Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-259/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı («MMC») Cavabdehnə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-855/2020 saylı xx.xx.2020-ci il tarixli «iddianın təmini tədbiri barədə» qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 24.496,00 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-855/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının həmin ərizəsi təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə əsasında təbii qazla təchiz edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada qazla təchiz edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüş, lakin müqavilə öhdəliklərinə əməl etməmiş, təbii qazdan istifadəyə görə yaranmış debitor borcunu ödəməmişdir. Lakin məhkəməyə müraciət edərək yaranmış debitor borcu ödəməkdən yayınmaq üçün qaz təchizatının dayandırılmasının Birliyə qadağan edilməsi barədə qərardad qəbul edilməsinə nail olmuşdur. Məhkəmə tərəfindən araşdırılmadan iddianı təmini tədbiri barədə qərardad qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Həmidli şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Konkret halda, qaz paylayıcısı kimi cavabdeh hazırkı işə baxılıb qurtarana qədər hüquqi şəxs yaratmaqla, sahibkarlıq fəaliyyətini həyata keçirən iddiaçı müəssisəniyə təbii qazın verilməsini dayandırmaqla, sonuncunun davamlı sahibkarlıq fəaliyyətini pozması bərabər, həm də təbii inhisarçı olaraq, qaz təchizatı sahəsində xidmət göstərilməsi ilə bağlı dövlət tapşırığı ilə üzərinə düşən öhdəliklərinin icrasını da faktiki olaraq dayandırmış olur. Hər bir halda, iddiaçı istər hazırkı məhkəmə mübahisəsini udsun, istər də uduzmuş olsun, hər iki halda onun sahibkarlıq fəaliyyətini davam etdirməsi və gəlir əldə etməsi – bütün bunlar son nəticədə istehlak olunan qazın dəyərinin ödənilməsinə və dövlət qarşısındakı tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə gətirib çıxaran bir gözləntidir. Bu mənada, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddianı təmin etmə tədbiri kimi işə mahiyyəti üzrə baxılıb-qurtaranadək iddiaçıya təbii qazın qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi işin hallarına və prosessual qanunvericiliyin qeyd olunan tələblərinə uyğun hesab edilməlidir. Ən azından, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə gəlinən nəticəni işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun sayır. Bu məndada cavabdehin şikayətinin həmin qərardadın əsassız olduğunu vurğulayan və “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə istinad olunan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-855/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrinin qüvvədə olan müddəalarını rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-855/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-259/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-259/2020
11.06.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver