Məhkəmə qərarları › İş №2-2(103)-15/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-15/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-15/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kommersiya işi Açar söz: kredit borcunun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka premetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2055/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdəki sübutlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 08 iyul 2019-cu il tarixdə 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə 85000 manat məbləğində kredit vermişdir. Müqavilənin 4.8-ci maddəsinə əsasən Cavabdeh müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında icra etmədikdə gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0,1 faiz dəbbə pulu ödəyir. Dəbbə pulu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödənildiyi günə qədər hesablanır.

2. 08 iyul 2019-cu il tarixli 23-BİZ-1-0-1283-19 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzil ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışla təsdiq edilmişdir. İpoteka predmetinin bazar dəyəri 130.000 manat təşkil edir.

3. xx.xx.2022-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 67886,23 manat əsas, 12119,94 manat faiz və 3580,04 manat cərimə borcu, ümumilikdə cəmi 83586,21 manat borcu vardır.

4. "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsi barədə 01/21-473 nömrəli 29 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin bazar dəyəri 105000 manat, likvid dəyəri isə 89000 manatdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh müştərək qaydada İddiaçı ASCnin xeyrinə 08 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 67886,23 manat əsas borc, 12119,94 manat faiz borcu və 3580,04 manat cərimə borcu, ümumilikdə cəmi 83586,21 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 man dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini, Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin açıq hərracdan satılmasını və borcun Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-ə ödənilməsini, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini, Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 olan mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmalarını, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 08 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin “11 saylı” filialından Cavabdeh 85000 manat məbləğində 36 ay müddətinə 18 faizlə kredit verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzili 2019-cu il 08 iyul tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il martın 19-dək Cavabdeh 2019-cu il 11 iyul tarixli kredit müqaviləsi üzrə banka 67886,23 ABŞ dolları əsas borc, 5452,16 ABŞ dolları faiz borcu, olmaqla ümumilikdə cəmi 73338,39 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2055/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 67586,44 manat əsas, 11830,39 manat faiz və 283,17 manat cərimə, cəmi 79700 manat, həmçinin 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh məxsus ilkin satış qiyməti 89000 manat olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilə yönəldilməsi, həmin ipoteka predmeti hərracda satılması və əldə olunan vəsaitin hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh mənzili boşaltmaqla tərk etməsi, daha sonra mənzilin banka təhvil verilməsi qət edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2022-ci il tarixli 9/4890 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh 17 may 2022-ci il tarixə 67586,44 manat əsas, 11830,39 manat faiz borcu vardır. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbində göstərildiyi məbləğdə deyil, ekspert rəyində qeyd edilən 67586,44 manat əsas 11830,39 manat faiz borcu Cavabdeh banka ödəməmişdir.

10. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 283,17 manat məbləğində müəyyən edilməlidir.

11. İpoteka müqaviləsi imzalanarkən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin bazar qiymətinin 130000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən mənzilin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 89000 manat məbləğində müəyyən edilməlidir.

12. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, Cavabdeh mülkiyyətindəki mənzil satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini, digər şəxslərin həmin mənzildən çıxarılmalarını və həmin mənzilin boşaldılması ilə bağlı iddia tələbi təmin edilə bilməz, mənzilə olan istifadə hüquqi ilə bağlı tələbləri yalnız mülkiyyətçi irəli sürə bilər, həmçinin digər şəxslərlə bağlı iddiaçı heç bir sübut təqdim etməməklə yanaşı hazırki iş üzrə cavabdeh qismində yalnız Cavabdeh çıxış edir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2055/2022 nömrəli qətnaməsini kredit müqaviləsi üzrə faiz borcunun 11830,39 manat, mənzilin ilkin satış qiymətinin isə 89000 manat müəyyən edildiyi hissədə ləğv edib, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçıya 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 2.1-ci bəndində nəzərdə tutulmuş əsas və dövriyyə vəsaitinin artırılması məqsədilə 85000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86.8 kv.m mənzil "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Krediti aldıqdan sonra təyinatı üzrə dövriyyə vəsaitinin artırılmasına sərf edilmişdir. Kredit müqaviləsindən də göründüyü kimi cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Kredit almaqda da məqsəd sahibkarlıq fəaliyyətini inkişaf etdirmək olmuşdur. Kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini mütəmadi icra etsə də bir müddət sonra ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində hər bir sahibkar kimi cavabdehdə fəaliyyətində geriləmələr yarandı, nəticədə kredit ödənişlərini vaxtında icra edə bilməmişdir. Qeyd edilənlərə baxmayaraq kreditor Bank bu problemləri nəzərə almamış və əksinə kredit borcunu şişirdilmiş şəkildə hesablayıb məhkəmədə 67.886,23 manat əsas, 5452,16 manat faiz borcunun tutulması və həmin məbləğin ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsi cavabdeh olduğu 2-2(113)-2055/2022 nömrəli iş üzrə qətnamə qəbul etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı ilə əlaqədar cavabdehin Bakı şəhərində olmadığı üçün məhkəmə prosesinin vaxtı və yeri barədə elektron kabinetinə yerləşdirilmiş bildirişləri, eyni zamanda barəsində qəbul edilmiş qətnamə ilə xx.xx.2022-ci il tarixdə tanış ola bilmişdir. Bundan əlavə elektron kabinetə daxil olmazdan əvvəl həmin qətnamənin cavabdehə rəsmi qaydada verilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən 2020-ci ildə, yəni ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar satış həyata keçirən sahibkarlıq fəaliyyəti subyektlərinin işləmədiyi dövrdə ödədiyi 20.000 manat məbləğində kredit ödənişinin hamısının faiz borcuna çıxılmasına qiymət verməmiş, 08 iyul 2019-cu il tarixli 23-BİZ-1-0- 1283-19 nömrəli kredit müqaviləsi üzrə faiz borcunu yalnız digər sübutlarla qiymətləndirilməli olan və məcburi qüvvəsi olmayan ekspert rəyinə əsasən müəyyən etmişdir. Qətnamənin əsaslandırıcı hissəsində "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsi barədə 01/21-473 nömrəli, 29 sentyabr 2021-ci il tarixli hesabatından ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin bazar dəyərinin 105000 manat, likvid dəyərinin isə 89000 manat olduğu qeyd olunmuşdur. 08 iyul 2019-cu il tarixli 23-BİZ-1-0-1283-19 nömrəli ipoteka müqaviləsi ilə ipoteka predmetinin bazar dəyəri 130.000 manat müəyyən olunmuşdur. xx.xx.2021-ci il və ya başqa tarixlərdə cavabdehin evinə heç bir qiymətləndirici təşkilat tərəfindən baxış keçirilməmiş, formal rəqəmlər əsasında mənzil qiymətləndirilmişdir. Mütəmadi olaraq daşınmaz əmlak bazarında qiymət artımı olduğu bir dövrdə cavabdehin mənzilinin bazar dəyərinin 130.000 manatdan 89.000 manata düşməsi ağlabatan deyil. Bundan əlavə məhkəmənin 2021-ci ildə keçirilmiş qiymətləndirmə hesabatına istinad edərək cavabdehin mənzilinin bazar dəyərini müəyyən etməsi maddi hüquq normalarının pozuntusudur. "Qiymətləndirmə fəaliyyəti" haqqında qanunvericiliyə əsasən qiymətləndirmə hesabatının qüvvədə olma müddəti cəmi 3 (üç) aydır. Bu hal qiymətləndirmə hesabatlarının və ya rəylərinin özündə də qeyd olunur. Həmçinin iş materiallarında ev mənim istifadəmdə ola-ola qiymətləndirmə ekspertinin müayinə aktı yoxdur. Əgər belə bir akt həqiqətən tərtib olunmuş olsaydı həmin aktda ya mənim imzam, ya da etirazlarımla bağlı qeyd olmalı idi. Qeyd olunanlara əsasən hesab edirəm ki, ipoteka predmeti bazar dəyərindən qat-qat aşağı dəyərləndirilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, faiz məbləği və mənzilin bazar dəyəri düzgün müəyyən olunmamış və bu hal cavabdehin qanunla qorunan mənafelərini pozur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Cavabdeh sonuncu məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən iclasın təxirə salınmasını xahiş etmiş, məhkəmə işə baxılması üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bitdiyini və cavabdehin sağlıq vəziyyətinin məhkəmə iclasında iştirak etməyə imkan verdiyini (ambulator müalicə təyin edildiyini) nəzərə alaraq vəsatəti təmin etməmişdir.

17. Tətbiq edilən hüquq

739.1-ci maddə-(tərəflər arasında müqavilə münasibətləri bağlanarkən qüvvədə olan redaksiya) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 269.4-cü maddə- ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddə- borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddə-satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddə- əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 38.2-ci maddə-ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə cavabdeh tərəfindən qismən – faiz və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2055/2022 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək əmlakın ilkin satış qiyməti 161.000 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İş matriallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləs üzrə cavabdehə 36 ay müddətinə 85000 manat məbləğində kredit vermiş, cavabdeh qrafik üzrə ödənişləri vaxtında həyata keçirmədiyindən bank müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edərək kredit borcunun və ona hesablanmış faizlərin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Kredit üzrə faizlər xx.xx.2022-ci il tarixədək tələb edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixədək müqavilə üzrə cavabdehin ödəməli olduğu faiz borcunun məbləği 11830,39 manat müəyyən edilmiş və cavabdehdən həmin məbləğdə faiz tutulmuşdur.

21. Cavabdeh apellyasiya şikayətində faiz borcunun hesablanması üçün təkrar ekspertiza keçirilməsini xahiş etsə də, iş üzrə verilmiş rəylə hansı əsasla razılaşmadığını göstərə bilməmişdir.

22. Cavabdehin apellyasiya şikayətində eyni zamanda ipoteka predmeti olan ımlakın ilkin satış qiymətini mübahisələndirmişdir. Məhkəmə 08 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanarkən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin bazar dəyərinin 130.000 manat müəyyən edildiyi halda, işdəki "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsi barədə 01/21-473 nömrəli 29 sentyabr 2021-ci il tarixli hesabatında həmin mənzilin bazar dəyərinin daha aşağı 105000 manat qeyd edildiyini, daşınmaz əmlak bazarında qiymətlər hər il artdığından bu qiymətin ağlabatan olmadığını nəzərə olaraq iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edərək, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 olan mənzilin orta bazar qiymətlərinə uyğun likvid qiyməti təqribən 161000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu rəyi daha mötəbər hesab edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək əmlakın ilkin satış qiyməti 161.000 manat məbləğində müəyyən edilməlidir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2055/2022 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin ilkin satış qiyməti 161.000 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2055/2022 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin ilkin satış qiyməti 161.000 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar