Məhkəmə qərarları › İş №2-2(103)-250/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-250/2024

30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-250/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6226/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kooperativ üzvləri olan X4, Ayhan Çalbaya, X2, Əli-zadə Dilarə Famil qızına, X5 və X1 pay haqlarına uyğun ödənilməli olan 1.416.060 (bir milyon dörd yüz on altı min altmış) manat divident məbləği və dövlətin büdcəsinə ödənilməli olan 228.028 (iki yüz iyirmi səkkiz min iyirmi səkkiz) manat divident vergisi, 410 (dörd yüz on) manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçının kassasına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2 və Cavabdeh1 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh İddiaçı MTK tərəfindən əldə edilmiş xalis gəlirdən iddiaçılar Cavabdeh2 və Cavabdeh1 mütləq pay haqları həcmində dividend hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6226/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Həmçinin, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 6226/2023 saylı qərardadı ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və X6 qarşı kooperativ üzvləri olan X4, Ayhan Çalbaya, X2, Əli-zadə Dilarə Famil qızına, X5 və X1 pay haqlarına uyğun ödənilməli olan 1.416.060 (bir milyon dörd yüz on altı min altmış) manat divident məbləği və dövlətin büdcəsinə ödənilməli olan 228.028 (iki yüz iyirmi səkkiz min iyirmi səkkiz) manat divident vergisi, 410 (dörd yüz on) manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçının kassasına qaytarılması barədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6226/2023 saylı qarşılıqlı iddia ərizəsini qəbul etməkdən imtina edilməsinə dair qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. Həmin Məcəllənin 110-2.2-ci maddəsinə əsasən kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. Həmin Məcəllənin 110-2.3-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin Məcəllənin 111.3.4-cü maddəsinə əsasən kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd olunan maddi hüquq normalarının birgə təfsirindən müəyyən olunur ki, kooperativ üzvlərinə dividentlərin ödənilməsi məsələsi kooperativin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, kooperativ tərəfindən ödənilməli olan dividendlərin hesablanaraq cavabdehə ödənilməsi ilə bağlı qarşılıqlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ona görə də kollegiya hesab edir ki, iddianın yolverilməzliyinə görə qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6226/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar