Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-196/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı icarə haqqının və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli e-2-2(113)-4368/2021 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək icarə haqqı üzrə 6963 manat borcun, pul vəsaitlərinin gecikdirilməsinə görə hesablanan 348 manat faizin, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun, cəmi 7341 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilməsi haqqında barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 may 2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan **-VB-*** dövlət qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitəsini icarə haqqı 1000 manat məbləğində müəyyən olunmaqla cavabdehə icarəyə verilmişdir. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş və buna görə də icarə haqqı üzrə onun 6963 manat borcu əmələ gəlmişdir. “X2 Azərbaycan” QSCdən alınmış elektron çıxarışa əsasən 17 iyul 2020-ci il tarixində 1293 manat və 09 oktyabr 2020-ci il tarixində 1744 manat pul iddiaçının hesabına keçirilmişdir. İcarə obyekti olan nəqliyyat vasitəsi 2021-ci ilin aprel ayında iddiaçıya geri qaytarılmışdır. Cavabdehin halhazırda iddiaçıya 6963 manat borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-2(113)-4368/2021 saylı qətnaməsi iddia tələbi təmin edilmiş, 6963 manat məbləğində əsas borc, 348 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 7311 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli, e-2-2(113)-4368/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə sübut kimi yalnız cavabdeh tərəfindən iddiaçıya 2 dəfə ödəniş edilməsini əks etdirən "xxxx" QSC-dən alınmış hesab məlumatlarına – ödəniş sənədlərinə əsaslanmışdır. Cavabdeh həmin ödənişləri iddiaçıya icarə haqqı kimi deyil, təmir xərci üçün verilməsini bildirsə də, məhkəmə bunu inandırıcı kimi hesab etməmiş, belə yanaşmışdır ki, avtomobilin təmirə ehtiyacı varıydısa o nə səbəbə icarəyə götürülmüşdür. Məhkəmə bu yanaşması zamanı avtomobilin nasaz vəziyyətdə olmasını müqavilə bağlandıqdan sonra cavabdeh tərəfə məlum olmasını aydınlaşdırmamışdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya 2 dəfə edilmiş ödənişin təmir xərci üçün ödənilməsini inandırıcı hesab etməsə də, nədənsə müqavilənin 2.1-ci bəndində avtomobilin təhvil-təslim aktına əsasən cavabdehə verilməli olmasın və bu vəzifənin birbaşa müqavilədə göstərildiyi kimi, iddiaçının üzərinə düşməsini müqavilə bəndi kimi birbaşa göstərsə də iddiaçının təhviltəslim aktını məhkəməyə təqdim edə bilməməyinə baxmayaraq məhkəmə avtomobilin 2020-ci ilin may ayından 2021-ci ilin aprel ayına qədər olan müddətdə cavabdehin istifadəsində olmasına heç bir sübut olmadan inanmışdır. Məhkəmə iddiaçının ərizəsində göstərdiyi 6963 manat məbləğində borcun cavabdehdən tutulmasını təmin etmiş, lakin bu məbləğdə borcun yaranmasının əsasını müəyyən etməmişdir. Avtomobilin iddiaçının iddia etdiyi kimi təhvil verilməsi sübut olunmadığı kimi, həmin borcun hesablanmasına zəmin yaratmış iddiaçının avtomobili 2021-ci ilin aprel ayında qaytarması da sübuta yetirilməmişdir. Əgər məhkəmə sübut kimi ödəniş qəbzlərinə əsaslanırsa bu halda həmin ödəniş qəbzlərinin sonuncu tarixi oktyabr ayı olduğu halda hansı əsasla avtomobilin iddiaçıya qaytarılması tarixin 2021-ci ilin aprel ayı olması hesab edir. Məhkəmə bu məntiqlə yanaşmışdır ki, əgər cavabdeh müxtəlif vaxtlarda etdiyi 2 dəfə ödənişi avtomobil ona təhvil verilməmişdirsə nə səbəbə onun geri qaytarılmasını iddiaçıdan tələb etməmişdir. Bu səbəbdən də məhkəmədə belə inam formalaşmışdır ki, həmin vaxt avtomobil cavabdehdə olmuşdur. Lakin məhkəmə cavabdeh tərəfində edilən sonuncu ödənişin 2020-ci ilin oktyabr ayında edilməsini icarə haqqı kimi qəbul edir, avtomobilin 2021-ci ilin aprel ayında iddiaçıya qaytarıldığını qəbul edir. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayına qədər olan müddətdə iddiaçı tərəfindən heç bir ödəniş edilmədiyini qəbul edir. Amma bu müddət ərzində iddiaçının hansı səbəbdən icarə haqqı ödənilmədiyi halda avtomobili geri tələb etməsinə aydınlıq gətirmir. Cavabdehə münasibətdə qərəzli yanaşma sərgiləyir. Məhkəmə 348 manat məbləğində faiz borcunun mövcudluğu sübuta yetirilməyən 6963 manat əsas borca münasibətdə təmin etmişdir. Məhkəmə cavabdehin həmin ödənişləri iddiaçıya icarə haqqı kimi deyil, təmir xərci üçün verilməsini əsas götürməyərək müqavilədə təmir xərcinin nəzərdə tutulması əsası ilə təmir xərci hesab etməmiş, belə qənaətə gəlmişdir ki, avtomobilin təmirə ehtiyacı varıydısa o nə səbəbə icarəyə götürülmüşdür. Məhkəmə bu nəticəyə gələrkən avtomobilin nasaz vəziyyətdə olması müqavilə bağlandıqdan sonra tərəfə məlum olmasını aydınlaşdırmamışdır. Tərəflər arasında bağlanmış 01.05.2020-ci il tarixli icarə müqaviləsinin predmentini təşkil edən “Kia Sorento” markalı nəqliyyat vasitəsinin 2021-ci ilin aprelinə qədər cavabdehdə olması sübuta yetirilməmişdir. Müqavilənin 2.1-ci bəndində avtomobilin təhvil-təslim aktına əsasən cavabdehə verilməsi və bu vəzifənin iddiaçının üzərinə düşməsi birbaşa göstərilmişdir. Bu sübuta yetirilmədiyi halda müqavilə bağlandığı andan 01.04.2021-ci il tarixə qədər borcun tutulması və həmin borca müvafiq faiz borcunun tutulması qət edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən sübut kimi yalnız cavabdeh tərəfindən iddiaçıya 2 dəfə edilən – 17 iyul 2020-ci il tarixdə, 09.10.2020-ci il tarixdə ödəniş edilməsini əks etdirən “X2 Azərbaycan” QSC-dən alınmış hesab məlumatlarına – ödəniş sənədlərinə əsaslanmışdır. Həmin sənədlər sözügedən avtomobilin 2021-ci ilin aprel ayına qədər cavabdehdə olmasını sübut etmir. Tərəflər arasında bağlanmış 01.05.2020-ci il tarixli icarə müqaviləsinin predmentini təşkil edən “Kia Sorento” markalı nəqliyyat vasitəsinin 2021-ci ilin aprel ayında iddiaçıya qaytarılması sübut edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında cavabdeh tərəfindən verilən apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli e-2-2(113)-4368/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01 may 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan “X1” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMCnin icarəsinə vermiş, icarə haqqı 1000 manat, müqavilənin müddəti isə 01 may 2020-ci il tarixdən 01 may 2021-ci il tarixədək müəyyən olunmuşdur. “X2 Azərbaycan” QSC-dən alınmış hesab məlumatlarından görünür ki, 17 iyul 2020-ci il tarixində 1293 manat, 09 oktyabr 2020-ci il tarixində 1744 manat pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı hesabına ödənilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci, 700.3-cü, 675-ci, 684.1-ci maddələrinə və işdəki sübutlara əsasən iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətini əsassız hesab edir. Cavabdehin etirazının və apellyasiya şikayətinin əsasını təşkil edən hallar ondan ibarətdir ki, icarə müqaviləsinin 2.1-ci bəndində icarə predmetinin icarəyə alana təqdim edilməsi və bu barədə qarşılıqlı təslim protokolunun imzalanması nəzərdə tutulsa da, avtomobil cavabdehə təhvil verilməmişdir və aparılmış ödənişlər avtomobilin təmiri üçün ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaya etirazın əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Tərəflər arasında təhvil-təslim aktı tərtib edilməsə də, "xxxx" MMC tərəfindən icarə haqqı üzrə ödənişlər edilməsi təsdiq edir ki, avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdehin nümayəndəsi həmin ödənişlərin təmir xərci olaraq ödənildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, icarəyə verilmiş avtomobilin təmiri üçün icarəyə verənə nə üçün pul ödənilməli olduğunu əsaslandıra bilməmişdir. Müqavilədə avtomobilin təmiri ilə bağlı hər hansı pul vəsaitinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik nəzərdə tutulmamışdır. Cavabdeh avtomobilin təmiri üçün pul vəsaitinin ödənilməsini tərəflər arasında yaxın münasibətlərin olması ilə əsaslandırmışdır. Lakin məhkəmə düzgün olaraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında yaxın münasibət olduğu halda nasaz vəziyyətdə olan avtomobilin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmasına zərurət olmazdı. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbləri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunan mövqe nəzərə alınaraq məhkəmə tərəfindən 348 manat məbləğində faiz borcunun tutulması hissəsində də iddia təmin olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli e-2- 2(113)-4368/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli 2-2(113)-4368/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2-2(103)-196/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-196/2022
09.02.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver