Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-180/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı «İddiaçı” MMC-nin Cavabdehnə qarşı «pul tələbi və borcun silinməsi haqqında» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 3082/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı «İddiaçı” MMC-nin Cavabdehnə qarşı «pul tələbi və borcun silinməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus obyektə qaz təchizatının dayandırılmasına yönələn hərəkətlərinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının niyyəti aydın görünür. Belə ki, qəbul edilmiş qərardada əsaslanaraq istehlakçı hazırda mübahisələndirilən məbləği və həmin məbləğdən artıq yaranacaq borcu ödəmədən, təbii qazdan istifadə etmək niyyətindədir. Bunun nəticəsində istehlakçının təbii qazdan istifadəyə görə debitor borcu artacaqdır. Belə olan halda bu növ qərardad gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunun qeyd olunan mənası baxımından, iddianı təmin etmə tədbirinin görülməsi gələcəkdə iddianın təmin edilməsinə yönəlməsi ilə yanaşı, həm də mübahisənin predmetindən suiistifadənin qarşısını almaq məqsədi daşıyır. Konkret halda, cavabdeh qaz paylayıcısı tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən iddiaçı müəssisəyə verilən təbii qaz təchizatının dayandırılması müəssisənin davamlı fəaliyyətini pozur. Cavabdeh isə qaz təchizatı sahəsində təbii inhisarçıdır və təsərrüfat fəailiyyəti göstərən iddiaçı müəssisənin qaz təchizatı ilə bağlı başqa seçim yeri qalmır. Lakin, hər bir halda iddiaçı müəssisə hazırkı məhkəmə mübahisəsini istər udsun, istər də uduzmuş olsun, fəaliyyətini davam etdirməsi və gəlir əldə etməsi – son nəticədə istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsi və həm cavabdeh, həm də dövlət qarşısındakı tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə gətirib çıxaran bir gözləntini ehtiva edir. Bu mənada, işə mahiyyəti üzrə baxılıb-qurtaranadək birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdehə iddiaçının qaz təchizatının dayandırılmasına yönələn hərəkətlərinin cavabdehə qadağan edilməsi prosessual qanunvericiliyə uyğun hesab edilməlidir. Həmçinin, qeyd edilməlidir ki, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə istinadən, birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3082/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3082/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-180/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-180/2021
11.01.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver