Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-236/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının vəkili X1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxx” trestinin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxx” trestinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı qazma qurğusunun təhvil verilməsi, ərazidən götürülməyə şərait yaradılması və buna yaradılan maneələrin aradan qaldırılması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-2(113)-578/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-2(113)-578/2020 saylı qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxx” trestinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı qazma qurğusunun təhvil verilməsi, ərazidən götürülməyə şərait yaradılması və buna yaradılan maneələrin aradan qaldırılması barədə iddiasını rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxx” trestinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “xxxx” özü qalxan üzən qazma qurğusunun təhvil verilməsi, əmlakın cavabdehin istifadəsində olan ərazidən götürülməsinə şərait yaradılması və buna yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əmlak 1997-ci ildə İddiaçı məhdud məsliyyətli müəssisənin adına özəlləşdirilmiş və bu barədə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən 13 iyun 1997-ci il tarixli, 14 saylı mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Bu, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıya verilən 06 mart 2019-cu il tarixli məktubla da təsdiq olunur. 08 dekabr 2006-cı il tarixdə İddiaçı məhdud məsuliyyətli müəssisənin bazasında İddiaçı yaradılmışdır. Əmlak uzun müddətdir ki, istifadəsiz qalmışdır. İddiaçı əmlakın götürülməsi barədə cavabdehə və Dövlət Neft Şirkətinin rəhbərliyinə müraciət etsə də, nəticəsi olmamışdır. Əlavə olaraq əmlak uzun müddət istifadə olunmadığı üçün onun hissələrə bölünərək atılması təhlükəsi vardır. Bunları nəzərə alaraq iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdeh tərəfindən əmlak üzərində hər hansı hüququ verəcək heç bir əsas mövcud deyildir. Cavabdehin əmlak üzərində sahiblik və ondan istifadə etməsi qanunsuzdur və iddiaçının mülkiyyətinə müdaxilədir. Yuxarıda göstərilən hüquqi əsaslara istinadən cavabdeh əmlakı iddiaçıya təhvil verməli və əmlakın iddiaçı tərəfindən götürülməsinə şərait yaratmalıdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apelyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsində baş tutan prosesdə əsas məqamlardan biri məhkəmənin cavabdehə təqdim etdiyi sorğuya cavabın alınması idi. Təəssüf ki, məhkəmə sorğunu iddiaçının təqdim etdiyi formada deyil, özü seçdiyi formada vermişdir. Cavabdeh çalışdı ki, sorğuya şifahi cavab versin, ancaq iddiaçı və məhkəmə yazılı cavabın vacib olduğunu qeyd etdilər. Xüsusən proses zamanı hakim yazılı cavabın vacib olduğunu qeyd etmiş - çünki orada olan imza cavabın məhz cavabdeh tərəfindən verildiyini təsdiq edir və onun rəhbrəliyini daha məsuliyyətli davranmağa vadar edər. Ancaq sonradan naməlum səbəblərdən məhkəmə cavabdehin verdiyi natamam cavabı sübut kimi qəbul etmişdir. Halbuki həmin "cavab" sadəcə bir şeyi təsdiq edir - Cavabdeh sorğuya cavab verməkdən imtina etmişdir. Əlavə olaraq, iddiaçı məhkəməyə təkrar sorğu ilə cavabdehə müraciət etmək və cavabdehin icra orqanın rəhbərinin Məhkəməyə çağırılaraq şahid kimi dindirmək barədə vəsatət vermişdir. Məhkəmə vəsatəti təmin etməkdən imtina etmişdir. Bu imtina heç bir əsasa söykənməmişdir və məhkəmə də iclas vaxtı demək olar ki, vəsatətin rədd edilməsi üçün heç bir əsas gətirməmişdir. Cavabdehin mövqeyi sadəcə məlumatı gizlətmək olmuşdur. Məhkəmə isə bu səyi dəstəkləmişdir. İddiaçı tərəfindən əmlakın özəlləşdirildiyi barədə məhkəməyə şəhadətnamə təqdim edilmişdir. İddiaçının əmlak üzərində mülkiyyət hüququ təsdiq olunur ə bunu istisna edən heç bir hal mövcud deyildir. Ona görə də məhkəmənin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxx” trestinin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən cavabdehin nümayəndəsi, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək, apelyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan: - 13 iyun 1997-ci il tarixli mülkiyyət haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhərində yerləşən “xxxx” özü qalxıb üzən qazma qurğusu İddiaçı müştərək müəssisəsinin mülkiyyətindədir. – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxx” trestinin 22 oktyabr 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, trestin istifadəsində xxxx” özü qalxan üzən qazma qurğusu mövcud deyildir. İddiaçı iddianın faktiki əsası kimi “xxxx” özü qalxan üzən qazma qurğusunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxx” trestində olmasına, hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 452-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 452.1-ci maddəsinə əsasən fərdi - müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində nəzərdə tutulmuş tələb mülki hüquqda vindikasiya iddiası adlanır və mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən qaytarılması barədə müqavilədən kənar tələbdir. Bu tələbin tətbiqi üçün 2 şərt mövcud olmalıdır: tələb edən şəxs əmlakın mülkiyyətçisi olmalıdır və əmlak özgəsinin qanunsuz sahibliyində olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisə üzrə 1-ci şərt (13 iyun 1997-ci il tarixli mülkiyyət haqqında şəhadətnaməyə əsasən “xxxx” özüqalxıb üzən qazma qurğusu İddiaçı müştərək müəssisəsinin mülkiyyətindədir) mövcud olsa da, 2-ci şərtin (əmlakın cavabdehin sahibliyində olması) mövcud olması təqdim olunmuş sübutlarla təsdiqini tapmır. Əmlakın cavabdehdə olub-olmamasının aydınlaşdırılması məqsədilə iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən sorğu göndərilsə də, verilən rəsmi cavabda qazma qurğusunun cavabdehin istifadəsində olmadığı qeyd edilmişdir. Həmçinin məhkəmə iddia tələbinin digər hissələri yəni “iddiaçının əmlakı cavabdehin istifadəsinə olan ərazidən götürməyə şərait yaratması və bunu əngəlləyən bütün maneələrin aradan qaldırılması” ilə bağlı qeyd edir ki, qeyd olunan tələblər ilkin tələblə əlaqəli olduğundan və həmin tələb təmin ediləcəyi halda digər tələblərə qiymət verilməsi mümkündür. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, mübahisə predmeti olan əmlakın cavabdehin istifadəsində olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir, hesab edir ki, birinci instansiya məhkəməsi hər iddianı rədd edərək haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur, ona görə iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-2(113)-578/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Saədət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-236/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-236/2021
02.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver