Məhkəmə qərarları › İş №2-2(103)-169/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-169/2025

07.11.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-169/2025 07.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh “İri şəhərlərin X5 Xidməti” X7nə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3132/2024 saylı qətnaməsindən cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMCyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixinə qalıq borcu 1209,3 manat məbləğində hesablanmışdır.

2. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMCyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixinə qalıq borcu 2269,3 manat məbləğində hesablanmışdır.

3. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMCyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixinə qalıq borcu 2277,3 manat məbləğində hesablanmışdır.

4. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMCyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 4673,3 manat məbləğində hesablanmışdır.

5. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMCyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 8983,3 manat məbləğində hesablanmışdır.

6. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMCyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 8843,3 manat məbləğində hesablanmışdır.

7. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMCyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 9951,3 manat məbləğində hesablanmışdır.

8. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMCyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 11029,3 manat məbləğində hesablanmışdır.

9. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən 075350 saylı 2023-cü ilin iyul ayında tərtib edilmiş aktdan görünür ki, iyul 2023-cü il tarixinə balans sayğacının və əhali sayğacının göstəriciləri nəzərə alınmaqla su sərfiyyatı 711 m3 hesablanmışdır.

10. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən 075350 saylı 2023-cü ilin avqust ayında tərtib edilmiş aktdan görünür ki, avqust 2023-cü il tarixinə balans sayğacının və əhali sayğacının göstəriciləri nəzərə alınmaqla su sərfiyyatı 4098 m3 hesablanmışdır.

11. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən 075350 saylı 2023-cü ilin sentyabr ayında tərtib edilmiş aktdan görünür ki, sentyabr 2023-cü il tarixinə balans sayğacının və əhali sayğacının göstəriciləri nəzərə alınmaqla su sərfiyyatı 600 m3 hesablanmışdır.

12. 126626 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 150 manat ödəniş edilmişdir.

13. 129780 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 150 manat ödəniş edilmişdir.

14. 130724 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 150 manat ödəniş edilmişdir.

15. 132441 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

16. 135659 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

17. 139109 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

18. 141969 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

19. 146089 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

20. 149523 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

21. 152228 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

22. 155261 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

23. 158010 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

24. 160166 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

25. 163034 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir.

26. Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı MTK-nın sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 2024-cü ilin iyul ayına 10889,90 manat qalıq borc hesablanmışdır.

27. "xxxx" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar Departamentinin xx.xx.2023-cü il tarixli, 13-16-5-4/1-322/2023 saylı müraciətə baxılması haqqında məktubunda qeyd olunmuşdur ki, Yasamal rayonu, M.Xiyabani 192,192A, 192B ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında fərdi kodlaşmadan sonra yaranmış borcun səbəbi işlək olan balans sayğacının və əhali abonentlərinin sayğaclarının pilləkən qəfəsində quraşdırılmasını nəzərə alaraq, cari ilin iyul ayından etibarən İddiaçı Mənzil Tikinti Kooperativinə çıxılma olmuşdur. Balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasındakı fərq MTK-ya məxsus 075350 koda sərfiyyat olaraq hesablanmışdır.

28. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-00604/02 saylı arayış və 100180 saylı qəbzdən görünür ki, mediasiya xərci 60 manat müəyyən edilmiş və İddiaçı MTK tərəfindən 64,20 manat ödəniş edilmişdir.

