Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-144/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “malın qaytarılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4794/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı (podraçı) ilə cavabdeh (sifarişçi) arasında xx.xx.2010-cu il tarixli 221/10-ƏTŞ nömrəli, xx.xx.2010-cu il tarixli 250/10-ƏTŞ nömrəli, xx.xx.2011-ci il tarixli 38/11- ƏTŞ nömrəli podrat müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən müvafiq olaraq Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi, 28 May OPS istiqamətində sağ tərəfdə yerləşən ərazinin, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində yerləşən ərazinin və Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin qaz təchizatının yaxşılaşdırılması işini podratçı sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara (smeta), həmçinin müqavilələrinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüş, sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1211/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı cavabdehin hesabından görülmüş işlərin dəyəri olan 194931 manat pulun və iddiaçıya dəymiş zərərə görə 20000 manat, cəmi 214931 manat pulun iddiaçının hesabına köçürülməsi barədə iddiası iddia müddətinin keçməsi əsası ilə rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 2(103)-847/2021 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinn xx.xx.2021-ci il tarixli e-2-2(113)-1211/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat nüqaviləsi üzrə hər 3 sifariş üzrə qazlaşdırma işlərinin həyata keçirilməsində iddiaçının şəxsi mülkiyyətində olan malmaterialdan Polad boru 76x3.5 mm 7326.32 p/m, Polad boru 108x4 mm 2370.4 p/m, Polad əymə d 76 mm 770, Polad əymə d108 mm 145 və Metal dayaqlar 10.98 ton həcmində olan mal-materialın əvəzinin eyni miqdarda və eyni ölçüdə cavabdeh tərəfindən qaytarılmasını, bu mümkün olmadıqda hazırki bazar qiymətinin müəyyən edilərək əvəzinin iddiaçıya ödənilməsi, habelə iddiaçıya dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 20000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, həmin podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 2010-2012-ci illərdə Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsində qaz təchizatının yaxşılaşdırılması 3-229-10 nömrəli sifariş üzrə 162406,62 manatlıq, Qala qəsəbəsində 4a597-10 nömrəli sifariş üzrə 26762,17 manatlıq və Zirə qəsəbəsi Şirvani küçəsi 28 May QRS istiqamətinin sağ tərəfində yerləşən ərazidə qaz təchizatının yaxşılaşdırılması 3-231-10 nömrəli sifariş üzrə 5762,41 manatlıq, cəmi 194931,2 manatlıq (ƏDV-siz) iş görülərək forma 1 aktları ilə cavabdehə təhvil verilmiş və Dövlət Komissiyasının aktı ilə istismara qəbul edilmişdir. Cavabdeh tərəfindən 2012-ci ilin iyun ayında "Alyans" Birliyi yaradılaraq "xxxx" MMC baş podratçı operator təyin edilmişdir. Cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin tapşırığına əsasən "Alyans" yaradıldığına görə "Alyans"ın üzvü olan şirkətlər vasitəsilə ödənilməlidir. Ona görə də iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 194931 manat, "Alyans"ın üzvü olan "xxxx" tərəfindən MMC-nin hesabına köçürülmüşdür. Lakin "xxxx" MMC tərəfindən onların hesabına köçürülmüş 194931 manat vəsait götürülmədiyindən tərəflərindən məhkəmədə pul tələbinə dair iddia qaldırılmışdır. Həmin iddiaya Bakı İnzibati İqtisadi Məhkəməsi və eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı MMC-nin xeyrinə qərar qəbul edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası "xxxx" MMC-nin İddiaçı MMC tərəfindən qazlaşdırma işlərinin dəyərinin cavabdehdən alaraq iddiaçıya verilməsinə dair onun hər hansı bir öhdəliyi olmadığına görə iddiaçının iddiasından imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən podrat müqaviləsinin şərtlərinə uyğun olaraq Xəzər rayonunda aparılmış qazlaşdırma işlərinin dəyəri 194931 manat vəsaitin bilavasitə cavabdehdən tələb edilməsinə dair Bakı Komersiya Məhkəmədə iddia qaldırılmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia müddətinin keçməsi əsası ilə iddia rədd edilmişdir. Tərəflər arasında bağlanmış podrat müqavilələrinə əsasən görülmüş qazlaşdırma işlərinin həyata keçirilməsi üçün iddiaçı şəxsi vəsaiti hesabına alınmış və onun mülkiyyətində olan malmaterialdan istifadə edilməklə podrat müqaviləsində göstərilən qazlaşma işləri başa çatdırılmış və cavabdehə təhvil verilmişdir. Qeyd edilən 3-229-10 nömrəli sifariş üzrə qazlaşdırma işlərində aşağıdakı mal-materialdan istifadə edilmişdir: Polad boru 76x3.5 mm quraşdırılması (p/m) 5838.8 Polad boru 108x4 mm quraşdırılması (p/m ) 2189.5 Polad əymə d 76 mm quraşdırılması (ədəd) 599 Polad əymə d 108 mm quraşdırılması (ədəd) 129 Metal dayaq (ton). Xəzər rayonu Zirə qəsəbəsi Şirvani küçəsi QPS 3-231-10 nömrəli sifariş üzrə qazlaşdırma işlərində aşağıdakı malmaterialdan istifadə edilmişdir: Polad boru 108x4 mm quraşdırılması 180.9 p/m Polad əymə 108 quraşdırılması 16 ədəd Metal dayaqlar d120-159 mm quraşdırılması 0.5 ton. Xəzər rayonu Qala qəsəbəsi 4A-597-10 (əlavə) sifariş üzrə istifadə olunmuş mal-materiallar: Polad boru 76x3.5 mm quraşdırılması (p/m) 1487.519 Polad əymə d 76 mm quraşdırılması (ədəd) 171 Metal dayaq d57-159 mm quraşdırılması (ton). İddiaçının şəxsi mülkiyyətində olan mal-materialdan istifadə edildiyindən və həmin mal-materialın dəyəri ödənilmədiyindən həmin vəsaitin əvəzinin verilməsi üçün cavabdehə müraciət edilmiş və həmin vəsaitin ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən həmin sorğuya 17 mart 2022-ci il tarixdə rəsmi cavab verilərək qeyd edilən sifarişlər üzrə qazlaşdırma işlərinin həqiqətən iddiaçı tərəfindən həyata keçirilməsi etiraf edilsə də, pulun ödənilməsi təmin edilməmişdir. Ona görə də, iddiaçı tərəfindən hər 3 sifariş üzrə özünün şəxsi mülkiyyətində olan mal-materialdan istifadə etdiyinə görə hesab edir ki, həmin mal-material eyni həcmdə və miqdarda cavabdeh tərəfindən verilməlidir.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, podrat müqaviləsi üzrə işlər cavabdeh tərəfindən təhvil alınmışdır. Həmin işlər icra edilərkən həm podratçının, həm də sifarişçinin materiallarından istifadə edilmişdir. İddia ərizəsində adları çəkilən materiallar həqiqətən də podrat müqaviləsi üzrə işlər icra edilərkən istifadə edilmiş, lakin həmin materialların iddiaçı, yaxud cavabdehə məxsus olduğunu dəqiq bilinmir. Belə ki, həmin vaxtdan uzun müddət keçdiyi üçün bu barədə sənədlər yoxdur. Lakin iddiaçı ümumiyyətlə həmin materialların ona məxsus olması barədə sübutları təqdim edə bilmir. Halbuki sübut etmək yükü hazırda iddiaçının üzərinə düşür. Bu səbəbdən iddia tələbi əsassızdır. Bundan əlavə, iddiaçının hazırkı tələbi podrat müqaviləsindən irəli gəlir. Qanunvericiliyin tələbinə əsasən həmin müqavilədən irəli gələn tələblərə 3 illik iddia müddəti müddəti şamil edilir ki, həmin müddət də iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı tərəfindən ümumi 10 illik iddia müddəti belə ötürülmüşdür
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4794/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
8. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
14. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
18. Belə ki, mübahisəli əmlakların cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.
21. Hazırkı işdə isə birinci şərt, yəni tələb olunan əmlakların iddiaçının mülkiyyətində olması faktı təsdiq olunmur.
22. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən o, özünə məxsus əmlakları cavabdehlə bağlanmış podrat müqavilələri üzrə işlərdə işlətmişdir.
23. Mülki Məcəllənin 752.2-ci maddəsinin tələblərinə görə isə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
24. Göründüyü kimi iddiaçının özünün istinad etdiyi halları əsas götürdükdə, müəyyən olunur ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı məmulatı (hazırki halda qaz təchizatının yaxşılaşdırılması işini) özünün əldə etdiyi materiallardan hazırlamışdırsa, hazırlanmış məmulata mülkiyyəti artıq sifarişçiyə-cavabdehə vermiş hesab olunur.
25. Kollegiya qeyd edir ki, iddiaçı ona məxsus əmlakları cavabdehlə bağlanmış podrat müqavilələri üzrə işlərdə işlətdiyinə görə, yalnız podrat müqaviləsi üzrə muzdun tutulmasını cavabdehdən tələb edə bilərdi ki, işin hallarından da müəyyən olunur ki, iddiaçı həmin hüququndan artıq istifadə etmiş və onun bu barədə tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir.
26. Beləliklə, iddiaçının özünün istinad etdiyi hallara əsasən birinci şərtin, yəni tələb olunan əmlakların iddiaçının mülkiyyətində olması faktı öz təsdiqini tapmır.
27. Belə olan təqdirdə isə digər şərtlərin yoxlanılmasına, o cümlədən cavabdehin etirazının əsası kimi təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməsinə zərurət qalmır.
28. Ona görə də kollegiya hesab edir ki, həmin iddia tələbi özü-özlüyündə əsassız olduğundan digər sübutlar və hallar araşdırılmadan rədd edilməlidir.
29. Həmçinin, maddi və mənəvi zərərin ödənilməsi tələbləri də rədd edilməlidir.
30. Belə ki, zərərin ödənilməsi məsələlərini tənziləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, habelə iddiaçının istinad etdiyi hallara əsasən (podrat müqavilələri üzrə istifadə olunan əmlakların dəyərinin ödənilməməsi nəticəsində zərər dəyməsi) hazırkı iddia üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
31. İddiaçı isə maddi zərərin mövcüdluğunu təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
32. Mənəvi zərərin tutulması barədə tələblərə dair kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər".
33. Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də, həmin tələblər tam əsassız olduğuna görə rədd edilməlidir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4794/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn