyətində və istifadəsində olan Mercedes-Benz markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma xidmətinin göstərilməsini, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, xidmətlərin ümumi dəyəri 5500 (beş min beş yüz) manat təşkil etmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, icraçı, Bakı şəhəri daxili sərnişin daşıma xidmətləri həyata keçirəcəkdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan sərnişin daşıma xidməti xx.xx.2024-cü il tarixlərini əhatə edəcək, 11 gün ərzində həyata keçirilməlidir. İş materiallarında olan elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 5500 manat dəyərində xidmət göstərilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmət göstərilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 5500 manat borcu yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçını ümumiyyətlə tanımadığını, ancaq onun qardaşını tanıdığını və sərnişin daşıma xidmətlərinin göstərilməsi ilə bağlı iddiaçının qardaşı ilə danışıqlarının olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında sərnişin daşıma xidmətlərinin göstərilməsi ilə bağlı hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə bağlanılmış və xidmətlər göstərilmişdir. Cavabdeh həmçinin izahatında müqavilədə qeyd olunan xidmətlərin göstərildiyini və göstərilmiş xidmətin dəyərinin tam şəkildə ödənildiyini bildirmişdir. Lakin cavabdeh tərəfindən göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, tərəflərin izahatı və elektron-qaimə faktura ilə ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 5500 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021ci il tarixli qərarında qeyd olunmuşdur ki, Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Belə ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin iradəsi əsasında bağlanıb və müqavilənin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331-336-cı maddələrinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin məcburi qaydada bağlanması, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar olmalıdır. İş materiallarından və tərəflərin izahatlarından belə nəticəyə gəlinir ki, iddiaçının irəli sürdüyü arqumentlər bu hallardan heç birinə əsaslanmır və müqavilənin etibarsızlığı üçün hüquqi əsas yaratmır. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçı tərəflə olan münasibətlərini inkar etmir, sadəcə həmin münasibətin həyata keçirilməsinin iddiaçının yaxın qohumları ilə baş tutduğunu bildirir, nəticə etibarı ilə tərəflər arasında müqavilə imzalanarkən hər hansı məcburi qaydada bağlanma, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar mövcud olmamışdır. İddiaçı həmin müqavilənin bağlanmasını inkar etmir. Cavabdehin dediyi hallar müqavilənin etibarsızlığı üçün əsas deyildir. Nəticə etibarilə, iddianın təmin edilməməsi və müqavilənin qüvvədə saxlanması mülki dövriyyənin sabitliyi, müqavilə azadlığı və hüquqi münasibətlərin qorunması prinsiplərinə tam uyğun hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 75 manat dövlət rüsumu ödənildiyindən və ilk iddia tələbi təmin edildiyindən 75 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdehndən 5500 manat məbləğində borc və 75 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar