Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-26/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2020 nömrəli iş üzrə 10 iyun 2020ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən hesablanmış 126.456,29 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (market) sayğac quraşdırılmışdır. 28.11.2019-cu il və 02.12.2019-cu il tarixlərdə MMC-yə 126.456,29 manat borc hesablanmışdır. Borcun hansı əsaslarla hesablanmasını müəyyənləşdirmək üçün cavabdehə müraciət etdikdə, cavabdehin əməkdaşları tərəfindən sayğacın çıxarılıb dəyişdirildiyi və köhnə sayğaca müdaxilə olunduğuna görə borcun hesablandığı bildirilmişdir. Həmin sayğac qeyri-yaşayış sahəsinin çölündə yerləşdiyindən, çıxarılıb yeni sayğac qoyulduğu və bununla bağlı hər hansı hərəkətlərin cavabdeh tərəfindən aparıldığı, həmçinin həmin sayğaca kim tərəfindən və nə zaman müdaxilə olunduğu barədə heç bir məlumatları yoxdur. Buna görə də həmin əsaslarla hesablanmış borclar tamamilə əsassızdır. Ona görə hesablanmış borc silinməlidir. İddia hüquqi cəhətdən “Elektrik enerjisindən istifadə Qaydaları” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları ilə əsaslandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının icarəsində olan Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (“Neptun” supermarket) cavabdeh tərəfindən tərtib edilmiş 25.11.2019-cu il tarixli NDQ N006802 nömrəli akta əsasən hesablanmış 119.200 manat məbləğdə borc silinmiş, qalan hissədə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddia təmin olunan hissədə ləğv edilib, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, işin faktiki hallarına əsasən cavabdehin Nəzarət Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş 25.11.2019-cu il tarixli NDQ 006802 nömrəli aktla iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsində (market) elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılması zamanı sayğacın üzərinə xüsusi aparat qoyulmaqla, həmin qurğunun ötürdüyü tezliklər nəticəsində normal işləməsinə maneələr yaratdığı və ölçmə ilə fakitiki yükün 53,9 kvt olduğu halda, sayğacın dövrədən keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir. Aktda qoyulan tələbə əsasən sayğac 25.11.2019-cu il tarixli aktla yeni sayğacla əvəz edilmişdir. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin Akt komissiyasının 28.11.2019-cu il tarixli icra vərəqinə əsasən istehlakçı ilə yenidən hesablaşma aparılaraq, itirilmiş elektrik enerjisinə görə 2.300.000 kvts x 60% = 1.380.000 kvts əlavə sərfiyyat (124.200 manat əlavə ödəniş) hesablanmışdır. Akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-nin 8.17-ci bəndinin tələblərinə əsaslanmışdır. Aktda göstərilən hallar EEİQ-nin 8.17-ci bəndində nəzərdə tutulan pozuntu hallarından hesablaşma uçot cihazlarının qoşulma sxemlərinın pozulması halını ifadə etmişdir. İşə baxan məhkəmə aktda göstərilən pozuntu halının istehlakçının təqsirindən baş verməsini və buna görə cavabdehin EEİQ-nin 8.17-ci bəndinə əsasən onunla yenidən hesablaşma aparmaqda haqlı olduğunu qəbul etsə də, əsassız olaraq işdə olan abunə haqqında invoysun aktdan əvvəlki və sonrakı 5 aylıq müddətləri əhatə edən məlumatlarının bu sahədə xüsusi bilik tələb edən müvafiq ekspert rəyi olmadan yalnız özü tərəfindən aparılmış təhlilinə əsasən yenidən hesablaşmanın məbləği ilə razılaşmamış və pozuntunun olduğu və aradan qaldırıldığı dövrlərin elektrik enerjisi sərfiyyatındakı fərqin guya aylıq orta hesabla təxminən 500 manat olması qənaətinə gələrək, akta əsasən hesablanmalı məbləği 5.000 manat müəyyən etmiş və qalan məbləği (124.200 manat) silmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-462/2020 nömrəli iş üzrə 29.09.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli qətnaməsi iddia qismən təmin olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 123/2021 nömrəli iş üzrə 07.04.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29.09.2020-ci il tarixli qətnaməsi qismən - borcun silinməsi hissəsində ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat verib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də rədd olunması xahiş edildiyi, iddiaçı tələbin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin, Ali Məhkəmənin iş üzrə 07.04.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 29.09.2020-ci il tarixli qətnaməsi qismən - borcun silinməsi hissəsində ləğv edildiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız mübahisəli iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu qaydada araşdırma aparılan işdən müəyyən olunur ki, 25.11.2019-ci il tarixli NDQ 006802 nömrəli akta görə, Bakı şəhəri Nərimanov rayonunda yerləşən İddiaçı MMCdə (marketdə) elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə cavabdeh tərəfindən baxış keçirilmiş və baxış zamanı sayğacın üzərinə xüsusi cihaz qoyulduğu, həmin cihazın ötürdüyü tezliklər nəticəsində sayğacın işləməsinə maneələr yaratdığı, sayğacın dövrədən keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. 25.11.2019-cu il tarixli NDQ 006802 nömrəli akt əsasında tərtib edilmiş 28.11.2019cu il tarixli icra vərəqi ilə iddiaçıdan 1.380.000 kvt sərfiyyata görə 124.200 manat tələb edilmişdir. İddiaçının abunə haqqında məlumatından görünür ki, abonentə 28.11.2019-cu il tarixdə “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulmasına görə NDQ 006802 nömrəli akta əsasən 124.200 manat məbləğdə borc hesablanmışdır. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “45. Belə ki, EEİQ-nin 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır.
46. Bu Qaydanın məzmunundan aydın olur ki, bu cur vəziyyətdə yenidən hesablaşma elektrik qəbuledicinin gücünə, işləmə saatlarına görə, elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən iddia müddətləri daxilində aparılmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə yenidən hesablaşma bu qaydadan fərqli olaraq pozuntunun aşkar edildiyi aydan əvvəlki beş ay ərzində (2019-cu ilin iyun-oktyabr ayları) və pozuntunun aradan qaldırıldıqdan sonrakı beş ay ərzində (2020-ci ilin yanvar-may ayları) sərfiyyatın orta hesabla ayda 500 manat artığından on aylıq müddət üçün 5000 manat məbləğində müəyyən edilməklə aparılmış, apellyasiya instansiyası məhkəməsi isə onun bu mövqeyi ilə razılaşmışdır.
47. Belə hesablaşma qaydası isə həmin normativ hüquqi akta nəzərdə tutulmamaqla yanaşı ondan tamamilə fərqlidir.
48. Digər tərəfdən birinci instansiya məhkəməsi iddiaçı barəsində ödənilməli olan borcu müəyyən edərkən cavabdehin irəli sürdüyü dəlillərin nəzərə alınmamasını da kifayət qədər əsaslandırmasa da, apellyasiya instansiyası məhkəməsi isə onun bu mövqeyi ilə də razılaşmışdır.
49. MPM-in 217.1 və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
51. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən(ləğv olunmuş hissəsində) borcun hesablanması ilə əlaqədar zərurət yarandığı təqdirdə MPMnin 97.1-ci maddəsində nəzərdə tutulan hüquqdan da istifadə etmək səlahiyyətinə də malikdir.
52. Beləliklə məhkəmə kollegiyası vurğulayır ki, EEİQ-nin 8.17-ci bəndində istinad edilən normaların tələbləri də nəzərə alınmaqla iddiaçının borc məbləği dəqiq müəyyən edilməli, əldə edilmiş sübutların məcmusundan asılı olaraq mübahisənin obyektiv həlli təmin olunmalıdır.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, “MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.” Ali Məhkəmənin qərarının göstərişinin icrası ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 16.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.11.2021-ci il tarixli rəyində göstərilmişdir ki, iş materiallarında olan abunə kodu 06/40-458 nömrəli ünvan 1 ünvanda yerləşən f/ş Vəliyev Ruslana məxsus qeyri-yaşayış sahəsinin abunə haqqında məlumatlarına əsasən 26.11.2019-cu il tarixdən 02.05.2020-ci il tarixədək olan müddət üzrə günlük orta sərfiyyat 1.298,06 kvst (201.200,0 kvst /155 gün), günlük orta sərfiyyatın dəyərinin 116,82 manat (1298,06 kvst x 0,09 manat), orta aylıq sərfiyyatın 38.941,8 kvst, orta aylıq sərfiyyatın dəyərinin 3.504,76 manat (1.298,06 kvst x 30 gün x 0,09 manat), həmin göstəricilər nəzərə alınmaqla 10 aylıq ümumi sərfiyyatın isə 35.047,62 manat təşkil etdiyi müəyyən edilir. Abunəçi tərəfindən 25.01.2019-cu il tarixdən 25.11.2019-cu il tarixədək olan müddətdə ümumilikdə 34.981,0 manat məbləğdə ödəniş aparılmışdır. Əvvəlki 10 ayın real orta aylıq sərfiyyatının 35.047,62 manat, abonentin həmin aylara görə ödədiyi məbləğin 34.981,0 manat təşkil etdiyi nəzərə alınmaqla, abonentin borcunun 66,62 manat təşkil etdiyi müəyyən edildi.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. MPM-in:
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir; 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir;
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, iddia ərizəsində iddianın hüquqi əsaslarından biri kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun normalarına da istinad olunmaqla, iddiaçının hüquqlarının pozulduğu irəli sürülmüş, lakin elektrik enerjisinin təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yenidən hesablaşmanın pozuntunun aşkar edildiyi aydan əvvəlki beş ay ərzində (2019-cu ilin iyun-oktyabr ayları) və pozuntunun aradan qaldırıldıqdan sonrakı beş ay ərzində (2020-ci ilin yanvar-may ayları) sərfiyyat orta hesabla ayda 500 manat artığından on aylıq müddət üçün 5.000 manat məbləğdə müəyyən edilməklə aparılması “Elektrik enerjisindən istifadə Qaydaları” ilə nəzərdə tutulmasa da, bu səhv, qətnamə ilə gəlinən yekun nəticə ümumilikdə düzgün olduğu, yəni iddia, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun imperativ göstərişləri mübahisəyə tətbiq olunmaqla, iddiaçı 25.11.2019-cu il tarixli NDQ 006802 nömrəli akta əsasən hesablanmış 124.200 manat məbləğdə borcun silinməsi rədd olunan 5.000 manat hissəsindən apellyasiya şikayəti vermədiyindən, 119.200 manat hissədə hər bir halda təmin olunmalı olduğu, iddiaçının mübahisəli dövr üzrə borcunun 66,62 manat təşkil etdiyi məhkəmə kollegiyasının mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyi ilə də təsdiq edildiyi və bu məbləğ birinci instansiya məhkəməsinin rədd etdiyi 7.256,29 manat məbləğdən az olmaqla, onunla əhatə olunduğu üçün, qətnamənin ləğvinə əsas verən pozuntu halını təşkil etmir (MPM-in 385.2-ci maddəsi). MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia qismən təmin edilən hissədə gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin yoxlanılan hissədə ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməli (MPM-in 384.0.1-ci maddəsi), ekspertiza xərci cavabdehə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2020 nömrəli iş üzrə 10 iyun 2020ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğdə ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Aytən Oruczadə İlham Kərimli