29. X2 məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, binada 324 mənzil var və hər mənzil üzrə sayğac quraşdırılmışdır. Həmin sayğaclar mexaniki sayğaclardır, mənzillərin daxilində deyil, bloklarda yerləşdirilmişdir. 11-12 qeyri-əhali abonenti var ki, onların da hamısını da obyektin içərisində smart sayğac quraşdırılmışdır. Onların ofisində quraşdırılmış sayğac da smart sayğacdır və 1 ədəddir, ofisin daxilində yerləşir. Bir də anbarın girişində sayğac quraşdırılıb, balans sayğacı adlanır. Lakin anbarın çıxışında sayğac yoxdur. MTK-nın özündə balans və smart sayğac vardır. 2021-ci ildə smart sayğacın qoyulmasında o, iştirak etmişdir. Cavabdehin əməkdaşları baxış keçirtmiş və demişdilər ki, bu sayğacda problem vardır. Onlar da əlaqə saxlamış, gəlib plombun sökmüşlər və o, özü laboratoriyaya vermişdir. Daha sonra sayğac yararsız çıxdığına görə yeni sayğac qoyulmuş və o zaman da yararsız çıxan sayğac üzrə də borc mövcud olmamışdır. 2017-ci ilin dekabr ayından mənzillərə də çıxarışlar verilməyə başlanmışdır. Yay aylarında MTK-da sudan çox istifadə olunur. Ağacları sulamaq üçün smart karta daha yüksək məbləğ vurulur. 2023-cü ilin avqust ayının 4-də karta yüklənmiş məbləğlə smart sayğaca yüklədikdə ona verilən suyun kubu mütənasib olmamışdır. Bu zaman o, nəzarətçiyə məlumat vermişdir. Nəzarətçi gəlib yoxlanış keçirtdikdən sonra çıxılmalar olduğunu bildirmiş və Baş İdarəyə məlumat verilməsini bildirmişdir. O, da Yasamal Rayon Su İdarəsinə yaxınlaşmış və satış müdiri Mirəli müəllimə olanları danışmışdır. Həmin şəxs ona verilən su ilə əhaliyə satılan su arasında fərqi tapıb, çatmayan hissəni də onların abonent koda borc kimi vurulduğunu qeyd etmişdir. O, da həmin şəxsə bildirmişdir ki, balans sayğacda çatmayan məbləği necə ola bilər ki, smart sayğaca borc kimi vurulmuşdur. Çünki nə qədər məbləğ yükləyirsə, onlar o, qədər də istifadə edə bilər. Hətta həmin şəxs ona bildirmişdir ki, hazırda "xxxx" ASC ilə İri Şəhərlərin X5 Xidməti” X7 arasında səlahiyyətlər müəyyənləşdiyi üçün hazırda qarışıqlıq vardır. Borcun iyul ayında yarandığını, 711 kub metr su dəyərində əlavə sərfiyyatı olduğunu bildirmişdir. Səbəbini soruşduqda nümayəndə bunu bilmədiyini demişdir. Daha sonra aralarında mübahisə yaranmış və ona bu borcun hər ay gələcəyini qeyd etmişdir. Həqiqətən də elə oldu ki, hər ay, bəzənsə 2-3 aydan bir borc məbləği hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

30. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya hesablanmış 4673,3 manat borcun silinməsinə, həmçinin borc kimi tutulmuş 910 manat pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İri şəhərlərin X5 Xidməti” X7 (əvvəlki adı ilə "xxxx" ASC) tərəfindən "xxxx" MTK-ya hesablanmış 11029,3 manat borcun silinməsi, həmçinin borc kimi tutulmuş 1750 manat pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında tikilmiş hündür mərtəbəli yaşayış binası bir neçə ildir istismara verilmişdir. Bu günə kimi su ilə bağlı hansısa problem olmamışdır. Məlumat üçün bildirir ki, binaya gələn su anbara yığılır. Anbardan da bina sakinlərinə paylanılır. Binada bütün yaşayış və qeyri-yaşayış sahələrinə su sayğacı quraşdırılmışdır. Bu günədək su sərfiyyatı ilə bağlı heç bir problem olmamışdır. 2023-cü ilin avqust ayında balansa pul vəsaiti yükləyərkən 200 manata 100 kub su verilməli olduğu halda 30 kub su (vəsait) verildi. Məsələnin aydınlaşdırılması üçün "xxxx" ASC-nin ərazi nümayəndəliyi ilə əlaqə saxlanmışdır. Ərazi üzrə nümayəndə gəlib bildirmişdir ki, 711 kub su (1422 manat dəyərində) borc var və buna görə onlara borc hesablanmışdır. Səbəbini soruşduqda nümayəndə bunu bilmədiyini bildirmişdir. Məsələnin aydınlaşdırılması məqsədilə su idarəsinə getmişdir. Onlar anidən nə üçün borc yarana biləcəyini soruşmuşdur. İsrarla araşdırılmasını xahiş etmişdir. Daha sonra su idarəsindən ona bildirilmişdir ki, anbara tökülən su ilə əhalinin cəminin (324 mənzilin və qeyri-yaşayış sahələrinin) istifadə etdiyi su arasında fərq yaranıb və o fərq onlardan (MTK-dan) tutulmalıdır. Səbəbini soruşduqda heç bir izahat vermək istəmədilər. Bundan sonra dəfələrlə müraciət etmişdir ki, bu məsələ araşdırılsın və zəruri tədbir görülsün. Çünki balans sayğacı ilə sakinlərə paylanılan su arasında yaranan borc müxtəlif səbəbdən ola bilərdi. İddia edilən əlavə su sərfiyyatının su sızması ilə bağlı olması ağlabatan deyildir. Ona görə ki, su anbarının ətrafı (yan divarları) çöldədir və hansısa sızıntı olsa ətraf divarlarından bilinərdi. Bundan başqa cari ilin yanvar ayı üçün niyə borc hesablanmamışdır. Əgər mütamadi su sızıntısı varsa borc yanvar ayında da olmalı idi. Həmçinin, əgər sakinlərin su sərfiyyatında qüsur varsa, hansısa sakinin sayğacı xarabdırsa və ya düzgün işləmirsə, eləcə də digər səbəblərdən sakinlərə paylanan su ilə anbara yığılan su arasında fərq varsa bubun səbəbi araşdırılmalıdır. Araşdırılması vacib hallardan biri də anbarlarda suyun olmasıdır. Sakinlərlə bina arasındakı bu fərq anbarda yığılmış su ilə bağlı ola bilər. Anbarda tonlarla su var. Balans sayğacından anbara yığılan suyun hamısı sakinlərə paylanmır tonlarla su daima (iki ədəd) anbarda qalır ki, hansısa su kəsintisi olarsa anbarda bir neçə gün istifadə etdilməsi üçün ehtiyat su olsun. Heç bir əsas olmadan, (sakinlərə paylanılan suya görə fərqin) mötəbər dəlillərə əsaslanmadan bir necə min manat pul vəsaitinin "xxxx" MTK-ya yönəldilməsi əsassızdır. Mövcud hesablanmış borca dair araşdırma aparılmamış, MTK-ya heç bir məlumat verilməmişdir. Cavabdeh qurumun əsassız pul (borc) tutumu demək olar ki, hər ay davam edir. 2023-cü ilin avqust ayında başlanılan əsassız pul tutumu sonrakı aylarda da davam edirdi. 2023-cü ilin iyul ayında təqdim edilən bildirişdə hesablanmış borc məbləği 1422 manat, avqust ayında bu borc məbləği 1209 manat, sentyabr ayında bu borc məbləği 2269 manat, oktyabr ayında bu borc məbləği 2277 manat, noyabr ayında gələn bildirişdə bu borc məbləği 3553 manat, dekabr ayında bu borc məbləği 4813,3 manatadək artsa da 2024-cü il tarixdə demək olar ki, onlara borc yazılmamışdır. Yanvar ayında borc hesablanmamış, ödənilmiş 200 manat pul vəsaitinin 140 manatı borcdan silindiyindən yanvar ayında gələn borc məbləği 4673,3 manat təşkil etmişdir (ümumiyyətlə hər ay su üçün hesaba yüklənilən pul vəsaitinin 70% borca silinirdi) Hazırda heç bir əsas olmadan 4673,3 manat "xxxx" MTK-ya yazılmışdır ki, bu hesablanmış borc əsassızdır və hər ay yüklənən pul vəsaitindən bu vəsait tutulur. Avqust ayından indiyədək su ilə bağlı hesaba yüklənilmiş pul vəsaitinin əsas hissəsi borca çıxılmışdır. Belə ki, 04 avqust 2023-cü il tarixdə su üçün ödənilən 150 manatpul vəsaitinin 105 manatı; 14 avqust2023-cü il tarixdə su üçün ödənilən 150 manatpul vəsaitinin 105 manatı; 02 sentyabr 2023-cü il tarixdə su üçün ödənilən 200 manatpul vəsaitinin 140 manatı; 03 oktyabr 2023-cü il tarixdə su üçün ödənilən 200 manat pul vəsaitinin 140 manatı; 06 noyabr 2023-cü il tarixdə su üçün ödənilən 200 manatpul vəsaitinin 140 manatı; 02 dekabr 2023-cü il tarixdə su üçün ödənilən 200 manatpul vəsaitinin 140 manatı; 08 yanvar 2024- cü il tarixdə su üçün ödənilən 200 manatpul vəsaitinin 140 manatı; Bu günədək su üçün ödənilmiş 1300 manat pul vəsaitinin 910 manatı borc kimi silinmişdir. Odur ki, yazılmış borc əsassız olduğundan borc kimi silinmiş pul vəsaiti də əsassızıdır. Bundan başqa MTK özü ayrıca hüquqi şəxsi olmaqla binanın idarəçiliyində heç bir rolu qalmamışdır. Hazırda binanın idarəetməsi Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən həyata keçirilir.

33. İddia tələbinin maddi hüquqi əsası kimi “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1 və 5.1, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci maddələrinə istinad olunmuşdur.

34. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3132/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “İri şəhərlərin X5 Xidməti” X7 (əvvəlki adı ilə "xxxx" ASC) tərəfindən İddiaçı MTK-ya hesablanmış 11029 (on bir min iyirmi doqquz) manat 30 (otuz) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. İddiaçıdan tutulmuş 1750 (bir min yeddi yüz əlli) manat pul vəsaitinin iddiaçı "xxxx" MTK-nın cavabdehdə olan sayğac balansına qaytarılması qərara alınmışdır.

35. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli borc “İri şəhərlərin X5 Xidməti” X7 (əvvəlki adı ilə "xxxx" ASC) tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativinin yerləşdiyi yaşayış binasında quraşdırılmış balans sayğac ilə əhali və qeyriəhali sayğacları arasındakı yaranmış fərqin MTK-ya sərfiyyat olaraq hesablanmaqla iddiaçıya təqdim edilmiş hesab-fakturalar və iddiaçı tərəfindən aparılmış ödənişlərdən çıxılmalar üzrə yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2023-cü ilin iyul ayından etibarən cavabdeh tərəfindən balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasındakı fərq MTK-ya məxsus 075350 koda sərfiyyat olaraq hesablanmaqla, xx.xx.2024-cü il tarixli ********* saylı hesab-faktura üzrə əvvəlki dövr nəzərə alınaraq 11029,3 manat məbləğində qalıq borc hesablanmışdır. İddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixədək edilmiş ödənişlər üzrə həmin məbləğlərdən cavabdeh tərəfindən 1750 manat borca silinmişdir. Cavabdeh “İri şəhərlərin X5 Xidməti” X7 mübahisəli borcun balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasındakı yaranmış fərqin MTK-ya sərfiyyat olaraq hesablanması nəticəsində yarandığını qeyd etsə də, yaranmış fərqin hansı əsasla MTK tərəfindən ödənilməli olmasına, fərqin yaranmasının iddiaçının günahı olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə balans sayğaca dair tərəflər arasında bağlanmış müqavilə təqdim edilməmiş, həmin müqavilə üzrə balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasında yaranan fərq üzrə hesablanmış sərfiyyət məbləğinin məhz MTK tərəfindən cavabdehə ödənilməsi ilə bağlı iddiaçının öhdəliyi müəyyən olunmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş su borcu bildirişlərindən müəyyən olunur ki, həmin binada yaşayan əhalinin hər birinin ayrıca sayğacı mövcuddur və istifadə etdikləri suyun sərfiyyatına uyğun ödənişlər edirlər. Balans sayğacın göstəricisi ilə binadakı sayğacların göstəricisi arasında fərqin yaranması binadakı sakinlərdən kiminsə sayğacında yaranmış problem səbəbindən və ya kiminsə sayğacdan kənar sudan istifadə etməsi nəticəsində də yarana bilər ki, bu da iddiaçının təqsiri hesab edilə bilməz. Hazırkı halda balans sayğacın göstəricisi ilə binadakı əhali və qeyri-əhalidən yığılan ödənişlər arasında fərqin yaranması və buna görə də həmin fərqin cavabdeh tərəfindən iddiaçının hesabına yazılması üçün nə müqavilə əsası, nə də qanuni əsas müəyyən edilməmişdir. Cavabdehə balans sayğacla bağlı tərəflər arasında imzalanmış müqavilənin təqdim edilməsi təklif olunmuş, lakin müqavilə təqdim edilməmişdir. Cavabdeh sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab etmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasındakı fərqin MTK-ya əlavə sərfiyyat olaraq hesablanması əsassız və qanunsuzdur, cavabdeh iddiaçıya 11029,30 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Bundan başqa cavabdeh tərəfindən iddiaçının xx.xx.2023-xx.xx.2024-cü il tarixədək hər ay etdiyi ödənişlərdən cəmi 1750 manatın borca çıxılması əsassız hesab olunduğundan, 1750 manat pul vəsaiti İddiaçı MTK-nın cavabdehdə olan sayğac balansına qaytarılmalıdır.

36. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin 3-cü bəndinə, 60-cı maddəsinin 1-ci bəndinə, 61-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 4.1 və 4.1.3-cü bəndlərinə, 6.12, 6.16-cı maddələrinə istinadla əsaslandırmışdır.

37. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 64.17 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sudan istifadə qaydaları”nın 4.1.2-ci bəndə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçının vəzifəsidir. “Sudan istifadə qaydaları”nın 4.1.3-ci bəndə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.1-ci bəndinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 7.14-cü bəndinə əsasən istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bununla əlaqədar bildirir ki, həmin ünvan üzrə xx.xx.2017-ci il və xx.xx.2021-ci il, tarixdə quraşdırılmış sayğaclar üzrə yaranmış borcdur. Borc əsaslı və sayğac göstəricilərinə uyğun hesablandığı üçün iddianın təmin edilməsi əsassız olmuşdur. Belə ki, stifadə edilən CTB 15000927 nömrəli mexaniki xx.xx.2017-ci il tarixində quraşdılırılmış sayğac "xxxx" MTK-nın balansında olduğu üçün balans mənsubiyyəti də sayğaca qədər cavabdeh tərəfdən müəyyən olunur. Yaranmış borc məbləği də həmin sayğac göstəricilərinə uyğun müəyyən edilmişdir. Mexaniki sayğacın quraşdırıldığı su anbarı da həmçinin MTK-nın balansında olduğu üçün buna MTK özü məsuliyyət daşıyır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

40. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

41. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədi. Cavabdeh iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir.

42. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq

43. Mülki Məcəllənin: -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

44. “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 30.2-ci maddəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: -1.2.8-ci bəndinə əsasən balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. -1.7-ci bəndinə əsasən üqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. 4.1. İstehlakçının aşağıdakı hüquq və öhdəlikləri vardır: 4.1.4-cü maddəsinə əsasən balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır;

46. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni mübahisələndirmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MTK ilə "xxxx" ASC (mübahisəli hüquq münasibətlərində hüquqi varisi cavabdeh “İri Şəhərlərin X5 Xidməti” PHŞ-dir) arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh PHŞ İddiaçı MTK-nı su ilə təchiz edir və tullantı sularının axıdılması xidməti göstərir. İddiaçının su sərfiyyatını ölçmək üçün su xəttində xx.xx.2017-ci il tarixdə mexaniki sayğac (“balans” sayğacı) və xx.xx.2021-ci il tarixdə smart kart tipli sayğac quraşdırılmışdır. Smart kart tipli sayğac quraşdırıldıqdan sonra iddiaçı smart karta pul yükləməklə sudan istifadə etmişdir. 2023-cü ilin iyul ayından başlayaraq cavabdeh iddiaçıya smart kart tipli sayğacla yanaşı “balans” sayğacının göstəriciləri əsasında da borc hesablamış və həmin borcun hesablanmasını “balans” sayğacının göstəriciləri ilə həmin sayğacdan gedən xəttə qoşulmuş əhali və qeyri-əhali abonentlərinin sayğaclarının göstəricilərin cəmi arasında fərqlərin mövcud olması və balans mənsubiyyəti sərhədindən sonra yaranmış su itkilərə görə MTK-nın məsuliyyət daşıması ilə əsaslandırmışdır. xx.xx.2023-xx.xx.2024-cü il tarixədək smart karta iddiaçı tərəfindən edilmiş ödənişlərin 1750 manat hissəsi “balans” sayğacının göstəricilərinə əsasən hesablanmış borca silinmiş və xx.xx.2024-cü tarixə həmin borcun 11029,3 manat hissəsi ödənilməmiş qalmışdır. Hazırda iddiaçı “balans” sayğacının göstəriciləri ilə həmin sayğacdan gedən xəttə qoşulmuş əhali və qeyri-əhali abonentlərinin sayğaclarının göstəricilərin cəmi arasında fərqlərin onun təqsiri üzündən yaranmadığını, balans sayğacında, eləcə də xətt üzrə qoşulmuş abonentlərin sayğacında qüsurların və ya həmin abonentlərin kənar qoşulması ehtimalının mövcud olduğunu, eləcə də sözügedən fərqin “balans” sayğacından gedən xətdən suyun su anbarlarına axması və həmin anbarlarda tonlarla suyun ehtiyat olaraq qalması və həmin anbarlardan suyun sakinlərə paylanması ilə bağlı olması ehtimalının da olduğunu, həmin hallara görə MTK-nın məsuliyyət daşımadığını əsas göstərərək 11029,3 manat məbləğində borcun silinməsini, həmin borca silinmiş 1750 manat məbləğində pul vəsaitinin isə hesabına qaytarılmasını xahiş edir.

52. Göründüyü kimi mübahisəli borc su xəttində yaranmış itkilərə görə cavabdehə hesablanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, “Sudan istifadə Qaydaları”nın tələblərinə əsasən abonentlər yalnız balansında olan şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. Bu baxımdan su xəttində yaranmış itkilərə görə kimin cavabdeh olmasının müəyyən edilməsi həmin itkiləin baş verdiyi su şəbəkə və qurğularının kimin balansında olmasının aydınlaşdırılmasını tələb edir.

53. Hazırkı halda cavabdehə dəfələrlə “Sudan istifadə Qaydaları”na əsasən abonentlə bağlanmış müqaviləyə əlavə kimi təsdiq edilməli olan su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti aktının təqdim edilməsi təklif edilsə və bununla bağlı sorğu göndərilsə də, cavabdeh tərəfindən sözügedən akt məhkəməyə təqdim edilməmişdir. Odur ki, iş materiallarında olan sübutlar su xəttində yaranmış itkilərə görə iddiaçının məsuliyyət daşımalı olması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.

54. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını 2023-cü ilin iyulundan başlayaraq “balans” sayğacının göstəriciləri ilə həmin sayğacdan gedən xəttə qoşulmuş əhali və qeyri-əhali abonentlərinin sayğaclarının göstəriciləri arasında fərqlərin mövcud olması ilə izah etsə də, nə həmin fərqlərin həqiqətən mövcud olduğunu, nə mübahisəli borc məbləğləri hesablanarkən su anbarında saxlanılmış, yəni abonentlərə paylanmamış suyun nəzərə alınmasını, nə də ki, sərfiyyatdakı fərqlərin düzgün hesablanmasını sübuta yetirə bilmişdir (müvafiq dövrdə xəttə qoşulmuş abonentlərin sərfiyyatlarını əks etdirən sənədlər və s. məhkəməyə təqdim edilməmişdir).

55. Bununla yanaşı “balans” sayğacının göstəriciləri ilə həmin sayğacdan gedən xəttə qoşulmuş əhali və qeyri-əhali abonentlərinin sayğaclarının göstəriciləri arasında fərqin həqiqətən mövcud olub-olmamasının, mövcud olduğu halda həmin fərqin yaranma səbəblərinin, eləcə “balans” sayğacının işlək vəziyyətdə olub-olmamasının aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, lakin cavabdeh tərəf sayğaca baxışda iştirak etməmiş, eləcə də sayğacı ekspertə təqdim etməmişdir.

56. Kollegiya göstərilən halları ekspertizanın keçirilməsinə cavabdehi tərəfindən maneçilik törədilməsi kimi qiymətləndirərək hesab edir ki, MPM-in 95.7-ci maddəsinin tələblərinə əsasən ekspertiza keçirilməklə aydınlaşdırılmalı olan hallar cavabdehin ziyana müəyyən edilmiş sayılmalıdır.

57. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən iddiaçı tərəfindən su xətində yaranmış itkilərə görə hesablanmış borcun əsaslı olması öz təsdiqini tapmadığından iddiaçı əsassız hesablanmış borcun silinməsini, eləcə də həmin borca görə əsassız olaraq abonent hesabından tutulmuş pul vəsaitinin isə həmin hesaba qaytarılmasını tələb etməkdə haqlıdır.

58. Apellyasiya şikayətinin verilməsi ilə bağlı cavabdehin çəkdiyi məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

59. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3132/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar