Məhkəmə qərarları › İş №2-2(103)-256/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-256/2023

26.04.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-256/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Açar söz: müqavilənin etibarsız hesab edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-819/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarına əsli əlavə edilmiş 03 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən satıcı - Cavabdeh QSC alıcı - İddiaçı sifariş etdiyi tütün məmulatları ilə təmin etməyi, sonuncu tərəfindən malların dəyəri ödənildikdən sonra 10 gün ərzində çatıdırlmasını öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçıya cavabdeh tərəfindən elektron qaimələr göndərilmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X7 üzrə Baş İdarəsinin 07 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı vergi ödəyicisi kimi fəaliyyəti 02 avqust 2016-cı il tarixdən 02 avqust 2021-ci il tarixədək dayandırılmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-920/2020 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə olan 14125,84 manat vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında iddiaçıya ********* saylı VÖEN-ə, 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin geri qaytanlması vəzifəsinin Cavabdeh QSC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC tərəfindən 04 sentyabr 2018ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlannın təqdim edilməsi barədə iddiaçıya məxsus VÖEN-ə elektron qaimələr göndərilmişdir. 02 avqust 2016-cı il tarixdən iddiaçı sahibkarlıq fəaliyyətini dayandırdığından ona məxsus ********** saylı VÖEN-nin fəaliyyəti dayandırılmışdır. Ona məxsus ********** saylı VÖEN-ə qanunsuz olaraq göndərilmiş elektron qaimələrin nəticəsində iddiaçının vergi borcu yaranmışdır. Həmin borcdan iddiaçının məlumatı yoxdur, qaimələrdə qeyd edilmiş müxtəlif markalı tütün məmulatlar ona təqdim edilməmiş və onun tərəfimdən həmin mallar pərakəndə satılması üçün alınmamışdır. İddiaçı fiziki şəxs kimi 2016-cı il tarixdən sahibkarlıq fəaliyyətimi dayandırmış, həmin elektron qaimələr qanunsuz olaraq göndərilmiş və həmin qaimələrə dair göstərilən tütün məmulatları tərəfimdən qəbul edilməmişdir. Cavabdeh QSC 03 sentyabr 2018-ci il tarixli müqavilə tərtib edərək iddiaçıya məxsus olmayan imza ilə hazırlanmış müqaviləni Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə təqdim etmiş və onun əsasında iddiaçıya məxsus VÖEN-ə 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələr təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinə yaranmış vergi borcunun silinməsinə dair işə baxılarkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi məhkəməyə ərizə təqdim edərək ona məxsus ********* saylı VÖEN-ə 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlannın təqdim edilməsi barədə elektron qaimələrin göndərilməsinə əsas olmuş cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsinə istinad edilmişdir. Lakin, həmin müqavilə onun tərəfindən imzalanmamış və cavabdeh imzanı saxtalaşdıraraq müqavilə hazırlamışdır. Buna görə də həmin müqavilə etibarsız hesab olunmalıdır.

5. Bakı Kommersiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli, e-2-2(113)-819/2022 saylı qərardadına əsasən iş üzrə icraata “04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin geri qaytanlması vəzifəsinin Cavabdeh QSCyə həvalə edilməsi” hissəsində xitam verilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-819/2022 nömrəli qətnaməsi ilə (hakim Fərrux Qasımov) 03 sentyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmişdir.

7. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə – xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli, 4/1259 saylı rəyində qeyd olunmuşdur ki, 03 sentyabr 2018-ci il tarixli müqavilədə “Alıcı” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

8. Məhkəmə iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ekspert rəyinə əsasən 03 sentyabr 2018-ci il tarixli müqavilənin İddiaçı tərəfindən imzalanmadığı müəyyən edildiyindən həmin əqdin bağlanmasında onun iradə ifadəsi mövcud olmadığına görə müqavilə etibarsız hesab olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-819/2022 saylı qətnaməsini ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilənin etibarlılığına qiymət verərkən onun həqiqi məzmununu və tərəflərin müqavilədən doğan hərəkətlərini araşdırmamışdır. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçının müqaviləni etibarsız hesab etmək barədə tələbi vergi borcunun silinməsi məqsədilə qaldırılmışdır. Belə ki, iddiaçı ilk olaraq qərarların ləğv edilməsi və vergi borcunun silinməsi tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Sonradan hazırki cavabehə qarşı müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin geri qaytarılması vəzifəsinin "xxxx" QSC-ə həvalə edilməsi tələbi ilə iddia qaldırsa da, Məhkəmənin 28 mart 2022-ci il tarixli, e-2-2(113)-819/2022 saylı qərardadı ilə işə həmin hissədə xitam verilmişdir. Yəni iddiaçının məqsədi müqavilənin etibarsızlığı yox,elektron qaimələr əsasında vergi borcunun silinməsidir. İddiaçı sahibkar kimi Bakı şəhəri Cavanşir küçəsində Market fəaliyyəti göstərmişdir. Cavabdehin əməkdaşına iddiaçı tərəfindən tütün məmulatlarının alınması üçün müraciət edilmiş, buna görə cavabdehin əməkdaşı tərəfindən iddiaçıya imzalanması üçün müqavilə təqdim edilmiş və sonuncu tərəfindən imzalanmış müqavilə cavabdehə təqdim edilmişdir. Məhkəmə imzanın İddiaçı aid olmadığına istinad etsə də müqaviləyə qədərki və müqavilədən doğan hərəkətlərin onun tərəfindən icra edilməsini araşdırmamışdır. Belə ki, İddiaçı məhkəmədə verdiyi izahatında bildirmişdir ki, o cavabdehi və onun əməkdaşını tanımır. Əslində isə iddiaçı tütün məmulatları sifariş vermək üçün cavabdehin əməkdaşına müraciət etmiş və pulu ödəyərək həmin məmulatları almışdır. Bu faktı araşdırmaq üçün cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə vəsatət ilə müraciət edilərək iddiaçının istifadəsində olan ********** mobil nömrəsindən cavabdehin əməkdaşının istifadəsində olan ********** mobil nömrəsinə hansı tarixlərdə zənglər edilməsi barədə məlumatın əldə edilməsi üçün məhkəmə tərəfindən "xxxx" MMC-ə sorğu verilməsi barədə xahiş edilmişdir. Lakin məhkəmə göstərilən vəsatəti təmin etməmiş və tərəflər arasında müqaviləyə qədərki və müqavilədən doğan münasibətləri araşdırmadan iş üzrə yekun qərar vermişdir. İddiaçının müqaviləni etibarsız hesab etmək barədə iddia qaldırmasının səbəbi vergi borcunu ödəməkdən yayınmaqdır. Cavabdeh QSC tütün məmulatlarının təchizatı sahəsində fəaliyyət göstərən müəssisədir. Vergi qanunvericiliyinin tələblərinə əsasən cavabdeh tərəfindən iddiaçıya elektron qaimələrin göndərilməsi nəticəsində CavabdehQSC üçün vergi öhdəliyi yaranır. Cavabdeh QSC elektron qaimə göndərmək baxımından heç bir mənfəət güdə bilməz və buna görə bu məsələdə heç bir marağı yoxdur, əksinə göndərdiyi qaimələrə görə vergi öhdəliyini icra etmişdir. Bundan başqa Cavabdeh QSC tərəfindən göndərilmiş qaiməfakturaların tarixlərinə nəzər saldıqda aydın olur ki, bu qaimə-fakturalar müxtəlif tarixlərdə göndərilmiş və müxtəlif məbləğlərlə əlaqədar olmuşdur. Bu da onu təsdiq edir ki, hər dəfə məhsulalışı üçün ayrıca qaimə-faktura tərtib edilmişdir. Göstərilən faktlar kommersiya məhkəməsi tərəfindən araşdırılmamış və nəticədə əsaslandırılmamış qətnamə qəbul edilmişdir. Qətnamədə məhkəmə iddiaçının 2016-2021-ci illər ərzində fəaliyyətin dayandırılması barədə arayışına əsaslansa da, onun faktiki olaraq həmin dövrdə sahibkarlıq fəaliyyəti göstərdiyi və başqa şəxslərdən mallar almaqla yanaşı özü də göstərdiyi xidmətlərə görə xidmət haqqıalmış və bu barədə qaimə-faktura təqdim etmişdir və bu hallar işin nəticələrinə uyğun gəlməmişdir. Qətnamə yalnız öhdəlik hüquq münasibətləri çərçivəsində əsaslandırılmışdır. Qətnamənnin 4-cü səhifəsinin sonuncu abzasında cavabdehin əqdlərin etibarsızlığı üçün müəyyən edilmiş müddətin keçməsinə dair etirazına cavab olaraq bildirilmişdir ki, bununla əlaqədar hər hansı sübut təqdim edilməyib. Lakin iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı müqaviləni nəinki özü bağlamış həmçinin 2019-cu ilin oktyabrayından müqavilə barədə məlumatı olmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.

12. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməsini xahiş etmişdir.

13. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır və ya iradə ifadəsidir. 357-ci maddə-əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.3-cü maddə-işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.2-ci maddə-işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. 80-ci maddə-məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

14. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

15. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-819/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

16. İşin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli, 4/1259 saylı rəyinə əsasən müəyyən edilmiş halından görünür ki, 03 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsindəki imza İddiaçı məxsus deyil.

17. Birinci instansiya məhkəməsi bu əsasla müqavilənin etibarsız hesab edilməsi barədə iddianı təmin etmişdir. Cavabdeh tərəfin iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi iddiaçının idarə ifadəsi ilə bağlanmış, mallar iddiaçı tərəfindən telefon vasitəsi ilə sifariş edilmiş, dəyəri də tam ödənilmişdir. İddiaçının belə bir iddia qaldırmaqda məqsədi ona hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmaqdır.

18. Cavabdehin nümayəndəsinin işə birinci instansiya qaydasında baxılarkən işə birinci instansiya qaydasında baxılarkən iddiaçının mobil telefon nömrəsindən ekspeditora şifahi sifariş verilib verilmədiyini təsdiq etmək üçün "xxxx" və "xxxx" MMC-yə sorğular vermiş, həmin sorğulara cavab verilmədiyindən işə apellyasiya qaydasında baxılarkən nümayəndənin sübutların təmin edilməsi barədə vəsatəti əsasında müvafiq sorğular göndərilmiş, sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş izahlı qaimə hesabatına əsasən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 055“211**10 telefon nömrəsindən 050320**06 telefon nömrəsinə (Cavabdeh QSC-nin adminsratoru X3 məxsus) xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə zəng daxil olmuşdur.

19. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən X4 şahid qismində dindirilmiş, ifadəsində göstərmişdir ki, 2018-ci ildən Cavabdeh QSC-də işləyir. İddiaçı Cavanşir küçəsində yerləşən “24 saat market” mağazasının sahibi kimi tanımışdır. Cavabdeh QSC tərəfindən göndərilmiş mallar Vüsalın özünə və ya işçilərinə rəhvil verilmişdir. Ödəniş nağd olmuş, ödənişlə bağlı qarşı tərəfə qəbz verilmişdir. Müqavilələr iki nüsxədə tərtib olunmuş, imza üçün qarşı tərəfə təqdim edilmişdir. Müqavilənin kim tərəfindən imzalandığı barədə məlumatları yoxdur. İddiaçı ona sifarişlə bağlı 2018-ci ildə zənglər etmişdir.

20. İddiaçı şahidin ifadəsindən sonra məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən mağazada X1 etibarnaməsi əsasında mühasibatlıq xidməti göstərmiş, mağazaya gələn mallar üzrə qəbul və satış işləri X2 tərəfindən həyata keçirilmişdir. Mağazaya malların gətirilməsi ilə bağlı istifadəsində olan mobil telefondan zəng oluna bilər, çünki o mağazada mühasibatlıq işləri aparmışdır. Vergi hesabatları üzrə aparılmış mallardan tütün məmulatlarının hesabatı verilmişdir. Şəxsi mobil telefonundan hər hansı zənglərin olması müqavilə bağlanmasına səbəb ola bilməz. Obyekt fərdi sahibkar kimi X1 adına olduğundan obyektdə bir neçə şəxs tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilə bilməzdi. Cavabdeh onun imzasını saxtalaşdırmışdır Ekspertiza rəyi ilə imzanın saxtalaşdırıldığı müəyyən edildiyindən bu barədə xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməlidir.

21. Məhkəmə apellyasiya instansiyası mərhələsində təqdim edilmiş sübutlarla bağlı qeyd edir ki, şahid ifadəsinin və "xxxx" MMC-dən daxil olmuş məlumat apellyasiya instansiyası mərhələsində qəbul edilməsi mümkündür. Belə ki, işə birinci instansiya qaydasında baxılarkən mübahisələndirilən müqavilədəki imzanın iddiaçıya məxsus olmadığı yalnız ekspert rəyi məhkəməyə daxil olduqdan sonra məlum olmuş, bundan sonra iddiaya etirazının əsasları bağlı cavabdeh tərəfindən əlavə sübutların təqdim edilməsinə zərurət yaranmışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən ekspert rəyi daxil olduqdan sonra əlavə sübutların əldə edilməsi üçün işə baxılması müddətinin uzadılması barədə vəsatət vermiş, cavabdehin təqdim edəcəyi sübutların işə baxılması üçün əhəmiyyətli olmadığı əsası ilə vəsatət məhkəmə tərəfindən təmin edilməmiş, nəticədə iş üzrə hərtərəfli araşdırma aparılmamışdır.

22. Məhkəmə kollagiyasi şahidin ifadəsi və "xxxx" MMC-dən daxil olmuş məlumata əsasən müəyyən edir ki, 03 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmasa da iddiaçı MM-nin 357-ci maddəsinə əsasən həmin müqaviləni bəyənərək sonradan cavabdehə mallarla bağlı telefon vasitəsi ilə sifarişlər verdiyindən, ona elektron qaydada göndərilmiş qaimələrə etiraz bildirmədiyindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi barədə tələb təmin edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, iddiaçının özünün verdiyi məlumata əsasən malların çatdırıldığı mağazada etibarnamə əsasında fəaliyyət göstərmiş, onun mobil telefonundan ekspeditora sifarişlər verilməsinin mümkünlüyünü inkar etməmişdir. Mühasibatlıq xidmətləri göstərdiyni iddia etdiyindən məhkəmə iddiaçıya ödəniş üçün göndərilmiş elektron qaimələr barədə 2018-ci ildə hər hansı məlumatı olmadığını inandırıcı hesab etmir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçı şahid F.Məmmədzadənin ifadəsinə etiraz etməmiş, cavabdehin ekspeditoruna onun telefonundan mal sifariş verilməsi üçün zəng vurulduğunu inkar etməmiş, bunun onun özü tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyini bildirmişdir ki, bu da inandırıcı hesab edilmir.

23. Bundan əlavə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2019cu il tarixli EAAY 972968 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən həmin tarixdə (sahibkarlıq fəaliyyətini dayandırdığı dövrdə) “X6 Exsports B.V” şirkətinin Azərbaycan nümayəndəliyinə 450 manat dəyərində marketinq xidmətinin göstərilməsi ilə bağlı elektron qaimə göndərilmişdir. İddiaçı sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırdığı dövrdə digər hüquqi şəxsə xidmətlə bağlı elekron qaimənin göndərilməsinə məntiqli izah verə bilməmişdir.

24. Azərbaycan Respublikası Vergilər Nazirliyinin iddiaçıya ünvanlanmış “Müddət axımının dayandırılması barədə” məktubunda qeyd edilənlərə əsasən, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 5 ayrı şirkət tərəfindən tütün məmulatlarının təqdim edilməsi ilə bağlı elektron qaimələr göndərilmiş, hətta hesabından "xxxx" MMC-nin təqdim etdiyi elektron qaimə üzrə ödəniş edilmişdir. Bütün bu şirkətlərin iddiaçının məlumatı və iradə ifadəsi olmadan ona malların təqdim edilməsi barədə əsassız elektron qaimələr göndərdiyi ağlabatan və məntiqli mülahizə hesab edilə bilməz. İşdəki sübutlarla təsdiq edilir ki, iddiaçının 02 avqust 2016-cı il tarixdən 02 avqust 2021-ci il tarixədək hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına dai iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil. 25 İddiaçı tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş sənədlər (əmək kitabçasının surəti, sosial arayış, digər vergi ödəyicisi barədə sənədlər və s) MPMnin 80-ci maddəsinin tələbinə əsasən işin hər hansı halını müəyyən etmədiyi üçün sübut kimi nəzərə alınmır.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-819/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-819/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar